Tələbələr olimpiada və müsabiqədə uğurlarına görə mükafatlandırılıblar
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Heydər Əliyev məktəbinin lektoriyasında
ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyinə həsr olunmuş Azərbaycan
dili, Azərbaycan tarixi, Azərbaycan coğrafiyası, riyaziyyat, informatika,
fizika, kimya, biologiya, psixologiya üzrə olimpiadaların və təsviri incəsənət,
musiqi üzrə müsabiqələrin qaliblərinin mükafatlandırma
mərasimi keçirilib. Tədbirdə ADPU-nun
rektoru, professor Cəfər Cəfərov, prorektorlar, fakültə dekanları, struktur
bölmə rəhbərləri və olimpiada və müsabiqələrin qalibləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan rektor Cəfər Cəfərov tədbir iştirakçılarını və tələbələri salamlayaraq
olimpiada və müsabiqələrdə böyük uğur qazanmış tələbələri təbrik edib, onlara
yeni uğurlar arzulayıb. Rektor bildirib ki, rəqabət mühitinin yaradılması tələbələrin
daha çox öz üzərlərində çalışmalarına, bilik və bacarıqlarının yüksəlməsinə və
bir sözlə, təhsildə və elmdə irəliləmələrinə motivasiya yaradır, həmçinin də
stimullaşdırır. Bu gün uğur qazanan hər bir tələbə gələcəkdə böyük qürur hissi
ilə keçmiş uğurlarından öz yetirmələrinə, övladlarına danışacaq. Biz artıq
universitetdə bir çox istiqamətlər üzrə tələbələrimizi fəallığa, dərin
araşdırmaya, gərgin çalışmaya həvəsləndiririk. Bilirsiniz ki, artıq Pedaqoji
Universitetdə adlı təqaüdər təsis edilib və cari ildən bu ada layiq görülən tələbələr
dövlətin verdiyi təqaüddən əlavə universitetin təsis etdiyi adlı təqaüdləri də
alacaqlar. Pedaqoji Universitetin tələbələri bir çox müsabiqə və layihələrdə də
həmişə yüksək nəticələr göstərərək universitetimizin adını ucaldırlar. Mayın 25-də
Bakı Konqres Mərkəzində təşkil edilən "Enactus Azərbaycan” yarışmasında universitetimizin
"Enactus” komandasının Azərbaycanın 14 güclü komandası arasından finala yüksələrək
4-cü yerə layiq görülməsi bizim üçün böyük uğurdur. Bir neçə gün öncə universitetimizdə
baş tutan "Startap Azərbaycan” müsabiqəsi çərçivəsində tələbələrimizin böyük
yarışma mədəniyyətinin, biznes ideyaları vermək qabiliyyətlərinin, layihə təqdim
etmək bacarıqlarının şahidi olduq. Həmin tələbələr universitetimizin minlərlə tələbəsi
arasından fərqlənərək irəli çıxmağı bacarıblar və buna görə də qiymətli hədiyyələrlə,
diplom və sertifikatlarla təltif olunublar, - deyə professor Cəfər Cəfərov
bildirib.
Rektor Cəfər Cəfərov çıxışında
ADPU-da olimpiada və müsabiqələrin son üç ildə hər il keçirilməsinə böyük önəm verib
və bunun vacibliyindən danışıb. Qeyd edib ki, olimpiadalar tələbələrin fəallığını
artırır, elmə marağını dərinləşdirir, bu isə müasir dövrdə tələbə hazırlığına,
kadr yetişdirilməsinə böyük köməkdir.
Rektor olimpiada və
müsabiqə qaliblərini, qalibləri yetişdirən, hazırlayan professor-müəllim heyətini
təbrik etdikdən sonra sözü Elm və innovasiyalar üzrə prorektor, professor Asəf
Zamanova verib.
Professor Asəf Zamanov ADPU-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyinə
həsr olunmuş iki turdan ibarət olimpiada və müsabiqələrin təşkil edilməsindən, keçirilmə və qiymətləndirmə forması haqqında məlumat verərək, qaliblərə istiqamətlər
üzrə I, II və III dərəcəli diplom və hədiyyələrin təqdim olunacağını bildirib.
Qeyd edib ki, ümumilikdə olimpiada və müsabiqələrdə
ADPU üzrə iştirak edən 1364 nəfər tələbədən 85 nəfər tələbə ikinci turda
iştirak etmək hüququ qazanıb və onlardan 30 nəfər tələbə 1-ci, 2-ci və 3-cü yer
nominasiyaları üzrə qalib gəliblər.
Professor A.Zamanov vurğulayıb
ki, builki olimpiada və müsabiqələrin keçirilməsi ümummilli lider Heydər
Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edildiyindən işə 10 May ərəfəsində
başladıq və 15 İyun – Milli Qurtuluş Günü ərəfəsində qalib gəlmiş tələbələri
mükafatlandırırıq. Təbii ki, olimpiada və müsabiqələrdə iştirak edən və yer
tutan tələbələr böyük qürur və həyəcan hissi ilə hansı yerlərə layiq görüldüklərini
gözləyirlər. Ona görə də mükafatlandırma və təltifetmə mərasiminə başlamağı məqsədəuyğun
hesab edirəm.
Təqdimetmə mərasimində
fakültə dekanları tərəfindən III dərəcəli, prorektorlar tərəfindən II dərəcəli,
rektor Cəfər Cəfərov tərəfindən I dərəcəli diplomlar və hədiyyələr qaliblərə təqdim
edilib.
Tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov,
Tarix və coğrafiya fakültəsinin dekanı, dosent Şahin Pənahov çıxış edərək olimpiada
və müsabiqələrin əhəmiyyətindən danışaraq qalib tələbələri təbrik ediblər.
Qalib tələbələr sevinclərini bölüşərək belə bir şəraiti
yaratdığına görə ADPU-nun rəhbərliyinə, fakültə dekanlarına və müəllimlərinə
minnətdarlıqlarını bildiriblər.
Rektor Cəfər Cəfərov olimpiada
və müsabiqələrin yüksək səviyyədə təşkilinə görə Elm və innovasiyalar üzrə
prorektor, professor A. Zamanova və müvafiq struktur bölmələrə təşəkkür edib.