• şənbə, 20 Aprel, 09:20
  • Baku Bakı 14°C

Tələbələr yay tətilində dincəlsin, yoxsa kitab oxusun? - Polemika

28.06.16 14:12 2604
Tələbələr yay tətilində dincəlsin, yoxsa kitab oxusun? - Polemika
Uzun müddətdir gözlənilən tətil nəhayət ki, gəldi. Orta məktəblərdə dərs ili bir qədər uzadılsa da, tələbələr artıq imtahanlarını verib istirahətə getməyə başlayıblar. Tələbələrin əksəriyyəti bölgələrə üz tuturlar. Onlar dərs ilinin yorğunluğunu çıxarmaq üçün müxtəlif istirahət növlərinə üstünlük verirlər. Bəs yay tətili zamanı tələbələr dərslərindən tamamilə uzaqlaşmalıdırmı? Yoxsa tətil ərzində də mütləq mütaliə etməli, dərs oxumalıdırlar?

"Tətildə də oxumalıyıq”

Orxan Babayev, ADA Universitetinin tələbəsi


Orxan fikirləşir ki, tələbə hər zaman öyrənməlidir. Fərqi yoxdur, tətil, yaxud dərs zamanı. Əks halda öyrənilənlər yaddan çıxa bilər: "İlk növbədə özümüzə "İnsanlar niyə təhsil alırlar” sualını verək. Təhsil insana hava, su kimi lazımlıdır. Uşaqlıqdan başlayaraq adicə gündəlik həyatımızda belə lazımlı olacaq bilikləri əldə etmək, inkişaf edib daha da ağıllı olmaq, ətraf mühitdəki çətinliklərin öhdəsindən rahatlıqla gələ bilmək üçün hər birimiz mütləq təhsil almalıyıq. Yəni hər birimiz məktəbdə, universitetdə müəyyən qrafiklə təhsil alırıq və təhsilimiz hər semestrdə minimal 5-6 fənn üzərində olur. Bununla da insan beyni mütəmadi olaraq təhlil edir, çalışır və inkişaf edir. Uzun müddət biz eyni şəkildə bilik alırıq. Lakin yay tətili ərzində insan beyni əvvəlki 9 ay ərzində çalışdığı tempdə çalışmır və bu aylar ərzində yiyələndiyi bilik təkrarlanmadığına görə tələbənin yadından çıxır”.
Həmsöhbətimiz deyir ki, bu elə bir zəncirvari prosedir ki, qırılma baş verərsə, xaos yarana bilər: "Yeni tədris ilində biz keçdiklərimizin təkrarını deyil, yeni fənlər öyrənməyə başlayırıq. Bu isə o deməkdir ki, beyin yenidən öz işinə sıfırdan start verəcək. Düzdür, bəzi fənlərin bir-biri ilə əlaqəliliyi olur. Lakin tam təkrar olunmadığına görə bu, yaddan çıxa bilər. Əgər insanın yaddaşı çox güclü deyilsə, o, əvvəl öyrəndiklərinin, oxuduqlarının 60 faizini unudacaq. Məsələn, kim dəqiqliklə məktəbdə keçdiyi kimya formullarını, yaxud da fizika düsturlarını tam olaraq yaddaşında saxlayıb ki? Yəni bu, qurduğumuz uzunmüddətli zəncirin birdən-birə üç ay boyunca qırılıb yenidən başqa yöndə çalışması deməkdir. Bu da onu göstərir ki, insanlar yorğunluqlarını çıxarmaq, beyinlərini tədrisdən aralı tutmaq üçün istirahət fasiləsini uzunmüddətli etməməlidir. Bu, qətiyyən düzgün sayılmır. Əslində insanlar mütəmadi olaraq elmi biliklərə yiyələnməlidir ki, onların beyni analiz etsin, inkişaf etsin və lazımi şəkildə bilikli olsunlar”.

"Davamlı tədris səhhətimizə ziyandır”

Ayşən Mustafazadə, abituriyent


Orxandan fərqli olaraq, Ayşən fikirləşir ki, tələbə yay aylarında istirahət etməlidir: "Mənim fikrimcə, tələbələrin yayda istirahəti çox vacibdir. Çünki onsuz da onların bir il ərzində keçdikləri fənlərin və imtahanların sayı o qədər çoxdur ki, onlar bütün tədris ili ərzində istirahətə, əyləncəyə vaxt tapmırlar. Xüsusilə yanvar və iyun aylarında tələbələr imtahanlarla bağlı ikiqat artıq yüklənirlər. Qış tətili demək olar, boşa gedir. Yayın da iki ayı tələbələrin istirahətinə verilsə də, çox vaxt təcrübə dərsləri olur. Nəticədə tələbənin beyni o qədər informasiya qəbul edir ki, növbəti ilə oxumaq həvəsi və enerjisi qalmır. Hesab edirəm ki, imtahan bitdikdən sonra tələbələr tamamilə istirahət edib zehni yorğunluqlarını aradan qaldırmalıdırlar. Əks halda, bu, həm də insan orqanizminə mənfi təsir göstərə bilər”.
Həmsöhbətimiz hələ tələbə adını almasa da, bunun üçün əlindən gələni edir. O fikirləşir ki, insan hər şeyə vaxt ayırmalıdır, həm təhsilə, həm də istirahətə: "Qarşıma tələbə olmaq, bu adı qazanmağı məqsəd qoymuşam. Bəziləri fikirləşir ki, bunun üçün dayanmadan gecə-gündüz oxumalısan. Əslində bu, doğru deyil. Çünki insan istirahətə də vaxt ayırmalıdır. Əks halda öyrənilənlərin heç bir faydası olmayacaq. Bunu bütün həkimlər və psixoloqlar da deyir. Mən özüm də hər yay müəllimlərin məsləhəti ilə dərs qrafikinə müəyyən müddət ara verib istirahət etməyə çalışıram. Bu, həm də insanın əsəblərinə müsbət təsir göstərir. Yeni tədris ilində daha yaxşı oxumaq və uğur əldə etmək üçün insan beyninin ən azı bir ay istirahətə ehtiyacı var. İstirahət etmədən davamlı öyrənilən informasiya müvəqqəti yaddaşdır. İmtahandan sonra onlar silinib gedəcək”.

"Dincəlmək vacibdir”

Elvin Məmmədzadə, Bakı Dövlət Universitetinin tələbəsi


Elvin də Ayşən kimi fikirləşir. O, deyir ki tələbələr yay ayları boyunca mütləq istirahətə vaxt ayırmalıdır: "Mənim fikrimcə, tələbə yayda tamamilə tədrisdən uzaqlaşdırılmalıdır. Tələbənin hər hansı bir şəkildə tədrislə məşğul olması isə onun öz istəyilə baş verməlidir. Bir az da aydın şəkildə desək, nə vaxt istəsə kitab oxuya, araşdırmalar apara bilər. Amma bu, məcburilik yox, könüllülük əsasında, öz istəyi ilə olmalıdır. Çünki tələbə yayda hər hansı şəkildə tədrisə cəlb olunsa, hesab edirəm ki, bunun heç bir effekti olmayacaq. Bunu isə daha çox havanın aşırı dərəcədə isti olması ilə əlaqələndirirəm. İnsan isti havada istirahətə daha meyilli olur. Ona məcburi şəkildə dərs oxutdurmaq düzgün deyil” .
Həmsöhbətimiz deyir ki, o özü yayda adətən istirahətə üstünlük verir: "9 ay ərzində universitedə bizə müxtəlif fənlər tədris olunur. Tədris ili müddətində, xüsusən də semestrlərin sonunda onsuz da kifayət qədər yüklənirik. Hələ iyun ayında bu, daha da çətinləşir. Bir yandan havalar istiləşir, bir yandan tədris ilinin yorğunluğu tələbəni yükləyir. Tətil üçün nəzərdə tutulan yay fəslinin ilk ayı onsuz da imtahanlara gedir. Növbəti ay təcrübə başlayır. Həmçinin burada kəsirləri olan tələbələr də olur. Kəsiri olan tələbələr öz borclarını ödəmək üçün iyul ayında yay məktəbinə gedirlər. Daha sonra isə avqust ayında həmin fənlərin imtahanları başlayır. Heç özünə gəlməmiş bir də görürsən ki, növbəti tədris ili başlayıb. Yay ayları ərzində heç dincəlməyən tələbə yenidən yorğun şəkildə növbəti dərs ilinə başlayır. Bu isə sonradan öz mənfi nəticələrini büruzə verir. Odur ki, tələbələrin yayda tamamilə dincəlməsi vacibdir”.

Şəbnəm Mehdizadə




banner

Oxşar Xəbərlər