Tələbəni kadra çevirən praktik bacarıq
Müasir dövrdə gənclərin karyera qurmaq
imkanları kifayət qədər geniş və bir o qədər məşəqqətlidir. Belə ki, iş üçün müraciət edən gənclərdən işəgötürənlərin
əksəriyyəti təcrübə tələb edir. Nəzərə alsaq ki, bu gənclərin böyük əksəriyyəti
universiteti yenicə bitirən məzunlardır. Belə olan halda, əksər tələbə ruhdan
düşür, yaxud qeyri-ixtisas işləri ilə məşğul olur. Bəs görəsən tələbə bu
təcrübəni necə və nə zaman qazanmalıdır ki, universiteti bitirdikdən sonra
özünə iş tapa bilsin? Ümumiyyətlə, necə etməliyik ki, tələbə təhsilini başa
vurduqdan sonra "bişmiş kadr” olsun. Təbii, bunun üçün universitetlərdə
tələbələrin praktik bacarıqlarının inkişafına önəm verilməlidir. Maraqlıdır,
görəsən Azərbaycanın ali təhsil ocaqlarında bu yöndə işlər necədir? Tələbələrin praktik
bacarıqlarının artırılması üçün bəlli infrastruktur varmı? Bunu araşdırmaq üçün
universitetlər arasında sorğu keçirdik.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin Mətbuat və informasiya
şöbəsinin müdiri Nəcibə Mirzəyeva da etiraf etdi ki, müasir dövrdə
təhsil həyatından sonra karyera qurmaq çox çətindir. Əksər hallarda bu,
tələbələrin öz təşəbbüsü hesabına başa gəlir: "Yəni indi sovet dövründəki kimi
tələbələr təyinatla işə göndərilmir. Ona görə də, tələbələr istehsalat
təcrübəsində və müxtəlif layihələrdə iştirak etməkdə maraqlıdırlar. Böyük
şirkətlərin nümayəndələri müxtəlif fakültələrdə seminarlar təşkil edirlər.
Demək olar ki, tələbələrin böyük əksəriyyəti belə seminar və layihələrdə
iştirak edirlər. Çünki onların aldığı sertifikat gələcək karyeralarında mühüm
rol oynayır. Təcrübə müddətində özünün müsbət keyfiyyətlərini göstərə bilən
tələbələr işlə təmin olunurlar”.
Nəcibə
Mirzəyeva bildirdi ki, bu məqsədlə
universitetdə müxtəlif imkanlar yaradılıb: "Məsələn, burada inkubator
mərkəzi var. Öz ideyaları, startap layihələri olan tələbələri bu mərkəzə
müraciət edirlər: "Bəzən bu layihələr müsabiqələrdə iştirak edir, uğur qazanır.
Universitetimizdə xarici dil kursları fəaliyyət göstərir. İngiltərənin Lester
Universiteti ilə əməkdaşlığımız əsasında hazırlıq fakültəsində təhsil alan
tələbələrə ingilis dili öyrədilir. Burada Lester Universitetinin müəllimləri
tələbələrə ingilis dilini tədris edir. Qeyd edim ki, universitetdə müxtəlif
rəsm, rəsmxət kursları da fəaliyyət göstərir. İstehsalat təcrübəsi ilə bağlı
tərəfdaşlarımız kifayət qədərdir.
Onlarla şirkətlərlə əməkdaşlıq edirik. "Embawood” şirkəti özünün emalatxanasını yaradıb. "Təmiz şəhər” isə laboratoriya təşkil edib.”.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İctimaiyyətlə
əlaqələr və marketinq şöbəsinin rəhbəriBəhruz Nəzərovbildirdi ki, universitet
150-dək ayrı-ayrı dövlət və özəl şirkətlərlə müqavilə imzalayıb. Bu müqavilələr
çərçivəsində tələbələr istehsalat təcrübəsində iştirak edirlər: "İstehsalat
təcrübəsi bizdə bir neçə formada keçirilir. İlk növbədə icbari formada olan
təcrübə haqqında məlumat vermək istəyirəm. İcbari təcrübə müddəti hər il
fevralın 16-dan mayın 24-dək davam edir. Bu NK-nın qərarına əsasən həyata
keçirilir və icbari xarakter daşıyır. Tələblərin istehsalat təcrübəsində
iştirakı onların ixtisaslarına və buraxılış işlərinin mövzularına uyğun olaraq
təşkil olunur. Onlar təcrübə müddətində praktiki bacarıqlara yiyələnməklə
yanaşı, öz ixtisaslarına uyğun fəaliyyətlə məşğul olurlar. Ötən il iki minə
yaxın tələbəmiz bu təcrübədə iştirak etdi. Digər bir forma isə universitetin
özünün gündəlik təcrübə proqramıdır. Bu təcrübə proqramı bir, iki və üçüncü
kurslar üçün nəzərdə tutulur. Tələbələr universitetin imzaladığı müqavilələr
əsasında ayrı-ayrı müəssisələrdə istehsalat təcrübəsində iştirak edirlər. Qeyd
edim ki, fakültədən fakültəyə tələbələrin sayı dəyişə bilir. Məsələn,
energetika fakültəsində demək olar ki, bütün tələbələr istehsalat təcrübəsində
iştirak edib. Neft mexanikası, qaz-neft mədəni və informasiya texnologiyaları
və idarəetmə fakültəsi tələbələri bu təcrübədə daima aktiv fəaliyyət göstərirlər.
Çünki onlar bilirlər ki, bu, onların praktiki bilik və bacarıqlarının
artırılmasında mühüm rol oynayır”.
Bakı Dövlət Universitetinin mətbuat katibi Pərvanə İbrahimova qeyd
etdi ki, BDU-da birinci kursdan dördüncü kursa qədər
bütün tələbələr təhsil aldıqları fakültədən asılı olaraq, müvafiq dövlət
qurumlarına və şirkətlərə təcrübəyə göndərilir: "Sonuncu kurs tələbələri bir
semestr ərzində təcrübədə olur. Məsələn, jurnalistika fakültəsinin tələbələri
ölkədə fəaliyyət göstərən KİV-lərə göndərilir. Buraya televiziya, radio,
qəzetlər və xəbər saytları daxildir. Tələbələrimiz həmçinin Azərbaycan Milli
Elmlər Akademiyasının müxtəlif institutlarında öz praktiki biliklərini
genişləndirirlər. Nəzəri biliklərlə yanaşı, praktiki biliklərin artırılması
istiqamətində universitetimiz müxtəlif işlər görür. Elmi tədqiqat işlərinə
yönəldilən tələbələr də var. Həmin tələbələrə elmi rəhbər təyin olunur”.
Bakı Slavyan
Universitetinin Təcrübə və məzunların karyera inkişafı
şöbəsinin müdiri Yaşar Alxasov tələbələr üçün yaradılan karyera
imkanlarından söz açdı: "Universitetimizdə səkkizinci
semestr ərzində tələbələrin praktik bacarıqlarının artırılması üçün təcrübə
keçirilir. Tələbələr pedaqoji və istehsalat təcrübələrinə yönəldilir. Pedaqoji
təcrübə Bakı şəhərinin orta məktəblərində və Cocuq Mərcanlı kəndində keçirilir.
Həmçinin, dövlət və özəl təşkilatlarda tələbələrimiz öz praktik
qabiliyyətlərini inkişaf etdirirlər. Məsələn, Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi, İqtisadiyyat Nazirliyi, Diaspora Komitəsi, Xarici İşlər Nazirliyi, AMEA-nın
institutlarında, Əlyazmalar İnstitutunda müqavilə əsasında tələbələrimizə
şərait yaradılır. Həmçinin, "Asan xidmət”in tərcümə işləri ilə məşğul olan "Şəms”
Tərcümə Mərkəzində tələbələr təcrübə
keçir. Orada tələbələrimiz üçün yaxşı şərait yaradılır. Təcrübənin sonunda
aktiv və bacarıqlı tələbələr işə götürülür. Məsələn, keçən il iki təcrübəçimiz
sözügedən mərkəzdə işə götürüldü. Həmçinin, Naxçıvan MR-nın Azərbaycandakı
daimi nümayəndəliyində hər il 5 tələbəmiz təcrübəyə yiyələnir. Təcrübə
müddətində tələbələr əməkdaşların işini görərək, onlara kömək edirlər.
Tələbələrin marağı, bilik və bacarıqları mütləq nəzərə alınır”.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin İctimaiyyətlə əlaqələr və
marketinq şöbəsinin müdiri Mənsur İbrahimov bildirdi ki, ADPU ölkədə müəllim hazırlığının mərkəzi hesab
edilir: "Biz Azərbaycan məktəbləri üçün müəllim və pedaqoji kadrlar
hazırlayırıq. Pedaqoji təcrübə tələbələrimizin müəllimliyə gedən yolda ilk
addımlarıdır. Bu təcrübə onların gələcəkdə müəllim kimi formalaşmasında mühüm
rol oynayır. Hər il tələbələrimiz Bakı şəhərinin müxtəlif tanınmış
məktəblərində istehsalat təcrübəsinə yollanır, orada gənclər öz nəzəri
biliklərini daha da möhkəmləndirərək təcrübə qazanırlar. Bu da onların praktiki
bacarıqlarının inkişafında mühüm rol oynayır. Bu təcrübələr TN-nin və BŞTİ-nin
təşkilatçılığı ilə həyata keçirilir. Elə ixtisaslar var ki, sağlamlıq imkanları
məhdud olan uşaqlarla bağlıdır. Tələbələr sağlamlıq imkanları məhdud olan
tələbələrin təhsil aldığı məktəblərə yönəldilir”.
Təhsil eksperti Kamran Əsədovqeyd etdi ki, "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunun
11-ci maddəsində əksini tapmış tələblərə görə, təhsil alanlar dövrün
tələblərinə və şəraitinə uyğunlaşmalı, rəqabətqabiliyyətli olmalı, informasiya
cəmiyyətində yaşayıb fəaliyyət göstərməyə, ünsiyyət yaratmaq bacarığına
yiyələnməli, fasiləsiz təhsil almalı, müasir standartlara uyğun gələn biliklərə
və dünyagörüşünə, yüksək intellektual səviyyəyə və praktik iş qabiliyyətinə,
yeni texnologiyaya yiyələnməlidirlər: "Bu mühüm dövlət sənədinin təhsil
pillələri qarşısında qoyduğu vəzifələr, bütövlükdə cəmiyyətin gələcək
inkişafına istiqamətlənmiş təlim, tərbiyə problemlərinin həlli ilə bilavasitə
bağlıdır. Son nəticə olaraq yüksəkixtisaslı, milli-bəşəri mənəvi-əxlaqi
dəyərlərə, keyfiyyətlərə sahib vətəndaşların hazırlanıb həyatda səmərəli
fəaliyyət göstərmələri bir sıra məsələlərin həllini, özü də əlaqəli, kompleks
həllini tələb edir. Təhsil fasiləsiz
olduğu kimi, təhsil pillələri arasında fəaliyyət məqsədi sabit olmalı, bu
məqsədə çatma yolunda axtarışlar intensiv, sistemli şəkildə aparılmalıdır.
İnsan həyatının bütün sahələri ilə bağlı bütün ictimai, iqtisadi, xidmət və
mədəniyyət sferaları üçün hazırlanacaq kadrların ixtisaslaşma məkanı olan
təhsil pillələrində - orta ixtisas və ali təhsil müəssisələrində pedaqoji
kadrların təhsili dünya standartlarına müvafiq qurulmalıdır. Deməli, təhsilin
bütün pillələrində təlim və tərbiyə prosesinin səmərəliliyi pedaqoji kadrların
elmi səviyyəsindən, pedaqoji ustalığından, pedaqoji etikaya bələdliyindən, ən
əsası, pedaqoji sahədə işə praktik hazırlığından asılıdır. İlk üç semestr
ərzində ixtisas fənlərinin, pedaqogika və psixologiyanın əsaslarına yiyələnən
bakalavr və subbakalavrlar qazandıqları nəzəri bilik, metodik məlumatlar,
pedaqoji və psixoloji dəyərlərlə praktik fəaliyyət meydanına qədəm basırlar.
Tələbələr qazandıqları nəzəri bilik, bacarıq və vərdişləri tətbiq etməklə,
özlərini bu prosesdə sınayır, uğurlu sınaq ilə kiçik qrup miqyasında həmin
sosial sərvətin zənginləşməsinə öz töhfələrini verirlər. Təcrübə, problemləri
korrektə etməkdə çox faydalı, etibarlı, sınanmış bir forma, vasitə və amil kimi
əhəmiyyət daşıyır. Təəssüflər olsun ki, hal hazırda universitetlərdə pedaqoji
və istehsalat təcrübələrinin vəziyyəti ürəkaçan deyil. Əmək bazarının tələbinə
cavab verən səviyyədə təcrübə həyata keçirilmir”.
Şəbnəm Mehdizadə