• çərşənbə axşamı, 23 aprel, 23:50
  • Baku Bakı 20°C

Tələbələr yayda işləməlidirmi? - Polemika

08.06.15 11:43 2045
Tələbələr yayda işləməlidirmi? - Polemika
Tələbələrin gözlədiyi yay tətili artıq başlayıb. Lakin bu tətili heç də hamı eyni vəziyyətdə dəyərləndirmir. Bəziləri bu müddətdən istifadə edərək, istirahət edir, digərləri isə karyera qurmaq, cib xərcliyini çıxarmaq üçün tətilini işləməklə keçirir. Qeyd edək ki, inkişaf etmiş Avropa ölkələrində, Amerikada gənclər işləyərək, növbəti il üçün təhsil haqlarını və gündəlik xərclərini qazanırlar. Bəs bizdə vəziyyət necədir? Tələbələr nə düşünür? Onlar yayda işləyib pul qazanmalı, yoxsa 9 aylıq ağır dərs rejimindən sonra dincəlməlidirlər?
“Tələbə istəsə, həm işləyə, həm də istirahət edə bilər”
Mehriban Mürsəlova, tələbə
Mehriban yay tətilini işləyərək keçirən tələbələrdəndir. Həmsöhbətimiz həm karyera qurmaq, həm də təhsil haqqını ödəmək üçün tətil müddətində işləməyi əvvəlcədən qərara alıb. O, düşünür ki, tələbəlik dövründə işləmək nə qədər çətin olsa da, əslində bu, onların gələcəkdə uğurlu karyera qurmalarına yardımçı olur: “Düzdür, 9 ay ərzində tələbələr ağır dərs rejimində olurlar. Gündəlik dərslər, imtahanlara hazırlaşmaq, kurs işləri, fərdi işlər və sair - bunlar yorucudur. Əlbəttə, hər kəs 9 ayın yorğunluğunu 3 ay ərzində yaxşı istirahət edərək çıxarmaq istəyir. Amma bəzi tələbələr üçün belə olmur. Tələbələr arasında da fərq var. Eyni dərs rejimini keçən iki tələbədən biri çox əziyyət çəkdiyini və bu 3 ayda yalnız istirahət etməli olduğunu düşünür, digəri isə yorucu olsa da, oxumalı, işləməli, eyni zamanda, yay tətilini səmərəli keçirməyi bacarmalıdır”.
Müsahibimizin fikrincə, tələbə istəsə, həm işləyə, həm də istirahət edə bilər. O deyir ki, hər şey insanın özündən asılıdır: “Vaxtı düzgün xərcləməyi bacaran hər kəs həm çalışa, həm də istirahət edə bilər. Məsələn, semestr imtahanlarımı yeni bitirməyimə baxmayaraq, mən artıq işləyirəm və bunun bəzi insanlar kimi özümə əziyyət olduğunu əsla düşünmürəm. Əksinə, işimdən zövq almağa çalışıram. Çünki keçən 9 ay ərzində oxumaqla bərabər, istirahət də edə bilirdim. Məncə, tələbələr yay tətilini boş keçirməməli, dəyərləndirməlidirlər. Ödənişli əsaslarla təhsil aldığıma görə, işləyib gələn ilki təhsil haqqımı özüm qarşılaya bilər, bununla da ailəmə kömək olaram. 4 il yalnlz təhsil alaraq, işləmədən keçirən tələbə sonda iş həyatına atılanda daha çox əziyyət çəkəcək. Amma o, 4 il ərzində vaxtından həm maddi, həm də praktik cəhətdən yararlana bilərdi. Artıq uşaq deyilik. Bütün öhdəliklərimizi valideynlərimiz daşımalı deyil. Həm oxumalı, həm də işləməliyik. İşləməliyik ki, öz ayaqlarımızın üstündə dayanmağı bacaraq, təhsil haqqımızla yanaşı, xərclərimizi də özümüz qarşılayaq”.
“Bir əldə iki qarpız tutmaq olmaz”
Elvin Əliyev, tələbə
Mehribandan fərqli olaraq, Elvin düşünür ki, tələbələrin tətil müddətində işləməsi düzgün deyil. Onun sözlərinə görə, tələbələrin yay tətilində işləməsi onlara xeyirdən daha çox ziyan vura bilər: “Tələbələrin çoxu yay tətilində müxtəlif işlərlə məşğul olmağa can atsalar da, bu, heç də yaxşı hal deyil. Onsuz da tədris ili kifayət qədər çətin keçir və məsuliyyət tələb edir. Hər semestr minimum 5 və ya 6 imtahan veririk. Hələ imtahandan əvvəlki fərdi işlər, kurs işləri onsuz da ağır yük altında qalan tələbələrin vəziyyətini bir az da çətinləşdirir. Bundan əlavə, bir çox tələbələrin yataqxanalarda kirayə tutduğu mənzillərdə qalması heç kimə sirr deyil. Bütün günün yorğunluğundan sonra bir çoxları hətta yemək bişirməyə belə tənbəllik edir, fəst-fudla qidalanırlar. Bu üsul sadə və rahat görünsə də, əslində onların sağlamlığına xeyli ziyan vurur. Davamlı istirahətsiz işləmək və oxumaq onlara xeyirdən çox ziyan vura bilər”.
Həmsöhbətimizin sözlərinə görə, yay tətilində istirahət etmək əvəzinə işləyən tələbələrin vəziyyəti tədris müddətində digərlərindən çox fərqlənir. Belə ki, işləyən tələbələr istirahət edən tələbələrə nisbətən çətinlik çəkirlər: “Təsəvvür edin, tələbə bir il müddətində istirahət etmədən işləyib. Bütün ilin yorğunluğu sonradan özünü büruzə verir ki, bu da onların təhsilinə mane olur. Çox vaxt imtahanlardan kəsilən tələbələr sonradan yay məktəbinə yazılır. Bu, məsələni daha da çətinləşdirir. İyul-avqustun qızmar vaxtlarında həm dərsə getmək, həm də o dərs saatlarına görə pul ödəmək artıq bir çox tələbənin qorxulu yuxusuna çevrilib”.
Elvinin sözlərinə görə, hər bir tələbənin dərsləri və istirahəti öndə olmalıdır: “Dərslərində uğursuz olan tələbənin gələcəkdə iş həyatında da uğursuzluqlarla qarşılaşacağı mütləqdir. Atalar boşuna deməyib ki, bir əldə iki qarpız tutmaq olmaz”.
“İşləmək ayıb deyil”
Hicranə İsmayılova, tələbə
Hicranə fikirləşir ki, insan nə qədər çox zəhmət çəksə, bir o qədər bəhrəsini görər: “Bu fikirlər bizə uşaqlıqdan aşılanıb. Uşaqlıq çağımızın məşhur nağıllarından “Cırcırama və qarışqanın nağılı”nda da zəhmət çəkməyin nə qədər doğru yol olduğu göstərilir. Amma təəssüflər olsun ki, Azərbaycanda təhsil alan tələbələrin çoxu yayda işləməyə yox, istirahət etməyə üstünlük verirlər. Mən isə düşünürəm ki, tələbələr iş həyatına nə qədər erkən atılsalar, çətinliklərə indidən öyrəşməyə başlamış olsalar, bu, gələcəkdə onların karyerasında uğurlarının daha möhkəm təməl üstündə qurulmasına yardımçı olacaq. Tələbələr yayda işləyib öz gündəlik xərclərini qarşılamaqla yanaşı, təhsil haqlarını valideynlərə yük olmadan özləri ödəyə bilərlər. Düzdür, valideynlərimiz bizim bütün ehtiyaclarımızı qarşılasalar da, insanın özünün qazandığı pul onda erkən yaşda özünə inam hissinin formalaşmasında mühüm rol oynayır”.
Hicranə deyir ki, bizim cəmiyyətdə ailələr tələbə qızların işləməsini istəmirlər: “Amma bu fikir düzgün deyil. İstər oğlan, istərsə də qız öz ayaqları üstündə durmağı bacarmalıdır. Bəzən valideynlər oğlanların işləməsinə narazı olmasa da, qızların işləməsinə icazə vermirlər. “Qızların işləyib pul qazanmağına gərək yoxdur”, “Onsuz da biz onun bütün ehtiyaclarını ödəyirik, dərsini oxusun, bəsdir” kimi yanlış fikirlərlə tələbə qızların işləməyinə icazə vermirlər. Avropada və Amerikada gənclər 18 yaşdan sonra müstəqil bir vətəndaş kimi həm işləyir, həm də təhsillərinə davam edirlər. Azərbaycanda ailələr gənclərin fərdiləşməsinə sədd çəkməkdənsə, şərait yaradıb onlara dəstək olmalıdır. İşləmək ayıb deyil”.
Şəbnəm MEHDİZADƏ
banner

Oxşar Xəbərlər