• cümə, 19 Aprel, 22:01
  • Baku Bakı 24°C

Tələbələr və müəllimlər üçün eyni yataqxana - Fotolar

15.04.14 11:49 10131
Tələbələr və müəllimlər üçün eyni yataqxana - Fotolar
Tələbəlik illəri insan həyatının ən gözəl çağları, qayğısız illəri sayılır. Hələ bu tələbələrin ömründən yataqxana həyatı keçibsə, günləri daha da maraqlı olur. Yataqxana şəraitində yaşayan tələbələrlə söhbətləşmək, onların buradakı yaşam tərzini öyrənmək məqsədilə Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) yataqxanasına yollandıq. Bələdçimiz isə rektorun köməkçisi Natəvan Salamovadır Yataqxana ilə yaxından tanış olmaq üçün rektorun köməkçisi Natəvan Salamovadır.
Yataqxana institutun həyətində yerləşdiyi üçün tələbələr üçün dərsə gedib gəlmək daha rahat olur. 9 mərtəbədən ibarət olan binanın giriş hissəsində divara asılmış şəkillər diqqətimizi çəkir. Şəkillər haqqında məlumat verən Natəvan xanım deyir ki, bu tablo yataqxananın təmirdən öncəki və indiki vəziyyətini müqayisə etmək üçün asılıb: “Burada əvvəllər məcburi köçkünlər qaldığı üçün yataqxananın vəziyyəti o qədər də qənaətbəxş deyildi. Artıq 6 ildir ki, təmir edilib və tələbələrlə institutumuzda dərs deyən müəllimlərin ixtiyarına verilib. Biz də buranı daim nəzarətdə saxlayır və tələbələrin çətinliklərinin olmaması üçün əlimizdən gələni edirik”.
8-dən sonra yataqxanaya giriş qadağandır
Şəkillərə nəzər saldıqda, tələbələr üçün yaradılan bu şəraitin gözəlliyinə şübhə etmirik. Yataqxanada hamam, daimi qaz, işıq, su, mətbəx, hətta televizor da var. Bu yataqxana normal şəraitli evdən heç nəyi ilə fərqlənmir. Fərq yalnız ondan ibarətdir ki, bura ailə üçün yox, yalnız tələbə və müəllimlər üçün nəzərdə tutulub. Yataqxananın binasında oturan Azərbaycan Müəllimlər İnstitutunun tərbiyə işləri üzrə prorektoru Rəşad Sadıqov bizimlə söhbətində məlumat verdi ki, bu yataqxana mühafizəçi tərəfindən ciddi şəkildə qorunur: “Bura əsasən ixtisasartırmaya gələn müəllimlər üçün nəzərdə tutulmuşdu. Lakin biz burada tələbələrin də qalmasına şərait yaratdıq. Hazırda yataqxanada 40 tələbə qalır. Tələbələrin əksəriyyətini isə qızlar təşkil edir. Saat 8-dən sonra qapılar bağlandığı üçün bu saatdan sonra yataqxanaya giriş və çıxış qadağan olunur”.
“Əlil tələbələr üçün hər şərait yaradılıb”
Prorektor deyir ki, hətta valideynlər də icazəsiz buraya daxil ola bilməz. Onların da yataqxanaya girişi üçün icazə kağızı alınmalıdır. AMİ-nin yataqxanasını digərlərindən fərqlərindən cəhətlərdən biri də odur ki, burada əlil tələbələr üçün də hər bir şərait yaradılıb. Fiziki qüsurlu tələbələr yoldaşlarının köməkliyi ilə dərslərinə rahatlıqla gedib gələ bilirlər. Prorektorun sözlərinə görə, yataqxana daxilində də onların rahatlığı üçün şərait yaradılıb.
Yataqxana haqqı 100 AZN-dir
Lüks şəraitdə təmir olunan yataqxananın qiymətinə gəldikdə, öyrəndik ki, hər bir tələbə burada qalmaq üçün ayda 100 manat ödəməlidir. Tələbələr isə qiymətləri münasib hesab edir. Artıq 5 ildir ki, yataqxanada yaşayan Aygül Salamova deyir ki, bura verdikləri pul ilə şəhərin mərkəzində də kirayə tutub qızlarla yaşaya bilərlər. Amma yataqxanadakı rahatlığı heç yerdə tapa bilməzlər: “4 il bakalavr, indi də magistr pilləsində oxuduğum üçün artıq 5 ildir ki, Bakıdayam. Demək olar ki, 5 ildir yataqxanada yaşayıram. Məncə, yataqxanada yaşamayan tələbə tələbəliyin necə olduğunu anlaya bilməz. Çünki ev heç vaxt yataqxananın yerini verə bilməz. Üstəlik, kommunal xərclərlə birlikdə bir evdə kirayə qalmaq asan başa gəlmir”. Aygül otaqda 2 yoldaşı ilə birlikdə qalır. Onun otaq yoldaşı özü ilə adaş olan Aygül Cəfərova da magistraturada oxuyur. Onlar işlərini bölgü əsasında tənzimləyirlər: “Otağımızı hər gün birimiz təmizləyirik. Yemək məsələsinə gəldikdə, kimin könlündən keçsə, yeməyi də o bişirir”.
Oğuz rayonundan olan Gülnarə Mirzəlifli də yataqxana həyatının çox maraqlı olduğunu söyləyir: “Burada çox gözəl dostluqlar qura bilirik. Yalnız otaq yoldaşlarımızla deyil, yataqxananın bütün qızları ilə birlikdə yığışıb maraqlı oyunlar oynayır, müzakirələr aparırıq. Hətta bəzi günlər birlikdə şəhərə çıxıb gəzirik”.
“Ən gözəl bəzədilmiş otaq”
Tələbələrlə danışıq əsnasında məlum olur ki, yataqxanada hər il Yeni İl ərəfəsi “ən gözəl bəzədilmiş otaq” müsabiqəsi keçirilir. Müsabiqənin qaliblərinə isə müəyyən hədiyyələr verilir. Bu il Aygülgilin otağı müsabiqədə ikinci yeri tutub: “Yeni İl ərəfəsi olduğu üçün otaqlarımızı zərlərlə, şam ağacları, şaxta babalarla bəzəyirik. Bu dəfə fərqli olaraq çay süfrəsi də hazırladıq. Birinciliyə layiq idik, amma ikinci yerə çıxdıq”.
Makaronun hamısı yerə töküldü
Qızlarla sağollaşdıqdan sonra oğlanlar olan mərtəbəyə yollanırıq. Burada bizi qarşılayan yataqxana sakini Fərid bizi öz otaqlarına dəvət edir. Otağa daxil olduqda Fəridin otaq yoldaşları şahmat oynayırdılar. Fəridin otaq yoldaşı Tahir deyir ki, ən maraqlı günləri yataqxanada keçir: “İlk çətinliyimiz yemək bişirməklə bağlı idi. Çünki heç vaxt evdə yemək bişirməmişik, burada ac qalmamaq üçün məcbur olub öyrənirik”.
Onların ən maraqlı xatirələri də məhz yemək bişirməklə bağlıdır. Belə ki, ilk günlər yemək bişirmək üçün ümidlərini Fəridə bağlayan yoldaşları ac qalmalı olublar: “Bir dəfə çox ac idik. Fərid makaron süzmək qərarına gəldi. Biz də həsrətlə makaronun bişməsini gözləyirdik. Sən demə, Fərid makaronu süzmək istəyəndə hamısı sürüşüb yerə tökülüb”. Tələbələrin dediklərinə görə, onların otaq yoldaşlarından biri də fiziki qüsurlu tələbədir. Lakin biz orada olduqda tələbə səhhətində problem olduğu üçün yataqxanada deyildi: “Otaq yoldaşımızın ayaqlarında problem olduğundan yeriməkdə çətinlik çəkir. Öz evləri Ramana qəsəbəsindədir. Oradan da universitetə gəlib getmək onun üçün asan olmur. Buna görə də bizimlə birlikdə yataqxanada qalır”.
Bizimlə söhbətləşən oğlanlar bildirdilər ki, ən gözəl günləri yataqxanada keçir: “Öz yaşıdları ilə eyni binanı, eyni otağı bölüşməyin ayrı ləzzəti var”.
Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər