• şənbə, 20 Aprel, 11:22
  • Baku Bakı 14°C

Təkcə qazancı deyil, cəmiyyəti də düşünürlər

16.05.17 13:00 1800
Təkcə qazancı deyil, cəmiyyəti də düşünürlər
"Mən neft quyularımın bir neçəsini satdım, əvəzində toxuculuq fabriki açdım. Amma məndən soruşurdular ki, axı neft quyularından çıxan qazanc fabrikin verdiyi mənfəətdən daha çox idi, nədən belə etdin? Mən isə deyirdim ki, fabrikdə 5 min nəfər çalışır, amma neft quyusunda 5 yüz nəfər işləyirdi”. Bu sözlər məşhur Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevə aiddir.Onun bu fikri biznes adamının həm də cəmiyyəti düşünməsinin nə dərəcədə vacib olduğunun bir göstəricisidir. O vaxt xeyriyyəçilik adlandırılan həmin ifadə bu gün Korporativ Sosial Məsuliyyət (KSM) adlandırılır. Biz də hazırda KSM proqramı çərçivəsində xeyriyyəçilik, hər hansı sosial problemin qabardılması üçün şirkətlərimiz tərəfindən görülən və görüləcək işlərlə maraqlandıq.
Məşğulluq, gəlir, xammal ehtiyatı ilə təminat...
"Azersun Holding” MMC-nin İctimaiyyətlə əlaqələr departamentinin rəhbəriAfiq Səfərovun sözlərinə görə, KSM "Azersun Holding”in bütün müəssisə və bizneslərini müşayiət edir. Şirkətin uğurlu KSM layihələri YUNİSEF və digər beynəlxalq ekspertlər tərəfindən nümunə kimi bir çox ölkələrə təqdim olunub: "Hətta beynəlxalq hesabatlarda "Azersun Holding”in təcrübəsi qeyd olunub. Onlardan İmişli Şəkər Zavodunun həyata keçirdiyi KSM layihələrini qeyd edə bilərəm. Zavodu ölkədə fəaliyyət göstərən yerli fermerləri şəkər çuğunduru toxumu, texnika, dərman və gübrələrlə təmini, aqrar məsləhətlər verilməsi ilə bağlı bütün dəstəyi göstərir. Bu dəstəyin nəticəsində həmin fermerlər yetişdirdikləri çuğunduru zavoda təhvil verirlər. Burada həm insanların məşğulluğuna şərait yaranmış olur, həm gəlir əldə edirlər, həm də zavodun xammal ehtiyatı ilə təmin olunmasına töhfələrini verirlər.İkinci nümunə olaraq bizim kağıztoplama layihəmizi qeyd etmək istəyirəm. "Sun Tea” çay fabrikimizin həyata keçirdiyi addımları qeyd etmək olar. Yeni çay plantasiyalarının salınması məqsədilə cənub bölgəsində yaşayan fermerlərə avanslar veririk. Nəticədə yetişdirdikləri məhsulları zavoda təhvil verirlər. Yaxud bizim yağ markalarımızın həyata keçirdiyi "Zeytun bağları" aksiyası çərçivəsində Bakının müxtəlif ərazilərində zeytun ağaclarının əkilməsi işi aparılır. Bu zeytunların qorunması istiqamətində həyata keçirilən layihələrdir. Azərbaycanda zeytun tinglərinə qulluq layihəsini biz müvafiq icra hakimiyyəti orqanları ilə birgə həyata keçiririk, yeni zeytun ağaclarının əkilməsi məqsədi ilə ağacları alırıq və icra hakimiyyətlərinin ayırdığı ərazidə əhali ilə birgə bələdiyyələrin, icra nümayəndələrinin fəal iştirakı ilə birgə zeytun ağaclarının əkilməsi və qulluq layihələrinin həyata keçiririk. Yetişdirilən zeytunlar həm "Azersun Holding”ə, həm də digər zeytun emal müəssisələrinə verilir. Onlarla belə təcrübəmiz var”.
"Bakcell”: Xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyası və gənclərin təhsili...
"Bakcell”in mətbuat xidmətinin məlumatına görə şirkət məsulliyyətli korporativ vətəndaş funksiyasını qürurla yerinə yetirir. Bakcell-in KSM strategiyası iki istiqamətdə fəaliyyət göstərir: xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyası və gənclərin təhsili: "Bakcell, bütün uşaqların özlərini cəmiyyətin bərabərhüqüqlu üzvləri hesab etmələri istiqamətində böyük rolunun olduğuna inanır. Şirkətin 2009-cu ildən başlayaraq həyata keçirdiyi "Bakcell Stars” adlı KSM proqramının çox sadə bir məqsədi var: xüsusi qayğıya ehtiyacı olan uşaqlara yardım etmək. Bakcell öz KSM siyasəti ilə ölkənin hər yerində yaşayan fiziki və emosional qüsuru olan uşaqlara və onların ailələrinə ümid bəxş edir. Bu sahədə bizim əsas tərəfdaşlarımız bütün dünyada qayğıya ehtiyacı olan uşaqlara yönəlmiş uğurlu layihələrə imza atan ”Save the Children”, "SOS Uşaq Kəndləri”, "Azərbaycana Birgə Yardım” və "Sosial Xidmətlər Təşəbbüsü” təşkilatlarıdır.
KSM strategiyasının ikinci istiqaməti olan təhsil proqramının məqsədi gəncləri informasiya-kommunikasiya texnologiyaları dünyası ilə daha yaxından tanış etmək, onların bu sahədə bilik və bacarıqlarını artırmaq və ölkənin telekommunikasiya sektorunda uğur qazanmaq potensialı olan gənc kadrları dəstəkləməkdir. Bu sahədə Bakcell-in ən böyük tərəfdaşı JAA Azərbaycan təşkilatıdır. Bundan başqa, ölkədəki bir sıra aparıcı universitetlərlə yaxından əməkdaşlıq edir, məzun layihələri həyata keçiririk”.
Azercell: "Davamlı olaraq təqaüd və təcrübə proqramları həyata keçiririk”
AzercellTelekom MMC-nin mətbuat xidmətindən bildirildi ki, şirkət ənənəvi xeyriyyəçilikdən uzaqlaşmağa, daha konseptual korporativ sosial layihələr həyata keçirmək istiqamətində fəaliyyət göstərməyə yön alıb: "Azercellin fəaliyyət istiqaməti İnformasiya Kommunikasiya Texnologiyaları olduğundan, cəmiyyətimizin rəqəmsal inkişafını, texnoloji tendensiyalarını dəstəkləyən layihələrə üstünlük veririk. Konkret örnəklərə gəldikdə, məsələn uzun illər ölkənin ilik və yeganə "Uşaq qaynar xətti”nin əsas dəstəkçisi olaraq biz bu il layihəni rəqəmsal platformaya daşıdıq. Layihənin mobil tətbiq versiyası istifadəyə verildi. Bu yaxında İOS üçün olan versiya da təqdim olunacaq. Uzun illərdən bəri uğurla davam edən mobil göz və diş klinika layihələrimizin daha təkmilləşmiş formatı da təqdim olunmaq üzrədir. Qısaca bildirək ki, mobil göz və diş klinikaları qaçqın və məcburi köçkün, eləcə də sosial rifahı aşağı olan ailələrin uşaqlarına zəruri oftalmoloji və dental xidmətlər təqdim edir. Növbəti mobil layihəmiz isə "Qan klinikası”dır. Qan klinikası uşaqlarda mövcud olan xəstəliklərin ilkin mərhələdə aşkarlanmasına yardım edəcək və bu dəfə biz nəticələrin əldə olunmasında insan müdaxiləsini minimallaşdırmağı, maşınların rolunu artırmağı planlamışıq.Biz ölkədəki ilk Uşaq Paralimpiya Komitəsinin əsas tərəfdaşıyıq. Bu il ötən illərdəki kimi, dekabr ayında 3-cü Respublika uşaq paraolimpiya yarışları keçiriləcək. Hazırda tədris-təlim prosesləri davam edir. Biz gənclərin asudə vaxtlarının səmərəli təşkili, eləcə də kitab oxuma vərdişlərinin möhkəmlənməsi üçün "Gənclər kitab oxuyur” layihəsinə start vermişik. Azercell-də əsası qoyulmuş Barama sahibkarlıq və innovasiya mərkəzi də rəqəmsallaşma strategiyamızı əsas götürərək silsilə layihələr həyata keçirir.Təhsilə olan dəstəyimiz sosial məsuliyyətimizin ən vacib sahələrindəndir. Azercell biz çox aparıcı universitetlərlə memorandumlar imzalayıb, davamlı olaraq təqaüd və təcrübə proqramları həyata keçiririk”.
Şirkətdən o da bildirildi ki, Azercell 20 il ərzində Barama və tələbə təqaüdü proqramı xaric, sponsorluq və ianələrə 20 milyon ABŞ dollarından çox vəsait sərf edib.
"Gələcəyimiz ulduz kimi parlasın!”
VEYSƏLOĞLU Şirkətlər Qrupunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri İlham Məmmədov deyir ki, təmsil etdiyi şirkət daim kimsəsizlərə, şəhid ailələrinə, əlillərə, məcburi köçkünlərə, veteranlara, qayğıdan uzaq qalan uşaqlara, qocalara diqqət və qayğı göstərərək onların problemləri ilə yaxından maraqlanır: "Şirkətimiz hər il müəyyən olunmuş strategiya əsasında KSM layihələr həyata keçirir. Bu layihələrə müxtəlif idman yarışlarında idmançılarımıza maddi dəstək olmaq, hər il hemofiliyalı xəstələr üçün qanvermə aksiyaları təşkil etmək və təşkilatçılara yardımçı olmaq, hərbi hissələrdə əsgər və zabitlərlə görüşlər keçirmək, əqli cəhətdən geri qalmış və kimsəsiz uşaqlar üçün müxtəlif şənliklər təşkil etmək, uşaq və qocalar evlərində görüşlər, aztəminatlı, şəhid ailələri, əlil və veteranlara müxtəlif vaxtlarda maddi dəstək göstərmək və s. daxildir”.
İ.Məmmədovun sözlərinə görə, "Veysəloğlu” Şirkətlər Qrupu işçi heyətin bilik və bacarığının, peşəkar səviyyəsinin artırılmasına daim böyük əhəmiyyət verir: "Bunun üçün öz hesabına ölkə daxilində və xaricdə kurslar, seminarlar, təlimlər təşkil edir, müxtəlif tədbirlər həyata keçirir. Şirkət respublikanın ali təhsil müəssisələrinə yüksək bal ilə qəbul olmuş işçilərin və ya onların övladlarının təhsil haqqı ödənişlərinə, eyni zamanda, əməkdaşlarının xarici ölkələrin ali təhsil müəssisələrində təhsil alan övladlarının təhsil almalarına da daim yardımçıdır. Veysəloğlu Şirkətlər Qrupu 2013-cü ildən etibarən "Veysəloğlu Tələbə Təqaüd Proqramı”nı (VTTP) həyata keçirməkdədir. Təqaüd Proqramına əsasən şirkət əməkdaşlarının ölkə daxilində və xaricdə ali təhsil müəssisələrinə qəbul olmuş övladlarına təhsilə dəstək məqsədilə aylıq və illik təqaüdlər ödənilir. Həmçinin şirkətlər qrupunda əməkdaşlarımızın şəxsi və peşəkar inkişaflarına yönəlik təlimlər, müxtəlif tədris layihələrinin təşkili ilə məşğul olan "Veysəloğlu İnkişaf Mərkəzi” (VİM) fəaliyyət göstərir”.
Departament müdiri bildirdi ki, 2017-ci il üçün də Şirkətlər Qrupunun KSM layihələri hazırlanıb: "Əsas məqsəd dövlət və bir çox QHT alyansları tərəfindən həyata keçirilən layihələrə dəstək olmaq, bir şirkət olaraq korporativ məsuliyyət borcunu yerinə yetirməkdir. Cəmiyyətin aztəminatlı təbəqələrinin sosial problemlərinin həlli istiqamətində icra olunacaq işlərin ardıcıllığını təmin edəcək layihədə "Gələcəyimiz ulduz kimi parlasın!”, "Unudulmayanlar proqramı”, "İstedadlı gənclər proqramı” və "Qayğının zamanı yoxdur proqramı” olmaqla 4 proqram əks olunub. Bu proqramlar sayəsində şəhid ailələrinin, Qarabağ əlillərinin, valideynini itirmiş və ya maddi imkanı aşağı olan potensiallı tələbələrin sosial-iqtisadi problemlərinin, eyni zamanda şirkətə yardım və dəstək ilə bağlı ünvanlanmış müraciət məktublarının həllinə yönəlib”.
"Hyundai Motor Company”: İqtisadi, ekoloji və sosial məsuliyyət...
Auto Azərbaycan şirkətinin Hyunadi markası üzrə marketinq meneceri Cavid Abasov bildirdi ki, şirkət öz fəlsəfəsi daxilində yalnız qazanc əldə etməyi prioritet olaraq görməyib. Eyni zamanda ətraf mühitdə olan problemlərə həssas yanaşmaqla bərabər, dünyanın daha yaxşı bir yerə dönməsi üçün böyük səy göstərməkdədir. Hyundai markasının KSM fəaliyyəti iqtisadi, ekoloji və sosial məsuliyyətlərə bölünür.
C.Abasov deyir ki, yerli distribyutorluqlar digər fəaliyyətlərində olduğu kimi KSM fəaliyyətlərinin aktiv olmasında da Hyundai Motor Company-ni örnək almaqdadırlar. O cümlədən Hyundai markasının Azərbaycandakı rəsmi distribyutoruolan Auto Azərbaycan ətrafın yaxşılaşması üçün, cəmiyyətə faydalı olmaq üçün addımlar atmaqdadır və Azərbaycanda KSM fəaliyyətlərini həyata keçirən yeganə avtomobil şirkətidir: "Hyundai Azerbaijan 2010-cu ildə KSM fəaliyyətlərini özündə birləşdirən "Gələcəyimiz üçün əl-ələ" proqramını yaratdı. Elə eyni ildə valideynlərini qəzada itirən ailələrə dəstək layihəsi keçirən Hyundai bunun üçün geniş miqyaslı addımlar atdı. KSM çərçivəsində qəza şəraitində valideynlərini itirən evlərə, uşaqlara baş çəkərək onlara dəstəyin göstərilməsi oldu”.
C.Abasovun sözlərinə görə, Azərbaycanda avtomobil şirkətləri arasında tək KSM fəaliyyəti göstərən Auto Azərbaycan eyni duyarlılığı 2012, 2013 və 2014 cü illərdə də göstərərək "Gələcəyimiz üçün əl-ələ" proqramı çərçivəsində ayrı-ayrılıqda müxtəlif layihələr keçirib: "Hazırda "Gələcəyimiz üçün əl-ələ” proqramı "Yaşıl ofis" proqramına üzvdür ki, bu da şirkətin minimum kağız istifadəsini özündə əks etdirir. Şirkət daxilində toplanan kağızlar yenidən emal üçün təhvil verilməkdədir. Növbəti aylarda avtomobil sektorunda yeni KSM layihələr həyata keçirməyi planlaşdırırıq. Yeni layihə yollarda olan yol hərəkəti qaydalarının pozulmasını aradan qaldırmaq üçün mümkün qədər geniş miqyası əhatə edəcək”.
Aygün Asimqızı
banner

Oxşar Xəbərlər