Telefonlarımızın ömrünü qısaldan səhvlərimiz
"2015-ci
ildə rəfiqəmlə bir vaxtda eyni marka telefon aldıq. İl yarım sonra artıq məndəki
telefon donmağa başladı, yüklədiyim proqramlar yaxşı işləmədi, mən də yenisini
aldım. Amma rəfiqəm hələ də həmin telefonu işlədir, heç bir problemi olmadığını
deyir. Telefonum xarab olanda ustaya göstərdim, sual verdim ki, eyni telefonu
almışıq, məndə niyə bu qədər tez xarab olsun? Dedi ki, telefonu işlətməkdən çox
şey asılıdır”.
Bu sözləri
bizimlə söhbətində Lamiyə Orucova bildirdi. Əslində, bu sual ətrafında Lamiyə
kimi düşünənlər az deyil. Hətta gənclər telefonların yaxşı işləmədiyini,
yenisini almaq istədiyini deyəndə, valideynlərindən "siz bu telefonu necə işlədirsiniz
ki, tez xarab olur?” kimi sual da eşidirlər.
Təbii ki
telefonu necə işlətməyin yolu var. Bəs bu yol hansıdır? İstifadə etdiyimiz
telefonlar üçün ümumiyyətlə, son istifadə tarixi kimi bir zaman müəyyənləşdirilirmi?
Saytlara
daxil olarkən diqqətli olmaq lazımdır
Telefon ustası Cahangir Hümmətov deyir ki, ilk olaraq telefonları viruslardan
qorumaq lazımdır. Çünki heç fikir vermədiyimiz yerlərdən telefona virus düşə
bilir: "Telefonlarla bağlı insanları narahat edən əsas məsələlərdən biri
donmalardır. Bu, "Iphone”larda olmur, ən çox androidlərdə rast gəlinir. Həmin problem daha çox mənşəyi məlum olmayan
saytlara daxil olanda yaşanır. Mənşəyi məlum olmayan sayt deyəndə, bu cür
saytlara insanlar bilmədən də daxil ola bilərlər. Məsələn, qolu ağrıyır, qol
ağrısı ilə bağlı "Google”da axtarış verir, burda da nəticə çıxan istənilən
sayta daxil olur. Elə feyk saytlar var ki, onlar telefonun sistemini elə bir
yerə sürükləyirlər ki, sistemə virus düşür. Virus da telefonun yaddaşını yeməyə
başlayır və nəticədə telefonda donmalar olur, zamanla telefonu çökdürə bilir.
Ona görə, saytlara daxil olarkən diqqətli olmaq lazımdır.
Blutuzla
fayl göndərərkən də bu viruslar telefona keçə bilir. Android telefonlarında hələ
də bu funksiya var. Sizə material göndərən telefonun da təhlükəsiz olduğuna əmin
olmalısınız. Əks halda telefona virus düşür, bu da sistemə təsir edir”.
Köhnə enerji
batareyadan boşalmalıdır
Usta
bildirdi ki, gecə səhərə qədər enerjiyə taxılı saxlamaq telefona böyük zərər
vurur: "Çox adam telefonu gündüz vaxtlar enerjiyə qoya bilmir. Gecə yatanda
qoyur, səhər də tam enerji ilə dolur. Telefonu götürəndə deyir ki, tam dolub.
Düzdür, o dolub, amma lazım olan enerjini yığandan sonra da o dayanmır, enerji
yığmağa davam edir. İnsan necə ki, doyandan sonra yeyəndə kökəlir, batareya da
eləcə, şişir, sıradan çıxır. Ona görə, telefonun batareyası dolan kimi çıxarmaq
lazımdır. Enerjiyə bağlı olanda telefonu istifadə etmək də düz deyil.
Telefonu
tez-tez enerjidən ayırıb, yenidən taxmaq isə problem yaratmır. Əksinə
telefondakı enerjinin tam bitməsi, sonra yenidən qoyulması batareyanın ömrünü
uzadır. Köhnə enerji batareyadan boşalmalıdır ki, təzə enerji ilə uzunömürlü
olsun. Köhnə enerji batareyada qalmamalıdır”.
C.Hümmətov
telefonun sistemini çökdürən səbəblərin müxtəlif olduğunu deyir: "Virusları
qeyd etdim. Ümumilikdə, sistemin çökməsi telefonun sxemindən, yerə çox düşməyindən
də asılı olur. Sxemin ayaqları var və yerə düşdükcə, onun müəyyən ayaqları atır
və sistem düzgün eşitməməyə başlayır və sıradan çıxır, tamamilə sönür. Onda
plata bərpa olunmaq üçün təmirə gəlməlidir”.
Telefonun ömrü onun batareyasına əsasən hesablanır
Telefonu
çox adam tez-tez yerə salır, lakin heç də həmişə ekran sınmır. Usta bildirdi
ki, problem təkcə ekranla bağlı olmur: "Yerə düşmək təbii ki, telefonda problem
yaradır. Amma hansı hündürlükdən, hara düşməyindən və telefonun modelindən çox
şey asılıdır. Ola bilər ki, telefonu aşağı hündürlükdən yerə salırsınız, həmin
an ekranda, yaxud sistemdə hər hansı problem hiss olunmur. Ancaq telefon yerə
çox düşdükcə, zamanla problem yaranır”.
Ustanın
sözlərinə görə, telefonun ömrü onun batareyasına əsasən hesablanır: "Bir orijinal
batareyanın, yəni telefonun üstündə gələn batareyanın maksimum 2 iş işləmə müddəti
var. 2 ildən sonra xarab olsa da, olmasa da, onu dəyişmək lazımdır. Amma sonra
dəyişdiyimiz batareyalar o qədər uzunömürlü olurmu? Bu, artıq batareyaya görə dəyişir.
Məlum məsələdir ki, bizdə əhalinin çoxu orta təbəqədir, hamı imkanlı deyil. Çox
adam bahalı batareyaya pul verə bilmir. Ona görə, bizdə 80-90 faiz məhsul Çindən
gəlir. Düzdür, o məhsullar o qədər də keyfiyyətsiz deyil, təbii ki keyfiyyətli
olanlarını alırıq, onlara zəmanət verə
bilirik. Amma dəyişdiyimiz o məhsullara 2 il zəmanət vermirik, bir il deyirik.
Səliqəli işlətsə, il yarım da gedir. Adam var gecə səhərə qədər enerjiyə taxılı
qoyur və batareya şişir. İstifadə etmələrindən çox şey asılıdır.
2-3 ilə
telefon tam sıradan çıxırsa, bu, istifadəçidən asılıdır. Telefonu qoruyan
üzlüklərdən istifadə etmək yaxşı üsuldur. Onlar telefonu bir çox zərbələrdən
qoruyur. İstifadəçinin yanaşmasından çox şey asılıdır. Müştəri var ki, 300
manatlıq telefonu 4-5 il işlədir, eləsi də var bundan 2-3 dəfə baha olanı daha
tez xarab edir”.
Suya düşən
telefona fen vurmaq olmaz
C.Hümmətov
bildirdi ki, 1-2 il işlədikdən sonra xarab olan telefona "zavoddan problemli gəlmişdi”
demək düz deyil: "Təbii ki, telefonda zavoddan gələn problem ola bilər, amma
bu, 14 gün ərzində özünü göstərir. 1-2 ilə telefonda problem yaranırsa, deməli,
istifadəçinin yaratdığı problemdir”.
Bir də
telefonu suya düşməkdən qorumaq lazımdır, əgər düşübsə, onu çox qısa müddətdə
ustaya göstərin: "Telefon nəm çəkdi, su keçirdisə, onu çox saxlamaq olmaz,
maksimum 2-3 gün ərzində ustaya göstərilməlidir. 1 həftə sonra ustaya aparanda
düzəlməyə bilər. Telefonun sxemi taxta üzərində qurulub. Telefon xarab olanda yəqin
ki eşidibsiniz, deyirlər ki, platası dəyişilməlidir. O plata nazik taxtadır. Su
qaldıqca taxta onu canına yığır və üstündəki sxemləri çürütməyə başlayır. Suya
düşən telefonu fenlə qurutmaq olmaz. Onun dərmanı var, suyunu dağıdır. Biz
ondan istifadə edirik. Üstəlik, suya düşmüş telefonlar enerjiyə taxılmamalıdır.
Əgər batareyası çıxan telefondursa, suya düşən kimi batareyasını çıxarmaq
lazımdır”.
Əli yaş-yaş
telefona vurmayın
Nəinki
suya düşmək, C.Hümmətov deyir ki, əli yaş-yaş telefona vurmaq da məsləhət
deyil: "Düzdür, hamımız bunu edirik, amma çox etməsələr, yaxşı olar. Çünki
telefonun alt hissəsinə su, nəmlik keçə bilir. Ekranın kənarları kleylidir deyə,
əl yaş olanda su üstündə qalır. Ancaq telefonun içərisinə su keçəcək yerlərə əlimiz
dəyəndə içəri su daxil olur, orda yığılır qalır. Sonra telefonda problem
yaradır. Əli yaş halda telefona vurmağı məsləhət görməzdim”.
Müştərilər
telefonla bağlı ən çox hansı problemlə ustaya müraciət edirlər? C.Hümmətov
bildirdi ki, ən çox ekran sınması, bir də enerjiyə taxılan hissənin problemi ilə.
Usta
sonda bildirdi ki, insanlar daha çox bahalı telefonları səliqəli işlədirlər:
"Orta və ucuz qiymətə olan telefonları çox da ehtiyatla işlətmirlər, amma
bahalı olanları əskinə, daha diqqətli istifadə edirlər”.
Proqramları
silsəniz belə, yaddaşda müəyyən yer tutur
İT üzrə ekspert Rəşad Əliyev deyir ki, hətta sonra silsəniz belə, telefona həddindən
artıq proqram yükləmək onun sürətini zəiflədə bilər: "Hər bir yüklənən proqram
müəyyən qədər yaddaşda yer tutur. Və siz sonra o proqramı silsəniz belə,
yaddaşda onun müəyyən bir elementləri qalır. Buna görə, siz çox proqram yükləməklə
telefonu yükləmiş olursunuz. Hesab edin ki, 100 proqram yükləyibsiniz, sonra
80-nini silibsiniz, deyirsiniz ki, 20 proqram var. Amma 80-dən də hər hansının məlumatları telefonda qalır. Oyun oynayırsınızsa,
hansısa mərhələdə olmağınız, şəkil redaktə edibsinizsə, onun redaktə olunmuş
variantı və s. belə şeylər telefonda qalır və telefonu yükləmiş olur. Ona görə,
hər nə gəldi proqram yükləmək telefonun yaddaşına zərər vurur. Telefonun
yaddaşı yükləndikcə, sürətini azaltmış olur. İnternetdən istifadə edəndə belə, sizin
telefonunuza lazımsız fayllar düşür və keş yaddaşını doldurur. Keş dolduqdan
sonra onu müəyyən vaxtdan bir profilaktika etmək lazımdır. Profilaktika
olunmursa, düzgün təmizlənmirsə, müəyyən vaxtdan sonra telefonun yaddaşı
sıradan çıxa, proqramlar səhv işləyə bilər. Bəzən səhv proqram yükləyirlər və
telefona viruslar düşür və onlar proqramın ümumi fəaliyyətinə ümumi təsir edir.
Bu vaxt da telefonun sürəti azalır və köhnəlmiş kimi olur”.
R.Əliyev bildirdi ki, telefonların nə qədər
istifadə müddəti olduğunu ona verilən rəsmi zəmanətə əsasən müəyyənləşdirə bilərik:
"Bir də telefonun rəsmi zəmanətinə baxmaq lazımdır. Əgər rəsmi zəmanət bir
ildirsə, deməli, ömrü bir ildir, üç ildirsə, üç il. Avtomobil zavoddan çıxanda
sonra 3-5 il istifadə tarixi müəyyənləşdirilir. Amma onu təmir edirlər, hissələri
yenilənir və uzun müddət istifadəyə yararlı olur. Bildiyim qədəri ilə
telefonlarda bu zaman kəsiyi 1-2 ildir. Ondan sonra artıq telefonda yenilənmə
getməli, hissələrində əvəzlənmə olmalıdır. Məsələn, geyim alırsınız, onun ömrü
standarta görə bir mövsümdür, ikinci mövsüm artıq rəngi qaça bilər. Təbii ki,
belədə rəngi ilk mövsümdəki kimi olmayacaq. Eyni prinsipdir. Telefonların
hamısının ömrü var. O müddətdən sonra da istifadə edə bilərsən, amma ilkin
vaxtdakı kimi olmur. Geyimin rəngi qaçırsa, telefonda sürət zəifləyir”.
İnternetə çıxışı olmayan telefonlar niyə gec xarab
olur?
Ekspert
internetə çıxışı olmayan telefonların uzunömürlü olmasının səbəblərindən də
danışdı: "Tutaq ki, hər hansı sayta daxil olursan, o məlumatlar telefonun keş
yaddaşında qalır. İkinci dəfə həmin sayta daxil olanda görürsünüz ki, daha sürətli
açılır. Keşdən həmin o məlumatlar açılır deyə, sayta daha tez daxil ola
bilirsiniz. Ona görə, istifadə edildikcə telefonun keşi dolur. İnternetə çıxışı
olmayan telefonlarda isə siz internetə girmədiyiniz üçün telefonun yaddaşı
istifadə olunmur. Telefonun yaddaşı istifadə olunmadığı üçün həm enerjini yaxşı
saxlayır, həm də telefonun yaddaşı yaxşı qalır. İnternetə çıxışı olmayan
telefonların batareyasını bir dəfə doldurduqda bir həftə də işlətmək olar, amma
digərlərini tez-tez doldurmağa məcbursan. Bu da telefonun sürətini aşağı salmış
olur. İnterneti söndürüb iki gündən bir istifadə edirsənsə, bu, telefonun
ömrünü bir az artırmış olur. İstismarla əlaqəlidir, nə qədər çox istifadə
olunsa, o qədər tez xarab olur”.
Aygün
Asimqızı