• şənbə, 20 Aprel, 07:41
  • Baku Bakı 14°C

Telefon zəngi

21.09.15 10:39 2676
Telefon zəngi
Yalvarıram, Allah, icazə ver o indi mənə zəng etsin. Əziz Allah, qoy o indi mənə zəng etsin. Səndən bundan başqa daha heç nə xahiş etməyəcəm. Həqiqətən də, xahiş etməyəcəm. Səndən çox xahişim yoxdur. Mənim xahişimi yerinə yetirmək sənin əlində heç nədir. Allah, çox kiçikdir xahişim, balaca bir şey. Elə et ki, o indi mənə zəng etsin. Yalvarıram, Allah! Nə olar, nə olar, yalvarıram.
Bəlkə mən bu haqda fikirləşməsəydim, telefon zəng çalardı. Hərdənbir belə olur. Kaş ki, başqa bir şey haqda düşünə biləydim. Kaş başqa bir şey haqda düşünə biləydim. Əgər beş yüzə qədər, beş-beş saysaydım, o vaxt ərzində telefonum zəng çalardı. Mən yavaş-yavaş sayacam. Aldatmayacam. Əgər mən üç yüzə çatanda telefonum zəng çalsa mən saymaqda davam edəcəm, dayanmayacam. Yox, dayanmayacam; Mən beş yüzə qədər sayıb qurtarmayınca telefona cavab verməyəcəm. Beş, on, on beş, iyirmi, iyirmi beş, otuz, otuz beş, qırx, qırx beş, əlli... Ah, nə olar, zəng çalsın. Nə olar.
Saata axırıncı dəfə baxacam. Mən ona bir də baxmayacam. İndi saat səkkizə on dəqiqə işləyib. O demişdi ki, saat beşdə zəng edəcək. “Əzizim, mən sənə saat beşdə zəng edəcəm”. Dəqiq bilirəm ki, o “əzizim” dedi. Buna əminəm ki, belə dedi. Mən bilirəm ki, o məni iki dəfə “əzizim” çağırdı. O mənimlə sağollaşanda ikinci dəfə “Əzizim” dedi. “Hələlik, əzizim”. O çox məşğul idi, ofisdə olarkən çox söz deyə bilməzdi, ancaq mənə iki dəfə “əzizim” dedi. O mənim ona zəng etməyimə etiraz etmirdi. Mən bilirəm ki, sən adamlara zəng etmirsən - onlar bunu xoşlamırlar. Əgər belə etsən, onlar elə fikirləşəcək ki, sən onlar haqqında düşünürsən, çox istəyirsən, onda da sənə nifrət edəcəklər. Ancaq mən üç gündür ki, onunla danışmıram, üç gündür. Mən onunla danışanda da yalnız halını soruşmuşam, hər kəs ona zəng edib halını soruşa bilər. O buna etiraz etmirdi. O fikirləşmirdi ki, mən onu narahat edirəm. “Yox, əlbəttə. Yox” – o dedi. O dedi ki, mənə zəng edibmiş. O belə deməyə də bilərdi, mən doğrudan da xahiş etməmişdim. Mən ondan bunu xahiş etməmişdim, əminəm ki, xahiş etməmişdim. Fikirləşmirdim ki, o mənə zəng etdiyini deyəcək, ancaq heç vaxt zəng etməyəcək. Yalvarıram, Allah, qoy o belə etməsin. Allah, qoyma ki, o belə etsin.
“Əzizim, mən sənə saat beşdə zəng edəcəm”. “Hələlik, əzizim”. O məşğul idi, harasa tələsirdi, onun yanında adamlar vardı, ancaq o məni iki dəfə “əzizim” deyib çağırdı. O sözləri mənə deyirdi. O sözlər mənə aid idi. Əgər mən bir daha onu görməsəm də o sözlər mənimkdir. Ah, amma bu çox azdır. Bu, kifayət deyil. Heç nə kifayət deyil, əgər mən onu bir də görməsəm, heç nə kifayət deyil. Yalvarıram, Allah, qoy mən onu bir də görüm. Allah, yalvarıram, mən axı onu çox istəyirəm. Mən onu çox istəyirəm. Allahım, mən yaxşı olacam. Mən daha yaxşı olmağa çalışacam. Daha yaxşı olacam - əgər sən mənə onu görməyi bir də qismət etsən. Əgər sən bir də onun mənə zəng etməyinə imkan versən. Ah, Allahım, qoy o indi mənə zəng etsin.
Allah, bu duam sənə kiçik görünməsin. Sən qoca, ağ paltarlı orda oturmusan, bütün mələklərin də sənin ətrafında, ulduzlar da yanınızdan sürüşüb düşür. Mən sənin yanına telefon zəngiylə bağlı bir dua üçün gəlmişəm. Ah, nə olar, gülmə, Allah, görürsən, sən bunun nə olduğunu hiss etmirsən. Sən sağ-salamat öz taxtında oturmusan, mavi səma sənin altında dövr edir. Heç nə sənə toxuna bilmir; Heç kəsin sənin ürəyini əz əllərində əyə bilməz. Bu, pisdir. əzabvericidir, Allah. Mənə kömək etməyəcəksən? Oğlunuzun xətrinə, mənə kömək edin. Sən demişdin ki, oğlunun xətrinə nə xahiş etsələr yerinə yetirəcəksən. Ah, Allah, yeganə sevimli oğlunun xətrinə, İsa xətrinə, qoy o indi mənə zəng etsin.
Mən buna son qoymalıyam. Bu belə davam edə bilməz. Bir bax. Bir özün təsəvvür et, bir cavan kişi cavan bir qıza deyir ki, ona zəng edəcək, ancaq o zəng etmir. Bu, çox dəhşətli deyil? Bu dəqiqə dünyada nə baş verir? Ah, mənim nə vecimə dünyada bu dəqiqə nə baş verir? Niyə bu telefon zəng çalmır? Niyə zəng çalmır? Niyə? Sən zəng edə bilməzdin? Sən, telefon, zəng edə bilməzdin? Sən, lənətə gəlmiş, eybəcər, parıldayan telefon. Zəng etmək səni incidirdi, elə deyil? Ah, bu səni incidərdi. Lənət olsun sənə, telefon. Sənə lənət olsun, mən sənin pişiyini divara dırmaşdıracam Mən səni xurd-xəşil edəcəm. Cəhənnəm ol!
Yox, yox, yox. Mən dayanmalıyam. Mən başqa bir şey haqda fikirləşməliyəm. Bax, mən belə də edəcəm. Mən divar saatını başqa otağa qoyacam. Belə olsa ona baxmaram. Əgər saata bir də baxası olsam onda gərək yataq otağına gedəm. Bu da elə nəsə başqa bir işlə məşğul olmaq deməkdir. Bəlkə mən saata bir də baxana qədər o mənə zəng edəcək? Əgər o mənə zəng etsə mən onunla çox mehriban danışacam. Əgər o desə ki, bu axşam məni görə bilməz, mən belə deyəcəm: “Eybi yox, əzizim. Necə istəyirsənsə elə də et”. Mən ilk dəfə onu görəndə necəydimsə indi də elə olacam. Yoxsa o məni bəyənməz. İlk dəfə onu görəndə də mehriban idim onunla. Ah, kimisə sevməzdən əvvəl onunla mehriban olmaq çox asandır.
Fikrimcə, o az da olsa məni xoşlayır. Əgər o məni azca da olsa xoşlamasaydı o bu gün mənə iki dəfə “əzizim” deməzdi. Əgər o məni az da olsa xoşlasaydı. Lap az, lap az... Allah, əgər sən elə etsən ki, o mənə zəng etsin, mən bir də Səndən heç nə xahiş etməyəcəm. Mən ona mehriban, şən olacam, mən bu vaxtacan ona qarşı necə olmuşamsa yenə də elə olacam, sonra o məni yenidən sevəcək. Belə olsa mən bir də Səndən heç nə xahiş etməyəcəm. Allah, Sən görmürsən? Belədirsə niyə elə etmirsən ki, o mənə zəng etsin? Allahım, niyə elə etmirsən? Niyə elə etmirsən ki, o mənə zəng etsin?
Allahım, mən pis olduğuma görə Sən məni cəzalandırırsan? Mən onu sevdiyimə görə Sən mənə hirslənmisən? Ah, Allahım, dünyada o qədər çox pis adamlar var ki? Sən yalnız mənə qarşı qəddar olmamalıydın. Mən çox da pis deyildim. Biz heç kimi incitməmişik, Allahım. Kimisə incitmək pis bir şeydir. Biz bircə nəfəri də incitməmişik. Sən bunu bilirsən. Sən bilirsən ki, bu pis bir şey deyildi, elə deyilmi? Allahım, elə deyil? Elə isə sən onun mənə zəng etməyinə icazə verməyəcəksən?
Əgər o mənə zəng etməsə onda elə biləcəm ki, Allah mənə hirslənib. Mən beş yüzə qədər bütün beşlikləri sayacam, əgər o mənə zəng etməsə, mən onda biləcəm ki, daha Allah mənə kömək etmək istəmir, həmişəlik. Bu, mənə bir işarə olacaq. Beş, on, on beş, iyirmi, iyirmi beş, otuz, otuz beş, qırx, qırx beş, əlli, əlli beş. Bu pis idi. Bilirdim ki, bu pis idi. Yaxşı, Allah, onda məni cəhənnəmə göndər. Sən elə fikirləşirsən ki, Sən öz cəhənnəminlə məni qorxudursan, elədir? Sən elə bilirsən ki, Sənin cəhənnəmin mənimkindən pisdir?
Mən bunu etməli deyildim. Mən belə etməli deyildim. Təsəvvür et ki, o mənə zəng etməyə gecikir, buna görə isteriyalı olmalı deyildim. Bəlkə heç o zəng etmək istəmir, bəlkə o heç zəng etməmiş birbaşa bura gəlir. Əgər o görsə ki, mən ağlayıram, o hirslənəcək. Adamlar Sənin ağlamağını xoşlamırlar. O ağlamır. Mən istəyirəm ki, onu ağladım. İstəyirəm ki, onu ağladım, İstəyirəm ki, mən onu cəhənnəm kimi incidim.
O isə mənə belə şeyi arzulamır. Fikirləşmirəm ki, o məni nə qədər incitdiyini bilir. İstəyirəm ki, o bunu mən deməmişdən bilsin. Adamlar istəmir ki, sən onlara deyəsən ki, onlar səni ağladıb. Adamlar istəmir ki, sən onlara deyəsən ki, sən onların ucbatından bədbəxtsən. Əgər belə etsən adamlar fikirləşər ki, sən onlara yiyəlik edirsən. Sən fikirləşdiyini onlara deyəndə onlar sənə nifrət edirlər. Sən həmişə xırda oyunlar oynamalısan. Ah, mən fikirləşirdim ki, belə etməyəydik. Fikirləşirdim ki, bu nəzərdə tutduğumdan daha böyük oyundur. Ah, kaş o zəng edəydi. O zəng etsə ona deməzdim ki, ona görə kədərli olmuşam. Adamlar kədərli olanlara nifrət edirlər. Mən onunla çox mehriban və şən davranacam, o mütləq məni bəyənəcək. Kaş o zəng edəydi... Kaş o zəng edəydi.
Bəlkə o elə indi mənə zəng edir. Bəlkə o indi zəng etməmiş bura gəlir. Bəlkə o indi yoldadır. Bəlkə ona nəsə olub? Yox, ona heç vaxt heç nə olmaz. Mən onun başına bir iş gəldiyini təsəvvür edə bilmirəm. Heç vaxt onun yıxıldığını təsəvvür edə bilmirəm. Mən heç vaxt onun sakitcə uzun müddət uzandığını, öldüyünü təsəvvür edə bilmirəm. Kaş öləydi. Bu, dəhşətli arzudur. Bu, sevimli arzudur. Əgər o ölsəydi onda mənim olardı. Əgər o ölsəydi mən heç vaxt indiki anlarımı fikirləşməzdim. Mən yalnız xoş anları xatırlayardım. Hər şey gözəl olardı. Arzu edirəm ki, o öləydi. Arzu edirəm ki o öləydi, öləydi, öləydi.
Belə düşünmək axmaqlıqdır. Kimsə sənə dediyi vaxtda zəng etmədiyi üçün onun ölməyini arzulamaq axmaqlıqdır. Bəlkə saatlar irəli gedib? Heç bilmirəm belədir, ya yox? Bəlkə o tamam gecikib? Onu istənilən şey gecikdirə bilər. Bəlkə o ofisdə qalmalı olub? Bəlkə o evinə gedib mənə evindən zəng edəcək? Bəlkə evinə kimsə gəlib, o da zəng etməyi unudub? O başqa adamların yanında mənə zəng etməyi xoşlamır. Bəlkə o az da olsa narahatdır. Azca narahatdır. Bəlkə o məni gözləməyə məcbur etdiyi üçün azca, azca narahatdır. Bəlkə o ümid edir ki, mən ona yenə də zəng edəcəm. Mən ona zəng edə bilərdim. Zəng edə bilərdim.
Mən zəng etməli deyiləm. Etməli deyiləm. Ah, ona zəng etməyimə icazə vermə. Nə olar, elə et ki, ona zəng etməyim. Bilirəm, Allahım, sən bildiyin kimi bilirəm ki, əgər o mənə görə narahat olsa o harada olmağına baxmayaraq mənə zəng edərdi. Yanında adamlar olmağına baxmayaraq o mənə zəng edərdi. Allah, elə et ki mən bunları bilim. İstəmirəm ki, sən bunu bilməyi mənə asanlaşdırasan. Sən bunu dünyanı yaratdığın kimi edə bilməzsən. Amma elə et ki, mən bunu bilim. Mənə ümid etməyi imkan vermə. İmkan vermə ki, özümə təskinlikverici sözlər deyim. Nə olar, mənə ümid etməyə icazə vermə, əziz Allah. Nə olar, icazə vermə.
Mən ona zəng etməyəcəm. Bundan sonra nə qədər yaşasam da bir də ona zəng etməyəcəm. Mən ona zəng edəndə o artıq cəhənnəmdə çürüyəcək. Allahım, sən mənə güc verməli deyildin; Mənim özümün gücüm var. Əgər o məni istəsəydi o mənə can atardı. O bilir ki, mən hardayam. O bilir ki, mən onun burda gözləyirəm. O bilir ki, mən burdayam. Heç bilmirəm, adamlar səndən arxayın olanda niyə sənə nifrət edirlər. Mən fikirləşirəm ki, arxayın olmaq yaxşı olardı.
Ona zəng etmək asan olardı. Bəlkə belə etmək axmaqlıq olardı. Bəlkə o buna etiraz etməzdi. Bəlkə o bunu xoşlayacaq. Bəlkə o da mənə qovuşmağa can atır? Bəzən adamlar səninlə telefonla danışmağa cəhd edirlər, sonra da deyirlər ki, nömrə cavab vermir? Demirəm ki, mənə kömək edəsən. Həqiqətən, kömək edirsən. Bilirsən ki, həqiqətən də bu baş verir, Allah, Allah, məni bu telefondan uzaq saxla. Məni uzaq saxla telefondan. Qoy bir azca qürurum qalsın. Məncə, bu qürura ehtiyacım var, Allah? Elə bilirəm ki. azca qürurum olsa hər şey olar.
Ah, qürur nə deməkdir? Əgər ona zəng etməsəm dözə bilmirəmsə qürur nədir? Belə bir qürur axmaqlıqdır. Ən böyük qürur, ən böyük qürur qürurun olmamağıdır. Bunu ona görə demirəm ki, ona zəng etmək istəyirəm. Yox, bunu istəmirəm. Bu, həqiqətdir. Bilirəm ki, bu həqiqətdir. Mən bütün xırda qürurlar məsələlərindən uzaq olacam.
Nə olar, Allahım, məni ona zəng etməyə qoyma, məni telefondan uzaq saxla. Nə olar, Allah.
Heç bilmirəm bunun qürura nə dəxli var? Bu çox kiçik bir şeydir. Ola bilsin ki, mən onu səhv başa düşmüşəm. Bəlkə o deyib ki, mən saat beşdə ona zəng edim.
“Əzizim, saat beşdə mənə zəng et”.
Bəlkə o belə deyib? Mümkündür ki, mən onu yaxşı eşitməyim. “Əzizim, saat beşdə mənə zəng et”. İndi demək olar tam əminəm ki, o məhz belə də deyib. Allahım, elə et ki, mən öz-özümə belə sözlər deməyim. Elə et ki, hər şeyi bilim.
Mən başqa şey haqda düşünəcəm. Mən sakitcə oturacam. Kaş sakit ola biləydim. Kaş sakit otura biləydim. Ola bilsin ki, nəsə oxuya bilərəm. Ah, bütün kitabların hamısı bir-birini sevən insanlar haqqındadır, həqiqətən sevən insanlar haqda. Belə şeyləri yazmaqla nə istəyirlər? Onlar bilmir ki, bu doğru deyil? Onlar bilmir bu yalandır? Onlar bilmir bu lənətəgəlmiş yalandır? Bəs onda onlar bunu niyə yazırlar? Bilmirlər ki, bunu oxumaq adamı incidir? Lənətə gəlsin bunları yazanlar. Lənətə gəlsin.
Heç nə etməyəcəm. Buna görə həyəcanlanmağa dəyməz. Bir bax, təsəvvür et ki, o mənim tanımadığım bir adamdır. Təsəvvür et ki, o tanıdığım bir qızdır. Mən onda ona zəng edib deyərdim: “Allah xətrinə, sənə nə olub?
Belə edərdim, sonra heç nə dediyimi fikirləşməzdim də. Niyə onun sevdiyimə görə adi ola bilmirəm? Ola bilərəm. Düzünü deyim ki, ola bilərəm. Mən ona zəng edə bilərəm, bu asan olar, Allah ,görürsən, mən etməyəcəm. Ah, ona zəng etməyimə icazə vermə. İcazə vermə. İcazə vermə, vermə.
Allah, doğrudan da, sən onun mənə zəng etməyinə icazə verməyəcəksən? Buna əminsən, Allah? Nə olar, yumşala bilməzdin? Bacarmazdın? Hətta səndən xahiş etmirəm ki, elə edəsən o mənə elə bu dəqiqə zəng etsin. Allah elə et ki, o bir az sonra zəng etsin. Mən beş yüzə qədər beşlikləri sayacam. Mən yavaş-yavaş, vicdanla sayacam. Əgər o ondan sonra da mənə zəng etməsə mən özüm ona zəng edəcəm. Edəcəm. Ah, əziz Allah, mənim Göydəki Atam, mərhəmətli Allahım, elə et ki, mən zəng etməzdən qabaq o zəng etsin. Nə olar, nə olar, yalvarıram.
Beş, on, on beş, iyirmi, iyirmi beş, otuz, otuz beş....
İngiliscədən tərcümə etdi: Sevil Gültən
banner

Oxşar Xəbərlər