• cümə axşamı, 25 aprel, 12:22
  • Baku Bakı 23°C

Tələbəni kadra çevirən praktik bacarıq

18.09.19 09:30 1039
Tələbəni kadra çevirən praktik bacarıq
Müasir dövrdə gənclərin karyera qurmaq imkanları kifayət qədər geniş və bir o qədər məşəqqətlidir. Belə ki, iş üçün müraciət edən gənclərdən işəgötürənlərin əksəriyyəti təcrübə tələb edir. Nəzərə alsaq ki, bu gənclərin böyük əksəriyyəti universiteti yenicə bitirən məzunlardır. Belə olan halda, əksər tələbə ruhdan düşür, yaxud qeyri-ixtisas işləri ilə məşğul olur. Bəs görəsən tələbə bu təcrübəni necə və nə zaman qazanmalıdır ki, universiteti bitirdikdən sonra özünə iş tapa bilsin? Ümumiyyətlə, necə etməliyik ki, tələbə təhsilini başa vurduqdan sonra "bişmiş kadr” olsun. Təbii, bunun üçün universitetlərdə tələbələrin praktik bacarıqlarının inkişafına önəm verilməlidir. Maraqlıdır, görəsən Azərbaycanın ali təhsil ocaqlarında bu yöndə işlər necədir? Tələbələrin praktik bacarıqlarının artırılması üçün bəlli infrastruktur varmı? Bunu araşdırmaq üçün universitetlər arasında sorğu keçirdik.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin Mətbuat və informasiya şöbəsinin müdiri Nəcibə Mirzəyeva da etiraf etdi ki, müasir dövrdə təhsil həyatından sonra karyera qurmaq çox çətindir. Əksər hallarda bu, tələbələrin öz təşəbbüsü hesabına başa gəlir: "Yəni indi sovet dövründəki kimi tələbələr təyinatla işə göndərilmir. Ona görə də, tələbələr istehsalat təcrübəsində və müxtəlif layihələrdə iştirak etməkdə maraqlıdırlar. Böyük şirkətlərin nümayəndələri müxtəlif fakültələrdə seminarlar təşkil edirlər. Demək olar ki, tələbələrin böyük əksəriyyəti belə seminar və layihələrdə iştirak edirlər. Çünki onların aldığı sertifikat gələcək karyeralarında mühüm rol oynayır. Təcrübə müddətində özünün müsbət keyfiyyətlərini göstərə bilən tələbələr işlə təmin olunurlar”.

Nəcibə Mirzəyeva bildirdi ki, bu məqsədlə universitetdə müxtəlif imkanlar yaradılıb: "Məsələn, burada inkubator mərkəzi var. Öz ideyaları, startap layihələri olan tələbələri bu mərkəzə müraciət edirlər: "Bəzən bu layihələr müsabiqələrdə iştirak edir, uğur qazanır. Universitetimizdə xarici dil kursları fəaliyyət göstərir. İngiltərənin Lester Universiteti ilə əməkdaşlığımız əsasında hazırlıq fakültəsində təhsil alan tələbələrə ingilis dili öyrədilir. Burada Lester Universitetinin müəllimləri tələbələrə ingilis dilini tədris edir. Qeyd edim ki, universitetdə müxtəlif rəsm, rəsmxət kursları da fəaliyyət göstərir. İstehsalat təcrübəsi ilə bağlı tərəfdaşlarımız kifayət qədərdir. Onlarla şirkətlərlə əməkdaşlıq edirik. "Embawood” şirkəti özünün emalatxanasını yaradıb. "Təmiz şəhər” isə laboratoriya təşkil edib.”.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin rəhbəriBəhruz Nəzərovbildirdi ki, universitet 150-dək ayrı-ayrı dövlət və özəl şirkətlərlə müqavilə imzalayıb. Bu müqavilələr çərçivəsində tələbələr istehsalat təcrübəsində iştirak edirlər: "İstehsalat təcrübəsi bizdə bir neçə formada keçirilir. İlk növbədə icbari formada olan təcrübə haqqında məlumat vermək istəyirəm. İcbari təcrübə müddəti hər il fevralın 16-dan mayın 24-dək davam edir. Bu NK-nın qərarına əsasən həyata keçirilir və icbari xarakter daşıyır. Tələblərin istehsalat təcrübəsində iştirakı onların ixtisaslarına və buraxılış işlərinin mövzularına uyğun olaraq təşkil olunur. Onlar təcrübə müddətində praktiki bacarıqlara yiyələnməklə yanaşı, öz ixtisaslarına uyğun fəaliyyətlə məşğul olurlar. Ötən il iki minə yaxın tələbəmiz bu təcrübədə iştirak etdi. Digər bir forma isə universitetin özünün gündəlik təcrübə proqramıdır. Bu təcrübə proqramı bir, iki və üçüncü kurslar üçün nəzərdə tutulur. Tələbələr universitetin imzaladığı müqavilələr əsasında ayrı-ayrı müəssisələrdə istehsalat təcrübəsində iştirak edirlər. Qeyd edim ki, fakültədən fakültəyə tələbələrin sayı dəyişə bilir. Məsələn, energetika fakültəsində demək olar ki, bütün tələbələr istehsalat təcrübəsində iştirak edib. Neft mexanikası, qaz-neft mədəni və informasiya texnologiyaları və idarəetmə fakültəsi tələbələri bu təcrübədə daima aktiv fəaliyyət göstərirlər. Çünki onlar bilirlər ki, bu, onların praktiki bilik və bacarıqlarının artırılmasında mühüm rol oynayır”.

Bakı Dövlət Universitetinin mətbuat katibi Pərvanə İbrahimova qeyd etdi ki, BDU-da birinci kursdan dördüncü kursa qədər bütün tələbələr təhsil aldıqları fakültədən asılı olaraq, müvafiq dövlət qurumlarına və şirkətlərə təcrübəyə göndərilir: "Sonuncu kurs tələbələri bir semestr ərzində təcrübədə olur. Məsələn, jurnalistika fakültəsinin tələbələri ölkədə fəaliyyət göstərən KİV-lərə göndərilir. Buraya televiziya, radio, qəzetlər və xəbər saytları daxildir. Tələbələrimiz həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının müxtəlif institutlarında öz praktiki biliklərini genişləndirirlər. Nəzəri biliklərlə yanaşı, praktiki biliklərin artırılması istiqamətində universitetimiz müxtəlif işlər görür. Elmi tədqiqat işlərinə yönəldilən tələbələr də var. Həmin tələbələrə elmi rəhbər təyin olunur”.

Bakı Slavyan Universitetinin Təcrübə və məzunların karyera inkişafı şöbəsinin müdiri Yaşar Alxasov tələbələr üçün yaradılan karyera imkanlarından söz açdı: "Universitetimizdə səkkizinci semestr ərzində tələbələrin praktik bacarıqlarının artırılması üçün təcrübə keçirilir. Tələbələr pedaqoji və istehsalat təcrübələrinə yönəldilir. Pedaqoji təcrübə Bakı şəhərinin orta məktəblərində və Cocuq Mərcanlı kəndində keçirilir. Həmçinin, dövlət və özəl təşkilatlarda tələbələrimiz öz praktik qabiliyyətlərini inkişaf etdirirlər. Məsələn, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat Nazirliyi, Diaspora Komitəsi, Xarici İşlər Nazirliyi, AMEA-nın institutlarında, Əlyazmalar İnstitutunda müqavilə əsasında tələbələrimizə şərait yaradılır. Həmçinin, "Asan xidmət”in tərcümə işləri ilə məşğul olan "Şəms” Tərcümə Mərkəzində tələbələr təcrübə keçir. Orada tələbələrimiz üçün yaxşı şərait yaradılır. Təcrübənin sonunda aktiv və bacarıqlı tələbələr işə götürülür. Məsələn, keçən il iki təcrübəçimiz sözügedən mərkəzdə işə götürüldü. Həmçinin, Naxçıvan MR-nın Azərbaycandakı daimi nümayəndəliyində hər il 5 tələbəmiz təcrübəyə yiyələnir. Təcrübə müddətində tələbələr əməkdaşların işini görərək, onlara kömək edirlər. Tələbələrin marağı, bilik və bacarıqları mütləq nəzərə alınır”.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Mənsur İbrahimov bildirdi ki, ADPU ölkədə müəllim hazırlığının mərkəzi hesab edilir: "Biz Azərbaycan məktəbləri üçün müəllim və pedaqoji kadrlar hazırlayırıq. Pedaqoji təcrübə tələbələrimizin müəllimliyə gedən yolda ilk addımlarıdır. Bu təcrübə onların gələcəkdə müəllim kimi formalaşmasında mühüm rol oynayır. Hər il tələbələrimiz Bakı şəhərinin müxtəlif tanınmış məktəblərində istehsalat təcrübəsinə yollanır, orada gənclər öz nəzəri biliklərini daha da möhkəmləndirərək təcrübə qazanırlar. Bu da onların praktiki bacarıqlarının inkişafında mühüm rol oynayır. Bu təcrübələr TN-nin və BŞTİ-nin təşkilatçılığı ilə həyata keçirilir. Elə ixtisaslar var ki, sağlamlıq imkanları məhdud olan uşaqlarla bağlıdır. Tələbələr sağlamlıq imkanları məhdud olan tələbələrin təhsil aldığı məktəblərə yönəldilir”.

Təhsil eksperti Kamran Əsədovqeyd etdi ki, "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunun 11-ci maddəsində əksini tapmış tələblərə görə, təhsil alanlar dövrün tələblərinə və şəraitinə uyğunlaşmalı, rəqabətqabiliyyətli olmalı, informasiya cəmiyyətində yaşayıb fəaliyyət göstərməyə, ünsiyyət yaratmaq bacarığına yiyələnməli, fasiləsiz təhsil almalı, müasir standartlara uyğun gələn biliklərə və dünyagörüşünə, yüksək intellektual səviyyəyə və praktik iş qabiliyyətinə, yeni texnologiyaya yiyələnməlidirlər: "Bu mühüm dövlət sənədinin təhsil pillələri qarşısında qoyduğu vəzifələr, bütövlükdə cəmiyyətin gələcək inkişafına istiqamətlənmiş təlim, tərbiyə problemlərinin həlli ilə bilavasitə bağlıdır. Son nəticə olaraq yüksəkixtisaslı, milli-bəşəri mənəvi-əxlaqi dəyərlərə, keyfiyyətlərə sahib vətəndaşların hazırlanıb həyatda səmərəli fəaliyyət göstərmələri bir sıra məsələlərin həllini, özü də əlaqəli, kompleks həllini tələb edir. Təhsil fasiləsiz olduğu kimi, təhsil pillələri arasında fəaliyyət məqsədi sabit olmalı, bu məqsədə çatma yolunda axtarışlar intensiv, sistemli şəkildə aparılmalıdır. İnsan həyatının bütün sahələri ilə bağlı bütün ictimai, iqtisadi, xidmət və mədəniyyət sferaları üçün hazırlanacaq kadrların ixtisaslaşma məkanı olan təhsil pillələrində - orta ixtisas və ali təhsil müəssisələrində pedaqoji kadrların təhsili dünya standartlarına müvafiq qurulmalıdır. Deməli, təhsilin bütün pillələrində təlim və tərbiyə prosesinin səmərəliliyi pedaqoji kadrların elmi səviyyəsindən, pedaqoji ustalığından, pedaqoji etikaya bələdliyindən, ən əsası, pedaqoji sahədə işə praktik hazırlığından asılıdır. İlk üç semestr ərzində ixtisas fənlərinin, pedaqogika və psixologiyanın əsaslarına yiyələnən bakalavr və subbakalavrlar qazandıqları nəzəri bilik, metodik məlumatlar, pedaqoji və psixoloji dəyərlərlə praktik fəaliyyət meydanına qədəm basırlar. Tələbələr qazandıqları nəzəri bilik, bacarıq və vərdişləri tətbiq etməklə, özlərini bu prosesdə sınayır, uğurlu sınaq ilə kiçik qrup miqyasında həmin sosial sərvətin zənginləşməsinə öz töhfələrini verirlər. Təcrübə, problemləri korrektə etməkdə çox faydalı, etibarlı, sınanmış bir forma, vasitə və amil kimi əhəmiyyət daşıyır. Təəssüflər olsun ki, hal hazırda universitetlərdə pedaqoji və istehsalat təcrübələrinin vəziyyəti ürəkaçan deyil. Əmək bazarının tələbinə cavab verən səviyyədə təcrübə həyata keçirilmir”.

Şəbnəm Mehdizadə

banner

Oxşar Xəbərlər