Tələbi qarşılaya bilməyən təklif
"...Sanki
mərkəz tərəfdəki 2 otaqlı evlər üçün kvota müəyyənləşib ki, bunlar 300-350
manatdan aşağı olmamalıdır. Düzdür, çoxları bunu universitetlərin fəaliyyəti
başlaması, tələbə axınının olması ilə əlaqələndirir, amma elə deyil. Biz may,
iyun aylarında da mənzil axtaranda eyni vəziyyət idi. İşgüzar şəxslər iş
yerlərinə, tələbələr isə oxuduqları universitetə yaxın yerlərdən ev kirayələmək
istəyirlər. Lakin qiymətlərin baha olması ucbatından məcburən şəhərkənarı
yerlərə gedirlər. Amma onu da deyim ki, şəhərin mərkəzi ilə kənarı arasında
qiymətlərdə elə də ciddi fərq müşahidə etməmişəm. Şəhərdənkənar evlər 50-100
manat ucuz olanda belə, həmin ərazidən şəhərə gəlmək üçün nəqliyyat pulunu
hesabladıqda, şəhər mərkəzindəki evin kirayə pulu ilə eyni olur. Onu da əlavə
edim ki, şəhərdənkənar əşyalı, təmirli evlər elə mərkəzdəkilərlə eyni qiymətə olur.
Yəni şəraiti yaxşı olan ev, qəsəbələrdə də 300-350 manat arası təklif edilir”.
Bu sözləri
bizimlə söhbətində kirayədə yaşayan Aysel Aslan dedi. Aysel mərkəzdə uyğun
qiymətə ev tapa bilmədiyindən, hazırda Biləcəridə qalır. O, kirayə evlərin
bahalılığından, həmçinin kifayət qədər mənzilin olmamağından şikayətlənir:
"Maraqlısı odur ki, kirayə mənzil saytlarında olan evlər üçün qoyulan nömrələrə
nə zaman zəng vurursan, evlərin götürüldüyünü deyirlər. Hətta, bir dəfə 5-10
dəqiqə əvvəl elanı qoyulmuş bir nömrəni yığdım, evin kirayələndiyini
bildirdilər. Çox təəccübləndim. Görünür, mənzil bazarında həqiqətən ev qıtlığı
var, ya da bu, ev dəllallarının qiymət qaldırmaq üçün vətəndaşlara oyunudur”.
Əslində,
Ayselin qeyd etdiyi məqamlar bir çoxlarının qarşılaşdığı problemdir. Təhsil
ilinin başlanmasına az qaldığı üçün kirayə mənzil bazarında canlanma müşahidə
edilir. Bir çoxları uyğun qiymətə ev tapa bilməməkdən şikayətlənirlər. Mərkəzdə
uyğun qiymətə ev tapa bilməyənlər, məcbur olub, şəhərkənarı qəsəbələrə üz tuturlar.
Bu da özlüyündə həmin bölgələrdəki kirayə mənzil bazarına öz təsirini göstərir.
Mövzunun aktuallığını nəzərə alıb vəziyyətlə bağlı ekspertlərin fikirlərini
öyrəndik.
Əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimli kirayə
mənzil bazarında zonalar üzrə tələbatda və qiymətlərdə dəyişikliklərin baş
verdiyini bildirdi: "Aktivlik mərkəzdən şəhər kənarına doğru hərəkət edir.
Tələbələrin gəlişi, avqustun sonları və sentyabrda kirayə mənzil bazarında
xüsusi canlanma yaradır. Ümumiyyətlə, kirayə mənzil bazarının əsas
istehlakçıları tələbələrdir. Həmçinin paytaxtda aparılan tikinti işləri kirayə
mənzil bazarına təsir edib. Əvvəllər "sovetski, xutor, kubinka, alatava” kimi
ərazilər üstünlük təşkil edirdisə, son bir neçə il ərzində bu ərazilərdə
söküntünün həcmi artdığından, kirayə mənzil tutmaq istəyənlər yeni Yasamal,
mikrorayon, Badamdar ərazilərinə üz tuturlar. Yeni tikililərdə də mənzil
kirayələməyə maraq göstərənlər var. Amma bu, binanın yerləşdiyi ərazidən daha
çox asılıdır. Yeni tikilən binalar baha qiymətə olduğundan ümumi tələbə
kontingentinin tələblərinə bir çox hallarda cavab vermir. Bu baxımdan tələbələr
yaxın ərazilərdən uzaq ərazilərə köçürlər. Məsələn, əvvəllər tələbələr Əhmədli
və 20-ci Sahəyə maraq göstərmirdilər. Amma son dövrlər maraq artıb. Kirayə
mənzil bazarına olan tələbat şəhərin mərkəzi hissələrindən şəhərkənarı zonaya
keçib. Bu zonalarda aktivliyin yüksəlməsi qiymətlərin də artmasına təsir
göstərib”.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin
üzvü, Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı paytaxtın
mərkəzində və mərkəzə yaxın ərazilərdə ucuz kirayə mənzil tapılması probleminin
genişləndiyini qeyd etdi: "Hazırda şəhərsalma və infrastruktur layihələrinin
icrası, eyni zamanda bəzi yerlərdə söküntü işlərinin aparılması, son illərdə
pilot layihələrin həyata keçirilməsi ilə kirayə mənzil bazarında əlavə tələbin
formalaşdırılması, həmçinin təklif portfelinin həcminin daralması kirayə
mənzilə olan tələbatı aktuallaşdırıb. Yəni bu, qaçılmaz həqiqətdir ki, son
illər kirayə mənzil bazarına olan tələb xeyli dərəcədə artıb. Nəticə etibarı
ilə paytaxtın mərkəzində və mərkəzə yaxın ərazilərdə ucuz kirayə mənzil tapılması
problemi genişlənib. Digər tərəfdən son illər ölkəmizə turist axının güclənməsi
mərkəzi hissələrdə kirayə mənzillərin qiymətinin artmasına təsirsiz ötüşməyib. Hətta
sutkalıq mənzil kirayələyənlər belə var. Təbii ki, bütün bu sadalananlar
bazarda qiymət siyasətinin dəyişməsinə təsir edir. Belə olan halda mərkəzdəki
kirayə evlər tələbələr üçün əlçatanlığını itirir”.
R. Osmanlı
mənzil bazarındakı tələb-təklif məsələsinə də toxundu: "Təbii ki, qiymətlərdə
yüksəlmə olduqca, vətəndaşlar arasında ucuz mənzilə tələb artır, bunun
qarşılığında isə təklif azalır. Ona görə, şəhərkənarı kirayə mənzil sahəsində
sahibkarlıqla məşğul olan bəzi şəxslər peyda olur. Lakin onlar bu işlə rəsmi
şəkildə məşğul olmurlar. Məsələn, bir şəxs öz vəsaiti hesabına 12 otaqdan
ibarət olan fərdi yaşayış evi tikir və onu təxminən 10, 12 nəfərdən ibarət
tələbəyə icarəyə verir. Bunlar kirayə mənzil bazarının şəhər mərkəzindən kənara
doğru genişlənməsinə şərait yaradır”.
Direktordan
şəhərkənarı ərazilərdə yerləşən kirayə mənzillərin qiymətini soruşduq: "Kənar
dedikdə, təbii ki, Maştağa, Binə, Mərdəkan kimi zonaları nəzərdə tutmuruq.
Əlbəttə, o ərazilərdə də kirayə qalıb, hər gün dərsə gəlib gedən tələbə var.
Amma hələ ki, kütləvi deyil. Biz kənar dedikdə, mikrorayonları nəzərə alırıq. Bir
müddət əvvəl mikrorayonlarda 200 manata mənzil tapmaq mümkün idisə, hazırda bu
qiymət minimum 250, 300 manatdan başlayır. Eyni zamanda "Kubinka”, "Montin”,
"Yasamal” kimi ərazilərdə birotaqlı fərdi yaşayış evlərinin qiyməti əvvəllər
150 manat idisə, bu gün həmin rəqəmlər 250 manatdır. Təbii ki, qiymət, evin
təmirindən, kommunal şəraitindən, yerləşmə coğrafiyasından asılı olaraq dəyişir”.
Həmsöhbətimizlə
kirayə mənzil saytları ilə bağlı məqamı da aydınlaşdırdıq: "Xanımın qeyd etdiyi
nüans kifayət qədər realdır. Yəni bu, aldatma, qiymət artımına yönəlik bir oyun
deyil, tam real göstəricidir. Çünki həmin saytlara elan yerləşdirmək pulludur
və düşünmürəm ki, kimsə yanlış informasiya yerləşdirsin. Günümüzdə kirayə
mənzil bazarında tələb həqiqətən yüksəkdir. Bu mənada evlərin, elan qoyulan
kimi dərhal kirayələnməsi mümkündür”.
Günel
Azadə