• şənbə, 20 Aprel, 03:00
  • Baku Bakı 15°C

“Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası»nın 5 illik nəticəsi

18.10.18 19:19 1335
“Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası»nın  5 illik nəticəsi
«Bu il qərar verdiyimiz təhsil siyasətinin hansı nəticələr verəcəyini bu gün deyə bilmərik. Bu gün verdiyimiz qərarlar 10 ildən sonra nəticə çıxarmağa imkan verəcək. Bizim məqsədimiz keyfiyyətli təhsilin de-fakto hamı üçün olması naminə çalışmaqdır». «Təhsil işçilərinin əlavə təhsilinin təşkilində yeniliklər» mövzusunda keçirilən seminarda səslənən bu fikirlər "Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası»nın qəbulundan ötən 5 il ərzində təhsil sahəsində baş verən nailiyyətlərdən danışmağa əsas oldu.
Təhsil Nazirliyinin, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun əməkdaşları, təhsil ekspertləri, media qurumlarının rəhbərləri və jurnalistlərin iştirakı ilə keçirilən seminarda müəllimlərin ixtisasartırmasının əhəmiyyəti, o cümlədən, işə qəbulu, yeni ixtisasartırma proqramlarının hazırlanması, ixtisasartırma təlimlərinin keyfiyyətinə nəzarət, mentorların təcrübə məsələsi və s. məsələlər müzakirə mövzusu oldu.
Məlumat verildi ki, Təhsil İşçilərinin Peşəkar İnkişaf İnstitutu (TİPİİ) 2015-ci ildə Bakı Pedaqoji Kadrların İxtisaslaşdırılması və Yenidənhazırlanması İnstitutunun bazasında yaradılıb. İnstitut bütün ölkədə təhsil işçilərinin əlavə təhsilinin həyata keçirilməsinə məsul qurumdur və Təhsil Nazirliyinin tabeliyindədir. TİPİİ-nin fəaliyyət sahələri - müəllimlərin işə qəbulu, təlim ehtiyaclarının müəyyənləşdirilməsi, yeni ixtisaslaşdırma proqramlarının hazırlanması, proqramların sınaqdan keçirilməsi və təkmilləşdirilməsi, ali və əlavə təhsil müəssisələri tərəfindən keçirilən ixtisaslaşdırma təlimlərinin keyfiyyətinə nəzarət, müdavimlərin yekun qiymətləndirilməsi, təlim keçmiş müəllimlərə mentorluq dəstəyinin göstərilməsi, metodik öyrədici hazırlanması, seminar, vebinar, dəyirmi masaların təşkili və sairədir.
«Biz bu strategiyanın övladı sayıla bilərik» - deyən Tədbirdə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun direktoru Vəfa Yaqublu "Təhsil işçilərinin əlavə təhsilinin təşkilində yeniliklər» mövzusunda təqdimatla çıxış etdi: "Təhsil Strategiyasından sonra yaradılan və hazırda 3 illiyini qeyd edən qurum, o vaxtdan yeni missiya ilə fəaliyyət göstərir. Əlavə təhsil, hər bir vətəndaşın fasiləsiz təhsil almaq imkanını təmin edir və insan potensialının inkişafını, kadrların intellektual və peşə hazırlığı səviyyəsinin yüksəldilməsini və təkmilləşdirilməsini, onların daim dəyişən və yeniləşən əmək şəraitinə uyğunlaşdırılmasını, yaşlı vətəndaşların ölkənin sosial, iqtisadi, siyasi və mədəni həyatında fəal və səmərəli iştirakını təmin edən təhsil növüdür”. İxtisaslaşdırma təhsilini əlavə təhsilin bir istiqaməti kimi təqdim edən direktor bildirdi ki, bu, ali, orta ixtisas və ilk peşə-ixtisas təhsili pillələrinin hər hansı birini bitirmək haqqında dövlət sənədi olan kadrların, fasiləsiz təhsil almaq imkanını təmin etmək məqsədi ilə əlavə müəssisələr tərəfindən həyata keçirilən təhsil növüdür. İnstitut direktoru bildirdi ki, ölkə prezidenti İlham Əliyevin 24 oktyabr 2013-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası»nın qəbulundan ötən 5 il ərzində təhsil sahəsində müsbət dinamika müşahidə olunub, bir sıra əsaslı nailiyyətlər əldə edilib. Bu nailiyyətlərin əhatəliliyinin artması və davamlı xarakter alması isə təhsilin daha əlçatan, keyfiyyətli olmasına zəmin yaradır: Ölkəmizdə təhsil hamı üçün əlçatandır. Biz sadəcə, təhsilin daha keyfiyyətli olmasını təmin etməyə çalışırıq”.
İnstitut direktoru Strategiyanın müəllim hazırlığının təkmilləşdirilməsində və müəllim peşəsinin ictimai nüfuzunun artırılmasında da xüsusi önəm daşıdığını vurğuladı. Belə ki, 2018-2019-cu tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqədə 50 minə yaxın namizəd iştirak edib, 5000-dən artıq namizəd, müəllim adını qazanaraq işə qəbul olunub. O cümlədən, ötən illərlə müqayisədə müəllim işləmək arzusunda olanların sayında 3 dəfə artım müşahidə edilib. Ali məktəblərə sonuncu qəbul imtahanlarında isə 500 və daha artıq bal toplayan abituriyentlər arasında 2090 nəfər müəllim peşəsini seçib. V.Yaqublu təhsil sistemində keyfiyyəti yüksəltmək və müəllimlərin peşəkar inkişafına dəstək olmaq məqsədilə həyata keçirilən tədbirlər, ixtisaslaşdırma təlimlərinin ehtiyaclara uyğunluğunu, əhatə etdiyi fənn sahələri və yeni ixtisasartırma proqramları barədə məlumat verdi. Direktor qeyd etdi ki, müəllimlərin ixtisasartırmaya daha çox cəlb olunması üçün onlayn kurslar da təşkil olunacaq. Bu isə qiymətləndirmədə iştirak edə biləcək müəllimlərin çoxluğuna səbəb olacaq. Həmçinin, müəllimlərə təlimlər keçən mentorların da seçimi aparılır və daha təcrübəlilərinə üstünlük verilir.
TİPİİ-nin direktor müavini Nəzakət Mehdiyeva müəllimlərin peşəkar inkişafını necə müəyyən etməyin yollarından və bu sahədə olan problemlərdən danışdı. Belə ki, diaqnostik qiymətləndirmə bir çox müəllimlərin elmi və ictimai məsələlərlə yaxından tanış olmadığını aşkara çıxarıb: «Bir çox müəllimlər var ki, peşəkar inkişafa ehtiyac duyurlar”. N.Mehdiyeva təkcə müəllimlər üçün ixtisasartırma kurslarının deyil, məktəb direktorları üçün də ixtisasartırma proqramlarını hazırlandığını qeyd etdi: «İstənilən ixtisasartırma proqramı əsaslandırılmalıdır ki, buna həqiqətən ehtiyac olduğu təsdiqlənsin».
Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun direktor müavini Namiq Nağıyev yekun qiymətləndirməyə cəlb olunan müəllimlərin sayını açıqladı. Ümumilikdə üç il ərzində Bakıda və regionlarda 18 mindən çox müəllim ixtisasartırma təlimlərinə cəlb olunub. Belə ki, 2015-ci ildə İTE (1755), ƏTM (284), GDU (123) kimi əlavə təhsil müəssisələrinin sifarişləri əsasında ümumilikdə 2162 nəfər müdavim ixtisasartırma təlimlərinə cəlb olunub. Bakı şəhərində 2039 və digər regionlarda 123 nəfərin yekun qiymətləndirmədə iştirakı təmin edilib: 2016-cı ildə 9755, 2017-ci ildə Bakı şəhəri üzrə 3061, digər bölgələr üzrə 8595 müəllim qiymətləndirmədə iştirak edib. 2018-ci ildə 2 şəhər və 32 rayonda fənlərin məzmunu üzrə 12050 müəllimə ixtisasartırma təlimi keçirilib. O cümlədən, 6074 müəllim qiymətləndirmə imtahanlarına cəlb olunub. Bu günədək ixtisasartırma təlimlərində iştirak edən müəllimlərin sayı 14,5 dəfə artıb.
İlin sonunadək 25182 nəfərin qiymətləndirilməsi gözlənilir. Həmçinin, bu müddətdə 24000 müəllimə nümunəvi sertifikatlar verilib.
Seminarda təqdim olunan mövzu üzrə müzakirələr aparıldı, KİV nümayəndələrini maraqlandıran suallara cavab verildi.
Qeyd edildi ki, «Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası»nın qəbul olunmasının 5 illiyi münasibətilə media nümayəndələri üçün seminarlar davam edəcək. Növbəti seminar Mingəçevirdəki «ASAN Peşə» Təhsil Mərkəzində olacaq.

Seminarda iştirak etdi
Təranə Məhərrəmova





banner

Oxşar Xəbərlər