• cümə axşamı, 25 aprel, 12:59
  • Baku Bakı 23°C

“Təhsildə keyfiyyət ili”nin hesabatı

21.06.18 20:31 3168
“Təhsildə keyfiyyət ili”nin hesabatı
Təhsil Nazirliyi sön illər təqdim olunan illik hesabatları görülən və görüləcək işlərə baxış üçün imkan kimi dəyərləndirilir. Nazirliyin 2017-ci ildə gördüyü işlərə həsr olunmuş hesabat tədbiri də təkcə ötən il üçün deyil, ümumilikdə son illər ərzində təhsil sahəsində həyata keçirilən yeniliklərə, bu istiqamətdə görülən işlərə aydınlıq gətirmək üçün şərait yaratdı. Qeyd edildi ki, 2017-2018-ci dərs ili ölkənin dövlət ümumtəhsil müəssisələrində "Təhsildə keyfiyyət ili” elan olunub. Bu ilin elan olunması ümumtəhsil sahəsində müasir dövrün çağırışlarına əsaslanmaqla, keyfiyyət dəyişikliklərinə nail olmaq, pedaqoji kollektivlərinin imkanlarını səfərbər etmək məqsədinə xidmət edir.
Cocuq Mərcanlıda 24 ildən sonra çalınan zəng
Təhsil İnstitutunun direktor vəzifəsini icra edən, TN-nin şöbə müdiri Emin Əmirullayev 2017-2018-ci dərs ili üçün Bakı şəhərində birinci sinfə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirildiyini diqqətə çatdırdı: "2017-2018-ci tədris ilində Bakı şəhərində birinci sinfə şagird qəbulu tam elektronlaşdırılıb, elektron sistem vasitəsilə 50.000-dək uşaq məktəblərə qəbul olunub”. Bundan əlavə, ümumtəhsil müəssisələrində yaradılmış məktəbəhazırlıq qruplarının sayı artırılıb. 2017-2018-ci tədris ilində 5 yaşlıların 65 faizi məktəbəhazırlıq qruplarına cəlb olunub.
E.Əmurullayev bu günədək 73 modul tipli məktəbin inşasının başa çatdığını söylədi: "İl ərzində ölkəmizdə modul tipli məktəblərin inşası davam edib. Bu günədək 73 modul tipli məktəbin inşası başa çatıb, 27 məktəbdə isə bu sahədə iş davam etdirilir. Modul tipli məktəblərin üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır”. Ən mühüm hadisələrdən biri də Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində 24 ildən sonra məktəb zənginin çalınması olub.
Şöbə müdiri məlumat verdi ki, 2017-ci il yanvarın 1-dən dövlət ümumtəhsil müəssisələrində çalışan 38 minə yaxın müəllimin əməkhaqqı artırılıb. Bu artım ötən ilin noyabr-dekabr aylarında ölkənin 26 şəhər və rayonunda diaqnostik qiymətləndirilmədən keçən müəllimlərə şamil olunub. Bu il 45 minə yaxın müəllim diaqnostik qiymətləndirmədə iştirak edib. Bununla da 145 minə yaxın müəllimin diaqnostik qiymətləndirilməsi başa çatıb.
E.Əmirullayev şagirdlərimizin beynəlxalq elm yarışlarında və olimpiadalarda uğurlu çıxışlarına da toxundu. Belə ki, əvvəlki illərdə olduğu kimi, bu il də şagirdlərimiz beynəlxalq elmi yarış və olimpiadalarda uğurlar qazanıblar. PİRLS 2016 qiymətləndirməsində azərbaycanlı şagirdlərin nəticəsi 462 baldan 472 bala yüksəlib, «mükəmməl» və «yüksək» kateqoriyasında olan şagirdlərimizin sayı 2 dəfə artıb.
SABAH qrupları haqqında danışan şöbə müdiri məlumat verdi ki, 46 ixtisas və 2300-dən artıq tələbəniəhatə edən qruplar 11 ali təhsil müəssisəsində fəaliyyət göstərir: "SABAH qruplarının müəllim-professor heyəti, ümumilikdə 650 nəfərə yaxın olmaqla, ali təhsil müəssisələrinin seçilmiş müəllimləri, Kanada və İngiltərədən dəvət olunmuş yerli dil daşıyıcıları, həmçinin Azərbaycandakı yerli və xarici şirkətlərdə çalışan peşəkarlardan təşkil edilib. SABAH qruplarının ilk məzunlarının sayı 722 nəfərdir”. Tədris ili dövründə ilk peşə-ixtisas təhsili üzrə də mühüm işlər görülüb. Belə ki, Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin (PTDA) yeni inzibati binası istifadəyə verilib.
Şöbə müdiri diqqətə çatdırdı ki, 2017-ci ildə ali məktəblərə 37.000-dən çox abituriyent qəbul olunub. Ali məktəblərə qəbulda 200-dən yuxarı bal toplayanların çəkisi 34 faizdən 50 faizə yüksəlib.

"İmtahan fənlərinin sayı 5-dən 3-ə enəcək”
"Təhsil sahəsi çox geniş və çoxşaxəlidir. Müasir dünyada proseslər çox dinamik inkişaf edir. Təhsil sahəsi buna hazır olmalıdır. Bunları nəzərə alaraq bizim təhsil işçilərinin qarşısında bir sıra məsələlər durur. Təbii ki, bununla bağlı bizim növbəti illərə ünvanlanan bir sıra hədəflərimiz də var” deyən təhsil naziri Ceyhun Bayramov «Təhsil sistemi - vəzifələr və hədəflər» mövzusunda təqdimatla çıxış edərək, təhsilin inkişafının ölkəmizin tərəqqisi baxımından vacib amil olduğunu vurğuladı. Hər bir insanın inkişafında erkən yaş dövrünün xüsusi yer tutduğunu deyən nazir məktəbəqədər təhsillə bağlı addımlar atıldığını qeyd etdi. Nazir 2020-ci ilə qədər məktəbəhazırlığın əhatəlilik səviyyəsinin 90 faizə çatdırılmasının nəzərdə tutulduğunu qeyd edərək, bu istiqamətdə digər hədəfin keyfiyyətin yaxşılaşdırılması olduğunu və artıq bununla bağlı bir sıra layihələrin həyata keçirildiyini bildirdi: "2020-ci ilə kimi məktəbəhazırlıq siniflərinin əhatəliliyini 90 faizə çatdıracağıq. Biz keyfiyyət göstəricilərini hədəfləyib buna daha çox diqqət ayırmağı planlaşdırırıq. Təhsil İnstitutunun UNİCEF-lə layihəsi çərçivəsində məktəbəqədər təhsilin keyfiyyətinin yeni standartları hazırlanmaqdadır. Həmçinin daha aşağı yaşlı uşaqların cəlb olunduğu icma əsaslı məktəbəqədər qrupların təşkili və onun şəbəkəsinin genişləndirilməsi istiqamətində bir il bundan əvvəl başlanmış layihə davam edir. Biz bununla da bərabər imkanlar və keyfiyyət göstəricilərinə daha sürətlə nail ola biləcəyik”.
Nazir qeyd etdi ki, vacib hədəflərdən biri beynəlxalq tədqiqatlarda iştirakla bağlıdır: «Ola bilsin ki, bəzi beynəlxalq qiymətləndirmələrdə bizim yerimiz o qədər də yüksək görünməsin. Kifayət qədər məhdud sayda ölkələr beynəlxalq qiymətləndirmələrdə iştirak edir. Çünki bu qiymətləndirmələrdə iştirak etmək müəyyən cəsarət tələb edir. Bizim göstəricilərimiz arzularımızı müəyyən mənada əks etdirməsə belə, bu, bizim beynəlxalq qiymətləndirmədən boyun qaçırmağımız üçün əsas ola bilməz. Bizim hədəfimiz hər beynəlxalq qiymətləndirmədə iştirak etmək və nəticələrimizi yaxşılaşdırmaqdır.
C.Bayramov qəbul imtahanlarının yeni modelindən danışaraq qeyd etdi ki, hazırda bu istiqamətdə Dövlət İmtahan Mərkəzi ilə sıx əməkdaşlıq şəraitində iş aparılır. «Təhsil haqqında» Azərbaycan Respublikasının Qanununda edilən dəyişiklikləri diqqətə çatdıran nazir ali təhsil müəssisələrinə qəbul üzrə əsasən 2 dəyişikliyin nəzərdə tutulduğunu vurğuladı. Belə ki, həmin dəyişikliklər beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlərin müəyyən edilmiş şərtləri yerinə yetirməklə, təhsil aldıqları dildə tədris olunan ixtisaslar üzrə, beynəlxalq fənn olimpiadaları qaliblərinin istənilən ixtisaslar üzrə, respublika fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qaliblərinin müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunması ilə bağlıdır. Gələn tədris ilindən tətbiq ediləcək yeni qəbul modelinin üstünlüklərindən danışan nazir qeyd etdi ki, buraxılış imtahanlarının nəticələri ali məktəbə qəbulda nəzərə alınacaq. Məzunlar daha az sayda fəndən imtahan verəcəklər. İmtahan fənlərinin sayı 5-dən 3-ə enəcək”.
Nazir bildirdi ki, orta məktəblərdə şagirdlərin dərs və imtahan yükünü azaltmağı nəzərdə tutan yeni məktəbdaxili qiymətləndirmə qaydaları 2018-2019-cu tədris ilindən tətbiq ediləcək: "Məktəbdaxili qiymətləndirmə ilə bağlı təhlillər aparılıb. Yaxın aylarda bununla bağlı qərar veriləcək. Məktəbdaxili qiymətləndirmədə, xüsusilə ibtidai təhsil pilləsində yüngülləşmə olacaq”.
Müəllim peşəsinin nüfuzuna təsir edən tədbirlərin davam etdiriləcəyini söyləyən C.Bayramov sertifikasiya mexanizminin tətbiqinin təhsildə keyfiyyət baxımından nailiyyətlər əldə edilməsi üçün əhəmiyyət kəsb etdiyini söylədi: "Təhsil haqqında qanuna edilən dəyişikliklər sırasında məktəblərdə çalışan müəllimlər üçün sertifikasiya qaydalarının tətbiq edilməsi nəzərdə tutulub. Bu məsələ ilə bağlı hər hansı anlaşılmazlığın olmaması üçün bəzi məqamlara aydınlıq gətirməyə ehtiyac var. Bu dəyişikliyə əsasən, sertifikasiya bütün təhsil sisteminə deyil, yalnız dövlət ümumtəhsil məktəblərinə şamil olunacaq. 100 minə yaxın insan diaqnostik qiymətləndirmədən keçirilib. Aşağı nəticə göstərmiş insanlara ixtisasartırma tədbirləri tətbiq olunub. Növbəti mərhələdə müəllimlərin daha çox öz üzərilərində çalışması üçün motivasiyanın yaradılması istiqamətində sertifikasiyanın tətbiqi dünya ölkələrində olduğu kimi, Azərbaycanda da vacib və labüddür.. Qaydalar hələ hazırlanmalı, bütün faktorlar nəzərə alınaraq tədricən tətbiq olunmalıdır”.
Nazir ilk peşə təhsilinə toxunaraq, son illər bu sahədə kifayət qədər ciddi dəyişikliklər həyata keçirildiyini qeyd etdi: "İlk dəfə olaraq "Peşə təhsili haqqında” qanun qəbul olunub. Bu istiqamətdə növbəti illər üçün strateji istiqamətləri müəyyən etmişik. Avropa Birliyi ilə birgə layihəmiz var. Zamanın tələbinə uyğun məzmunun formalaşması əsas prioritetdir. Azərbaycan iqtisadiyyatında xüsusi yeri olan müəssisələrlə birlikdə peşə təhsili proqramları həyata keçirilməlidir”.

Təhsilin iqtisadiyyatda rolu
Cəmiyyət və dövlət olaraq təhsildən əldə etdiyimiz nailiyyətlərin sevindirici olduğunu deyən baş nazirin müavini Əli Əhmədov təhsil sahəsində həyata keçirilən islahatların ümumən ölkədə həyata keçirilən islahatları tamamlamağa xidmət etdiyini söylədi: "Təbii ki, islahatların hədəfi olur. Təhsildə keyfiyyət parametrlərinin yaxşılaşması məhsuldar elmin yaranmasına kömək edir”. Azərbaycanda özəl məktəblər şəbəkəsini artırmasının vacibliyini bildirən Ə.Əhmədov, məhz bu yolla yuxarı təhsil pillələrində əlçatanlılığın mümkünlüyünü qeyd etdi: "Ölkəmizdə təhsil, iqtisadiyyatın inkişafına, dövlətin iqtisadi gücünün artmasına kömək etməlidir. Təhsil universal sahədir. Təhsil sahəsinin inkişafını yalnız təhsil qurumlarından gözləmək lazım deyil. Cəmiyyətin təhsilə olan münasibəti dəyişməlidir. Dövlətin təhsilə olan diqqət və qayğısının artmasına ehtiyac var. Dövlətin qarşısına qoyduğu əsas məsələ də təhsilin inkişaf etdirilməsidir”.
Ə.Əhmədov Azərbaycanda orta təhsilin əlçatanlılıq baxımından təmin edildiyini vurğuladı: "Yuxarı təhsil səviyyələrinin də əlçatanlılığının artırılmasına ehtiyac var. Azərbaycan əhalisinin 1,3 faizi tələbədir. Azərbaycanda universitetlərə sərbəstliyin verilməsi sahəsində cəsarətli addımlar atılmalıdır. Özəl universitetlərin sayı artmalıdır, amma bu, təhsilin keyfiyyətinin aşağı düşməsinə səbəb olmamalıdır. Son illər Azərbaycanda təhsil islahatları dərinləşməkdə davam edir və bu istiqamətdə görülən işlər öz bəhrəsini verir. Ölkəmizdə dərin islahatlar həyata keçirilir - iqtisadiyyatdan tutmuş digər sahələrə kimi. Biz həyatımızı islahatlardan kənarda təsəvvür etmirik. Təhsil sferası da islahatlar məfhumundan kənarda qala bilməz. İqtisadiyyatla, təhsillə bağlı hədəflərimiz tamamilə aydındır”. Ə.Əhmədov qeyd etdi ki, Azərbaycanda elm, təhsil məhsuldar qüvvənin tərkib hissəsinə çevrilməlidir: "Təhsilin inkişafı Azərbaycan cəmiyyətinin mədəni səviyyəsinin, iqtisadiyyatının daha yuxarı pilləyə qalxmasına, dövlətin qüdrətinin artmasına gətirib çıxarmalıdır”.

Ali məktəblərin statusları bir-birindən fərqlənməlidir
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə rəhbərlik etdiyi qurumun magistratura və doktorantura imtahanlarında TOEFL və IELTS imtahanlarından istifadə etdiyini bildirdi: "Biz artıq bu sınağın müsbət nəticələrinin müşahidə edirik. Hesab edirəm ki, ali təhsil müəssisələrində də TOEFL və IELTS-dən imtahanlar olmalıdır. Bununla da gənclərin ingilis dili biliklərinin artırılmasına nail olmaq mümkündür”. A.Əlizadə Azərbaycanın ali məktəblərində orta təhsilin davam etdirildiyini vurğuladı: "Bu sahədə dəyişikliklərin edilməsi üçün AMEA ilə birlikdə müzakirələr aparmaq lazımdır. Ali məktəblərin statusları bir-birindən fərqlənməlidir. Bunun üçün xarici ölkələrin təcrübəsi nəzərə alınaraq təhlillər aparılmalıdır”.
Tədbirdə «Təhsil» televiziyasının 2017-ci ildə təhsil sahəsində həyata keçirilən tədbirlərə və yeniliklərə dair hazırladığı video-icmal nümayiş olundu.

Tədbirdə iştirak etdi
Təranə Məhərrəmova


banner

Oxşar Xəbərlər