• cümə, 29 Mart, 16:00
  • Baku Bakı 14°C

Tələbəlik illərində zəngin CV-yə sahib olmaq mümkündürmü?- Diskussiya

03.03.18 11:30 2234
Tələbəlik illərində zəngin CV-yə sahib olmaq mümkündürmü?- Diskussiya
CV - yəni işə müraciət forması iş həyatımızda böyük önəm kəsb edir. Bu forma işə götürəcək insana bizi təqdim edir, haqqımızda ilkin rəy formalaşdırır. Buna görə də CV iş həyatına yeni başlayan gənclər üçün daha çox vacibdir. Çünki CV sizin işə götürənlə yaratdığınız ilk əlaqədir və peşəkar profilinizi təqdim edir. Bu səbəbdən hər bir gənc peşəkar CV hazırlamaq üçün çalışır. Bəs tələbələr CV-lərinin formalaşması üçün nə edirlər? Ümumiyyətlə, tələbəlik illərində zəngin CV-yə sahib olmaq mümkündürmü?
Sualın cavabını Qərbi Kaspi Universitetinin tələbələri ilə müzakirə etdik.

Turan Rzayev:
– Universitet həyatı başlayanda, əslində tələbə üçün karyera həyatı da başlamış olur. Çünki təhsil yalnız nəzəri biliklərdən deyil, həm də praktiki biliklərdən ibarətdir. Tələbə məhz tələbəlik illərindən etibarən CV-ni formalaşdıracaq proseslərdə iştirak etməlidir. Mən istər universitet daxilində, istərsə də xaricində ictimai işlərdə aktiv fəaliyyət göstərmişəm. 3 il universitetin tələbə cəmiyyəti təşkilatının sədri olmuşam, bir çox tədbirlərdə iştirak edirdim. Bu, mənim həm öz ixtisasım, həm də şəxsi inkişafım baxımından böyük töhfədir. Digər bir tərəfdən ölkəmiz məhz bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edib ki, bu tədbirlərin də həyata keçirilməsində Azərbaycan gəncliyi önəmli işçi qüvvəsidir. İstər Olimpiya Oyunları, istər Formula 1, istərsə də İslam Oyunlarında biz tələbələrin təcrübə toplaması üçün böyük imkanlar yaradılıb. Hər birində iştirak etdim və bunların hamısı mənim karyeram üçün ilkin tramplin rolunu oynadı.
Rüstəm Aslanov:
- CV bizim ilk tanışlıq vərəqəmizdir. Bunun zəngin olması, əlbəttə, müsbət haldır. Amma mənə görə, CV könüllülükdən başlayır. Harada könüllü olmuşuq, nə təcrübə qazanmışıq, hansı bilikləri əldə etmişik - bunların CV-də qeyd olunması çox önəmlidir. Hansısa bir ixtisası seçiriksə, təhsilimiz o qədər mükəmməl olmalıdır ki, biz həmin sahədə mütəxəssis kimi çıxış edə bilək və digər sahələrdə də təcrübəmiz olsun. Çünki universiteti bitirən hər bir tələbə öz ixtisası üzrə işləmir. Dünyagörüş bəzən ixtisasdan da önəmlidir. Mən filoloqam. Düzdür, dostum Turan kimi beynəlxalq tədbirlərdə könüllü kimi iştirak etməyə vaxtım olmadı, amma universitet daxilində kifayət qədər aktiv fəaliyyət göstərdim. İctimaiyyətlə Əlaqələr Departamentinin direktoruyam. Həm də insan resursları üzrə çalışıram. Bilirəm ki, filoloq mütəxəssis olmalıdır. İş həyatına atılmağın ilk pilləsi də könüllülükdən başlayır. Təkcə universitetdə yox, universitetin xaricinə çıxmaq bilavasitə vacibdir. Məsələn, BMT-nin də könüllülük xidməti var, ASAN xidmətdən tutmuş, kiçik QHT-lərə kimi bütün təşkilatların könüllülük proqramı var. Bu da tələbələr üçün şansdır. Hər bir işverən təcrübə tələb edir. Təcrübə olmayanda işin də olmur. Ona görə də gərək təcrübə proqramında iştirak edəsən və biliyini təkmilləşdirəsən.

Aydan Quliyeva:
– Məncə, CV-də hər şeydən öncə dil faktoru çox vacibdir. Hazırda işə qəbul prosesində biliklə yanaşı, dilə çox önəm verirlər. Nə qədər könüllü olsan da, çox dil bilənlərin CV-si bir addım öndədir. Mənim ixtisasım tərcümçilikdir. İkinci kurs tələbəsiyəm. İngilis dilini ana dilim kimi bilirəm. Amma fərqindəyəm ki, Azərbaycanda ingilis dilini bilənlərin sayı kifayət qədərdir. Bu səbəbdən ikinci dil kimi Çin dilini öyrənirəm. Hansı ki, ölkədə ona tələbat çoxdur, amma bu dili bilən azdır. CV-mə ingilis dili ilə yanaşı Çin dilini də əlavə etsəm, sözsüz ki, mənim CV-im digərlərindən bir addım öndə olacaq. Təbii ki, konfranslar, tədbirlər də önəmlidir. Amma məncə, insan dil bilikləri üzərində çalışmalıdır. Universitetimizdə xarici dillərin tədrisinə çox böyük önəm verilir. Hər bir tələbənin qarşısına qoyulan vəzifələrdən biri də odur ki, artıq ikinci kursda mühazirələri mənimsəyə biləcək səviyyədə xarici dil biliklərinə sahib olmalıdır.
Nağıyev Yadigar:
– Hər bir aspekt, arqumentlər tutarlıdır. Ancaq bir fərqli cəhət də var ki, məsələn, biz fərd kimi dünyaya gəlirik. Məktəb, lisey, sonra universitet həyatımız başlayır. Biz hamımız Rüstəmin də dediyi kimi, yalnız oxumağa, imtahanlara hazırlaşmağa vaxt ayırırıq. Amma bir şeyi unuduruq ki, sosial həyat deyə bir anlayış da var. Müasir dövrdə həqiqətən də dövlət bunun üçün bəzi proqramlar hazırlayır. Hətta məktəb vaxtından tələbələrin elmi dərəcələrini praktikaya çevirə bilmələri, konfranslarda iştirak etmələri üçün kifayət qədər şərait yaradılıb. Sırf məktəblilər üçün belə, könüllülük proqramları mövcuddur. Daha sonra yarışlar təşkil olunur və s. Bunların hamısı fərdin şəxsiyyət olması üçün vacibdir. Amma problemlər də az deyil. Universitetə gələn tələbələr düşünürlər ki, yenə də məktəbdə etdiklərini təkrar edəcəklər, dərs oxuyub imtahandan keçəcəklər. Və sonradan iş tapacaqlar. İş tapa bilməyəndə isə, müvafiq yerləri təqsirkar bilirlər. Universitet daxilində müxtəlif klublar açılır ki, tələbələr öz biliklərini, daxili tələbatlarını bu klublarda praktikaya çevirə bilərlər. Tələbə universitetdə həm ixtisasını, həm də hobbilərini inkişaf etdirə bilir. Bizim hər birimiz tələbəyik, hamımızın da universitet işlərində artıq müəyyən qədər təcrübəmiz var. Bunların hər birini CV-yə əlavə edəcəyik. Mən oxuyarkən universitetin mərkəzində çalışmışam, məqalələr yazmışam, təlimlərdə olmuşam. Hətta müəyyən müddət sənədlərlə də işləmişəm. Bu artıq CV-mi doldurmağa imkan verir. Hamı universiteti bitirən kimi, iş tələb edir. Təkcə universitet bitirmək, hər gün dərsə gedib-gəlmək səni mütəxəssis etmir axı... Əmək bazarında savadlı, dünyagörüşlü kadrlar lazımdır. Təbii ki, elmi bacarıqlar əsasdır, amma öyrəndiyini tətbiq etmək bacarığın da olmalıdır. CV-ni zənginləşdirmək üçün sosial aktivlik daha çox əhəmiyyət daşıyır.
Turan Rzayev:
– Əvvəllər qiyabi təhsil var idi. Tələbələr oxuya-oxuya işləyə bilirdilər. Son 5 il ərzində qiyabi təhsil artıq aradan qaldırılmağa başlanıb. Təbii ki, bu, bəzi tələbələr üçün ciddi problemdir. Tələbələr düşünür ki, əgər qiyabi təhsil yoxdursa, işləyə bilmirlər. Xüsusilə vaxt azlığından şikayətlənirlər. Amma bu, bəhanədir. Universitetin rəhbərliyi ilə qarşılıqlı razılaşma olduqda, tələbə ilə universitet rəhbərliyi bunu tənzimləyə bilir. Hazırda yüksək yerlərdə işləyən bu tip tələbələr var. Sosial fəaliyyətə gəldikdə isə, zamanın tənzimlənməsi deyilən bir anlayış var ki, bir insan istəsə oxuya da, işləyə də, əylənə də bilər. Tələbəlik o deməkdir ki, qarşınızda geniş imkanlar var və bu imkanlardan istifadə edə bilirsiniz.

Rüstəm Aslanov:
- Vaxt səmərəli bölünməlidir. Yəni insan qarşısına məqsəd qoyubsa, başa düşür ki, gün ərzində 24 saat var. Bunun 8 saatını yatacaq, qalanını fəaliyyətdə ola bilər. İnsan tənbəl deyilsə və istəmirsə ki, bütün vaxtını əyləncəyə sərf etsin, onda qarşısına qoyduğu məqsədə mütləq çatacaq. 6-ya kimi işləyirsənsə, əlbəttə, dərslərinlə məşğul olub dincəlmək üçün yata bilərsən. Əsas odur ki, insan tənbəl olmasın və düşünsün ki, bunu bacaracam. Düzdür, hamı böyük vəzifələrdə işləyə bilər. Amma tələbə vaxtı bu, mümkün deyil. Könüllülük etməklə gələcəyinizə yatırım qoyub, karyera yollarınızı aça bilərsiniz.
Aydan:
- Vaxt azlığından şikayət edənləri başa düşə bilmirəm. Çin dilinin necə çətin dil olduğu hər kəsə məlumdur. Amma mən dərslərimə də vaxt tapıram, əlavə dil biliyimi də artırıram. İnsan tələbəlik illərindən gələcəyinə sərmayə qoymaq üçün istifadə etməlidir.

Yadigar Nağıyev:
- Biz böyük iş istəyiriksə, böyük addımlar atmalıyıq. Universitet həyatında mübadilə proqramları var ki, tələbələr istifadə edib başqa ölkələrə gedə bilərlər. Təbii olaraq burada dil bilikləri birinci şərtdir. Mövlana, Erasmus proqramları var ki, ingilis dili səviyənizin və qiymətlərinizin normal olması kifayət edir ki, xaricə gedib bir neçə aylıq başqa universitetdə təhsil ala biləsiniz. Yəni tələbəlik illərində hər bir tələbənin 4 ildən sonra zəngin CV-yə sahib olması üçün kifayət qədər imkanlar var.
Aygün ƏZİZ
banner

Oxşar Xəbərlər