• cümə, 29 Mart, 10:21
  • Baku Bakı 5°C

Təhsilsiz gözəl aktyor olmaq mümkünmü?

31.07.13 07:40 8119
Təhsilsiz gözəl aktyor olmaq mümkünmü?
Film, teatr incəsənətin elə bir sənət növüdür ki, gərək orada can qoyasan. Burada həm təhsil, həm də aktyorun daxili qabiliyyəti özünü büruzə verir. Bütün dünya hazırda aktyor yetişdirmək üçün heç də İncəsənət Universitetinin aktyorlarına müraciət edib, oradan gənc kadr, ya da filmə uyğun bir aktrisa axtarmaq kimi bir prosesi yerinə yetirmir. Elə götürək qonşu dövlətimiz olan, hər zaman bizdə hansı sahə inkişafa doğru gedirsə misal gətirdiyimiz Türkiyəni. Orada ən məşhur aktyorlar Beren Saat, Kenan İmirzalığlu, Tuğba Büyüküstü və adlarını sadalamadığım onlarca məşhur modellər filmlərdə rol alıb və böyük uğura imza atıblar. Bizdə isə filmlərdə və teatrda çalışan aktyorların 90%-ə qədəri yalnız Mədəniyyət və İncəsənət Universitetinin tələbələridir. Bunu müsbət hal kimi qiymətləndirmək lazım olduğunu və ya heç də yaxşı bir nəticə olmadığını deyə bilmərəm. Bizim praktikamız isə onu göstərir ki, serial rejissorları, teatrda çalışan, təhsil görmüş aktyorlara daha çox üstünlük verməyə çalışırlar. Bundan əlavə teatrlarımızda və son zamanlar çəkilməkdə olan filmlərimizdə daha çox diplomu olan aktyorlara müraciət olunur. Halbuki, anadangəlmə aktyor olub da, heç bir diploma sahib olmayan aktyorlarımız da az deyil.
Təhsilsiz aktyorların səhnədə və seriallarda nə dərəcədə uğur qazandıqlarını isə öz dillərindən və rejissorların dilindən öyrənməyə çalışdıq.
Diplom fəxri ad deməkdir
Kinorejissor Rövşən İsaxla söhbətimiz zamanı çəkdiyi seriallarda hansısa ciddi və ya ağır bir rolu heç zaman modelə həvalə etməyəcəyini bildirdi. Onun sözlərinə görə, model tamamilə başqa bir sənətdir, modellik daha çox podiuma yaraşır: “Həyatda çox nadir insanlar ola bilər ki, təhsilsiz gözəl aktyor olsunlar. Elə götürək bizim sevərək izlədiyimiz Türkiyənin məşhur aktyoru Kıvanç Tatlıtunu, o “Aşkı Memnu” filmindən sonra Almaniyada təhsil almış rejissordan bir il ərzində ustad dərsləri aldı. Ondan sonra aktyor “Kuzey və Güney” serialında rol aldı və mən onun davranışlarında artıq təhsilin nə demək olduğunu gördüm.
Serial çəkərkən aktyorun istedadına, qabiliyyətinə, dünyagörüşünə, biliyinə önəm verirəm. Ən önəmlisi isə obrazla müvafiq olan xarici görünüşdür. Bəlkə bundan sonra digər universitetləri bitirib serialda istedadları ilə fərqlənən aktyorlar yetişəcək. Ancaq bu günə qədər bu praktika bizdə gerçəkləşməyib. Filmimdə modeli yalnız xırda bir rol verə bilərəm. Yoxlayım görüm bu, necə nəticə verəcək. Əgər o, özünü kiçik obrazda doğruldarsa növbəti işində ona daha böyük rol verərəm. Çünki peşəkar aktyorun yerini heç zaman adi bir model verə bilməz».
Rejissor deyir ki, əgər aktyor serialda can yandırırsa, tamaşaçı üçün maraqlı deyil onun boyu 1.85-dir, yoxsa 1.65. «Tamaşaçı ekrana baxdıqda görür ki, əsas qəhrəman ölüb ölümdən qayıdır və başlayır gözündən yaş axmağa. Əks təqdirdə onun üçün maraqlı deyil ki, əzab çəkən yaraşıqlıdır, yoxsa eybəcər. Gözəllər üçün podium var da getsinlər özlərini orada göstərsinlər».
Uzun müddətdir ki, Bakı Uşaq Teatrında çalışan, bununla bərabər bir çox seriallarda rol alan Cavanşir Məhərrəmov isə aktyor sənəti üçün təhsilin elə də önəm daşımadığını qeyd etdi: “Əgər insanın qanında, canında istedad varsa, təhsil onun üçün böyük rol oynamır. Ümumiyyətlə, kitab oxumaqla mükəmməl aktyor olmaq olmur. Əsas odur ki, səhnədə nəsə göstərə biləsən. İncəsənət Universitetinin həddindən artıq tələbələri var. Ancaq onlara adi bir sual verəndə cavab verməyə çətinlik çəkirlər. Keçən dəfə 4-cü kursda rejissor təhsili alan tələbə ilə söhbət etdirdim. Ondan soruşdum ki, Səməndər Rzayevi tanıyırsan? Mənə dedi ki, adını eşitmişəm, çox yaxşı müğənnidir. Bu da təhsilli rejissorumuz».
C.Məhərrəmov iddia edir ki, təhsil sistemi elə qurulub ki, tələbələr oxumağa deyil, diplom almağa çalışırlar. «Diploma görə fəxri ad və gələcəkdə böyük nailiyyətlər də əldə etmək olar. Diplom həm də teatrda məvacib alanda aktyora çox kömək olur. Digər aktyorlara nisbətən diplomsuz aktyor az məvacib alır. Mən 11 yaşından aktyorluq sənətinə gəlmişəm. Uşaq vaxtı televiziya tamaşalarına, filmlərə çox baxmışam».
Aktyorla bizimlə söhbəti zamanı uşaqlıqdan teatra, filmlərə necə maraq göstərdiyini, ancaq teatra getmək üçün imkanının olmadığını söylədi: “Akademik Milli Dram Teatrının bütün tamaşalarını izləmişəm. O zamanlar teatrlara getmək üçün imkanım olmurdu. Qapıçının başı qarışıq olan zaman gizlin şəkildə zala daxil olurdum. Universitetə girmədiyim üçün heyfsilənmirəm. Düzdür, universitetə sənəd vermişdim. O zaman münsiflər heyəti qismində əyləşən müəllimlər müxtəlif bəhanələr gətirərək sənədlərimi qəbul etmədilər. Bizim gözəl aktyorumuz Rasim Balayev mənə söylədi ki, çox arıqsan, get, kökələndə gələrsən. Məgər arıq aktyor olmazmı?”.
O, bütün seriallarında eyni obrazı oynayır
Bacarıqlı aktyor olmaqla yanaşı, həm də teatrda özünü rejissor kimi sınayan Nicat Kazımovun sözlərinə görə, istedadı olan insan savad vasitəsi ilə öz potensialını gücləndirməli və onu cilalamalıdır: “Bu gün teatrlarda bir neçə aktyor var ki, onlar İncəsənət Universitetini bitirməyiblər. Mənə elə gəlir ki, onlar universitetdə təhsil alsaydılar, özlərini daha da gözəl şəkildə təqdim edə bilərdilər. Teatrda işləmək üçün aktyora mütləq şəkildə təhsil lazımdır. Serialda aktyorluqdan başı çıxmayan bir modeli çəkmək mümkündür. Hər halda bunu teatra şamil etmək olmaz. Hərçənd ki, Türkiyənin ən çox sevilən aktyoru Kıvanç Tatlıtunun özü də Universitet bitirməyib. Ancaq serialda çəkilmək üçün ustad dərslərinə gedib. Əgər o aktyor teatrda işləmək istəyirsə, onun daha mükəmməl səviyyədə aktyorluq dərsləri alması vacibdir. İncəsənət Universiteti sırf ekran və teatr üçün aktyor, rejissor yetirmək işini yerinə yetirir. Türkiyədə isə aktyorları yetişdirmək üçün Universitetdən başqa kurslar var ki, hansısa bir modeli sürətli şəkildə aktyor kimi yetişdirməyi bacarırlar”.
Aktyorluğa meyxana deməklə gəlmişəm
Gənc Tamaşaçılar Teatrının ən bacarıqlı aktyoru hesab olunan Vüsal Mehrəliyev isə hazırda İncəsənət Universitetini bitirən tələbələrin bütün günü dərs oxuduqlarını, daima səhnədə məşq etdiklərinə inanmadığını söylədi: “Sumqayıtda böyüdüyüm üçün oradakı mədəniyyət evlərinin tədbirlərində iştirak edirdim. Aktyorluqdan əvvəl meyxana deməklə məşğul idim. Meyxana məni apardı ədəbiyyata. Ədəbiyyatın sayəsində hansısa mədəniyyət evində fəaliyyət göstərdim, oradan da Kukla teatr dərnəyi mənim marağımı çəkdi. Ondan sonra Mədəni Maarif Texnikumunun kino və dram aktyorluğu fakültəsini daxil oldum. Daha sonra Gənc Tamaşaçılar Teatrına gəldim, o gündən etibarən bu teatrda fəaliyyət göstərdim. Ondan sonra mən teatrda işləməyə başladım və zamanım olmadı ki, İncəsənət Universitetinə sənəd verim. Məncə təhsil almaq vacibdir, ancaq diplom almaq üçün universitet bitirmək elə də önəmli deyil. 15 yaşımdan teatrda çalışıram. Bu gün isə mənim 35 yaşım var. Mənə elə gəlir ki, 20 il bu sənətin içində olmaq elə təhsili əvəz edir. Təhsilim yoxdur deyə, az qonorarla işləmək kimi hallara rast gəlməmişəm. Ancaq deyirlər ki, diplomsuz aktyorlar Azərbaycan teatrına da şamil olunacaq. Buna heç bir etirazım yoxdur. Səhnə mənim üçün müqəddəsdir və özümü tapdığım yeganə məkandır. Bunun üçün isə mənə təhsil lazım deyil. Mənə teatrda heç zaman universitet bitirmədiyim üçün təzyiqlər olmayıb. Yəni bu günə kimi onu mənə hiss etdirməyiblər. İşlədiyim kollektivin çoxu heç bilmir ki, mən İncəsənət Universitetini bitirməmişəm”.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər