• cümə, 29 Mart, 13:49
  • Baku Bakı 14°C

Tələbələr tətil günlərini necə keçirəcək? - Polemika

24.06.14 09:18 4251
Tələbələr tətil günlərini necə keçirəcək? - Polemika
Artıq iyunun 21-dən yay fəsli başlayır. Yayın gəlişi ilə əlaqədar istirahət mərkəzləri müştərilərin yolunu gözləyir. Kimisi istirahət üçün xarici ölkələrə, kimisi də elə öz doğma yurdumuzun istirahət zonalarına üz tutmağı planlaşdırır. Dərs müddətinin bitdiyi və tətil günlərinin başlaması isə hamıdan çox tələbələrin sevincinə səbəb olur. Yorğun dərs prosesinin ağrı-acısını tətil günlərində çıxarmaq istəyən tələbələr bu sevinci yaşamağı səbrsizliklə gözləyirlər. Tələbələr tətil günlərini necə və harada keçirmək istəyirlər?
“Valideynlərimin yanında olmaq istirahətdir”
Nicat Əliyev, tələbə
Nicatın fikrincə, tətil günlərini ailənin yanında olub ev işlərində vaildeynlərinə kömək etmək ən gözəl mənəvi istirahətdir: “Mən tətil günlərində hansısa ölkəyə, yaxud hansısa istirahət zonalarına getməyi planlaşdırmıram. Çünki, semester ərzində artıq kifayət qədər istirahət etmiş olursan. Valideynlərindən ayrı qalırsan. Bu fikrim rayondan dərs almaq məqsədilə Bakıya gələn tələbələrə aiddir. 9 ayı valideynlərindən kənarda yaşayanlar üçün, məncə, yay tətilini valideynlərinin yanında olmaq elə istirahətdir. Valideynlərimə həyət-baca işlərində kömək etməyi sevirəm. Xüsusən, kənd yerlərində yaşayanlar bilir ki, əhalinin əksəriyyəti təsərrüfatla məşğuldur. Bu, elə də asan iş deyil. Buna görə mən tətil günlərimi təsərrüfat işlərində valideynlərimə kömək etməklə keçirəcəyəm. Universitetdən bir neçə bədii kitab götürmüşəm, onları da bu tətil müddətində boş vaxtlarımda mütaliə edəcəyəm”.
Nicatın sözlərinə görə, yay ruzi-bərəkət arıdır: “Yayın qədrini bilmək lazımdır. Kənd yerində belədir ki, zəhmətkeş insanlar ruzilərini ancaq yay aylarında əldə edə bilirlər. Necə ki, qarışqalar yayda yığır, ilin digər günlərində yeyirlər. Kənd insanları da belədir. Fikrimcə, zəhmətkeş ailədə gözünü açan insanın istirahəti də elə əkin sahələrində olur. Ən ağır işdə işləyib yorulan insan daşın üstündə də yatanda onun üçün bu, ən gözəl istirahətdir. Baxmayaraq ki, bəziləri pambıq kimi döşəkçələrin üstündə yatmaqdan şikayətlənirlər. Mən bu il birinci kursu başa vurdum, amma istirahət edəcək qədər yorulmadım. Düşünürəm ki, adam oxumaqdan yorulmaz. Adam elə oxuya-oxuya istirahət edir”
“Rayonu daha çox sevirəm”
Turanə Məmmədli, tələbə
Turanənin fikrincə istirahət etmək o qədər önəmli deyil. Əsas yaşamaq lazımdır: “Istirahəti çox sevmirəm. Düşünürəm ki, istirahət vaxtı gün-günə satılaraq, zaman boş-boşuna keçir. Mənim üçün boşluqdan yorucu bir şey yoxdur. Müəyyən bir vaxt bəs edər ki, sevdiklərimlə vaxt keçirim. Bu da mənim istirahətim olar. Yəni istədiyim yerdə və istədiyim insanlarla olmaq özü istirahətdir. Son 3 ildə yay tətilini ürəyimcə keçirmək qismət olmayıb. Universitet, imtahanlar, iş və s. Böyüdükcə qayğılar da bizimlə bərabər böyüyür. Özüm rayonda böyümüşəm və etiraf edim ki, əksər hallarda bu cür insanlar istər yaşamaq, istərsə də istirahət üçün şəhərə daha çox meylli olurlar. Amma mən rayonu daha çox sevirəm”.
İstirahət üçün Azərbaycanda görməli və səfalı yerlərimizin çox olduğunu deyən Turanə son zamanlar insanların dincəlmək üçün daha çox xaricə üz tutduqlarını bildirdi: “Yəqin ki, bu da bizim istirahət mərkəzlərimizdə qiymətlərin artması ilə bağlıdır. Təssüfedici haldır ki, öz ölkəndə bir gecəsinə 300 manat verib qala bilmədiyin hotelin puluna xaricdə bir həftə dincəlirsən”.
Turanə Azərbaycanda istirahət mərkəzlərində qiymətlərin “at belində” olduğunu heç cür başa düşmədiyini deyir: “Dədələrlə olub ki, ətrafımdakı tanışlarım Azərbaycanın dilbər guşələrində dincəlmək istəyiblər. Anca qiymətləri öyrənəndən sonra ya evdə oturmağa, dənizə getməyə, ya da xaricə üz tutmağa qərar veriblər. Çox istərdim ki, gələcəkdə bizdə də qiymətlər elə olsun ki, hamının cibinə uyğunlaşsın”.
Müsahibimiz imkanı olduğu təqdirdə, Meksikaya gedəcəyini deyir: “Bəlkə də buna baxdığım seriallar təsiri edib. O ölkə haqqında çox geniş təsəvvürüm var”.
“Gəzməyə qərib ölkə”
Ceyhun Əhədov, tələbə
Ceyhun isə tətil günlərində xarici ölkədə istirahət edəcəyini düşünür. Onun sözlərinə görə, il ərzində tələbənin əlinə bir dəfə şans düşür ki, onu da dəyərləndimək lazımdır: “Mən artıq 2-ci kursu başa vurdum. Düşünürəm ki, tələbəlik illərində yay tətili günləri ən dəyərli günlərdir. O günləri dəyərləndirmək lazımdır. Mən Bakıda ingilis dili kursuna getdiyim üçün gələn ayın əvvəli Amerikaya getməyi planlaşdırıram. Sentyabra qədər orada yaşayıb, ingilis dilimi az da olsa, təkmilləşdirmək istəyirəm. Bu, mənim üçün həm də ən gözəl istirahət olacaq. Xarici ölkəyə səyahət, oranın mühitini görmək, insanlarıyla ünsiyyətdə olmaq mənə zövq verir. Həm də mənim ən böyük arzumdur ki, ingilis dilli xalqlar yaşayan ölkələri gəzim. Eşitdiyimə görə, onların çox qəribə adət-ənənələri var. Məhz tətil günlərində bunların hamısının canlı şahidi olmaq istəyirəm”.
Ceyhunun fikrincə, yay tətilində Azərbaycanı gəzmək fikri heç yoxdur: “Azərbaycanda gəzməli, istirahət etməli yer var ki? Düzdür, cənub bölgəsində və şimalda ölkəmizin bir neçə dilbər güşəsi var, amma bu, xarici ölkələrin yerini verməz. Digər tərəfdən, atalar gözəl deyib, “gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı”. Nə qədər ki, gəncik, xarici gəzək, sonra öz ölkəmizi də addım-addım gəzərik.”
Səid QƏRİB
banner

Oxşar Xəbərlər