• cümə axşamı, 28 mart, 23:58
  • Baku Bakı 13°C

Tələbələrlə təqaüdçülər nəqliyyatdan güzəştli istifadə etsinlər?

08.11.18 09:30 733
Tələbələrlə təqaüdçülər nəqliyyatdan güzəştli istifadə etsinlər?
Bu günlərdə Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli paytaxtın nəqliyyat sahəsində görülən işlər və problemlər haqqında danışarkən deyib ki, tələbə və pensiyaçıların ictimai nəqliyyatdan güzəştli istifadəsi məsələsinə baxıla bilər. V.Kərimli bildirib ki, BNA-nın fəaliyyətə başladığı ilk ildə mövcud problemlər və onların araşdırılması, zəruri istiqamətdəki addımlar analiz olunub: "Problemləri mərhələli şəkildə - qısamüddətli və ortamüddətli hədəflər şəklində müəyyən etmişik. Ən zəruri məsələ avtobus parklarının yenilənməsidir. Bütün dünyada belə bir təcrübə var ki, şəhər daha çox avtomobil deyil, piyadaların istifadəsi üçün hazırlanmalıdır. Şəxsi nəqliyyat vasitələrinin daha az olması üçün isə ictimai nəqliyyatın işi yüksək səviyyədə olmalıdır. Bunun üçün parkinq yerləri, ictimai nəqliyyatın daha əlçatan olması vacibdir. Hazırda məhz bu istiqamətdə işlərimizi davam etdiririk. Agentliyin hədəfi Bakı standartlarını yaratmaqdır”.

Agentlik rəhbəri yaxın zamanlarda avtobuslara qoyulan tələblərin açıqlanacağını deyib: "Nəqliyyat vasitəsinin həm daxili, həm xarici tərtibatı, həm də texniki göstəriciləri, ən əsası isə təhlükəsizlik məsələləri əsas şərt kimi qoyulub”.

Onun sözlərinə görə, Bakıda tələbə və pensiyaçıların ictimai nəqliyyatdan güzəştli istifadəsi məsələsinə də baxıla bilər: "Hazırda "BakıKart” 150-yə yaxın avtobusda istifadə olunur. Bütün avtobusların kart sisteminə keçməsinə hazırlıq gedir. Dəqiq tarix söyləmək çətindir, lakin kart sistemi üzrə işlər yekunlaşdıqdan sonra avtobuslarda gediş haqqının ödənişi üçün həm tələbə, həm də pensiya kartlarının tətbiqi müvafiq qurumlarla razılaşdırılmaqla həyata keçirilə bilər".

Əhalinin müəyyən təbəqəsinə nəqliyyatda güzəştlərin olunması ölkəmizdə əvvəllər tətbiq olunub. Amma məsələ burasındadır ki, həmin ərəfədə sui-istifadə hallarının sayı həddən artıq idi. Bəs bu dəfə bu güzəşt mexanizmi necə tənzimlənəcək?

Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirdi ki, bu güzəştlər dünyanın müxtəlif ölkələrində tətbiq olunur: "Hətta bəzi ölkələrdə müəyyən şəhərlərdə daimi yaşayan insanlara ora müvəqqəti gələnlərə nisbətdə fərq qoyulur. Çünki həmin adam o şəhərdə yaşayır və gündəlik nəqliyyatdan istifadə edir. İndi bu məsələnin gündəmə gəlməsi müsbət haldır. Amma bunun üçün ilk növbədə ictimai nəqliyyat bütövlükdə kart sisteminə keçməlidir. Çünki bu sistem tətbiq olunmasa, kimlərə güzəştlərin edilib-edilməməsini bilmək çətinləşəcək. Bu halda həmin güzəştdən istifadə mexanizmini hazırlamaq olmaz. Əgər bu olmasa, müəyyən problemlər yaşana bilər. Həmin təbəqəyə xüsusi nəqliyyat kartları verilə, bu kartlara dövlət büdcəsindən, yaxud xüsusi fond hesabından pul köçürülə bilər. Hesab edirəm ki, ölkəmizdə belə bir mexanizmin tətbiq edilməsi mümkündür. Bu məsələ hökumət səviyyəsində və qanunvericilikdə öz təsdiqini tapmalıdır. Güzəştin kimlərə tətbiq olunacağı və nəyi ehtiva edəcəyi bəlli olmalıdır. Həmçinin, bu güzəştdən yararlanmaq üçün tələb olan sənədlər təqdim olunmalıdır. Bu, həmin şəxslərin vahid bazaya daxil edilməsi baxımından vacibdir. Neqativ halların qarşısını almaq üçün müxtəlif üsullar tətbiq oluna bilər. Bunun üçün vahid elektron baza yaradıla bilər. Həmin kartların başqa şəxslərə verilməsinin qarşısını sadə mexanizmlər tətbiq etməklə almaq mümkündür. Bununla yanaşı, nəzarət və yoxlama işləri də mütəmadi qaydada aparılmalıdır.

İqtisadçı millət vəkili Azər Badamovsöylədi ki, güzəştli istifadənin tətbiqi edilməsinin müzakirəyə çıxarılması sevindirici haldır: "Çünki tələbələrə və pensiyaçılara güzəştlərin edilməsi vacibdir. Dünya təcrübəsində belə güzəştlərə çox rast gəlinir. Orada tələbələr üçün xüsusi kartlar verilir. Tələbə həmin kartla ictimai nəqliyyatdan rahat şəkildə istifadə edir. Hələlik bu güzəştlə bağlı qanunvericilikdə dəyişiklik yoxdur. Amma belə bir təklifi 2019-cu ildə reallaşdırmaq mümkündür. Bunun üçün kifayət qədər maliyyə vəsaitimiz var. Əsas məsələ tələbələrin və pensiyaçıların ictimai nəqliyyatdan istifadəsinə müəyyən güzəştlərin edilməsi mexanizminin işlənib hazırlanmasıdır. Çünki tələbənin heç bir gəlir yeri yoxdur və o, valideyn himayəsində yaşayır. Əhalinin bu təbəqəsinə, ictimai nəqliyyatda güzəştlərin tətbiq olunmasının çox vacib olduğunu düşünürəm”.
Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənovda bu güzəştin tərəfdarlarındandır. O bildirdi ki, aztəminatlı ailələrə, pensiyaçılara və tələbələrə, yəni əhalinin həssas təbəqəsinə güzəştlərin edilməsi vacibdir: "Mən özüm də bu haqda dəfələrlə müxtəlif təkliflər irəli sürmüşəm. İnkişaf etmiş ölkələrdə bu tip güzəşt paketləri mövcuddur. Bununla bağlı müxtəlif sistemlər tətbiq olunur. Hesab edirəm ki, bu güzəşt paketləri Azərbaycanda da tətbiq oluna bilər. Bu, əslində bir növ sosial məsuliyyətdir. Düzdür, bu məsələyə yanaşma birmənalı deyil. Sistem tətbiq olunmazdan əvvəl müxtəlif modellər nəzərdən keçirilməlidir. Şirkətlər bu sahəyə dövlət tərəfindən göstəriləcək dəstəyin nədən ibarət olacağını bilməlidirlər. Həmçinin məsələ ilə bağlı vahid yanaşma formalaşmalıdır. Bu olduqdan sonra sərnişindaşıma xidmətlərini həyata keçirən şirkətlər öz qərarını verə bilər. İndi bazar iqtisadiyyatı şəraitində yaşayırıq və ayrı-ayrı daşıyıcı şirkətlər fəaliyyət göstərir. Belə güzəştlərin tətbiqinə hər bir şirkətin maddi gücü yetməyə bilər. Ona görə də, şirkətlərin fəaliyyəti rentabelli olmalıdır. Aidiyyəti qurumlar məsələ ilə bağlı vahid bir mövqedən çıxış etməlidir. Sui-istifadə halların qarşısı isə asanlıqla alına bilər. Elə etmək lazımdır ki, bu mexanizm vahid sistem halında fəaliyyət göstərsin. Belə olan halda, neqativ hallar tamamilə aradan qaldırılacaq”.

Şəbnəm Mehdizadə

banner

Oxşar Xəbərlər