• çərşənbə axşamı, 16 aprel, 23:06
  • Baku Bakı 18°C

Tələbənin rektorun maşınından istifadə etdiyi universitet - Fotolar

09.06.14 09:46 5105
Tələbənin rektorun maşınından istifadə etdiyi universitet - Fotolar
Hazırda ölkəmizdə fəaliyyət göstərən ali təhsil müəssisələrinin əksəriyyətində yay imtahan sessiyası davam edir. Biz də imtahan prosesini izləmək üçün Bakı Slavyan Universitetinə yollandıq. Universitetə daxil olduqda qapıda bizi saxlayan mühafizəçiyə özümüzü təqdim etdikdən sonra onun müşayiəti ilə tədris işləri üzrə prorektor Telman Cəfərovun otağına yollandıq.
Münaqişə komissiyası
Telman müəllim deyir ki, universitetdə 4-cü kursların imtahan sessiyası başa çatıb və bu gündən etibarən 3-cü kurs tələbələrin imtahan sessiyasına start verilib. Prorektorun sözlərinə görə, sessiyanın şəffaf keçirilməsi və tələbələrin problemlərini həll etmək üçün universitet daxilində münaqişə komissiyaları yaradılıb: “ Münaqişə komissiyalarında imtahanların nəticələri, gedişatı və digər məsələlər imtahan bitdikdən sonra rektorun iştirakı ilə müzakirə olunur.
Universitetimizdə hər zaman tələbənin komfortu düşünülür və tədbirlər onların xeyrinə görülür. Münaqişə komissiyalarına müraciətlər daha çox tələbələrin qaiblərə görə imtahana buraxılmamaları ilə bağlı olur. Əgər tələbə dərsin 25 faizində iştirak etməyibsə avtomatik olaraq imtahana buraxılmır. Bu da müəyyən narazılıqlar yaradır”.
Prorektor bəzi hallarda tələbəyə qaib məsələsində qanun çərçivəsində güzəştlər olunduğunu da bildirdi.
İmtahan valideynsiz başlamır
Prorektorla söhbətləşdikdən sonra imtahan keçirilən auditoriyalara yollandıq. Dəhlizin divarlarında imtahan haqqında məlumat verilən lövhələr diqqətimizi çəkdi. Lövhələrin qarşısında dayanan tələbələr imtahana giriş balına baxır, kimisi narazı, kimisi də sevincli şəkildə oradan ayrılırdı. 3-cü kursda oxuyan Nurlana Hacızadə imtahana yüksək balla daxil olduğu üçün sevinclidir: “İmtahana giriş balı çox önəmlidir. Giriş balım yüksək olduğu üçün kəsilmək şansım az olur. Çox sevincliyəm”.
Tərcümə fakültəsinin imtahan otağına yaxınlaşırıq. Nəzarətçilərdən icazə alıb otağa daxil oluruq. İlk imtahan olduğu üçün tələbələrin həyəcanı diqqətimizdən yayınmır. Onlar cidd-cəhdlə biletlərində olan 5 sualı cavablandırmağa çalışırdılar. Tələbələri müşahidə etdikdə arxa partalardan birində əyləşən valideyn diqqətimizi çəkir. O da digər nəzarətçilər kimi imtahan prosesini izləyirdi.
Slavyan Universitetinin mətbuat xidmətinin rəhbəri Adil Əliyev deyir ki, sözügedən universitet Azərbaycanda yeganə ali təhsil ocağıdır ki, imtahanlar valideynlərin birbaşa iştirakı ilə keçirilir: “Artıq 7-8 ilə yaxındır ki, bütün imtahanlarımızda mütləq valideynlər iştirak edir. Hətta valideyn gəlməmiş imtahan başlamır. İmtahanı izləyən valideyn imtahan bitdikdən sonra, onlar üçün təyin olunmuş xüsusi jurnalda təəssüratlarını bölüşürlər”.
“İmtahanlar şəffaf keçirilir”
Valideyn İradə Xələfova 1-ci kursdan övladının imtahan prosesini izləyir. Onun sözlərinə görə, bu, çox yaxşı addımdır və bütün universitetlərdə tətbiq edilməlidir: “İmtahanda iştirak etməklə biz övladımızın təhsilini görür, imtahan prosesini izləyirik. Valideynlərin nəzarəti altında imtahanlar tam şəffaf formada keçirilir”.
Beynəlxalq münasibətlər fakültəsində qardaşı oğlunun imtahan prosesini izləyən Yusif Rəhmanov isə deyir ki, valideynlər ildə 2 dəfə də olsa universitetə gəlib övladlarının dərs prosesləri ilə maraqlanmalıdırlar: “Bizim valideynlər uşaq məktəbdə oxuyarkən 6-cı sinifə qədər məktəbə gəlir, valideyn iclaslarında iştirak edirlər. Uşaq böyüdükdən sonra isə onun dərslərində iştirak etmirlər. Bu, çox pis haldır. Slavyan Universiteti bizə şərait yaradıb, buna görə imtahan prosesində iştirak edirik”.
Tələbələrin xilaskarı “Operativ qərargah”

Tələbələrlə söhbət əsnasında məlum olur ki, imtahan ərəfəsində burada münaqişə komissiyasından başqa, “Operativ qərargah” da fəaliyyət göstərir. İmtahan müddətində yaranan bütün narazılıqlar bu qərargah tərəfindən həll edilir. “Operativ qərargah”ın sədri Muxlisə Əliyeva bizimlə söhbətində bildirdi ki, qərargahın məqsədi tələbələrin problemlərini operativ şəkildə həll etməkdir: “Bu qərargah 10 ildən çoxdur ki, fəaliyyət göstərir. İmtahanda verilən qiymətlərlə bağlı münaqişələr qərargahın fəaliyyətinə deyil. Əgər imtahanın gedişatından narazılıq varsa, biz problemi yerindəcə həll edirik”.
Məlumat üçün bildirək ki, Bakı Slavyan Universitetində bütün imtahanlar yazılı şəkildə keçirilir. Tələbələrlə söhbətimizdən də məlum oldu ki, onlar test üsulunun tərəfdarı deyillər.
“Oxuyan tələbə testə qarşı olmalıdır”

Belə tələbələrdən biri də Beynəlxalq Münasibətlər fakültəsinin 3-cü kurs tələbəsi Nigar İbrahimovadır. İmtahanların test üsulu ilə keçirilməsinə qarşı olan həmsöhbətimiz bildirdi ki, oxumaq istəyən tələbə testə qarşı olmalıdır: “Test tələbələrə əzbərçilikdən başqa heç nə öyrətmir. Oxumağı, savadlı olmağı qarşısına məqsəd qoyan tələbə əzbərçilikdən uzaq olmalıdır”.
Elgiz Qafarov isə düşünür ki, ixtisasını bilən tələbə üçün imtahanın testlə, yoxsa yazılı olması problem yaratmamalıdır. İmtahanın yaxşı keçdiyini söyləyən həmsöhbətimiz sessiya müddətində başına gələn maraqlı hadisədən də danışdı: “Bizim fakültə tərcümə fakültəsi olduğu üçün imtahanlarda lüğətlərdən istifadə etməyə icazə verilir. Qrup yoldaşlarımdan biri bundan sui-istifadə edərək lüğətin arasına “şparqalka” qoymuşdu. Lakin müəllim onun lüğətini alıb baxanda “şparqalka”nı görüb imtahan nəticələrini ləğv etdi”.
“Şparqalka” ilə tutulan tələbə
Dəhlizdə hərəkət edərkən imtahan otağından sevinclə çıxan Ləmanla qarşılaşdıq. Ləman Beynəlxalq Münasibətlər fakültəsinin 3-cü kursunda təhsil alır. O, deyir ki, imtahanda yaxşı hazırlaşdığı suallar olan bileti çəkib: “Bu ilk imtahanım idi, yaxşı başladım. Amma keçən semestr çətinliyim olmuşdu. Üstəlik, imtahana “şparqalka” da aparmışdım. Nəzarətçi məndə olan “şparqalkanın” fərqinə vardı və nəticələrimi ləğv edib otaqdan çıxardı. O gündən sonra “şparqalka”dan istifadə etməyə qorxuram”.
Rektorun maşını tələbəyə verilir
Onu da qeyd edək ki, hər il dekabrın 14-də Bakı Slavyan Universitetində “Xəlifə günləri” keçirilir. Tələbələrin müstəqil idarəçilik qabiliyyətinin inkişafına təkan vermək, intellektual səviyyələrini, işgüzar bacarıq və vərdişlərini yoxlamaq, onlar tərəfindən verilən uğurlu təklifləri təhlil edib həyata keçirmək məqsədilə gerçəkləşdirilən bu maraqlı layihə ilk dəfə 2002-ci il dekabrın 13-də baş tutub və həmin gün 14 rəhbər vəzifəyə tələbələrin namizədliyi irəli sürülüb. Həmin gün obyektivliyi və şəffaflığı təmin etmək məqsədilə seçkilər tamamilə tələbələrin öhdəsinə buraxılır və heç bir rəhbər şəxsin müdaxiləsi olmur. Üstəlik, “Xəlifə günü” seçilən tələbələrə maaş verilir. Hətta rektorun maşını da bir gün onu əvəzləyən tələbənin ixtiyarına verilir.
Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər