• cümə axşamı, 18 aprel, 21:26
  • Baku Bakı 21°C

Təki, həmişə uşaqların üzü gülsün - Fotolar

01.06.18 20:20 2022
Təki, həmişə uşaqların üzü gülsün - Fotolar
- Ay xanım, yer eləyin, bu uşaq da otursun.
- Axı mənimki tək oturmaq istəyir.
- Uşaq çox şey istəyər. Hər dediyini eləsəydik, nə vardı ki? Çək uşağını o yana görüm...


Bulvarda karusel üstündə dava edən iki xanımın söhbətinə təsadüfən qulaq kəsildim. Bəs görəsən, uşaqlar doğrudan da çoxmu şey istəyir? Onların hər dediyini etsək, nə olacaq ki? Axı uşaqlar bizim gələcəyimizdir. Hər nə qədər şablon səslənsə də, bu üç kəlmənin arxasında böyük həqiqət dayanır. Bir millətin, bir dövlətin gələcəyi uşaqlardan asılıdır. Elə isə niyə onları istədiklərindən məhrum etməliyik?
1950-ci ildə BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilən qərara əsasən, iyunun 1-i uşaqların beynəlxalq müdafiəsinə həsr olunub. Elə həmin gündən indiyədək 1 iyun əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da uşaqların günü kimi qeyd olunur. Əslində bu təkcə uşaqların deyil, həm də böyüklərin bayramıdır. Çünki onlarla bərabər biz də bu günü qeyd edir, onların sevincinə şərik çıxırıq.
Bu il də bayram münasibətilə ölkəmizdə xeyli layihələr, kampaniyalar həyata keçirildi. Onların içərisində ən çox diqqət çəkən, bu günü balaca balalarımız üçün sözün həqiqi mənasında əsl bayrama çevirən isə Heydər Əliyev Mərkəzinin təşkil etdiyi "Uşaq festivalı” çərçivəsində Dənizkənarı Milli Parkda attraksionlardan, qatarlardan və gəmi gəzintisindən uşaqların ödənişsiz istifadəsi aksiyası oldu. Qeyd edək ki, aksiya çərçivəsində 16 yaşa qədər olan uşaqlar və yeniyetmələr Dənizkənarı Milli Parkda 3 uşaq qatarı, 2 avtodrom, 2 karnaval, uşaq pavilyonu, "Qorxulu Ev”, "Pirat”, ”Möcüzələr dünyası”, "Qüllə” kimi attraksionlardan və "Mirvari” gəzinti gəmisindən pulsuz olaraq yararlandılar. Biz də uşaqların üzündəki sevinci, həyəcanı görmək və sizinlə paylaşmaq üçün parka üz tutduq.

Təhlükəsizlik tədbirləri ən yüksək səviyyədə həyat keçirilir

Bulvar ətrafında böyük bir izdihamla qarşılaşdıq. Bizi bulvarın girişində Bulvar İdarəsi Aparatının "Dövlət Bayrağının təbliği və beynəlxalq əməkdaşlıq” şöbəsinin İctimai əlaqələr sektorunun müdiri Anar Həsənov qarşıladı. Sektor müdiri bildirdi ki, aksiyanın yüksək səviyyədə təşkili üçün Bulvar İdarəsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir: "Bütün təhlükəsizlik tədbirləri ən yüksək səviyyədə həyat keçirilir. Uşaqların bu gününü unudulmaz etmək üçün əlimizdən gələni etməyə çalışırıq. İdarə olaraq bu tipli xeyriyyə aksiyalarının gələcəkdə də keçirilməsini planlaşdırırıq. Gələn hər kəsə təşəkkür edirik”.
Parkda uşaqların hay-küyü valideynlərinin qışqırıq səsinə qarışıb. Azyaşlılar və yeniyetmələr əsl bayram əhval-ruhiyyəsindədir. Aralarında bacarıqlı və şanslı olanlar öz biletini alıb attraksionlarda fırlanır, digərləri isə həsrətlə onlara baxır. Bir qədər aralıda valideynlər öz övladlarının sevincinə tamaşa edirlər. Onlardan biri də buraya öz nəvəsi ilə gələn Gülnarə xanımdır. Deyir ki, belə bir aksiyadan xəbərsiz olub: "Təsadüfən nəvəmi gəzməyə çıxarmışdım. Bir də baxdım ki, həmişə olduğundan daha çox valideyn və uşaq var. Maraqlı gəldi, öyrəndim ki, karusellər, qatar və gəmi bu gün uşaqlar üçün pulsuzdur. Belə bir aksiyanın keçirilməsi çox təqdirəlayiq haldır. Elə uşaqlar var ki, ailəsinin imkansızlığı ucbatından ömründə bircə dəfə də olsun karuselə minə bilməyib. Bu attraksionlar onlar üçün əlçatmaz bir yuxudur. Həmin uşaqları sevindirmək Allah yanında da savabdır. Bu gün onların günüdür, təki həmişə uşaqların üzü gülsün”.

"Bu gün kef eləmişəm”

İki övlad atası olan Fərid Əhmədov deyir ki, belə bir şansın yaradılması təkcə uşaqların deyil, həm də böyüklərin sevincinə səbəb olub: "Neçə vaxtdır "ata bizi parka apar” deyirdilər. Açığını desəm, maddi baxımdan heç cür imkan edə bilmirdim. Çünki iki övladım var. Birinin dediyini edəndə, o biri qalır baxa-baxa. Belə bir şansı yaradan hər kəsə təşəkkür edirəm. Sayələrəndə həm övladlarımızın, həm də bizim üzümüz gülür”.
Bir qədər gəzdikdən sonra sahillə yanaşı üzən gəmiyə həsrətlə baxan balaca Arizə gözümüzə sataşdı: "Çoxlu karuselə minmişəm. Gəmiyə minməyə gəldim. Amma bilet götürə bilmədim. Bu qədər adamın içində deyəsən minə bilməyəcəm. Elə bil hamı bu günü gözləyirmiş”.
Gəminin kassasına yaxınlaşdıq. "İynə atsan, yerə düşməz” məsəli vəziyyəti tam olaraq izah edir. Bilet ala bilənlərin sevinci kənarda qalanların ağlamaq səsinə qarışıb. Valideynlərin bəziləri isə narazıdır. İki övlad anası Sevinc xanım yaman əsəbidir: "Səhərdən burada növbə gözləyirik. Amma bilet ala bilməmişik. Havayı olanda belə olur da. Gəlməyimə peşman oldum. Bir-birini söyən kim, çığıran kim. Belə əyləncə mənə lazım deyil”.
Balaca Lalə isə anası ilə birgə karusellərə minməyə gəlib. Lalə şanslılar arasındadır: "Həm gəmiyə, həm də karusellərə mindim. Əvvəllər də gəlmişdim, amma hamısına minə bilməmişdim. Çünki birinə minəndə anam deyir ki, pul qalmadı day. Bu gün kef eləmişəm”.
Yeddi yaşlı Şirxan deyir ki, attraksionların hamısına minə bilsə də gəmi arzusu ürəyində qalıb: "Bircə gəmiyə minə bilmədim. Çünki adam çox idi”.
Uşaqları qorumaq, onları sevindirmək hər birimizin borcudur. Çalışaq ki, bir gün deyil, hər gün balalarımızı sevək, diqqət ayıraq. Onların təbəssümü isə qazanacağımız ən böyük mükafatdır.

Şəbnəm Mehdizadə






banner

Oxşar Xəbərlər