• çərşənbə axşamı, 16 aprel, 14:10
  • Baku Bakı 19°C

Tələbələrin doğma məkanı - Reportaj

26.01.15 05:36 1704
Tələbələrin doğma məkanı - Reportaj

Bura Azərbaycanın bütün universitetlərindən yüzlərlə tələbənin bir araya gəldiyi məkandır. Təsadüfi deyil ki, tələbələr buranı özlərini birləşdirən dəyər adlandırırlar. Söhbət Azərbaycan Tələbə Gənclər Təşkilatından (ATGT) gedir.
Məlumat üçün bildirək ki, ATGT ali və orta təhsil müəssisələrinin sosial həyatında tələbələrin fəaliyyətinin artırılması, tələbələr arasında maarifləndirilmə, vətəndaş cəmiyyətinin inkişafında onların iştirakını təmin etmək, tələbələrin asudə vaxtlarının səmərəli təşkili üçün yardım, əhalinin müxtəlif qrupları arasında təhsil mövzusunda sosioloji sorğular, seminarlar və konfransların keçirilməsi ilə məşğul olur. Biz də tələbələrin doğma məkanına çevrilən bu qurumun iş prinsipi ilə tanış olmaq üçün ATGT-nin ofisinə yollandıq.
Bizi təşkilatın ofisində mətbuat katibi Məcid Musayev qarşıladı. Burada kimi sənədlərə baxır, kimi elektron ünvanlarını yoxlayır, kimisi də universitetlərlə əlaqə saxlayırdı. Ofisdə o qədər qızğın və hərəkətli iş gedirdi ki, bizim içəri daxil olduğumuzun əvvəlcə fərqinə varmadılar. Sonra özümüzü təqdim edib bu mehriban kollektivlə söhbətləşməyə başladıq.
Biz bir ailəyik
Həftənin 6 günü səhər saat 10-dan axşam 7-yə qədər təşkilatın qapısı tələbələrin üzünə açıq olur. Hətta burada tələbələrin sərbəst olmaları və özlərini evlərindəki kimi hiss etmələri üçün hər şərait yaradılıb. Kompyuter və internetlə təmin olunan otaqlardan biri sırf tələbələrin ixtiyarına verilib. Məcid Musayev deyir ki, təşkliatda hamı bir-birinə isti münasibət bəsləyir. Onun sözlərinə görə, vaxtlarının çoxu burada keçdiyi üçün artıq onlar həmkar yox, bir ailədirlər: “Tələbələrlə aramızda sıx münasibət qurulub. İttifaqın məqsədi ali məktəblərdə təhsilin inkişafına kömək göstərmək, tələbələrin maraqlarını təmsil və müdafiə etmək, respublikanın ictimai-siyasi, mədəni və sosial-iqtisadi həyatında onların fəal iştirakını təmin etməkdir. ATGTİ mütəmadi olaraq yerli təlimlər, seminarlar, konfranslar, milli və beynəlxalq yay düşərgələri, tələbə mübadilələri, tələbələrarası müxtəlif olimpiadalar, incəsənət müsabiqələri və digər bu kimi fəaliyyətlər təşkil edir. Burada tələbələrin problemləri həll olunur və ictimai həyatda aktiv olmaları üçün hər şərait yaradılır, tələbələr təcrübə toplayır, müəyyən biliklər əldə edirlər. Sabah hansısa şirkətə iş üçün müraciət etdikdə, tələbəlik dövründə ictimai fəaliyyəti ilə bağlı normal CV-si olur”.
İttifaqın əməkdaşları ilə söhbətimizdən məlum olur ki, semestr tətili olduğu üçün bu aralar tələbələr çox gəlmir. Adi günlərdə isə qurumu hər gün 100-dən artıq tələbə ziyarət edir. Hətta bəzi günlər burada səs-küydən işləmək olmur.
“Tələbələr bir şəbəkədə birləşdirilir”
İttifaqın icraçı direktoru Şəmsi Gülverdi deyir ki, ATGT bütün tələbələri bir şəbəkədə birləşdirir və bütün hallarda tələbələrin maraqlarını müdafiə edir: “Respublikada təxminən 200-ə yaxın tələbə var. İttifaqımızda artıq 109 ali və orta ixtisas təhsil müəssisələrində tələbə gənclər təşkilatıları fəaliyyət göstərir. ATGT bir çətir təşkliatdır. Hansı regionda kollec, universitet var, orada ATGT fəaliyyət göstərir. Beləcə, biz bütün tələbələri bir şəbəkədə birləşdiririk. Hər hansı layihə həyata keçirildikdə, bu, zəncirvari şəkildə yayılır. Layihələrimizi məhz internet üzərindən həyata keçiririk ki, daha əlçatan olsun. Bundan əlavə, qərargahımızda da onları qonaq edirik. Çalışırıq onlar burada öz evlərindəki kimi sərbəst hərəkət etsinlər. İttifaqımız tələbə evi kimi fəaliyyət göstərir. Hər gün onlarla, yüzlərlə tələbə ittfaqımıza gəlir və fikir mübadiləsi aparırlar”.
Tələbələrlə işləməyin müsbət və mənfi tərəflərinə gəldikdə, icraçı direktor deyir ki, tələbələrlə işlədikdə insan daim ideyalarla zəngin və yenilikçi olur: “Gənclik, xüsusilə də tələbələr aşıb-daşan enerji deməkdir. Onlarla çalışmağın müsbət tərəfləri çoxdur. Çətinliyi isə odur ki, biz çalışırıq bu enerjini müsbət istiqamətə yönəldək. Tələbə çoxdur, biz isə tək. Amma artıq 5 ildir fəaliyyət göstəririk və layihələrimiz 100 mindən çox tələbəni əhatə edib. Nə qədər çətinliyimiz olsa da, işimizdən zövq alırıq”.
ATGT-nin könüllüləri
ATGT-də könüllülər də fəaliyyət göstərir. Elan olunan vakansiyalara uyğun tələbələr könüllü kimi işləmək üçün quruma müraciət edirlər. Hətta könüllük müddəti bitdikdən sonra onlara könülülük pasportu belə təqdim olunur. Burada könüllü kimi fəaliyyət göstərən Aysel Əsədova Azərbaycan Dövlət İdarəçilik Akademiyasının 3-cu kursunda təhsil alır. Aysel deyir ki, tələbəlik illərində belə bir qurumda könüllü kimi işləmək hər kəsə nəsib olmur və bu, onun tələbəlik illərini səmərəli keçirməsinə kömək edir: “Facebook sosial şəbəkəsində könüllü elanını gördükdə, müraciət etmək qərarına gəldim. Bildiyimiz kimi, iş yerlərinin çoxunda təcrübə tələb olunur. Bu təcrübəni biz tələbəlik illərindən toplamalıyıq. Bundan başqa, maddiyat onsuz da hər vaxt olacaq. Amma məhz tələbəlik illərində mehriban kollektivlə çiyin-çiyinə çalışmaq tələbə həyatını maraqlı keçirməyə kömək edir. Burada yeni dostlar, yeni kollektiv qazanıram”.
Universitetlərin papkalar üzrə qeydiyyatını aparan Şahbaz Rzayev birinci kursda oxuyur. O da Aysel kimi könüllü fəaliyyət göstərənlərdəndir. Deyir ki, burada hələ iki ay çalışmasına baxmayaraq, artıq özündə dəyişiklik hiss edir: “Burada könüllü olmaq mənə iş təcrübəsi qazandırır, insanlarla daha tez əlaqə qurmaq imkanı verir. Əvvəllər bu qədər sərbəst deyildim. İndi hər şəraitə rahat adapatsiya oluram və ünsiyyət qurmaq imkanlarım da genişlənib. Bütün tələbələrə işə könüllülükdən başlamağı məsləhət görürəm”.
Region tələbələri daha aktivdir
ATGT paytaxt ərazisində yerləşən orta təhsil və ali təhsil müəssisələri ilə yanaşı, regionlardakı təhsil müəssisələrindəki tələbələrin də maraqlarını müdafiə edir. İnsan resursları departamentinin rəhbəri Nigar Süleymanova deyir ki, bəzən region tələbələri şəhər tələbələrindən daha fəal olur: “Tələbələrimiz tədbirlərə cəlb olunur. Dil bilənlər bizi beynəlxalq tədbirlərdə təmsil edirlər. Bəziləri düşünür ki, region tələbələri aktiv deyil. Amma mən deyərdim ki, region tələbələri paytaxt tələbələrindən daha fəal olurlar”.
Söhbət əsnasında məlum oldu ki, bu gün ATGT-də rəhbər vəzifəsində çalışanlar əvvəllər həmin qurumda könüllü kimi fəaliyyət göstəriblər. İndi isə ölkənin ictimai-siyasi həyatında tələbələrin aktivliyini təmin etmək üçün günlərinin çoxunu doğma evlərindən ayırmadıqları bu ofisdə keçirirlər. Biz də maraqlı söhbətdən sonra onları “qaynar fəaliyyət”ləri ilə baş-başa qoyub ofisdən ayrıldıq.
Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər