• çərşənbə axşamı, 23 aprel, 23:34
  • Baku Bakı 20°C

Tələbəlikdə məşhurlaşan jurnalist - Keçmişdəki mən

13.01.18 09:00 1459
Tələbəlikdə məşhurlaşan jurnalist - Keçmişdəki mən
Uzun illərdir ki, jurnalistikadadır və 54 il radioda çalışıb. Bir adamın eyni iş yerində bu qədər çalışması çoxları üçün darıxdırıcı, dəyişiklik olmayan bir abı-hava yaratsa da, o, işindən razı olub. Çünki, radio onun üçün maraq kəsb edib. Düzdür, təqaüd yaşı çatdığı üçün artıq əvvəlki kimi intensiv fəaliyyətlə məşğul olmur, amma işindən tam uzaqlaşmayıb. Müsahibimiz "AzərbaycanTeleradio Verilişləri»Qapalı Səhmdar Cəmiyyətində hazırda ştatdankənar müqavilə ilə çalışan Əməkdar jurnalist, iki dəfə "Qızıl qələm” mükafatına layiq görülən İlyas Adıgözəllidir.

"Uzun müddət bizi anam təkbaşına saxladı”

Müsahibimiz 1938-ci ildə Gürcüstanda - Borçalının Sadaxlı kəndində dünyaya göz açıb. Uşaqlığı da elə həmin kənddə keçib və İkinci Dünya Müharibəsinin çətin illərinə təsadüf edib: "Uşaqlıq illərim müharibə dövrünə təsadüf etdiyi üçün elə də asan keçməyib. Müharibədən əvvəl - 1942-ci ildə atamı hərbiyə apardılar, müharibədən sonra - 47-ci ildə qayıtdı. Müharibə 45-ci ildə artıq yekunlaşmışdı, amma müharibədən sonra atamgili saxlayıb tikintidə işlədirmişlər, dağılan yerləri bərpa edirmişlər. Ona görə uzun müddət bizi anam təkbaşına saxladı. Amma biz balaca vaxtlarımızdan anama kömək edirdik. Ümumilikdə ailədə 8 uşaq olmuşuq, amma müharibə dövründə iki qardaş idik, o biri uşaqlar müharibədən sonra doğulublar. Mən evin böyük uşağı olmuşam. Anam kolxozçu qadın idi, işləyirdi. Amma kolxoz da elə bir şey verə bilmirdi. Qapıda torpağımız vardı, təsərrüfat işləri ilə məşğul olurduq, o bizim ailəmizi saxlayırdı. Taxıl əkirdik, balaca bağımız vardı. Evin yaxınlığından çay keçirdi, çaydan balıq tutub dolanırdıq. Balıqçılıq o vaxt məşhur idi. Atam qayıdandan sonra ailə vəziyyətimiz bir qədər yaxşılaşmağa doğru getdi”.


"…rayonda yeganə kənd bizimki idi ki, elektrik işığı vardı”

1945-ci ildə məktəbə gedib, deyir ki, bütün fənləri yaxşı oxuyub: "Həmişə qiymətim 5 olurdu. Bir az riyaziyyatdan zəif idim, həmişə 4 alırdım. Amma ümumilikdə dərslərinə məsuliyyətlə yanaşan şagird olmuşam”.

1957-ci ildə orta məktəbi bitirir, elə həmin il Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) jurnalistika ixtisasına qəbul olur. Jurnalistikanı seçməyinin səbəbi isə bu sahəyə xüsusi sevgi bəsləməsi olur: "Biz Gürcüstanda yaşayırdıq, ora kitab, qəzet, jurnal çətinliklə gəlib çıxırdı. Əsasən, yenilikləri, xəbərləri radio vasitəsilə əldə edirdik. Müharibədən sonra - 45-46-cı illərdə rayonda yeganə kənd bizimki idi ki, elektrik vardı. Səbəb kəndimizdə su dəyirmanının olması idi. Gündüzlər dəyirman kimi işləyirdi, axşamlar isə dəyirmanın suyunu elektrik stansiyasına ötürürdülər, generator vasitəsilə kəndə işıq verirdi. Kənddə elektrik dirəklərinin üstündə radio qurğular qoyurdular. Bizdə ən çox Bakıya qulaq asırdılar. O radio məni jurnalistika sahəsinə istiqamətləndirdi. Bir dəfə qəzetə məktub yazmışdım ki, orta məktəbdə oxuyuruq, ancaq tarix kitabımız yoxdur. Ondan sonra hamı deyirdi ki, sən qəzetə də yazırsan, bacarığın var. Belə-belə jurnalistikaya marağım yarandı”.


"Tələbəlik illərində qonorar hesabına yaxşı dolanırdıq”

Sevdiyi ixtisası üzrə təhsil alan İlyas dərslərini yaxşı oxumaqla yanaşı, həm də iş həyatına atılır: "Dərsdən çıxan kimi redaksiyalara gedirdim. "Kommunist”, "Bakı”, "Azərbaycan gəncləri” qəzetləri, televiziya və radio ilə əməkdaşlıq edirdim. Redaksiyalardan tapşırıqlar alıb, obyektlərə gedirdim. "Kommunist” qəzetində "Siz yatandan sonra” adlı bir rubrika açmışdım. O rubrikada gecə növbəsində işləyən həkimlər, maşinistlər, çörək zavodlarında çalışanlarla bağlı gecələr veriliş hazırlayırdım. Eyni zamanda Tiflisdə, Yerevanda çıxan qəzetlərə yazırdım. Tələbəlik illərində qonorar hesabına yaxşı dolanırdıq. Bir az qonorar alırdıq, bir az da tələbə təqaüdü vardı. İndi o qədər tanınmasam da, tələbəlik illərində məşhur jurnalist kimi tanınırdım”.

"Çiy kotletlər satılırdı, ondan alıb qızardırdıq”

Tələbə vaxtı universitetin yataqxanasında qalıb. Deyir öz işlərini özü görürmüş, yeməyini bişirirmiş: "Əlövsət Bəşirov adlı tələbə yoldaşımla bir otaqda qalırdıq. Səhər və axşamı evdə, günortanı universitet yeməkxanasında yeyirdik. Evdə olanda kartof bişirirdik, yaxud hazır çiy kotletlər satılırdı, ondan alıb qızardırdıq. Kolbasa, pendir də menyumuza daxil idi. Tələbənin yeməyi bundan artıq nə olacaqdı ki? Amma buna baxmayaraq, o vaxtın həyatı daha maraqlı idi”.

Deyir ki, çalışdığı müddətdə öz işinə olan sevgisi, can yandırmağı nəticəsini verib: "Sədrimiz Qurban Yusifzadə məni ən yaxşı işçi kimi 1971-ci ildə Moskvaya qurultaya göndərdi. Ümummilli liderimiz Heydər Əliyevlə birlikdə qurultaya gedən nümayəndələr sırasında ilk jurnalist məni idim ki, Moskvaya qurultaya göndərirdilər. Bir də 81-ci ildə qurultaya göndərmişdilər. 1993-cü ildə Amerikada Azərbaycan səfirliyi açılanda ora da məni ezam etmişdilər”.


"…bir sıra məsələlərdə biz amerikalılardan da qabağa gedibsiniz”

Amerika səfərindən yadında qalan bir xatirəsini də bizimlə bölüşdü: "Amerikada Azərbaycan səfirliyi açılırdı. Səfirimiz Hafiz Paşayev idi. İlk dəfə idi ki, Bakıya Amerikadan reportaj verilirdi. Mən səfirliyin açılışı haqqında reportaj hazırladım, Hafiz Paşayevdən qısa müsahibə almışdım. 16 gün orda qaldıq, bizi gəzdirdilər, Marqaret adlı bir amerikalı qız bizi müşayiət edirdi, məlumat verirdi, bizə suallar ünvanlayırdı. Axırıncı gün idi, qayıdırdıq, ona bir sual verdim. Dedim ki, burda olduğumuz müddətdə biz azərbaycanlılar haqqında sizdə hansı təsəvvür yarandı? Dedi ki, siz gəlməmişdən öncə elə bilirdik ki, Afrikanın geridə qalmış bir ölkəsindən gələn insanlarsınız. Amma gördük ki, siz bir sıra məsələlərdə biz amerikalılardan da qabağa getmisiniz”.


"Əla hazırlamısan, amma efirə verməyəcəm”

Müsahibimiz radioda hazırladığı ilk reportajı unutmadığını deyir: "O qədər gərgin idim ki, az qala özümü itirə bilərdim. İlk reportajımı Opera və Balet Teatrından etmişdim. Hazırlayıb, təqdim etdim. Baş redaktor qulaq asdı, dedi ki, əla hazırlamısan, amma efirə verməyəcəm. Dedim əgər yaxşıdırsa, niyə verilmir? Dedi ki, bir sözün vurğusunu düz deməmisən. Opera sözündə vurğu "o” hərfinin üstündə olur, amma mən səsləndirəndə "e” hərfinə düşmüşdü. Ona görə təzədən səsləndirdim və qulağıma sırğa etdim ki, bütün sözlərin vurğusunun yerini dəqiq demək lazımdır”.

"Tələbələrlə işləmək gözəl idi”

Nə az, nə çox 54 il radioda, eyni iş yerində çalışıb. Bəs, bu illər ərzində başqa yerə keçmək haqqında fikirləşməyib? Ona bu sualla müraciət etdik: "1962-ci ilə universiteti bitirdim, sonra "Abşeron” adlı qəzet açılmışdı, orda məni işə götürdülər. İl yarım orda çalışandan sonra radioya dəvət etdilər, gəldim. O vaxtdan sonra özümü ancaq radioya həsr etdim. 54 ildir. "Kommunist” qəzetində tanınırdım. Radioda çalışdığım vaxtlarda – 1967-ci il idi - bir dəfə "Kommunist” qəzetindən Hidayət Zeynalov məni çağırdı ki, bəs bizdə bir yer boşalıb, səni demişik, gəl. Dedim fikirləşim, səhər bir də zəng etdilər. Dedim üzr istəyirəm, amma gələ bilməyəcəm. Dedi ki, respublikanın bir nömrəli qəzeti səni işə dəvət edir, sən istəmirsən? Radio mənim üçün daha maraqlı idi, ona görə burda qalmağı seçdim”.
Müsahibimiz 8 il də universitetdə müəllim kimi də fəaliyyət göstərib: "Bakı Avrasiya Universitetində dərs keçmək təklifi gəlmişdi, iş rejimim ağır olduğu üçün əvvəlcə getməyə bir az çəkinirdim, sonra vaxtları elə nizamladılar ki, mən pedaqoji fəaliyyətlə də məşğul oldum. Gənclərlə səmimi, mehriban bir fəaliyyətim oldu. Tələbələrlə işləmək gözəl idi”.


"Gənclik illərində daha məhsuldar işləyirdim”

Gənclik illərindən razıdır, çünki o illərdə məhsuldar çalışa bilib: "Təəssüf ki, indi səhhətim mənə bir az imkan vermir. O illər çox maraqlı keçib. Hətta yayda kəndə gedəndə də ordan material hazırlayıb gətirirdim ki, çap edim. Gürcüstanda Azərbaycan dilində çıxan qəzetlərə material hazırlayıb verirdim. Orda fəaliyyət göstərən "Sovet Gürcüstanı” qəzeti ən çox əməkdaşlıq etdiyim qəzetlərdən idi. Gənclik illərində daha məhsuldar işləyirdim. İndi səhhət imkan vermir”.

Universiteti bitirən ili ailə qurur: "1962-ci ildə evləndim, sonra ailəmi Bakıya gətirdim. Uzun illər kirayədə yaşadıq. 1969-cu ildə dövlət ev verdi. 3 oğlum, bir qızım, 5 nəvəm və iki nəticəm var. Nəticələr hələ çox balacadır”.


"Seçdiyin sənəti yaxşı bilməli və möhkəm bağlanmalısan”

Müsahibimizin oğlu Fikrət Adıgözəlli atasının sənətini davam etdirib. İ.Adıgözəlli deyir ki, oğluna uşaqlıqdan bu sahəyə maraq aşılayıb: "Oğlum Fikrət mənim yolumla getdi, bu sahədə davam etdi. O birilər də ali təhsil alıb başqa sahələrdə çalışırlar. Oğlumun bu sahəyə yönəlməsində mənim böyük rolum olub. Hələ orta məktəbdə oxuyanda onu məktəb həyatından balaca xəbərlər hazırlamağa məcbur edirdim. "Azərbaycan pioneri” qəzetində çap olunurdu. O vaxt jurnalistikaya sənəd verəndə qayda belə idi ki, abituriyentin mütləq haradasa - radioda, televiziyada və ya qəzetdə materialı getməliydi. Oğlum hələ orta məktəbə oxuyanda yazıları radioda və qəzetdə gedirdi. Onları təqdim elədi deyə, sənədlərini götürdülər. Bu gün artıq Əməkdar jurnalistdir”.

İ.Adıgözəlli sonda gənclərə məsləhətini də verdi. Bildirdi ki, gələcəkdə məşğul olacaqları sahə seçiminə ciddi yanaşsınlar: "İxtisas seçməyi və seçdikləri sahəni qiymətləndirməyi bacarsınlar. 54 il radioda işləmişəm, mənim ala gözümə aşiq olub saxlamayıblar. Adamlar olub redaksiyaya gəlib, bir neçə ay sonra deyiblər ki, bura sənin sahən deyil, başqa istiqamətə get. Seçdiyin sənəti yaxşı bilməli və möhkəm bağlanmalısan”.

Aygün Asimqızı





banner

Oxşar Xəbərlər