• cümə, 29 Mart, 02:46
  • Baku Bakı 7°C

Tələbəliyini xan kimi keçirən şair – Keçmişdəki mən

05.12.16 14:53 3253
Tələbəliyini xan kimi keçirən şair – Keçmişdəki mən
"Həyatımdan razıyam, yenidən doğulmaq imkanım olsaydı yenə bu cür yaşamağı seçərdim” – deyir, keçmişini xoş anlarıyla xatırlayır. Bu, təkcə keçmişində ancaq xoş hadisələrlə qarşılaşmasından yaranan bir fikir ola bilməz. Çünki istənilən həyat yolunda acılı-şirinli günlər olur. Deməli, bu, həm də müsahibimizin pozitiv bir adam olmasına işarədir.
Müsahibimiz şair, tərcüməçi,Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətininüzvü, poeziya seksiyasının sədri, əməkdar incəsənət xadimi, əməkdar mədəniyyət işçisi Çingiz Əlioğludur. İlk şeiri "Xatirələr” olan müsahibimizlə keçmişə nəzər salıb, ötənləri xatırladıq.

"Müharibə təzə bitmişdi, insanların həyat şəraiti ağır idi”


1944-cü ildə - İkinci Dünya müharibəsi illərində Bakıda anadan olub, amma uşaqlıq illəri Füzuli rayonunda keçib. O vaxtlardan ən çox yadında qalanlar isə müharibədən sonra insanların yaşadığı çətinliklərdir: "5-6 yaşımdan sonrakı illəri xatırlayıram. Müharibə təzə bitmişdi, insanların həyat şəraiti ağır idi. O vaxtın insanları həyatın bir çox nemətlərindən məhrum idilər. Bizim evdə nənə-babadan qalma yetərli yaşayış tərzi varıydı. Elə çətinlik çəkmirdik. Amma o dövrün yadımdan heç vaxt çıxmayan xatirələri də var. Palçıqlı küçələr, ayağında qaloş palçıqdan çıxan adamlar, ərzaq qıtlığına məruz qalmış solğun təbəssümlər və s.”.
Orta təhsilini Füzuli rayonundakı Bünyad Sərdarov adına orta məktəbdə alır, dərslərini çox yaxşı oxuyur: "Soyuq siniflərdə soba qalanırdı və biz dərs keçirdik. İlk müəllimim Əfruz xanım peşəkar müəllim olmaqla yanaşı, mehriban insan idi. Orta məktəbi əla qiymətlərlə bitirmişəm. Hətta bizim məktəbə yaxın Natavan adlı məktəb də varıydı. 8-ci sinifdə oxuyanda həmin məktəbin mənimlə eyni sinifdə oxuyan qızları gəlib ev işlərində anama kömək edirdilər, mən də onların riyaziyyat və fizikadan məsələ-misallarını həll edirdim”.
Ali təhsilini kimya sahəsi üzrə alır, amma tez bir zamanda özü üçün müəyyənləşdirir ki, seçimini düzgün etməyib: "O vaxt Mərkəzi Komitənin ölkənin kimyalaşdırılması ilə bağlı bir çağırışı varıydı. Mən də Bakı Neft Kimya İnstitutunun istehsalat proseslərinin avtomatlaşdırılması və telemexanikası ixtisasına daxil oldum. İkinci kursa keçəndə texniki institutların əyani fakültəsində oxuyan tələbələrin ixtisasları üzrə ayda iki həftə oxumalı, iki həftə də işləməli olması qərarı qəbul edildi. Mən də işlədim. O dövrün istehsalat müəssisələrində gigiyena, işçilərin sağlamlığı məsələləri önəmli deyildi. Ona görə tezliklə seçimimin səhv olduğu qənaətinə gəldim”.

"İkinci sinifdən başlayaraq rus dilini öyrənmək qərarına gəldim”

Uşaqlıq illərinin oyuncaqları isə kitablar olub. Kitablar sayəsində rus dilini öyrənir: "İlyas dayımın (İlyas Əfəndiyev) "Kənddən məktublar” adlı ilk hekayələr kitabı nəşr olunduqdan sonra onu Bakıya işə dəvət etdilər. Bakıda hələ tam yerləşməmişdi deyə, nəhəng bir kitabxananı Füzulidə qoyub gəlməli olmuşdu. O kitablar mənim ilk oyuncaqlarım oldu. Kitabların 90 faizdən çoxu rus dilindəydi. O vaxt isə rus dilini öyrədən demək olar yoxuydu. Ona görə ikinci sinifdən başlayaraq özüm rus dilini öyrənmək qərarına gəldim. "Şerlok Holmsun macəraları” silsiləsindən "Baskervillərin iti” əsərini Azərbaycan dilinə çevrilmiş variantını oxudum. Maraqlı olduğu üçün dedim həmin silsilədən digər əsərləri də oxuyum. Amma hamısı rus dilində idi. Azərbaycan dilində oxuduğum kitabın rus dili variantını aldım. Rus və Azərbaycan variantındakı cümlələri tutuşdurmaqla rus dilini öyrənməyə çalışdım. 4 dəfə bu cür oxuyandan sonra, artıq kitabın rus dili variantını özüm müstəqil şəkildə oxudum. Daha sonra rus dilində digər kitabları da oxuya bildim. Rus dilində biliyim o qədər yüksək olub ki, sonralar neçə kitabın redaktoru olmuşam. Əmək fəaliyyətinin son 4 ilini Müstəqil Dövlətlər Birliyinin İcra Komitəsinin dövri mətbuat, kitab nəşri, kitab yayımı və poliqrafiya məsələləri üzrə dövlətlərarası şurasının sədri olmuşam. Rus dili, rus mədəniyyəti mənim bir insan, ziyalı kimi formalaşmağımda mühüm rol oynayıb. Rus dili bir açar idi. O açar vasitəsilə dünya xalqlarının ədəbiyyat və mədəniyyət xəzinəsinə daxil olmaq imkanı əldə edirdim”.

"Tələbəlik illərində çox yaxşı yaşayırdım”

Tələbəlik illərinin də gözəl keçdiyini deyir: "Tələbəlik illərində çox yaxşı yaşayırdım. Tələbə təqaüdü alırdım, işlədiyimiz üçün maaş verirdilər, evdən də pul göndərirdilər. Tələbəliyimi xan kimi keçirmişəm. Ən gözəl binalarda kirayədə qalırdım. O, insanın qanında olur. Uşaqlıqdan məndə yaxşı mühitdə yaşamaq səriştəsi var. Bu da həyatım boyu məni müşahidə edib”.
4-cü kursda oxuyanda isə ilk yazısını yazır. Ç.Əlioğlu onun da maraqlı tarixçəsini bizimlə bölüşdü: "4-cü kursda oxuyanda yazıçı Manaf Süleymanov AZİ-də müəllimimiz idi. Bir dəfə mənə dedilər ki, səni komsomol komitəsinə çağırırlar. Getdim. O dövrdə bizim institutda "Neft Kadrları Uğrunda” qəzeti çıxırdı. Qəzetin kuratorluğu isə Manaf müəllimə həvalə edilmişdi. Məni çağırdı, tanış olduq. Dedi ki, səndən bir xahişim var. Kimya fakültəsində 5-ci kursda oxuyan iki əlaçı qız var, onlar haqda məqalə yaz. Dedim mən ömrümdə məqalə yazmamışam. Necə yazırlar onu? Dedi ötən il institutun akt zalında çıxışını gördüm, hiss etdim ki, yaxşı yaza da bilərsən. Yazı yazmaq çətin gəlsə də, ürəyimdən keçirdim ki, gedim, görüm nə qızlardı? (gülür – A.A.) Dedim gedirəm, amma yaza bilməsəm, deyəcəm alınmadı. Gəldim qızların yanına. Deyirlər ki, cavan oğlana qızların hamısı gözəl görünür. İndi bilmirəm elə idi, ya yox, amma mənim gözlərimdə o qızların ikisi də son dərəcə gözəl idilər və son dərəcə gözəl geyinmişdilər. Onlarla söhbət etdim və gəlib, 40-45 dəqiqəyə bir yazı hazırladım. Manaf müəllim yazıya baxanda dedi ki, gözəl yazmısan, amma sən qızların ikisinə də vurulmusan (gülür – A.A). Bu məqalə ilk mətbu yazım oldu”.

"Dedim, bu şeirin bir gecədə 20-ni yazaram”

Müsahibimizin şeir yazmasının da fərqli tarixçəsi var: "Vidadi Paşayev adlı yaxşı dostum varıydı, şeir yazırdı. Bütün yazdıqlarını mənə oxuyurdu və xoşum gəldiyi üçün adətən yüksək fikir söyləyirdim. Bir dəfə oxuduğu şeiri bəyənmədiyim üçün olanı dedim. O, mənim qüruruma toxunan söz dedi. Dedi ki, elə bilirsən şeir yazmaq asan işdir? Dedim "şeir yazmağa nə var ki?” Dedi, "asandırsa, sən də yaz”. Bu söhbət İçərişəhərdə onun kirayə yaşadığı evdə baş vermişdi. Dedim, "bu şeirin bir gecədə 20-ni yazaram”. Gecə orada qaldım. Səhər artıq 15-16 şeir hazır idi. O, şok olmuşdu, dedi sənə sözüm yoxdur. Belə bir şey var ki, su gəlib dəhnəyə yığışır, onun axması üçün gərək gözünü açasan. Məndə də belə oldu, ondan sonra elə bil axın oldu və yazmağa başladım. İlk şeirimin adı "Xatirələr”dir. Orada keçmişlə yanaşı, gələcək xatirələrə müraciət edirəm. Orada qəribə yer var ki, deyirəm bəlkə bunların böyük hissəsi Andromeda bürcündə və Sentavr praksimasındadır? Üstündən bu qədər il keçib, ingilis alimləri indi kəşf ediblər ki, Sentavr praksimasında yer kürəsiylə eynilik təşkil edən planet var. Şairlərdə qəribə vəhy olur. Bu da bəlkə elə bir şeydir”.

Dayısına şair olduğunu sübut etməli olur

Dayısı onun şeir yazmağından xəbər tutanda deyir ki, indiki cavanların çoxunun başı xarab olub, yəqin o da onlara qoşulub. Gül kimi işi var, onunla məşğul olsun. Bu sözdən sonra müsahibimiz şair olduğunu dayısına sübut etmək qərarına gəlir. Dayısının ən çox sevdiyi qələm sahibləri Səməd Vurğun və Rəsul Rza olub. S.Vurğun həmin vaxt rəhmətə getmişdi. O da R.Rza ilə görüşmək qərarına gəlir və onun evinin qapısını döyür: "Bilirdim ki, dayım onun fikriylə razılaşar. Getdim onlara. Yağışlı payız günü yad bir adam evə gəlib. Rəsul müəllim mənim bu qəfil gəlişimdən elə də xoşhal olmadı. Dedim, "şeir yazıram, sizin yaradıcılığınızı da izləyirəm, sevirəm. Sizin şeirlərim haqqında fikirləriniz önəmlidir”. Narazılıqla dedi, "üstündə varsa, birini oxu”, oxudum. Dedi, "birini də oxu”. Oxudum, sonra birini də oxutdurdu. Bu dəfə ilıq səslə dedi ki, "yenə də varındı, bala?” İlk dəfə başımı qaldırıb gözlərinə baxdım və baxışlarında bir ülfət gördüm. Dedi, "dəftərini qoy get”. Getdim və dilxorluq yaradan situasiyanı tez unutmağa başladım. Çağırılmayan evə qəfil getməklə narahatlıq verdiyimi düşünürdüm. O vaxt gənclik dövründə özümüzü hamıya hədiyyə kimi qəbul edirdik. Bu hadisəni unutmağa çalışsam da, şeir yazmağa davam edirdim”.

"Qalstukunuzu yarım saatlıq mənə verə bilərsiniz?”


Bir gün "Ulduz” jurnalından mənə zəng gəldi. Dedilər, baş redaktor Cabir Novruz səni görmək istəyir. Getdim. Dedi ki Rəsul müəllim sənin haqqında yazı yazıb, onu qəzetə veririk, təcili qalstukda şəkil gətir. Mən də qalstuk taxan deyiləm. Çıxdım çölə, Yazıçılar İttifaqının qarşısında 3 nəfər söhbət edirdi. Birinin qalstuku, pencəyi xoşuma gəldi. Yaxınlaşıb həmin adama dedim ki, "sizdən bir xahiş etmək olar?” Dedi, "hə, oğlum olar”. Dedim, "qalstukunuzu yarım saatlıq mənə verə bilərsiniz, jurnal üçün qalstuklu şəkil istəyiblər, ona görə”. O da çıxarıb qalstukunu verdi, dedim, "pencəyinizi də verə bilərsiniz? Pencəyi verəndə dedi ki, "ümid edirəm ki, şalvarı istəməzsən”. Şəkil çəkdirəndən sonra geyimi qaytardım. Sonralar bildim ki, həmin adam şair Əli Soltanıymış. 1968-ci il "Ulduz” jurnalının 4-cü sayında Rəsul müəllimin mənim haqqımda yazısı çap olunmuşdu. Yazıda məni Nazim Hikmətlə müqayisə edirdi.
Rəsul müəllim ensiklopediyada baş redaktor işləyirdi. Məqalə çap olunmamışdan 15 gün əvvəl onun yanına getdim. O zaman kim olduğumu soruşdu, ustad şair kimi məsləhətlərini verdi. İlyas müəllimin bacısı oğlu olduğumu bildi. Məqalə çap olunmamışdan 10 gün əvvəl anamla Şəmkirə qonaq getmişdik. Anam da ondan 3 gün əvvəl Bakıda olmuşdu. Anama dayım deyib ki, Rəsul Rza məni yolda saxlayıb, 40 dəqiqə Çingizdən danışıb, görünür, onda nəsə varıymış. Bundan sonra bildim ki, dayım artıq mənimlə bağlı fikrini dəyişib”.

"Hansısa həyat nemətlərini istifadə etməyə çox tələsirik”

Ona görə, hər dövrün öz abı-havası, öz çağırışları var. Bu səbəbdən "bizim vaxtımızda belə idi” fikrini özündən uzaq tutmağa çalışır. Gənclərə məsləhət verməyi sevməsə də, rubrikamızın sonunda tövsiyələrini də aldıq: "Xalqın ünvanına bəlağətli söz deyənlərdən deyiləm. Yetərincə tənqid etməyi də bacarıram. Azərbaycan xalqı yetərincə istedadı olan xalqdır. Normal mühitdə böyümüş, normal təhsil almış gənc, qarşısına məqsəd qoysa ən ali zirvələri fəth etməyə qadirdir. Digər tərəfdən, biz temperamentli xalqıq. Bu isə bizə mane olur. Müəyyən həyati dəyərlər var ki, onları əldə etməyə tələsirik. Biz onu gözləməliyik. Hansısa həyat nemətlərini istifadə etməyə çox tələsirik. Yaddan çıxarırıq ki, cəhənnəmə gedən yollar həmişə işıqlıdır. Elmin yolları isə qaranlıqdır. İnsan onu ağlının, şüurunun işığı ilə nurlandırmalıdır. Qapalı çayxanaların qarşısından keçəndə gənclərimizin siqaret, domino, nərdlə vaxt keçirdiyini görəndə təəssüflənirəm”.

Aygün Asimqızı


banner

Oxşar Xəbərlər