• cümə, 26 Aprel, 10:37
  • Baku Bakı 12°C

Tələbələrə qan xəstəlikləri və qan donorluğu ilə bağlı məlumat verilib

24.05.18 14:33 1222
Tələbələrə qan xəstəlikləri və qan donorluğu ilə bağlı məlumat verilib
"Leykozlu Uşaqlara Dəstək” ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Qan xəstəlikləri və qan donorluğu ilə bağlı ictimai maarifləndirmənin keçirilməsi” layihəsini icra edir.

Layihənin məqsədi gənclərin qan xəstəlikləri, xəstəliyin qarşısının alınması yolları, qan donorluğu ilə bağlı maarifləndirilməsi ilə dövlətin bu istiqamətdə gördüyü işlərə ictimai dəstək verməkdir. İctimai birlikdən "Kaspi”yə daxil olan məlumata görə, layihə çərçivəsində ilk maarifləndirmə tədbiri Ağdaş rayonunda təşkil olunub. Ağdaş Dövlət Humanitar Kollecində keçirilən tədbirdə 118 nəfər müəllim və tələbə iştirak edib.

Tədbiri giriş sözü ilə açan Ağdaş rayon Dövlət Humanitar Kollecinin direktoru Namiq Mehdiyev qan xəstəlikləri ilə bağlı cəmiyyətin maarifləndirilməsinin əhəmiyyətindən danışıb. Daha sonra çıxış edən "Leykozlu Uşaqlara Dəstək” ictimai birliyinin layihə rəhbəri Emin Nəbili həyata keçirilən layihə ilə bağlı iştirakçılara məlumat verib. Qeyd edib ki, layihə Bakı şəhərində, Mingəçevir, Ağdaş və Qəbələ rayonlarında yerləşən ali və orta ixtisas təhsili müəssisələrində oxuyan tələbələr arasında maarifləndirmə işlərinin aparılmasını nəzərdə tutur.

Qan donorluğu ilə bağlı rəsmi statistikanı nəzərə çatdıran E.Nəbili bildirib ki, donorların içərisində əsas qan verənlər qohum donorlardır: "Qan verən şəxslərə baxdıqda isə onların əksəriyyətinin yaşı 30-dan artıq olur. 30 yaşdan aşağı insanların qan verməsi faktları çox azdır. Ali məktəblərdə təbliğat zəif olduğundan universitetlərin bir neçəsi istisna olmaqla əksəriyyətində qanvermə aksiyaları keçirilmir”.

Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Hemotologiya və Transfuziologiya İnstitutunun kiçik elmi işçisi, həkim-hematoloq İradə Kərimova qan xəstəlikləri ilə bağlı tələbələrə məlumat verib: "Müasir dövrümüzdə daha çox rast gəlinən qan xəstəliklərindən biri anemiya və ya qanazlığıdır. Anemiya və ya qanazlığı vahid həcm qanda eritrositlərin və hemoqlobinin azalmasıdır. Qanazlığı-anemiya ilə müşayiət olunan dəmir çatışmazlığına daha çox uşaqlarda və reproduktiv yaşlı qadınlarda rast gəlinir. Belə ki, hamilə qadınların ölüm hallarının 20 faizi məhz bu səbəbdən baş verir. Hazırda inkişaf etmiş ölkələrdə yeni doğulan körpələrin ölümü 75-85 faiz hallarda erkən neonatal dövrdə baş verir ki, bunun səbəblərindən biri məhz anemiyadır. Hesablamalara görə, hər 2 hamilə qadından birində, hər 10 məktəblidən 4-də qan azlığı var. Dəmir qanda oksigen daşıyan hemoqlobin molekulunun istehsal edilməsi üçün lazım olmaqla yanaşı, həm də insanın immun sistemi və zehni inkişafı üçün də vacibdir. Gün ərzində qəbul edilən qidaların tərkibində dəmirin az olması, ya da qadınlarda çox, ya da nizamsız menstruasiya ilə əlaqədar olaraq orqanizmdə dəmir mineralı azalır. Xüsusilə, yeniyetmə çağında olan və gənc qadınlar dəmir çatışmazlığından əziyyət çəkməmək üçün yaxşı qidalanmalıdır".
Qan donorluğu ilə bağlı məlumat verən İ.Kərimova bildirib ki, 18 yaşı tamam olan, çəkisi 50 kiloqramdan yuxarı praktik sağlam hər bir vətəndaş qan verə bilər: "Qan donoru olarkən ilk öncə Hepatit, HİV virusu, Siflis mikrobu kimi xəstəliklərə görə tibbi müayinələr aparılır, qan qrupu, hemoqlobinin faizi dəqiqləşdirilir. Ümumi qan donoru 12 həftədən bir təkrar qan verə bilər”.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.




banner

Oxşar Xəbərlər