Tələbələr yay tətilini necə dəyərləndirməli? - Gənclərə məsləhət
Qarşıdan
yay tətili gəlir. Tələbələrin əksəriyyəti tətilin başlamasını həvəslə gözləyirlər.
Bəziləri fikirləşir ki, yay tətilində də çalışmaq, öz bilik və bacarıqlarını
artırmaq lazımdır. Çünki yalnız bu halda insan uğur qazana bilər. Tələbələrin
digər bir qismi isə fikirləşir ki, uzun müddətli dərs mövsümünü geridə qoyandan
sonra yaxşıca istirahət edib, növbəti tədris ilinə enerji toplamaq lazımdır. Əslində,
tələbələr tətili necə dəyərləndirməlidirlər?
Suallarımızı Azərbaycan Memarlıq və İnşaat Universitetinin dosenti, Strateji
planlaşdırma şöbəsinin müdiri Ülkər Səttarovaya ünvanladıq. Müsahibim deyir
ki. hər şey düzgün planlaşdırmadan asılıdır: "Əvvəllər belə bir yanaşma var idi
ki, tələbələrin əksəriyyəti dərslərini və imtahanlarını bitirəndən sonra sentyabr
ayına kimi istirahətə gedirdi. Amma indi bütün dünyada olduğu kimi, bizdə də bu
məsələyə yanaşma tərzi dəyişib. Dünyanın və Azərbaycanın bir sıra universitetlərində
yay fəsli asudə vaxt kimi qiymətləndirilmir. İndi tələbələr tətillərdə yay-qış
məktəblərinə gedir, təcrübə qazanırlar. Onlar müxtəlif şirkətlərdə, dövlət
qurumlarında, fabrik və zavodlarda təcrübə qazanırlar. Əlbəttə, demək olmaz ki,
tələbələrin yüz faizi bu sahəyə yönəlir. Amma təqribən 80-90 faiz tələbələr özləri
bu haqda rəhbərliyə müraciətlər edirlər. Çalışdığım universitetdə tələbələrin
demək olar ki, 70 faizi bölgələrdəndir. Biz tələbələrin olduğu bölgələri nəzərə
alaraq, onlara həmin ərazilərdə yerləşən təcrübə müəssisələrində şərait
yaratmağa çalışırıq. Belə olanda uşaqlar yayda boş vaxtlarını yola sərf etmiş
olmurlar”.
Həmsöhbətim
deyir ki, müasir gənclər aktiv həyata üstünlük verir: "Əgər onlar düzgün
istiqamətə yönəldilməsə, bütün vaxtlarını internetdə, sosial şəbəkələrdə hədər edəcəklər. Onlar hətta evdə olsalar belə,
öz beyinlərini lazımsız informasiyalarla yükləyirlər. Yaxşı olardı ki, daha
faydalı, öz ixtisaslarına uyğun bir işə yönəldilsinlər. Tələbələrin təcrübə
qazanması, aktiv fəaliyyət göstərməsi o demək deyil ki, onlar davamlı şəkildə
istirahətsiz çalışırlar. Onsuz da tələbələr orada bütün günü işləmirlər. Çünki
onlar şirkətin əməkdaşı deyil. Tələbələr orada daha çox iş mühitini müşahidə
edir və tanışlıq əlaqələri qururlar. Bu, onlar üçün yorucu və bezdirici olmur.
Bu təcrübələr imtahan sessiyalarından bir neçə həftə sonra başlayır. Həmin müddət
ərzində isə tələbələr istirahət etməyə kifayət qədər vaxt tapa bilirlər. Öz
karyerasını indidən düşünən tələbə üçün əslində, bu da bir növ istirahət
formasıdır”.
Həmsöhbətim
hesab edir ki, tələbənin asudə və dərs vaxtları necə tənzimlənirsə, bu, onun gələcək
həyatında da eyni qaydada davam edəcək: "Yuxarıda qeyd etdiyimiz nüansların hər
biri əslində, düzgün planlaşdırmadan asılıdır. Vaxtını düzgün bölməyi bacaran tələbə
daha həvəsli şəkildə və yeni ideyalarla tədris ilinə başlayır. Burada
universitetin tələbənin vaxtının tənzimləməsi məsələsi də rol oynayır. Əgər tələbənin
göndərildiyi şirkətdə ona uyğun şərait yoxdursa, yaxud təcrübə rəhbəri bu işdə
maraqlı deyilsə, tələbə burada heç nə qazana bilməz. Planlaşdırma deyəndə, təkcə
vaxtın idarə edilməsi nəzərdə tutulmamalıdır. Planlaşdırma həm də səmərəli işlərin
görülməsinə də aiddir. Əslində, açıq havada olmaq, asudə vaxtı sərbəst keçirmək
tələbə üçün çox mühümdür. Bu işlə əsasən
tələbə həmkarlar ittifaqı məşğul olur. Bizim universitetdə isə tələbələrə
aid iki qurum var və bu qurumların hər ikisi aktiv fəaliyyət göstərir. Onların bölgələrə
səfəri, aktiv təlim və idman yarışlarının təşkil edilməsi və digər sosial layihələr
bu qurumlar tərəfindən hazırlanır. Asudə vaxtın səmərəli keçirilməsi
universitetdə mərkəzləşdirilmiş şəkildə aparıldığı zaman, daha faydalı nəticələr
əldə etmək olur. Bəzi universitetlərin rayonlarda tələbə və müəllimlər üçün nəzərdə
tutulan kampusları var. Orada tələbələrə geniş şərait yaradılıb. Bütün bu işlər
düşünülmüş şəkildə və paralel olaraq aparılmalıdır”.
Şəbnəm Mehdizadə