Təhsildə kəmiyyət azalır, keyfiyyət artır
Dövlət İmtahan Mərkəzinin Təhsil Nazirliyinə təqdim
etdiyi ilkin məlumata əsasən, 2017-2018-ci tədris ili üçün I-IV ixtisas
qrupları üzrə qəbul imtahanlarının nəticələri məlum olub. Təhsil NazirliyindənAPA-ya
verilən xəbərə görə, 2017-2018-ci tədris ili üçün I-IV ixtisas qrupları üzrə qəbul
imtahanlarında 70.797 nəfər iştirak edib. İmtahanlarda iştirak edən
abituriyentlərin qruplar üzrə sayı I ixtisas qrupu üzrə 28.007,II ixtisas qrupu
üzrə 19.858, III ixtisas qrupu üzrə 18.099, IV ixtisas qrupu üzrə 4.833 nəfər
olub. Ötən illərlə müqayisədə qəbul imtahanlarında iştirak edən abituriyentlərin
sayı azalsa da, 200-dən artıq bal toplayan abituriyentlərin mütləq sayı artıb.
2017-2018-ci tədris ili üçün qəbul imtahanlarının nəticələrində müsbət dinamika
müşahidə edilir. Belə ki, bu il qəbul imtahanlarında 200-dən yuxarı bal
toplayanların sayı cari ildə 35.790 nəfər ( 50.6) faiz təşkil edib ki, bu da ötən
illə müqayisədə 6.7 faiz, 2015-ci ildəki göstəricidən 10.6 faiz, 2014-cü ildəki
göstəricidən 11.3 faiz artıqdır. 2016-cı ildə 200-dən yuxarı bal toplayanların
sayı 34.475 nəfər, 2015-ci ildə 33.198 nəfər, 2014-cü ildə isə 32.159 nəfər
təşkil edib. Bu il qəbul imtahanlarında 2464 nəfər 600 baldan yuxarı nəticə
göstərib. Ötən il bu rəqəm 2281, 2015-ci ildə 2094, 2014-cü ildə isə 1725 nəfər
təşkil edib. Son tədris ilində ali təhsil müəssisələrinə tələbə qəbulu üzrə
keyfiyyət göstəriciləri də xeyli artıb. Belə ki, qəbul imtahanlarında müsabiqə
şərtlərini ödəyənlərin sayı I ixtisas qrupu üzrə 6.6 faiz, II ixtisas qrupu üzrə
4.6 faiz, III ixtisas qrupu üzrə 7.8 faiz, IV ixtisas qrupu üzrə 10.9 faiz
artıb. Statistik rəqəmlər müəyyən irəliləyişdən xəbər verir. Bəs görəsən, bu
keyfiyyət artımının səbəbləri nə ilə bağlıdır?
Təhsil eksperti Əjdər
Ağayev deyir ki, müxtəlif
faktorların rolu var: "Əslində abituriyentlərin nəticələrinin keyfiyyət
artımına müxtəlif amillər səbəb ola bilər.
Əsas səbəblərdən biri kimi isə müəllimlərin diaqnostik imtahanla işə qəbul
olması və onun verdiyi müsbət nəticə ola bilər. Çünki indiyə qədər müəllimlər dərsləri
köhnə biliklərlə və ənənəvi qaydada keçirdilər. Diaqnostik imtahanların tətbiqi, bir tərəfdən müəllimlərin əmək haqqının
artımına və məktəblərə rahat yerləşməsinə
kömək edirsə, digər tərəfdən onların öz üzərində işləməsini təmin edir. Yəni bu
imtahan müəllimlər üçün bir növ motivasiya olur. Nəticədə, müəllimlər öz
dünyagörüşünü və biliklərini daha da artıraq, təlim prosesini yüksək səviyyədə
aparır. Hər il hamımız ümumtəhsil məktəblərinin nəticələrinin zəif olmasından
narazılıq edirik. Artıq bu istiqamətdə getdikcə müsbətə doğru irəliləyişlər
hiss olunmaqdadır. Baxmayaraq ki, bu il 9-cu siniflərin buraxılış
imtahanlarının nəticəsi olduqca zəif olsa da, ümumtəhsil orta məktəblərinin nəticələrində
diqqət çəkən irəliləyişlər var. Düzdür, bu, tamamilə keyfiyyət dəyişimi demək
deyil. Amma yenə də müəyyən qədər irəliləyiş hiss olunur və bu da keyfiyyət
artımına təsir edən amillərdən hesab oluna bilər. Bununla yanaşı, sevindirici
haldır ki, abituriyentlər artıq özləri öz üzərində sərbəst işləmək vərdişləri
qazanıblar. Əvvəlki illərdən fərqli olaraq, abituriyentlər artıq getdikcə
proqrama daha yaxından bələd olurlar. Həmçinin ayrı-ayrı repetitor hazırlığına gedən abituriyentlər də var. Abituriyent
artıq müstəqil olaraq öz üzərində işləməyi bacarır. Məqsədi və niyyəti əla nəticə
göstərmək olan şagird, öz qarşısına
qoyduğu məqsədə özü çatır. Belə bir müsbət
artım əlbəttə, sevindirici haldır. Düşünürəm ki, bu inkişaf artıq gələcəkdə
özünü başqa sahələrdə də göstərəcək”.
Təhsil eksperti
Kamran Əsədov bildirdi ki,
imtahanların iki dəfə keçirilməsi keyfiyyət artımının əsas səbəblərindən
biridir: "2017-2018-ci tədris ili üçün ali məktəblərə qəbul imtahanı artıq
geridə qaldı. Lakin bu il əvvəlki illərdən fərqli olaraq, ilk dəfə ali məktəblərə
qəbul imtahanı iki dəfə keçirildi. Bildiyiniz kimi, buna qədər abituriyentlər
seçdikləri ixtisas üzrə yalnız bir dəfə imtahanda iştirak edirdilər. Keçmiş təcrübə
göstərir ki, abituriyentlər bir imtahanda iştirak etdikdə, onların psixoloji və
fiziki vəziyyəti, həmçinin hazırlıq səviyyəsi tam şəkildə olmadığına görə,
bilik və bacarıqlarını tam ortaya qoya bilmirlər. Bu ildən etibarən ali məktəblərə
qəbul imtahanının iki dəfə keçirilməsi nəticələrdə
müsbət artımlara səbəb olan əsas səbəbdir. Əgər yazda və yayda keçirilən
imtahan nəticələrini müqayisə etsək, görərik ki, 70 faizdən çox abituriyentin nəticəsi
ikinci imtahanda daha yüksəkdir. Həmçinin, keçid balını toplayaraq ixtisas
seçiminə buraxılan abituriyentlərin sayında da 10 faizə qədər artım var.
Ümumilikdə, bu il qəbul imtahanında 70
mindən çox abituriyentin iştirak etdiyini nəzərə alsaq, 35 min abituriyent
müsabiqə şərtlərini ödəyə bilib. Müsbət məqamlardan biri də keçid balını
toplaya bilməyən abituriyentlərdə də azalmanın
müşahidə olunmasıdr. Builki qəbul
imtahanı son 25 illə müqayisədə rekord nəticələrlə yadda qaldı. İlk dəfə
olaraq bu il 15 nəfər maksimum nəticə, yəni 700 bal toplayıb. Bundan başqa, 600-dən
çox bal toplayanların sayında da əvvəlki illərə nisbətən xeyli artım var. Hesab edirəm ki, imtahanların iki dəfə
keçirilməsi şagirdlərin öz bacarıqlarını tam şəkildə ifadə etməsi baxımından
faydalıdır”.
Şəbnəm
Mehdizadə