• cümə axşamı, 25 aprel, 01:28
  • Baku Bakı 19°C

Tələbələrin imtahan həyəcanı - Reportaj - Fotolar

11.01.18 11:30 5292
Tələbələrin imtahan həyəcanı - Reportaj - Fotolar
Ötən ilin son ayından etibarən ölkəmizdəki ali və orta ixtisas təhsil müəssisələrində payız imtahan sessiyasına start verilib. Tələbələr əvvəlki aylarda, eləcə də semestrlərdə öyrəndiklərinin, qazandıqları biliklərin bir növ hesabatını verməyə başlayıblar. Tələbələrin böyük həyəcanla gözlədiyi bu anı izləmək, imtahan prosesini yaxından müşahidə etmək üçün bu günlərdə Bakı İdarəetmə və Texnologiya Kollecində (BİTKol) olduq.
Kollecin girişində özümüzü nəzarətçiyə təqdim edib məqsədimizi bildirdikdən az müddət sonra təhsil müəssisəsinin tədris işləri üzrə direktor müavini Nofəl Nəbiyevlə görüşdük. O, imtahanlarla bağlı bizə məlumat verərək söylədi ki, 2017/2018-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının müvafiq təlimatlara və əsasnamələrə uyğun keçirilməsini təmin etmək məqsədi ilə direktor Varis Allahverdiyev tərəfindən əmr imzalanıb, İmtahan Mərkəzi yaradılıb. İmtahan sessiyası əyani şöbədə 29.XII.2017-ci il tarixdə başlayıb və 01.II.2018-ci il tarixədək davam edəcək. Qiyabi şöbədə isə imtahan sessiyası 04.12.2017-ci il tarixdə başlayıb 28.XII.2017-ci il tarixdə başa çatıb.
Direktor müavini qeyd etdi ki, imtahanlararası müddət minimum 2 gün, imtahanlara ayrılmış vaxt 3 akademik saat müəyyənləşdirilib. Direktor müavini onu da qeyd etdi ki, şəffaflıq və obyektivlik naminə imtahan prosesində arzu etdikləri halda tələbələrin valideynləri, hətta istənilən peşəkar media qurumunun təmsilçisi də müşahidəçi qismində iştirak edə bilər. Onun sözlərinə görə, istənilən tələbənin valideyni imtahan prosesini yaxından izləyə, övladının imtahan verdiyi auditoriyada əyləşib onu müşahidə edə bilər. N.Nəbiyev dedi ki, belə bir şərait bilavasitə kollecin direktoru Varis Allahverdiyevin təşəbbüsü ilə yaradılıb.

İmtahan prosesi barədə məlumatları öyrəndikdən sonra direktor müavininin müşayiəti ilə təhsil müəssisəsindəki istədiyimiz mərtəbəyə qalxıb oradakı otaqlarda imtahanın gedişini izləmək imkanı qazandıq. Əvvəlcə onu qeyd edək ki, kollecin dəhlizlərində tam səssizlik hökm sürürdü. İmtahan keçirilən otaqların hamısının qapısı açıq idi. Sakitliyə, nizam-intizama cavabdeh olan müəllimlərin nəzarəti altında tələbələr yazılı imtahan verirdilər. Onlar bilet suallarının cavabını fikirləşir, bildiklərini möhürlü cavab vərəqlərinə yazırdılar. Eyni mənzərəni hər bir auditoriyada müşahidə etmək mümkün idi. İmtahan prosesinə, tələbələrə mane olmamaq üçün biz də bacardıqca sakitliyə riayət edir, yalnız müşahidələr aparıb, foto çəkməklə kifayətlənirdik.

Kollecdə olduğumuz müddətdə İdarəetmə şöbəsinin müdiri Gülnarə Qurbanova ilə həmsöhbət olduq. Şöbənin fəaliyyəti, müəllim və tələbələrin nizam-intizamı, dərsə davamiyyət barədə suallarımıza cavab axtardıq. G.Qurbanova bildirdi ki, şöbədə hər bir imtahan sessiyasının nəticələri daim təhlil edilir, görülən işin uğurlu olub-olmaması ortaya çıxarılır, növbəti imtahan sessiyası üçün daha ciddi hazırlıqlar aparılır. Onun sözlərinə görə, kollecdə imtahan sessiyasının şəffaf və obyektiv təşkili üçün imtahan komissiyası yaradılıb, vicdanlı, peşəkar, neqativ hallardan uzaq olan əməkdaşlar prosesə cəlb olunub. G.Qurbanova söylədiklərini əyani şəkildə göstərmək üçün bizi kollecin İdarəetmə şöbəsinin fəaliyyəti, həmçinin orada çalışan müəllim heyəti ilə də tanış etdi.

Şöbənin gənc mütəxəssisləri Nərmin İmaməliyeva, Esmira Seyidova, Günay Bağırlı, Atəş Bayramov, Günay Umudova, Şəbnəm Kazımbəyli və Aynur Rzaquliyevanınişgüzarlığı otaqdakı abı-havadan dərhal hiss olunurdu.İmtahan komissiyasının sədr müavini, monitorinq və qiymətləndirmə bölməsinin rəhbəri Emin Rəhimli tələbələrin biliklərinin düzgün qiymətləndirilməsindən, imtahan sessiyalarının şəffaf təşkil olunmasından söhbət açdı. Bildirdi ki, imtahan biletləri şöbədə anonim şəkildə hazırlanır, təkrar yoxlandıqdan sonra xüsusi zərflərdə möhürlənərək saxlanılır. Yalnız imtahan günü həmin zərf imtahana daxil edilir və orada açılır. Yəni, biletlərin mahiyyətindən, oradakı suallardan tələbə-müəllim heyətinin, eləcə də imtahan prosesinə nəzarət edəcək müəllimlərin əvvəlcədən xəbəri olmur. E.Rəhimli vurğuladı ki, bütün bu işlərin görülməsində başlıca məqsəd tələbələrin bilik və bacarıqlarının obyektiv qiymətləndirilməsinə nail olmaqdır.

İmtahan cavablarının yoxlanmasından söhbət açan E.Rəhimli bildirdi ki, bu proses kamera nəzarəti olan xüsusi otaqlarda həyata keçirilir. Bu zaman hansısa qrupa dərs deyən müəllim imtahan cavablarının yoxlanmasında birbaşa iştirak etmir. Onun sözlərinə görə, imtahan cavablarını həmin fənn üzrə dərs deyən başqa bir müəllim yoxlayır. Burada önəmli məqam ondan ibarətdir ki, imtahan cavab vərəqləri kodlaşdırıldığından müəllim həmin cavabların hansı tələbəyə məxsus olduğunu da bilmir. Bununla hansısa müəllimin, yaxud köməkçi heyətdən kimlərinsə hər hansı tələbəni himayə etmək halları mümkünsüz olur. Hətta direktorun özü də bu prosesdən kənarda qalır.
E.Rəhimli söhbət əsnasında onu da bildirdi ki, imtahan prosesinin şəffaf və obyektiv təşkili ilə paralel olaraq, kollecdə imtahan nəticələrdən razı qalmayanlar üçün Münaqişə Komissiyası da yaradılıb. Əgər hər hansı tələbə hesab edirsə ki, imtahanda nümayiş etdirdiyi bilik və bacarıq müqabilində qeyri-obyektiv qiymət alıb, heç nədən çəkinmədən Münaqişə Komissiyasına müraciət edə bilər. Bu zaman o, heç bir kənar təsir və ya təzyiqlə üzləşmir. Həmsöhbətimin qeyd etdiyinə görə, belə müraciət qəbul edildiyi halda dərhal həmin tələbənin imtahan cavabı yerindəcə təkrar yoxlanılır və rəy verilir.
Bundan başqa, tələbələr yalnız imtahan prosesi ilə bağlı deyil, ümumiyyətlə kollecdə oxuduqları müddətdə üzləşə biləcəkləri hər hansı çatışmazlıq, çətinlik və ya hadisə ilə əlaqədar şöbə müdirlərinə, direktor müavinlərinə və direktora da müraciət etməkdə sərbəstdirlər. E.Rəhimli onu da əlavə etdi ki, imtahanın nəticələri barədə məlumatlar bir gün sonra kollecin rəsmi saytında (www.bitkol.edu.az + "Tələbələr” + "İmtahan nəticələri”) müvafiq bölmədə yerləşdirilir. Beləliklə, hər bir tələbə kollecə gəlmədən də imtahan nəticələrini öyrənə bilər.

Kollecdə olduğumuz müddətdə öyrəndiyimiz məlumatlar, apardığımız müşahidələr, imtahandan razı halda çıxan tələbələrin sevinc hisləri, övladlarını həyəcanla gözləyən valideynlərin məmnunluğu təhsil müəssisəsindən xoş təəssüratlarla ayrılmağımıza səbəb oldu. Şübhə etmədik ki, BİTKol-da payız imtahan sessiyası kollec rəsmilərinin qeyd etdiyi kimi tam şəffaf və obyektiv keçirilir.

B.MƏMMƏDLİ


banner

Oxşar Xəbərlər