• cümə, 29 Mart, 03:16
  • Baku Bakı 7°C

Təhsili mükəmməl, tərbiyəsi ali olan gənclik yetişdirək

15.05.14 14:07 1457
Təhsili mükəmməl, tərbiyəsi ali olan gənclik yetişdirək
Gəncliyin mənəvi gücü və milli ruhu millətin məna tarlasıdır. Bu tarlanın bəhrələrini ruzigarın fırtınalarından qorumaq millətin şərəfli borcudur. Əgər gənclik öz ruhunun üfüqlərinə yüksələrsə, baxışlarını bulandırmadan məqam, mənsəb sevdasına düşmədən, şöhrətpərəstliyə göz dikmədən millətinin könül qübbəsindən süzülüb gələn milli dəyər və düşüncələrə məsum qəlbiylə əsl vətəndaşlıq məhəbbəti ilə yanaşarsa, əcdadının ona ruhən tamaşa edərək fəxarət duymasına səbəb olar, Vətəninin və vətəndaşının vicdanlı xidmətçisi kimi dövlətinin və doğma Vətənimizin inkişafına töhfələr verər.
Gənclərimizin elmi-mədəni, mənəvi dərəcələrinin yüksəldilməsi, çətinliklərinin aradan qaldırılması dövlətimizin əsas məqsədlərindədndir; və bu, ölkəmizin gücünə güc Qatar, onun şənini ucaldar. Bir çox hallarda günümüz gəncliyin problemlərinin əksəriyyəti cəmiyyətdən qaynaqlanır. Həmin problemlərin yaşanmaması üçün öncə ailə, sonra məktəb, daha sonra da cəmiyyət öz üzərinə düşən vəzifələri bilməli və layiqincə yerinə yetirməlidir. Hər bir millətin əsas qayələrindən, hədəflərindən biri çağına öndərlik etmək, milli dəyərlərini, mədəniyyətini yaymaq, gələcəyi üçün xeyirli və sağlam ruhlu yeni nəsil yetişdirməkdir. Yeni nəslin yetişməsi, milli şüura malik cəmiyyətin formalaşması isə milli elmi maarifləndirməyə, tərbiyə və mənəviyyata bağlıdır. Hər bir xalq dünya miqyasındakı bu rəqabətə gənc nəsli, yeniləşməyi bacaran gənc ruhlu fədailəri, elm və qələm əhli vasitəsilə qoşulur. Bu rəqabət tarixən öz gənc nəslinə milli kimliyini təbliğ və tərənnüm etdirərək ən modern naliyyətləri əldə etməyin yollarını göstərir. Vətənin uğuru, dövlətin inkişafı əqidəsindən dönməyən gəncliyimiz xalqının səmimiyyətlə uzanmış əlindən dəstək alaraq, cəsarətlənərək milli mücadilə yolunda hər cür rəşadətə maddi və mənəvi baxımdan hazır olur. “Vətən”, “bayraq” deyiləndə gəncliyin milli qeyrət damarı coşar, əcdadın miras qoyduğu milli və mənəvi dəyərlər gözlər önünə gələr, fitnə alovları söndürülər, onlar kor-koranə təqlidçiliyi, saxta “gerçəklikləri” rədd edər, böyük inanc sahibinə çevrilərlər; nəticə etibarilə, əsl tərəqqiyə imza atarlar. Təbii ki, bu yenilməz inanca, sarsılmaz etiqada malik olan gənclik hürriyyətin və ədalətin qanadlarıyla pərvazlanaraq məmləkətinə xoşbəxtlik və firavanlıq bəxş edər. Keçdiyi yollarda həyatın varlıq sirrini anlayar, insanlıq tarixinin qurtuluş istiqamətini idrak edər və xalqının imdad istəyinə “mən də varam” deyərək üstün əxlaqıyla hər kəsə nümunə olar.
Bugünkü fəaliyyəti ilə gələcəyi təmsil etmək, qaranlıqları işıqlandırmaq naminə hər biri fərqli bir məşəllə yola çıxan gənclər milli ruhun yenilikçi məzmunu ilə tərbiyələnərsə, millətə dair bütün dəyərləri ruhlarının dərinliyində daşıyar, bu dəyərlərin pöhrələnib boy atması üçün bahar gəlmədən öz vəzifələrini yerinə yetirərlər ki, zamanı gəlincə - özlərindən sonrakı nəsil də sağlam olsun. Gənclərin formalaşmasındakı ana xətti təhsil və tərbiyə təşkil edir. Bu şəkildə formalaşan gəncliyi elmlərin bünövrəsi olan fəlsəfə elmi təlimi mükəmməl, tərbiyəsi ali olan nəsil adlandırır. Gəncliyin təlimində milli elmi düşüncənin də formalaşdırılması, milli inkişaf naminə öyrənilən elmin milliləşdirilməsi müasir cəmiyyətin gənclərə, dolayı yolla gələcəyimizə ən böyük töhfəsi olacaq. Və bu milli elm intibaha xidmət edən gənclik beyninin işığına, onun ruhunun evəzedilməz qidasına çevrilməlidir. Bu zaman həmin elm cəhaləti məhv edən milli dəyər olacaq. Məhz milli elm könüllərə haqqın səsini duyurar, ruhların səmasında Günəşin doğuşuna səbəb olar və istiqbal yollarını aydınladar.
Səyyar MƏMMƏDOV
banner

Oxşar Xəbərlər