“Tək özümüzə görə yaşamamalıyıq” - Örnək
Onu hər zaman bir sual maraqlandırıb: cəmiyyətə
faydalı olmaq üçün nə edə bilər? Öyrəndiyini öyrətməyin tərəfdarıdır. Hesab
edir ki, insan bu dünyaya boşuna gəlmir. Bildiklərimizi öyrətməli, əlimizdən gəldiyi
qədər faydalı iş görməyə çalışmalıyıq. Çünki cəmiyyət, bölüşdükcə gözəlləşər.
"Örnək” rubrikamızın qonağı Qafqazinfo.az saytının əməkdaşı, "Mesenat” Xeyriyyə Cəmiyyətinin baş
katibi Fərid Ədalətdir.
Müsahibimiz Xəzər Universitetində təhsil alıb. Elə
təhsil aldığı ilk illərdən ictimai sferada sosial aktivlik göstərir, maarifləndirmə
kampaniyalarında iştirak edir, bacardığı qədər insanlara faydalı olmağa
çalışırmış:
- O vaxt Ağsudan Bakıya təhsil almaq üçün gəldim.
Universitetə başladığım ilk illərdən daim yeniliklər axtarışında idim. İctimai
sferada aktivlik göstərməyə çalışırdım. O vaxt universitetin tərkibində Tələbə
Məclisi adlı qurumla tanış oldum və fəaliyyətə başladım. 3 il ərzində Debat Natiqlik
məktəbində könüllü olaraq çalışdım. Həm özüm debatın iştirakçısı idim, həm də
orta məktəblərdə təlimlər keçir, şagirdləri natiqlik çempionatlarına
hazırlayırdım. Hətta nəticələrimiz də oldu. Hazırlaşdırdığım komandalar bir neçə
dəfə çempion oldular. Bu təlimlər uşaqlarda nitq mədəniyyətini, özünü ifadə
qabiliyyətlərini inkişaf etdirirdi. Bununla yanaşı, biz müxtəlif sosial layihələrdə
iştirak edirdik. Öz ideyalarımı tətbiq edərək insanlara kömək etməkdən zövq
alırdım. Öyrəndikcə, öyrətmək istəyirdim. Təsəvvür edin, evdən tezdən
universitetə getmək üçün çıxırdım, axşam saat 12-də qayıdırdım.
- Maddi
qazanc olmadan universitetlə yanaşı, bütün gününü könüllülüyə sərf etmək nə
qazandırdı? Adətən, tələbələrin bəziləri könüllü işləməyin tərəfdarı olmurlar.
- Maddi olaraq heç bir qazancım olmadı. Amma mənəvi
qazanclarımız həddindən artıq böyükdür və bu gün də köməyimə gəlir. O zaman
qurduğumuz çevrə, insanlar sonradan bizi maddi qazanclarla da təmin etdi. O qədər
enerjili idik ki, Xəzər Universitetində çətin dərslərin arasında vaxt tapıb bu
işlərlə məşğul olurduq. Təsəvvür edin ki, mən Bakıda qohum evində yaşayırdım. Hətta
metroları belə rahat tanımırdım. Bir ay idi ki şəhərdə idim, orta məktəbdən bir
neçə şagird götürüb hansısa turnirə aparırdım. Bir dəfə qar yağmışdı, qayıtmağa
avtobus yox idi. Gecə 12-yə qalmış evə gəlirdim. Uşaqları aparanda, özüm də gedə-gedə
yolları əzbərləyirdim ki, qayıdanda yolu itirməyim. Ac-susuz bütün günü işləyirdim.
Tələbənin cibində ancaq rayondan göndərilən pul olur. O pulu da yolda xərcləyirdim,
yeməyə heç nə tapmırdım (gülür). O qədər həvəsli idim. Səhərdən axşama qədər
uşaqları hazırlaşdırırdıq. Hətta bir direktor var idi, bizə hazırlaşmağa otaq
vermirdi. Yağışın altında çöldə təlim keçdiyim günlər olub.
- "Mesenat”
Xeyriyyə Cəmiyyəti necə yarandı?
- Universitet dövründə biz həm də dostlarımızla
sosial işlərlə məşğul olurduq. Tələbələrlə yığışıb qocalar evinə, internat məktəblərinə
gedirdik. O dövrdən belə bir cəmiyyət yaratmaq fikrinə düşdük. 7-8 il ərzində
könüllülərdən ibarət qrupumuz formalaşdı və cəmiyyətimizi yaratdıq.Cəmiyyətin sədri Tahir Hümbətli, sədr müavini isə Pərvanə Haxızadədir. Bütün tədbirlərdən öncə birgə müzakirə aparılır, qərarları birlikdə alırıq. "Mesenat”
Xeyriyyə Cəmiyyətində toplanan ianələrlə aztəminatlı ailələrə, müəyyən xəstələrə
köməklik göstərməyə çalışırıq. İldə bir neçə dəfə bayramlar ərəfəsində 200-300
nəfər üçün tədbir təşkil edir, hədiyyələr veririk. Bizdə maliyyələşmək olmadığı
üçün könüllük prinsipi əsasında fəaliyyət göstəririk. Sosial şəbəkələrdə elan
verir, insanların bizə yardım etdiyi qədər yardım göstərə bilirik. Burada biz
vasitəçiyik. Ehtiyacı olan ailələri tapır, ailənin vəziyyəti ilə tanış oluruq.
Müəyyənləşdiririk ki, buna hansı formada yardım etmək olar. Eləsi olur ki,
külli miqdarda vəsait tələb olunur. Biz onu təəssüf ki, qarşılaya bilmirik. Adı
xeyriyyə cəmiyyəti olsa da, biz ancaq maddi yardım etməyə deyil, cəmiyyətə
faydalı olmağa çalışırıq. Təşkilat olaraq, sosial layihələrə, maarifləndirməyə
daha çox diqqət ayırırıq.
- "Cəmiyyətə
necə faydalı ola bilərəm” sualını hər insan düşünmür. Bu fikir necə yaranıb?
- İnsan olaraq biz kimik? Biz bu dünyaya niyə gəlmişik
və bundan sonra nə olacaq? Bu sualın cavabını tapmağa çalışıram, hələ də
axtarıram... Mən hesab edirəm ki, insan bu dünyaya boşuna gəlməyib. Düşünürəm
ki, bizim bir missiyamız var. Tək özümüzə görə yaşamamalıyıq. Biz nələrisə öyrənə
bilirik, amma unutmamalıyıq ki, bundan məhrum olan insanlar var. Bildiyimizi
paylaşmalıyıq. Paylaşdıqca, cəmiyyətimiz daha da gözəlləşər. Hər kəs öz
bacarığını mənimsəsə, istedadı ancaq onunla məhdudlaşacaq, kənara çıxa bilməyəcək,
başqaları öyrənə bilməyəcək. Təsəvvür edin ki, hamı cəmiyyəti tənqid edir, hamı
nədənsə narazılıq edir. İş görmək, problemin qarşısını almaq istəyən isə azdır.
Problemi həll etmək üçün cəhd etmək lazımdır. Oturub danışmaqla, narazılıq etməklə
iş bitmir. Dünyada bir nəfər belə, yaxşılıq etmək istəyən insan olsa, nəyəsə
ümid etmək olar. İnanıram ki, o, insanların sayı çoxalacaq.
- Sosial şəbəkələrdə
elan verib yardım toplamağa çalışırsınız. Bu işlərlə məşğul olub insanları
aldadanlar çox olub. Siz insanların güvənini qazanmaq üçün nə edirsiniz?
- Düzdür, insanları aldadanlar az deyil. Biz bu illər
ərzində dəfələrlə təhqirlərə məruz qalmışıq. Deyirdilər ki, fırıldaqçısınız,
yığılan pulları özünüz xərcləyirsiniz. Biz inandırmaq üçün xüsusi fəaliyyət
göstərmirik. Sadəcə olaraq, gördüyümüz işi şəffaf edir, hesabat veririk. Həmçinin
onları da dəvət edirik, bizimlə gəlirlər. Dəfələrlə olub, zəng vurublar ki, müəyyən
məbləğ yardım etmək istəyirik. Mən onları birbaşa ailəyə yönləndirmişəm. Əsas məqsəd
odur ki, o ailəyə hansısa formada yardım edilsin. Biz, sadəcə işləri
nizamlayırıq. Ailələrin də arasında fərq olur. Bəzi ailələrə bir ay ərzində 10 dəfə
yardım gəlsə, hamısını qəbul edirlər və bizə məlumat vermirlər. Biz çalışırıq
ki, başqalarının haqqına girilməsin, yardım hər ailəyə bərabər bölünsün.
- Unutmadığınız
hansı təsirli məqamı bölüşə bilərsiniz?
- Hər zaman danışanda qəhərləndiyim bir hadisə var
idi. Qadın bizə müraciət etmişdi ki, körpə uşağıma verməyə yemək tapmıram. Hər
vaxt o sözü xatırlayaraq iş görürəm. Özüm bir tikə çörək yeyəndə, artığını yeməməyə
çalışıram ki, başqaları bu tikəni tapa bilmir. Bir dəfə də bir qadın məni təəccübləndirdi.
Xəstə idi və iş qabiliyyətini itirmişdi. Ərzaq alıb apardıq. O qadın ərzağa
baxdı, özünə lazım olanı götürdü və dedi ki, çox gətirmisən, apar yarısını
başqasına ver. İnsanın gözütoxluğu məni qürurlandırdı. Özü pis vəziyyətdədir,
özünə çatacaq qədəri ilə qane olur, başqasını da düşünür. İnsan yaxşı vəziyyətdə
başqaları haqqında çox şərhlər bildirir. Əsas məsələ hansısa sınaq qarşısında
da başqalarını düşünə bilməyindir. Bunu bacara bilən insan dünyanın ən xoşbəxt
insanıdır.
- Trash tag -
təmizlik aksiyasına da qoşulmusunuz. Bu aksiyanı necə həyata keçirdiniz?
- Bu aksiya son zamanların populyar trendidir. Biz
də qoşulub cəmiyyətə lazım olan mesajı verə biləcəyimizi düşündük. 30-dan çox gənclə
birlikdə Binəqədi rayon, Binəqədi kəndində göl yaxınlığındakı böyük bir ərazini
tullantılardan təmizlədik. Yığılan 200 kisəyə yaxın tullantını Balaxanı Sənaye
Parkındakı tullantı poliqonuna göndərdik. Təsəvvür edin ki, insanlar özləri
oranı zibillik təyin edib və hamı tullantılarını ora atıb. Amma az aralıda zibil
qutuları var idi. Bir neçə saat ərzində təmizlədik. Təəssüf ki, sakinlərdən heç
kim bizə kömək etmədi. Təmizlikdən sonra uşaqlar orada futbol oynamağa başladı.
Hər kəs özü evinin önünü təmiz saxlasa, cəmiyyətimiz daha yaşanılan vəziyyətdə
ola bilər. Təşkilatımız bu layihəyə qoşulmaqla insanları öz yaşadıqları ərazini
və ümumilikdə cəmiyyətimizi təmiz saxlamağa, xüsusən də ekoloji çirklənməyə
qarşı mübarizədə aktiv olmağa çağırır. "Mesenat” Xeyriyyə Cəmiyyəti bu
aksiyanın davamı olaraq həmin çirkləndirilmiş ərazini orada yaşayan insanlar
üçün istirahət məkanına çevirməyi planlaşdırır. Belə ki, növbəti mərhələdə həmin
ərazidə ağacəkmə aksiyasının keçirilməsi nəzərdə tutulub. Bundan başqa, məlumatlandırıcı
lövhələrin və zibil qutularının qoyulması üçün müvafiq qurumlara da müraciət
edilib.
- Cəmiyyətinizin
gələcək planları nədir?
- Aztəminatlı ailələrlə işləmək maddi dəstəkdən
asılıdır. Olduğu müddətdə hər zaman edəcəyik. Amma biz əsas üstünlüyü maarifləndirmə
tədbirlərinə, aksiyalara veririk. Təhsildən yayınan uşaqlarla işləyirik. Fiziki
məhdudiyyətli uşaqlar var ki, təhsil ala bilmirlər. Çalışırıq ki, onları tapaq
və təhsil almasına dəstək olaq. Hətta bizə ödənişsiz təhsil vermək istəyən müəllimlər
müraciət edirlər. Könüllü olaraq müəyyən kurslar təşkil edən müəllimləri o
uşaqlarla əlaqələndirə bilərik. Bir çətinliyimiz də odur ki, media qurumları
könüllü aksiyalarını işıqlandırmağa meyilli olmurlar. Başa düşürəm, reytinqli xəbərlər
daha çox oxunur. Amma o nümunələrin də yayımlanmasını istərdik ki, bəlkə 100 nəfər
oxuyar, içindən 5 nəfər yardım edər.
Aygün ƏZİZ