• çərşənbə, 17 Aprel, 03:26
  • Baku Bakı 14°C

Təhsil və istedad

14.05.19 09:00 1437
Təhsil və istedad
Teatrlarımızda hər il yeni simalar peyda olur. Gənclərin teatra olan marağı, bu axın ürəkaçandır. Ancaq araşdırdıqda, teatrda siması görünən bir çox gənc aktyorların heç diplomlarının belə olmadığını, onların teatra "bəxtəxuda” düşdüklərini eşidirik. Biz də teatr direktorları ilə əlaqə saxlayıb, teatra işçi götürərkən nələrə önəm verdiklərini öyrənməyə çalışdıq.
"Teatr tarixini öyrənmədən aktyor olmaq olmaz”
Akademik Musiqili Teatrın direktoru, əməkdar incəsənət xadimiƏliqismətLalayev teatrda çalışmaq istəyən hər bir yaradıcı şəxs üçün diplomun böyük önəm kəsb etdiyini bildirdi. Təhsilsiz insanların teatrda çalışmasının tam əleyhinə olduğunu qeyd etdi: "Xüsusilə aktyor sənətində təhsilin xüsusi yeri var. Heç kəs deyə bilməz ki, mən təhsilsiz hər şeyi bilirəm. Aktyor sənətinin sirlərini bilmədən, öyrənmədən, bu sahədə işləyən insanları tanımadan, yazılan əsərləri oxumadan, Konstantin Stanislavskini, Mehdi Məmmədovu, Adil İsgəndərovu, Tofiq Kazımovu tanımadan, onların yaradıcılığına bələd olmadan necə aktyor olmaq mümkündür? Əlbəttə ki, bu mümkünsüz bir şeydir. Azərbaycan teatr tarixini öyrənmədən aktyor olmaq olmaz. Bəzən aktyorların ixtisasını dəyişib rejissorluğa keçməsinə də çox qısqanclıqla yanaşıram. Rejissor sənəti başqa bir sənətdir. Hər ikisinin ayrı-ayrılıqda çox incə nüansları var. Diplomsuz teatr sənəti sahəsində çalışmaq mümkün deyil. Bizim teatrda ildə iki dəfə işçi qəbulu keçirilir. Belə ki, iyun ayından sənədləri qəbul edirik, sentyabrda isə kastinq keçiririk. Kastinqdə gənclər orkestr, balet, xor və eyni zamanda aktyor ixtisası üzrə sınaqda iştirak edirlər. Onların seçilməsində bədii şuranın üzvləri - baş dirijor, xormeyster, rejissorlarımız iştirak edir. Onların istedadlarına dəyər verib heyətə qəbul edirlər. Bu proses bir də yanvar ayında baş verir. Çox təəssüf hissi ilə qeyd edirəm ki, çox sayda ərizələr qəbul edilsə də, seçdiyimiz insanlar 1 və ya 2 nəfər olur. Bu gün gənclərə teatrlarımızda xüsusi bir qayğı göstərilir və onlar üçün hər zaman yaşıl işıq yandırılıb. Belə bir söz var ki, "istedadlılara kömək et, istedadsızlar onsuz da bir yol tapacaqlar”. İstedadlı gənclərə kömək etməyə çalışırıq. Kastinqlərə gələn gənclərlə söhbət edəndə deyirlər ki, bu teatrda çalışmaq mənim arzumdur. Soruşanda ki hansı tamaşamıza baxmısan, cəmi 2 tamaşamızın adını çəkirlər. Təbii ki, bütün bunlara biz çox diqqət yetiririk”.
Ə.Lalayev Musiqili Teatrda aktyor kimi çalışmağın başqa teatrlardan fərqli olaraq böyük bacarıq tələb etdiyini vurğuladı: "Musiqili Teatrda çalışmaq üçün aktyordan həm səs imkanları, həm də aktyor kimi peşəkar səhnə plastikası tələb olunur. Bəzən bizə gözəl səsli aktyorlar müraciət etsə də, onların bir çoxu aktyor kimi zəifdirlər. Musiqili Teatr konsert təşkilatı deyil. Səsli ifaçılar Filarmoniyada konsertlər verə bilər. Qarşısına teatrda çalışmağı məqsəd qoyan hər kəs aktyor sənətinə yiyələnməli və öyrənməlidir”.
"Həm təhsil, həm də istedad mütləqdir”
Azərbaycan Dövlət AkademikOpera və Balet Teatrının mətbuat xidmətinin rəhbəriŞükufəAğamirzəyeva teatrın yaradıcı sənət növü olduğunu və burada təhsillə yanaşı, istedadın da mütləq olmasının vacibliyini vurğuladı: "Teatrımıza tez-tez vokalçılar, muğam ustaları, orkestr və balertistlər iş üçün müraciət edirlər. Teatra işçi qəbul edərkən daha çox onların istedadına və əldə etdikləri təcrübələrinə əsaslanırıq. Bəzən də elə o təcrübəni onlara özümüz qazandırırıq. Bilirsiniz ki, Opera və Balet Teatrının təcrübəli solistləri var. Onlar müxtəlif tədris müəssisələrində - Bakı Musiqi Akademiyasında, Azərbaycan Milli Konservatoriyasında, Asəf Zeynallı adına Musiqi Məktəbində, Bakı Xoreoqrafiya Akademiyasında çalışırlar. Onlar da bəzən bizə bu işdə yardımçı olurlar. Belə ki, dərs dedikləri tədris müəssisələrində müşahidə etdikləri, ən yaxşı tələbələri təklif edirlər. Biz də onları yoxlayır, yaxşıların yaxşısını seçməyə çalışırıq. Həmin gənclər teatra dəvət olunur, bədii şurada dinlənilirlər. Sınaq müddətini keçdikdən, özlərini doğrultduqdan sonra teatrın ştatına qəbul olunurlar. Beləliklə, teatrın tanınmış solistlərinə çevrilirlər. Bir sözlə, biz teatra işçi qəbul edərkən həm təhsilə, həm də istedada böyük önəm yer veririk”.
"Elə insan var ki, çox istedadlıdır, amma təhsili yoxdur”
Azərbaycan Dövlət Pantomima Teatrının direktoru Elman Rəfiyev heç bir ali təhsil ocağında pantomima aktyoru ixtisasının olmadığını və nəticədə teatra aktyor cəlb olunmasında çətinliklərlə üzləşdiklərini bildirdi: "Təəssüf hissi ilə qeyd edim ki, nə aktyor yetişdirən ADMİU, nə də rəqqas yetişdirən Bakı Xoreoqrafiya Akademiyası, nə də başqa bir təhsil müəssisəsi Pantomima Teatrı üçün nə aktyor, nə də rejissor hazırlayır. ADMİU-da aktyorlar dram və kino ixtisası üzrə hazırlanır. Ancaq hər bir aktyorun qabında pantomima elementləri var, sadəcə onu üzə çıxarıb görmək lazımdır. Biz kadr problemimizi həll etmək üçün tələbələri teatra dəvət edirik. Sosial şəbəkədəki səhifəmizdə elan veririk. Teatrımızın yaradıcısı Bəxtiyar Xanızadə onlara baxır, səhnədə etdikləri elə ilk hərəkətlərindən bəlli olur ki, bizim teatra yarayır, yoxsa yox. Hətta elə aktyorlar var ki, Bəxtiyar müəllim onlarla bir ay məşğul olur. Pantomima ilə məşğul olmaq istəyən aktyorlar üçün elan verdik. Bizə 100 nəfər aktyor müraciət etmişdi. Onlardan yalnız ikisi teatra qəbul olundu. Bu gün tamaşalarımızın əksəriyyətində o aktrisalar çalışırlar. Hazırda teatrımızda mənimlə birlikdə 14 aktyor var. Bu 14 nəfər durduğu yerdə qalsa, bizə kifayət edir. Onların sıfırdan hazırlanmasına Bəxtiyar Xanızadə özü nəzarət edir”.
Elman Rəfiyev söhbət əsnasında qanunla teatrda çalışmaq üçün aktyordan diplom tələb olunduğunu, amma bəzən istisna halların olduğunu da bildirdi: "Elə insan var ki, çox istedadlıdır, amma təhsili yoxdur. Çox istisna hallarda biz onları da qəbul edirik. Pantomimo Teatrı yarananda, bizə bir aktrisa qoşuldu. O aktrisa Asəf Zeynallının fortepiano ixtisasında təhsil alırdı. Tamaşalarda çox uğurla iştirak etdi. Bu gün çox adam Pantomima Teatrının adına görə bizə müraciət edir. Gəlib görəndə ki burada iş prosesi həddən artıq ağır, məşəqqətlidir, özləri qaçıb gedirlər. Bizim bir çox gənclərimiz birdən-birə məşhur olmaq istəyirlər. Mən 25 ildir çalışıram. Bu günə qədər az-çox nəyəsə nail olmuşam. Amma dünənin gəncləri bir ay içərisində məşhur olmaq istəyirlər”.
"Tələbələri seçib, öyrədirik”
Abdulla Şaiqadına Dövlət Kukla Teatrının direktoru, əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə Kukla Tatında çalışmaq üçün heç bir ali təhsil müəssisəsinin aktyor yetişdirmədiyini bildirdi. O, teatrın özünün ADMİU-nun məzunu olmuş tələbələri istedadına görə seçib, onları məhz kukla sənəti üzrə hazırladıqlarını bildirdi: "Ali təhsil ocaqlarında Kukla Teatrının spesifik xüsusiyyətinə bələd olmaq üçün nə rejissor, nə də aktyor yetişdirilir. Teatrımızın kadr potensialını ADMİU-nun aktyor məzunları təşkil edir. Belə ki, biz o tələbələri seçirik, onlarla müəyyən bir müddət məşq edirik. Teatrda onlara kukla ilə hərəkət qaydaları, səhnədə idarə olunan kuklanın texnikası, hərəkət mexanizmini mənimsəmək, onun səs tembri ilə işləmək və bu kimi proseslər öyrədilir. Kukla Teatrının aktyorları digər teatrların aktyorlarından fərqlidir, onlardan istənilən halda çeviklik tələb edilir, bəzən bir aktyor səhnədə bir neçə personajı canlandırır, bir neçə funksiyanı idarə etməli olur. Bunun üçün o bütün bu prosedurlara hazır olmalıdır. Bunu isə onlara təhsil müəssisələrində öyrətmirlər. Hazırda teatrımızın truppasında gəclər üstünlük təşkil edir. Bizim kadrla bağlı problemlərimiz yoxdur. Müraciətlər var, ancaq bizim aktyor ştatımız doludur”.
"Teatrlar təcrübə məktəbi funksiyasını daşıyır”
Sumqayıt Dövlət Dram Teatrının direktoru, əməkdar artist Mübariz Həmidov teatra kadr seçərkən istənilən halda diplomun böyük önəm daşıdığını vurğulasa da, Azərbaycan teatr tarixinə nəzər yetirdikdə, bir çox tanınmış sənətkarların zamanında ali təhsilləri olmadığını bildirdi: "Peşəkar teatrlarda aktyorları truppaya qəbul edəndə, diplomun olmasına çox önəm verilir. Ancaq teatr tarixinə nəzərə saldıqda, bir çox sevilən mərhum sənətkarlarımızın diplomlarının olmadığını görürük. Onlar əldə etdikləri uğura görə öz təcrübələrinə və eyni səhnəni bölüşdükləri, özlərindən əvvəlki aktyorlara borcludurlar. Ancaq bu gün teatrlarda diploma daha çox önəm verilir. Dörd il ali təhsil ocağında bu sənətin əlifbasını, aktyor sənətinin əsaslarını, səhnə danışığını və sair öyrənirlər. Teatrlar isə praktiki olaraq təcrübə məktəbi funksiyasını daşıyır. Bu gün teatrlarda daha çox diplomu olan kadrlar çalışır. Hesab edirəm ki, teatrlara kadrların seçimində diplomun olması vacibdir. Ancaq mən təcrübəyə də çox önəm verirəm. Universitet nəzəri cəhətdən bilikləri verir, teatr isə artıq istehsalatdır. Teatrda təcrübəli pedaqoq, rejissorlar varsa, onların özləri də məşq prosesində təkrarən maarifləndirmə xarakterli o nəzəri bilikləri öyrədəcək. Əvvəllər universiteti bitirən tələbələri təyinatla teatrlara göndərirdilər. Bu gün isə təyinat sistemi yoxdur. İndi vəziyyət bir qədər başqadır. Gənclər özləri universiteti bitirəndən sonra istədikləri teatra müraciət edirlər”.
M.Həmidov Sumqayıt Teatrına yeni işçilər cəlb olunarkən namizədin təhsil aldığı universitetə və daha sonra səhnə plastikasına önəm verdiklərini qeyd edir: "Azərbaycan Xalq Teatrında çalışanların əksəriyyəti yaradıcılığa məhz Sumqayıt Teatrından başlayıblar. Bu teatrın özünün istedadlı aktyor yetişdirmək kimi bir funksiyası da var. Biz teatra aktyor seçərkən ilk növbədə işçinin təhsil aldığı universitetə, sənətinə olan marağına baxıb, sınaq müddəti veririk. Bir-iki ay müddətində yoxlanılır. Teatrda canlandırdığı bir neçə obrazdan sonra bədii şura tərəfindən dəyərləndirilir və özünü doğruldursa, bizimlə davam edir”.
Xəyalə Rəis
Bu yazı "İntellekt Araşdırmalar Mərkəzi” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi "Teatr mədəniyyətinin formalaşması istiqamətində TV və radio proqramların hazırlanması” layihəsi çərçivəsində hazırlanıb.
banner

Oxşar Xəbərlər