• çərşənbə axşamı, 19 mart, 10:44
  • Baku Bakı 8°C

Təkəbbürü sevməyən, poliqlot Avropa çempionumuz - Portret

18.02.17 10:30 3067
Təkəbbürü sevməyən, poliqlot Avropa çempionumuz - Portret

Hər ölkənin özünəməxsus idman növü var. Azərbaycanın da həmçinin. Sıravi azərbaycanlı idman həvəskarından "ölkəmizin əsas idman növü hansıdır” deyə soruşsanız, böyük ehtimalla, "güləş” cavabını eşidərsiniz. Bunun üçün uzun-uzadı araşdırmaya da ehtiyac yoxdur. Elə sərbəst və yunan-roma güləşçilərimizin beynəlxalq arenalardakı çıxışlarına baxmaq kifayətdir. Toğrul Əsgərov, Rəsul Çunayev, Hacı Əliyev, Cəbrayıl Həsənov və s. kimi güləşçilərin uğurları ölkəmizin güləş məktəbinin səviyyəsindən xəbər verir. Düzdür, güləşçilərimiz Riodan "qızıl”sız qayıtdı. Ancaq güləş yığmamızın olimpiadanı 9 medalla (3 gümüş, 6 bürünc) başa vurduğunu nəzərə alsaq, ölkəmizin bu idman növündəki gücünə heç bir şübhə qalmır. Ölkə idman həvəskarları olimpiadalarda iştirak edən, medal qazanan güləşçiləri daha çox tanıyır. Ancaq güləş yığmamızdakı güclü rəqabətə görə olimpiadalardan kənarda qalan, ancaq Avropa və dünya çempionatlarında, müxtəlif beynəlxalq turnirlərdəki çıxışı ilə ölkəmizin himnini səsləndirib, bayrağını ucaldan güləşçilərimiz də kifayət qədərdir. Belə idmançılarımızdan biri də, medal kolleksiyası sarıdan korluq çəkməyən, ancaq güləş millimizdəki amansız rəqabətə görə indiyə kimi olimpiya oyunlarından kənarda qalmış Rafiq Hüseynovdur. Bu dəfə sizə güləşin yunan-roma növündə bir çox uğurlara imza atmış Rafiq Hüseynovu tanıdacağıq.
Daşkənddən Bakıya
Rafiq Hüseynov 1988-ci il, mayın 16-da Özbəkistanın paytaxtı Daşkənddə dünyaya göz açıb. O, cəmi 1 yaşında olanda ailəsi Bakıya köçüb. Kiçik yaşlarından idmana həvəsi olan Rafiq, seçim etməkdə çox çətinlik çəkməyib. Atası güləş məşqçisi olan uşağın hansı istiqamətə üz tutacağı bəlli idi. Beləliklə, o, 7 yaşından güləşlə məşğul olmağa başlayır. Onun ilk məşqçisi də elə atası olur. Radik Hüseynov indi də oğlunun şəxsi məşqçisidir. Rafiq atasının onun güləşçi kimi yetişməsindəki əməyini heç vaxt unutmur. O, "atamın mənim üzərimdə çox zəhməti olub. Hər dəfə yarışa çıxanda özümdən çox onun əziyyətinin yerdə qalmamasını istəmişəm” deyir.
Atanın əziyyətini yerdə qoymayan oğul
Rafiq öz nəticələri ilə bu arzusunu yerinə yetirib desək, yəqin ki, yanılmarıq. Onun geniş medal kolleksiyası var. Hələ yeniyetməlik vaxtlarında ölkədaxili yarışları medallarla başa vuran Rafiq sonradan beynəlxalq səviyyəli turnirlərdə də bu uğurlarını təkrarlayır. O, dəfələrlə yeniyetmə, gənclər və böyüklər arasında Avropa və dünya çempionatlarının, həmçinin qran-pri yarışlarının medalçısı olub. Onun medal kolleksiyasında əsas yerlərdən birini isə 2011-ci ildə Almaniyanın Dortmund şəhərində keçirilmiş böyüklər arasında Avropa çempionatının qızıl medalı tutur. 74 kq çəki dərəcəsində yarışan Rafiq, həlledici görüşdə macar Peter Baçini məğlub edərək, qitə birinciliyini fəxri kürsünün birinci pilləsində başa vurur. Bunadək isə o, bir dəfə Avropa çempionu olmuşdu. Rafiq 2008-ci ildə, 74 kq çəki dərəcəsində gənclər arasında Avropa çempionatında qızıl medal qazanmışdı.
Hüseynov 2015-ci ildə isə dünya kubokunun qızıl medalına sahib olur. Elə həmin ildə Rafiq daha bir uğura imza atır. Ölkəmizdə təşkil edilən birinci Avropa oyunlarında yunan-roma güləşində, 80 kq çəki dərəcəsində yarışan Hüseynov, avstriyalı, bolqar, türkiyəli rəqiblərini sıradan çıxararaq, finala vəsiqə qazanır. Ancaq həlledici qarşılaşmada rusiyalı rəqibinə uduzan Rafiq, gümüş medalla kifayətlənməli olur.
O, məhz burdakı uğurlu çıxışına görə prezident İlham Əliyevin sərəncamına əsasən, "Tərəqqi” medalı ilə təltif edilir.
Mütaliəni sevir
İdmançıların bir çoxu mütaliəni sevmir. Hətta bir çox idmançının vaxt azlığı ilə əlaqədar dərslərə səhlənkar yanaşdığının, məktəbi yarımçıq dayandıraraq ancaq idmana kökləndiyinin ölkəmizdə və dünyada dəfələrlə şahidi olmuşuq.
Rafiqdə isə vəziyyət tam fərqlidir. Təhsilə həmişə ciddi yanaşan Hüseynov bunun bəhrəsini məzun olduqdan sonra görüb. O, orta təhsili başa vurduqdan sonra ali məktəbə qəbul olur. Ancaq bir çox idmançı kimi İdman Akademiyasına yox, İqtisad Universitetinin Beynəlxalq münasibətlər fakültəsinə. 2010-cu ildə isə bu universiteti "Gömrük işinin təşkili” ixtisası üzrə bitirir.
Özünün sözlərinə görə, həm məktəbdə, həm də universitetdə yaxşı oxuyub. Güləş ona dərslərinə hazırlaşmaqda mane olmayıb. Rafiq bu cəhətdən özünə güləş millimizin sabiq üzvü, yığmada onun məşqçisi olmuş Fərid Mansurovu nümunə kimi götürür. O, Mansurov barəsində "hər yarışa gedəndə onun əlində kitab olur, düşünürəm ki, bunu bir çox gənclərimiz etməlidir” deyir. Onun ən çox sevdiyi kəlam isə "Allah təkəbbürlüyü sevməz”dir.
"Fort Boyard”ın iştirakçısı və poliqlot
Hüseynovlar ailəsində güləşlə məşğul olan tək o və atası deyil. Rafiqin iki kiçik qardaşı - Adil və Rüfət də güləşlə məşğul olur. Ancaq Hüseynovlar ailəsində ən uğurlu karyeraya malik məhz Rafiqdir. Hər halda, qazandığı uğurlar belə deməyə əsas verir.
Rafiq 2014-cü ildə məşhur layihə "Fort Boyard”ın Azərbaycan versiyasının da iştirakçısı olub. Ölkə telekanallarından birində yayımlanan yarışda Hüseynovun təmsil olunduğu komanda qalib gəlib. Rafiqin güləşdən başqa futbola da marağı var. O, İspaniyanın "Barselona” klubuna azarkeşlik edir. Hüseynov şahmat oynamağı da bacarır. Rafiqin musiqi ilə də arası yaxşıdır. Miri Yusif, Zülfiyyə Xanbabayeva və Mənsum İbrahimovu dinləməyi xoşlayır.
Hər gün nə isə öyrənməyə çalışan Hüseynov yeni dil öyrənməklə bağlı da həmişə öz üzərində çalışır. Rafiqi yəqin ki, ən poliqlot, yəni ən çox dil bilən güləşçimiz adlandıra bilərik. O, doğma Azərbaycan dilindən başqa, 4 dil - türk, rus, ingilis və erməni dillərini bildiyini deyir. Özünün sözlərinə görə, düşmən ölkənin təmsilçiləri ilə idman arenasında qarşılaşdığı zaman bu amil onun xeyrinə olur. Belə ki, o, rəqib məşqçinin yetirməsinə təlimatlarını tam başa düşür. Deyir "düşmənin də dilini bilmək lazımdır”.
Kumiri
Rafiqin kumiri yığmadakı sabiq məşqçisi, olimpiya çempionumuz Fərid Mansurovdur. Hüseynov daim onu örnək kimi götürdüyünü deyir. Rafiq beynəlxalq arenada qarşılaşmaq istədiyi rəqib kimi isə rusiyalı Roman Vlasovun adını çəkir. Maraqlıdır ki, Rafiq Vlasovla hələ 2011-ci ildə Dortmunddakı Avropa çempionatında qarşılaşa bilərdi. Ancaq həmin yarışda Hüseynovla rusiyalının yolları kəsişməyib. Maraqlıdır ki, sonradan iki dəfə olimpiya çempionu olan (2012, 2016) Vlasov həmin qitə birinciliyində 3-cü, Rafiq isə çempion olmuşdur.
Portret
Rafiq "təkəbbürü sevmirəm” deyir. Elə onun uğurlarında əsas rolu da bu xüsusiyyəti tutur. O, nə qədər uğur qazansa da, öz üzərində işləməyi yadırğamır və heç kimə yuxarıdan aşağı baxmır. Sakit təbiətli olan Hüseynov bir çox idmançıdan fərqli olaraq, oxumağa, öyrənməyə, özünü təkcə fiziki yox, həm də zehni cəhətdən inkişaf etdirməyə meyllidir.
Rafiqdə olimpiya oyunlarında iştirak etmək üçün yetərincə potensial var. Hər halda, onun karyerası ərzində qazandığı medallar belə deməyə əsas verir. Rafiqin artıq 28 yaşı var. Bu yaş güləşçi üçün kifayət qədər yüksək olsa da, onun hələ də olimpiya oyunlarına qatılmaq şansı var. Hər halda, Rafiq ötən ay baş tutmuş Azərbaycan çempionatında növbəti çempionluğunu qazanaraq "silahı” yerə qoymadığını göstərdi.
banner

Oxşar Xəbərlər