• cümə, 29 Mart, 01:36
  • Baku Bakı 7°C

Tələbatdan, yoxsa bilərəkdən yaradılan qıtlıq?

26.02.20 11:00 942
Tələbatdan, yoxsa bilərəkdən yaradılan qıtlıq?
Ekspert hesab edir ki, koronavirusa görə maska və spirt qıtlığının yaranması, sahibkarların sui-istifadə hallarına yol verməsi ilə bağlıdır
Koronovirusla bağlı narahatlıq hələ də davam etməkdədir. Gücləndirilmiş iş rejiminə keçən qurumlar artıq müntəzəm olaraq insanları baş verənlərdən xəbərdar edirlər. Bu məsələdə hər bir dövlət qurumu öz üzərinə düşən vəzifəni yerinə yetirir. Bir çox ərazilərdə dezinfeksiya işləri görülür.
Əhaliyə tövsiyə olunur ki...
Qeyd edək ki, 2020-ci il yanvarın 28-də Çin Xalq Respublikasında yayılmış koronavirusun Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısını almaq məqsədilə Azərbaycan Respublikası Baş Nazirinin sədrliyi ilə hökumət komissiyası yaradılmış, yanvarın 30-da epidemiyaya qarşı Fəaliyyət Planı təsdiqlənmişdir. Epidemiyanın təhlükəli miqyas almağa başladığı ilk gündən Azərbaycanın bütün sərhəd-keçid məntəqələrində, o cümlədən hava limanlarında profilaktik tədbirlər görülür. Həmin tarixdən başlayaraq bütün istiqamətlərdən Azərbaycana gələn sərnişinlər ciddi yoxlanılır və bu günədək ölkəmizdə koronavirusa yoluxma halı qeydə alınmayıb. Son günlər İran İslam Respublikasında koronavirusa yoluxma hallarının artmasına və bəzi hallarda ölümlə nəticələnməsinə dair rəsmi məlumatların yayılmasından sonra Azərbaycan-İran sərhəd-keçid məntəqələri xüsusi rejimdə fəaliyyətə keçib. Fevralın 22-dən başlayaraq sərhəd-keçid məntəqələrində sanitar-dezinfeksiya işləri aparılır. Bu səbəbdən, keçid prosedurlarının sürəti azalıb. Azərbaycan ərazisindən tranzit yüklərin daşınması üzərində də nəzarət gücləndirilib. Yüklərin ölkəyə girişi və çıxışında əlavə sanitar-dezinfeksiya tədbirlərinin görülməsi davam etdirilir. İran İslam Respublikasında yaranmış vəziyyətlə əlaqədar olaraq əhaliyə xüsusi zərurət olmadığı hallarda qonşu ölkəyə səfərlərini müvəqqəti olaraq təxirə salmaq tövsiyə olunur.

Sanitar-epidemioloji vəziyyət xüsusi nəzarətdədir
Azərbaycanda sanitar-epidemioloji vəziyyət xüsusi nəzarətdədir. Aidiyyəti qurumlara gücləndirilmiş rejimdə fəaliyyət göstərməyə dair tapşırıqlar verilib.

Koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlərə Bakının əsas ictimai sərnişindaşıma nəqliyyatı vasitələrindən olan metropolitendə də start verilib. Tədbirlər profilaktik məqsədlə insanların daha çox təmasda olduğu stansiya və qatarlarda aparılacaq. Ümumdünya Səhiyyə Təşkilatının, eləcə də Səhiyyə Nazirliyinin koronavirusla bağlı açıqlamasında bildirilir ki, virusun sürətlə yayılmasının əsas səbəbi onun yüksək virulentliyi və patogenliyi, yoluxma mexanizminin hava-damcı, təmas yolu ilə olması, insanların virusa qarşı yüksək həssaslığıdır. Dezinfeksiya tədbirləri ay ərzində iki dəfə yerinə yetiriləcək.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, aparılan əks-epidemik tədbirlər infeksiyanın yoluxma mexanizmləri və yollarına qarşı yönəlmiş tədbirlərdir: "Sərnişin axınının intensivliyi, sıxlığı, müntəzəm təmas şəraiti, təbii ventilyasiyanın qeyri-intensivliyi, günəş şüalarının daxil olmamağı metropolitendə ehtiyat tədbirlərinin gücləndirilməsini tələb edir. Bu məqsədlə, "Bakı Metropoliteni" xüsusi lisenziya ilə fəaliyyət göstərən və bu sahə üzrə ixtisaslaşmış xidmətlə birlikdə sanitar-gigiyenik tədbirlərin keçirilmə qaydasını, istiqamətlərini, profilaktik vasitələrin təhlükəsiz tətbiqi imkanlarını araşdıraraq, dezinfeksiya tədbirlərinə başlayıb".


Qurum rəsmisi qeyd edib ki, tədbirlərə bu gündən "Nərimanov" elektrik deposunda qatarlarda başlanılıb: "İş gününün qrafikinə uyğun olaraq bütün vaqonlar mərhələli şəkildə, tam həcmdə dezinfeksiya olunacaq. Bu tədbirlər stansiyalarda gecə növbəsində təşkil ediləcək. İşlər hər bir stansiyada, ayda iki dəfə olmaqla, keçidlərdə, vestibüllərdə, platformalarda və yollarda görüləcək. Qatarlarda və stansiyalarda görüləcək tədbirlərin də qrafiki artıq müəyyən olunub. Bundan savayı, sərnişinlərin daha çox təmasda olduğu eskalator sürahisi, giriş-çıxış qapıları və əllə toxunula biləcək digər səthlər hər gün bir neçə dəfə dezinfektantlarla təmizlənəcək. İctimaiyyətin tam məlumatlı olması üçün onu da qeyd edək ki, dezinfeksiya zamanı "ProGreen ProFix" dərman vasitəsindən istifadə olunur. Dərman maddəsi geniş spektrlidir, bütün növ mikroblar - bakteriyalar, viruslar, göbələklər, vərəm çöpləri, habelə qan, bəlğəm, nəcis üçün də təyinatlıdır. Koronavirusa qarşı gücləndirilmiş ehtiyat tədbirləri səlahiyyətli qurumların müvafiq göstəriş və təlimatlarına müvafiq olaraq davam etdiriləcək".
27 məscid, 2 sinaqoq, 60 məktəb və 50 uşaq bağçası
Virus təhlükəsi ilə əlaqədar Bakıda orta məktəblərin, bağçaların və məscidlərin dezinfeksiyasına başlanılıb. Bu barədə APA-ya eksklüziv açıqlamasında Bakı Şəhər Dezinfeksiya Mərkəzinin direktoru Akif Məmmədov bildirib. O vurğulayıb ki, indiyə qədər 27 məscid, 2 sinaqoq, 60 məktəb və 50 uşaq bağçasında dezinfeksiya aparılıb. Dezinfeksiya işləri hazırda davam edir. Direktor deyib ki, dezinfeksiya işləri əhalinin sıx olduğu digər yerlərdə, o cümlədən teatr və kitabxanalarda da aparılır.

"Qoruyucu maskalardan istifadə edin!”

Azərbaycanın baş infeksionistiCəlal İsayevbildirib ki, virusdan qorunmaq üçünəllər müntəzəm şəkildə yuyulmalı, düzgün və sağlam qidalanmaya üstünlük verilməli,koronavirus epidemiyası yayılan ərazilərdəolarkən xəstə şəxslərdən kənar durulmalı, qoruyucu maskalardan istifadə edilməlidir: "Xüsusilə də koronavirusun qeydə alındığı İranın Qum şəhərinə getməmək tövsiyə olunur. İrana gedib qayıdan insan özündə hər hansı şübhəli hal aşkar edərsə, həkimin onu müayinə etməsini gözləmədən özü də birbaşa xəstəxanaya müraciət etməlidir”.

O, bildirib ki, Azərbaycanda bu günədək koronavirus şübhəsi ilə bağlı heç bir fakt qeydə alınmayıb: "Çindəki hadisələrlə bağlı Azərbaycan onsuz da qabaqlayıcı profilaktik tədbirlər həyata keçirirdi. İranda qeydə alınan faktlar ölkəmizdə müvafiq qurumların daha ayıq-sayıq olmasını zəruri edir”.

C.İsayevhər kəsi qoruyucu maskalardan istifadə etməyə çağırıb: "Respirator sindromu olanlar mütləq maska taxmalıdırlar.Çünki onların xəstəlik yayma ehtimalı daha yüksəkdir. Yaxşı olar ki, xəstə insanlar ya ev, ya da ağır olacağı təqdirdə, xəstəxana şəraitində müalicə alsınlar. Hər respirator virus infeksiyası əlaməti olan şəxslərə "koronavirusa yoluxub” demək olmaz. Respirator xəstəliklər mövsümidir. Çünki hər iki xəstəliyin qoruyucu tədbirləri eynidir. Yazın gəlişi bu virusun səngiməsinə səbəb olacaq. Çünki virusların yüksək temperatura dözümü yoxdur. Koronavirus müsbət 37 dərəcə temperaturda 10-15 dəqiqəyə, otaq temperaturunda isə 2-3 günə tələf olur”.

O əlavə edib ki, yaşlı insanlar daha diqqətli olmalıdır: "Həmin şəxslərdə istənilən respirator infeksiyası ağır formada keçir. Çünki yaşlı insanların həyat boyu qazandıqları müəyyən xroniki xəstəliklər orqanizmlərinin immun sistemini zəiflətmiş olur. Çində koronavirusdan həlak olanların 80%-i məhz yaşlı insanlar olub”.
Bu qədər böyütmək olmaz
Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev də bildirib ki, virusdan qorunmaq üçün mütləq şəkildə maskalardan istifadə olunmalıdır: "Koronavirusu bu qədər böyütmək olmaz. Virus xəstəliklər insanlar yaranandan mövcud olub və olacaq. Koronavirus da onlardan biridir. Düzgün və sağlam qidalanmaqla, maskalardan istifadə etməklə və insanlarla ünsiyyəti maksimum dərəcədə azaltmaqla, hava yolu ilə keçən bütün xəstəliklərdən qorunmaq olar. Adi respirator infeksiyaları belə, insanlar arasında sürətlə yayıla bilir. Buna səbəb isə insanların qorunmamağıdır. Xəstə şəxslərdən kənar durmaq, qoruyucu maskalardan istifadə etmək vacibdir”.
Tələbat yox, bazar oyunu?

Ölkənin baş infeksionisti və epidemioloqu insanlara tibbi maskalarda istifadə etməyi məsləhət görür. Amma məsələ burasındadır ki, bir neçə gündür əczaxanalarda nə maska, nə də spirt tapmaq mümkündür. Hansı əczaçıya yaxınlaşırsan, nə üçün gəldiyini bilirmiş kimi, sən ağzını açmadan "maska və spirt yoxdur” deyir. Sosial mediadakı paylaşımlardan da aydın olur ki, bu mənzərə ölkənin bir çox yerində müşahidə edilir. Maraqlıdır, ölkəmizdə spirt və maska qıtlığının səbəbi nədir, bu nədən qaynaqlanır? Doğrudanmı iki günə bütün əczaxanalardakı maska və spirtlər tükəndi?
İqtisadçı ekspert Pərviz Heydərovun sözlərinə görə, bazardakı maska və spirt qıtlığına səbəb tələbat yox, sahibkarların qurduğu oyundur: "Tibbi ləvazimatların ölkəyə gətirilməsi və satışının təşkili ayrı-ayrı sahibkarlara aid məsələdir. Səhiyyə Nazirliyi yalnız ölkəyə gətirilən dərmanların keyfiyyətinə nəzarət edir. Azərbaycana dərmanın idxalı ilə bu və ya digər özəl şirkətlər məşğul olur. Hazırda yaşanan vəziyyət də onunla əlaqədardır ki, bir qrup sahibkarlar yaranmış haldan sui-istifadə etməyə çalışırlar. Mən düşünmürəm ki, tələbatın birdən-birə yüksəlməsi səbəbi ilə bazarda maska və spirt qıtlığı yaranıb. Bu tibbi avadanlıqları ölkəyə gətirən, satışını təşkil edən özəl şirkətlər tələbatın genişlənməsindən istifadə etməyə çalışırlar. Bir müddət bu cür süni qıtlıq yaratmaqla, birdən-birə bazara külli miqdarda bu məhsullardan buraxacaqlar və qiyməti də artıracaqlar”.

Virtulaz.org saytı maska qıtlığı ilə bağlı dünyanın aparıcı əczaçılıq istehsalçılarının Azərbaycanda ən böyük idxalçısı olan "Avromed” şirkəti ilə əlaqə saxlayıb. Şirkətdən telefon zənginə cavab verən operator bildirdi ki, bu barədə ancaq Əzizə xanım danışa bilər: "Tibbi maskalarla bağlı suala ancaq şirkətimizin əməkdaşı Əzizə xanım cavab verə bilər. Amma o, Bakıda deyil, Moskvadadır. Gəldikdən sonra əlaqə saxlaya bilərsiniz”.

Günel Azadə

banner

Oxşar Xəbərlər