• cümə axşamı, 28 mart, 17:09
  • Baku Bakı 16°C

Təkamül, yoxsa xaos?

26.09.18 10:00 924
Təkamül, yoxsa xaos?
Kamillik zamana tabedir. Ona görə də heç zaman bitmir. Yəni, nəyinsə, kiminsə, kamil olduğu heç bir yerdə görünməyib. Kainatda dayanmayan yeganə hərəkət təkamüldür – heç dayanmayacaq da. Keçmiş heç bir zaman gələcəkdən üstün ola bilməz. Təkamül qeyri-iradi prosesdir. Heç kim və heç nə təkamüldən geri qalmır və bu prosesdən ayrı yaşamır. İradənin təcəllası isə bundan ibarətdir ki, təkamül xaosla deyil, kosmosla müşayiət edilir. Adına "Tanrı” deyib, "Allah” deyib, anlamsız hala gətirdikləri gerçəyin anlamı da elə həmin bu iradədir. Düyünlü nöqtə buradadır ki, təkamül birtərəfli gedir. Hərəkət davamlı olaraq, ələnir, biri-digərinin içinə sığmaq üçün yonulur, kiçilir, forma və məzmun olaraq dəyişir. İradə ikitərəfli və ya çoxtərəfli fəaliyyət göstərə bilməz. Bu zaman o, iradə yox, şeytandır. Çoxluğun vəhdəti deyilən şey hər şeyin qəbulu deyil, hər şeyin bir şeyə dönüşüdür. Bu dönüşümün özü isə istəyərək, rəvan və sadə bir şəkildə gedən proses deyil. Çünki ortada xaos yox, iradə mövcuddur.
İradə həm də ədalətdir. İradəni inkar edənlər avtomatik olaraq, ədalətin varlığını inkar etmiş olurlar. Ədalətə inanmaq Tanrıya inanmaq deməkdir. Yəni, Tanrının varlığı üçün ədalət bəs edər. Çünki Tanrı savaşçıdır. Onun məhəbbəti isə, onun ən böyük silahıdır. Məhəbbət nifrətə qarşı savaşır. Nifrət heç bir zaman məhəbbətə qarşı savaş açmayıb. Çünki o, öz işindədir. Onun belə bir savaşa xüsusi olaraq, ehtiyacı yoxdur. Kainat onsuz da xaosa meyllidir. Xaos isə, dediyimiz kimi, iradənin mövcud olmadığı atmosferlərin bütün ölçülərdəki təzahürüdür. Xaos ağıllıdır, hazırlıqlıdır, proqramlıdır, cazibəlidir, sadəcə bir nöqtənin varlığını gizlətmək üçün bu sonsuz kainat xaosa meyllənib. O nöqtə isə heç bir zaman yox olmur. Çünki, xaos dərinləşdikcə qaranlıqlaşır və o nöqtənin işığı getdikcə artır. Əksinə, gizlədilmək istənilən şey daha da çox aşkara çıxır. Möhtaclıq nizamın və iradənin mayasıdır. Şeytan isə, ehyiyacı inkar edir. Xaos varlığın özünə olan ehtiyacını belə rədd edir. Ruhlar, nəsillər, məktəblər, hamısı ötürücüdür. Bu gün başqalarına möhtac olana sabah başqaları ehtiyac duyur. Bunun adı isə, təkamüldür. Xaos isə, məhz təkamülü yox etmək istəyir. O hətta, dinlərin, etiqadların içərisinə girərək, ali inanc mənbəyinin özünü belə mahiyyət olaraq dəyişdirmişdir. Çünki Tanrı ancaq və ancaq mahiyyətdir. Mahiyyət isə beyinlərin, şüurların, qəlblərin və hislərin məhsuludur. Tanrı, necə qəbul edilirsə, o cürdür. Xaos məhz bu azadlığın içindəki boşluğa daxil ola bildi. Boşun içi boşla doldu. Hər şey fani elan edildi. Anlamaq olmur ki, hər şey fanidirsə, onda Tanrı kimə gərəkdir? Bəli, gizli yollarla gəlinən aşkar budur ki, Tanrının özü də fanidir, yəni boş şeydir. Xaosun ən yaxın dostu isə Tanrını təsdiq etmək istəyənlərdir. Onlar şeytanın ən kəskin silahıdır. Şeytanın ən qatı düşməni isə Tanrını təsdiq edənlər yox, onu göstərənlərdir.
Çünki, təsdiq mövcud olmayan bir şeydən doğan ehtiyacdır. Mövcud olanın təsdiqə ehtiyacı yoxdur. Tanrını göstərənlər isə, Əbu Yəzid Bistami kimi, barmağını yox, ayı göstərənlərdir. Bəli, din məhz barmağını göstərir. "Mənə baxın”, "bizə baxın” deyir. Heç bir din "Ona baxın” demir. Əgər belə desə, onda din və dinlər olmaz. Elə xaosun da qol-qanadı burada açılır. "Ona baxın” deyənləri yalanlamaq üçün şeytan Onun özünü yalanlayır. Nəsimi anladı ki, göyə baxanlar xaosun gözüylə baxır və heç nə görmür. O zaman göyləri yerlərə gətirdi. Nöqtənin özünü göstərdi. Kainatın sadəcə bir nöqtə olduğunu öz alnındakı işıqla nümayiş etdirdi. Elə buna görə də xaosun qəzəbinə gəldi. Ona görə də bu gün din də Nəsimini inkar edir, şeytan da! Ancaq zavallılar çarəsiz qalaraq, o işığı öz tərəflərinə çəkmək istəyirlər – din Nəsimiyə "müsəlman” deyir, şeytan isə "ateist”! Gülməlidir. Nəsimi sübut etdi ki, onların ikisi bir ələ işləyir. Bu əlin sahibi isə, xaosdur. İradəni yox etmək istəyən, ədalətin mövcudluğunu qaba, səviyyəsiz bir hala gətirən xaos! Məsələ burasındadır ki, nöqtələr bir-birinə qarışmır. Kainat qazan deyil, Tanrı da aşpaz... Nöqtələr birləşir, biri digərini yeyir. Artır, bütövləşir, doğulur, birləşir. Bəli, doğuluş var, ancaq ölüm yoxdur. Sadəcə qovuşmaq var, birləşmək var. Yoxluğun mahiyyəti varlıqdır. Çünki, yox olan təkdir, var olan cəm. Təklər cəmə dönüşdüyü zaman görünmədiyi üçün biz onları yox sayırıq. Qurani-Kərimdəki "İnna lillahi və inna ileyhi raciun” – "Ondan gəlmisiniz, Ona da dönəcəksiniz” ayəsinin mahiyyəti məhz budur, yəni, kəsrətdən vəhdətə gedən yol. Xaos bu ayənin də anasını ağlatdı. Həqiqətin üzünü-gözünü cırmaqladı, onu tanınmaz hala gətirdi.
Bir daha təkrar edirik ki, Tanrı şüurlardadır. Onun rəsmini də məhz şüurlarda dəyişdirdilər. Elə Nəsimi və nəsimilər də məhz elə şüurlara hücum etdilər, ağıllara, qəlblərə, hislərə müdaxilə etdilər. Əslində isə, onlar heç kimə heç nə etmədilər. Özlərini dəyişdirdirlər və beləcə kainat dəyişdi.
Həqiqət nəsildən gəlmir, əsildən gəlir.
Nəsil maddidir, əsil mənəvi.
Nəsil atadır, əsil Allah.
Nəsil kəsrətdir, əsil vəhdət.
Nəsil surətdir, əsil məna.
Nəsil cismani doğuluşdur, əsil ruhani.
Nəsil doğulmaqdır, əsil qovuşmaq.
Nəsil yaradılandır, əsil yaradan.
Nəsilsiz yaşamaq olar, əsilsiz yox.
Nəsildən qaçmaq olar, əsildən yox.
Nəsil fanidir, əsil əbədi.
Nəsli ilə öyünənlər, əslini unudanlardır.
Məsələ burasındaıdr ki, ötürülmə anlayışının özü yanlışdır. Heç kim heç kimə heç nə öyrətmir. Yeni gələn özündən əvvəlkini həzm edir və onu özünə çevirir. Qanunlar dəyişilmir, kamilləşir. Dünyada insan qanı axmayan yeganə məkan elm vadisidir. Bu vadidə nə dövlət var, nə ailə var, nə də hökmranlıq duyğusu. Elm ədalətin ruhudur. Elmsiz ədalət ölü bədəndən və quru sözdən ibarətdir. Elm kitablardan gəlmir, kitablara gedir. Elmi oxumaq, öyrənmək olmaz, sadəcə, bəxş etmək olar, sərf etmək olar. Elmin mənbəyi şüur deyil, vəhdətdir. Vəhdətə bağlanan şüur cüzvdən küllə vəsl olur. Bundan sonra elmin axışı başlayır, ta o kanal bağlanana qədər. Əksinə, kitablara tökülən elm öz həqiqi mahiyyətini itirir, əhəmiyyətli dərəcədə zəifləyir. Çünki kainatın bir müəllimi var! O da vəhdətə bağlanan, yəni Allahı özündə təcəlla etdirən insandır! Bunu isə hər kəs bacarar. İlahi ədalət isə bundan ibarətdir ki, xaos insanlara fərq qoyur, onları aliyə, ibtidaiyə, yaxşıya, pisə ayırır. Tanrı isə öz mayasından yaratdığı insana sonsuz imkanlar bəxş edir. Çünki Tanrı ilə şeytanın savaşı insanın üstündə başlayıb. Əslində nə Tanrı var, nə şeytan. Bir nizam var, bir xaos var. Yaradılış hekayələrinin hamısında insana müqəddəs libas geydirilir. Şeytan bu libası onun əynindən çıxararaq, onu əncir yarpağına bürüdü. Bəli, ibtidai icma quruluşu deyilən formasiya xaosdan başladı. Ali insan ibtidaiyə çevrildi. Tanrıyla aşiq-məşuq olanlar indi bir-birindən utandılar. Ayıb yerləri görünməyə başladı. Halbuki, o yerlər bundan bir az öncə də var idi onların bədənində. Ancaq görünmürdülər, yəni, nəfs yox idi. Bəs niyə həmin yerlər göründüyü zaman, onlar da, mələklər də, hətta Tanrı da utanmağa başladı? Çünki vəhdət parçalandı! Vəhdətdə sən və mən yoxdur ki, kim kimdən utansın, nədən utansın?
Əbədidən faniyə köç etdikdən sonra isə zəhmətkeş şüurlar çalışmağa başladı və nəsillərin sildiyi əsillər üzə çıxmağa başladı. Dünyanın üzərində nöqtələr bulundu ki, bu nöqtələr əbədiyyətin nişanələri və dayaq mənzilləri idi. Əslində isə, Kəbə evini dünyanın harasına tiksəydilər, eyni mahiyyətə sahib olacaqdı. Çünki mühüm olan Kəbə deyildi, insan idi!
Tarixdəki bütün kütləvi hərəkatlar, üsyanlar qanla bitib. İnsan üçün vuruşanlar milyonlarla insanın qətlinə bais olub. Çünki, kütləvilik deyə bir şey Tanrının qanunlarına ziddir. Çünki, kütlə xaos deməkdir. Həqiqət heç bir zaman çoxluğun tərəfində olmayıb. Və təbii olaraq, çoxluq da heç bir zaman həqiqətin tərəfində olmayıb. Əgər insan fərd olaraq, özünü dərk etsəydi, nə icmaya, nə ailəyə, nə də hər hansı bir quruluşa ehtiyac qalardı. Xaos insanı insana yalançı şəkildə möhtac etdi. İnsanı xilas edəcək gücün özündə yox, başqasında olduğunu ona ilqa etdi. Məntiq isə belə deyir ki, var olan şeyi təlqin etməyə ehtiyac yoxdur. Əgər mən onu gözlərimlə görürəmsə, onu mənim şüuruma yeritməyin nə anlamı var? Tanrı kənar müdaxilə deyil, insanın xilqətinin gərəyidir. Ancaq xaos Tanrını kənarlaşdıraraq, təzədən insana müdaxilə etdirdi. "Müdaxilə” daxil olmaq deməkdir. Mənim daxilimdə zatən var olan bir şey mənə necə daxil ola bilər? Bunun ancaq bircə yolu var - onu məndən alaraq, mənə qaytarmaq. İlahi iradə bu pozuqluğun, bu xaosun qarşısındadır. Ancaq nə yazıq ki, gözlərin görə bilmə imkanı onların özünə həvalə edilmişdir. Görə bilməyən də insandır, görə bilən də! Hərdən düşünürsən, kaş ki, tanrıçıların mənim inancıma, əqidəmə, şüuruma müdaxilə etməsi yerinə, Tanrının özü mənim gözlərimə, qəlbimə, idrakıma müdaxilə edəydi. Kaş ki, rəhmət dedikləri şey bu olaydı! Ancaq olmadı. Çünki Tanrı insanı hürr yaradıb! İnsanı ona görə seçib ki, seçim etmək imkanı olan yeganə varlıq yenə də insandır! Tanrı insanı kainatdakı sonsuz sayda varlıqlardan, bilib-bilmədiyimiz canlılardan, necə deyərlər, on səkkiz min aləmdən ona görə seçib ayırıb ki, insan da bir gün bu aləmlərin içərisindən Tanrını seçib ayıra bilsin. Səfa ilə Mərva arasında yeddi dəfə qaçan Hacər əslində su axtarmırdı, ikilik arasındakı həqiqəti, birliyi, vəhdəti axtarırdı. Göylərin yeddi qatından yerlərin yeddi qat dərinliyinə qədər uzanan və bu qatların sayını sonsuza qədər artıra bilən insan zəkası məhz iradənin diktə etdiyi təkamülə tabedir. Bu təkamül heç bir zaman dayanmayacaq. Kamillik haradasa bitən bir nöqtə, tamamlanan bir çevrə deyil. Kamillik yalnız və yalnız hərəkətdir - özü də geriyə, qaranlığa, keçmişə doğru yox, irəliyə, işığa və gələcəyə doğru! İradənin təcəllası xaosun hökmranlığına hər addımda son qoyur. Bunu sadəcə görmək və göstərmək lazımdır. Görmədən göstərənlər şeytana, görərək göstərənlər isə Tanrıya xidmət edir!
Fəxrəddin Salim
banner

Oxşar Xəbərlər