Teleaparıcının müəmmalı ölümü

Teleaparıcının müəmmalı ölümü

Kriminal
11 Oktyabr 2012, 17:07 1421
Respublikamızda televiziya aparıcısı özünə qəsd edib. Hadisə Yevlax rayonunda baş verib. Rayon Prokurorluğundan verilən məlumata görə, Yevlax şəhərində 1990-cı il təvəllüdlü Lətif Lətifov özünü bıçaqlayaraq intihar edib. 22 yaşlı oğlan bıçaqla özünə çoxsaylı xəsarətlər yetirib və hadisə yerindəcə keçinib.
Qeyd edək ki, özünə qəsd edən L.Lətifov Yevlaxda fəaliyyət göstərən regional “EL” televiziyasının aparıcısı olub.
Qeyd edək ki, Lətif Lətifov Yevlax şəhərində yaşayıb və orada fəaliyyət göstərən regional “El ” televiziyasının aparıcısı olub. Yeni mövsümdən isə Kanal S-də çalışmağa başlayıb. Ötən gün də Kanal S-ə gələrək "Gombullar" verilişinin növbəti buraxılışı üçün çəkiliş həyata keçirib. İşlədiyi müddət o qədər də uzun olmasa da, bütün əməkdaşlarla çox səmimi rəftar edən mərhumu hər kəs zarafatcıl bir insan kimi tanıyıb.
22 yaşlı aparıcı verilişin çəkilişindən sonra Yevlaxa qayıdıb. Axşam isə onun meyiti hamamda bıçaqlanmış halda tapılıb.
Ailə üzvlərinin bildirdiyinə görə, onun hamamdan gec çıxdığını görüb narahat olublar, bu səbəbdən maraqlanarkən onun qan içində meyitini tapıblar. Yaxınları onun özünə qəsd etməsinə də aydınlıq gətiriblər və bildiriblər ki, Lətif Lətifovun özünü öldürməsi üçün heç bir səbəbi olmayıb.
Lakin həyət evində yaşayan mərhumun özünə üç bıçaq zərbəsi vurması da yaxınları tərəfindən qeyri-real qiymətləndirilir. Bununla bağlı Yevlax Rayon Prokurorluğunun müstəntiqi Əvəz Əliyevin verdiyi məlumata görə, hələ ki, bu səbəblər ekspertiza tərəfindən araşdırılır: “Hadisə axşam saatlarında baş verib. Hələ ki, ilkin ehtimal özünə qəsdir, ekspertizanın rəyini gözləyirik yəqin ki qısa müddətdə dəqiq səbəblər aydınlaşacaq”
Onu da qeyd edək ki, Lətif Lətifov yeni ailə həyatı qurub və bir övladı var.
Faktla bağlı cinayət işi başlayıb və araşdırma aparılır.