• cümə, 19 Aprel, 06:04
  • Baku Bakı 13°C

Təhsil üçün çempion olan idmançımız - Portret

17.09.16 13:10 1829
Təhsil üçün çempion olan idmançımız - Portret

Rio Olimpiadasının gümüş mükafatçısı Valentin Demyanenko adını Azərbaycanın idman tarixinə qızıl hərflərlə yazıb

Rio Olimpiadası ölkəmizin idman tarixinə yeni rekordlarla düşdü. Belə ki, Azərbaycan ilk dəfə bir olimpiadanı 18 medalla başa vurdu. Bundan əlavə, ilk dəfə Olimpiadada avarçəkmə idman növündə medal qazandıq.
İlk olaraq qadınların yarışında İnna Osipenko-Radomskaya bürünc medal qazandı. İnnadan iki gün sonra - avqustun 18-də isə kişilərin yarışında bu idman növündə ilk olimpiya "gümüş”ümüzü qazandıq. Valentin Demyanenko 1 nəfərlik kanoe qayığında, 200 metr məsafəyə yarışda Azərbaycana gümüş medal qazandırdı. Ancaq Demyanenkonun bu medala doğru yolu heç də asan olmayıb. Bu medalı 32 yaşlı idmançının uzun illərdir çəkdiyi əziyyətin və topladığı təcrübənin "meyvə”si saymaq olar. Bu dəfəki yazımızda da ölkəmizə son Olimpiadada gümüş medal qazandıran avarçəkənimiz Demyanenkonun həyat yoluna nəzər salacağıq.
Çempion olub, pulsuz təhsil aldı
Valentin Demyanenko 1983-cü il oktyabrın 23-də, Ukraynanın Çerkası şəhərində dünyaya gəlib. Valentinin təhsil aldığı məktəbdə idmana böyük həvəs var idi. Belə ki, Demyanenkodan yüksək sinifdə oxuyan şagirdlərin böyük hissəsi müxtəlif idman qruplarına yazılmışdı. O da bu axından geri qalmaq niyyətində deyildi. Çox götür-qoy etdikdən sonra Valentin avarçəkmə idman növüylə məşğul olmaq qərarına gəlir. İlk olaraq Anatoli Dudinkanın rəhbərliyi altında məşqlərə başlayır. Ancaq onun yeniyetməlik karyerası heç də parlaq keçməyib. Belə ki, avarçəkməyə başladıqdan sonrakı ilk 4-5 il ərzində Demyanenko heç bir ciddi uğur qazanmayıb. İlk uğur isə 18 yaşında gəlib. Məhz bu yaşda Valentin Ukrayna çempionu adını qazanıb. Bundan sonra Ukraynanın gənclər millisinə dəvət alan Demyanenko, idmanla yanaşı, təhsilini də davam etdirmək qərarına gəlir.
Elektrik mühəndisi ixtisası üzrə texnikumda təhsilini başa vuran Demyanenko, zavodda işləməyə başlayır. Ancaq o, bununla kifayətlənməyərək, universitetə də sənəd verir. Fizika fakültəsinə daxil olan Valentinin qarşısına şərt qoyulur. Deyilir ki, əgər o, Ümumukrayna yarışlarını qalib başa vursa, universitetdə pulsuz təhsil alacaq. Demyanenko bu təklifi dəyərləndirir və yarışı qalib başa vuraraq, universitetdə pulsuz təhsil alır.
Növbəti ildə o, Ukrayna millisinə dəvət almır. Bunun əsas səbəblərindən biri də, orada rəqabətin çox güclü olması idi.
Ancaq daxili yarışlardakı ardıcıl uğurları onda bu idman növündə daha böyük uğurlar əldə edə biləcəyilə bağlı inam yaradır. Valentin yığmaya geri qayıtmaq üçün öz üzərində səylə çalışmağa başlayır. Hədəf isə Polşanın Poznan şəhərində keçiriləcək Avropa çempionatında millinin heyətində yer almaq idi. Bütün çətinliklərə baxmayaraq, o, bu istəyinə nail olur və Ukrayna yığmasının heyətində gənclər arasında qitə birinciliyinə qatılır. 1 nəfərlik kanoe qayığında 500 m məsafayə yarışlarda iştirak edən Demyanenko, qitə birinciliyini qalib başa vurur. Valentin sonradan mətbuata açıqlamasında bu uğuru belə xatırlayır: "Yarış başlayan kimi böyük qüvvəylə irəli atıldım. Yalnız finiş xəttinə çox az qalmış geriyə boylandım və bütün idmançıların məndən bir xeyli geridə qaldığını gördüm. Bax o zaman bu həyatda daha böyük uğurlara imza ata biləcəyimə bir daha inandım”.
Bu uğurdan sonra Demyanenko özünü gənclər yox, əsas komandada sınamaq qərarına gəlir. Cəmi 20 yaşlı idmançı üçün bu, heç də asan deyildi. Buna baxmayaraq o, əsas yığmaya düşməyi bacarır və Ukrayna millisinin heyətində ABŞ-da təşkil edilən dünya çempionatına qatılır. Gözlənildiyi kimi, Demyanenko daha təcrübəli rəqibləriylə mübarizədə medalçılar sırasına düşə bilmir.
Lakin onun əsas millidəki uğurları da özünü çox gözlətmir. 2005-ci ildə, Polşanın Poznan şəhərində təşkil edilən Avropa çempionatında iştirak edən Demyanenko yarışı gümüş medalla başa vurur. O, yalnız sabiq olimpiya çempionu, rusiyalı Maksim Opalevdən geri qalır. Lakin bir neçə ay sonra Zaqrebdə təşkil edilən dünya çempionatında Opalevi geridə qoyan Demyanenko qızıl medallara sahib çıxır.
Cəmi 22 yaşında dünya çempionluğuna yiyələnmiş Demyanenkonun qarşısında daha böyük məqsəd var idi - Olimpiya çempionluğu!
Sürpriz təklif
Amma Ukrayna millisinin heyətində Olimpiadaya qatılmaq Demyanenkoya qismət olmur. 2006-cı ildə Macarıstanın Seqed şəhərində keçirilən Avropa çempionatında 2-ci olan Valentin son dəfə Ukrayna millisinin heyətində yer alır. Bundan sonra millidən uzaqlaşan Demyanenko düz 1 il yığma səviyyəsində yarışlara qatılmır. 2007-ci ildə isə Valentin sürpriz bir təklif alır. Azərbaycan Avarçəkmə Federasiyasından Demyanenkoya ölkəmizin adından yarışmaq təklif edilir.
O, həmin hadisəni belə xatırlayır:"Bir gün mənə zəng edib Kiyevə, Azərbaycan Avarçəkmə Federasiyasının prezidenti Elçin Zeynalovla görüşə çağırdılar. Onunla söhbət zamanı mənə Mingəçevirdəki avarçəkmə bazasından, orda yaradılmış şəraitdən danışdı. Bildirdi ki, bu bazadan hətta qış aylarında belə istifadə etmək mümkündür. Ukraynadan fərqli olaraq Azərbaycanda qışda -20-25 yox, -2-3 dərəcə soyuq olur. Düşündüm və razılığa gəldik. 2007-ci ildən etibarən Azərbaycanın uğurları üçün çalışmağa başladım”.
Xəyalları puç edən zədə
Demyanenko Azərbaycan adından qatıldığı yarışlarda ilk uğurunu 2009-cu ildə qazanır. O, Kanadanın Darmut şəhərində baş tutmuş dünya çempionatında 1 nəfərlik kanoe qayığında, 200 m məsafəyə yarışda qızıl medal qazanır. Valentin 2011-ci ildə Seqeddə keçirilmiş dünya çempionatında da bu uğurunu təkrarlayır. 200 m məsafəyə yarışda qızıl medallara sahib çıxan Demyanenko, 4x200 m məsafəyə yarışı 2-ci pillədə başa vurur.
Bundan əlavə, o, 2009-cu ildə Brandenburqda, 2011-ci ildə isə Belqradda 200 m məsafəyə yarışlarda da qızıl medal qazanır. 2011-ci ildə Belqradda keçirilmiş qitə birinciliyində 500 m məsafəyə yarışda da çempion olur.
2012-ci ilin iyun ayında Zaqrebdə bir daha çempion olan Demyanenkonu qarşıda daha nəhəng yarış gözləyirdi. O, həmişə xəyalını qurduğu olimpiadaya qatıldı. Lakin London Olimpiadası Demyanenko üçün heç də yaxşı nəticələnmədi. Dördilliyin ən mötəbər yarışına zədəli qatılan Demyanenko ilk mərhələni adlaya bilmir.
Bundan sonra həvəsdən düşməyən Demyanenko 2013-cü ildə Duysburqda təşkil edilən dünya çempionatında 200 m məsafəyə yarışda dünya çempionu olaraq, 1 il öncəki uğursuzluğu unutdurur.
32 yaşında gələn olimpiya medalı
İlk Avropa Oyunlarını gümüş medalla başa vuran Valentinə Rio Olimpiadasında inam böyük idi. Demyanenkonun artıq 32 yaşı olsa da, hamı onu 200 m məsafəyə yarışda əsas favoritlərdən biri kimi görürdü. Bu, Valentin üçün bəlkə də, olimpiya çempionu olmaq üçün son şans idi.
Rioda ilk mərhələdə 1-ci pilləni tutan Demyanenko yarımfinala vəsiqə qazanır. Burda isə 2-ci olan Valentin finala yüksəlir. O, həlledici mərhələdə yalnız 39.279 saniyə nəticə ilə olimpiya rekordu qıran həmyerlisi Yuri Çebandan geri qalır. Demyanenko Olimpiadadakı qızıl medal arzusunu gerçəkləşdirə bilməsə də, gümüş medal qazanaraq, ölkəmizin tarixinə düşür. Belə ki, Demyanenkonun Rioda qazandığı "gümüş” ölkəmizin olimpiya oyunları tarixində bu idman növündə ən yüksək əyarlı medaldır.
Təsadüfi deyil ki, Azərbaycan prezidenti İlham Əliyev Rio Olimpiadasından sonra Valentini 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif etdi. O, bir il öncə də, Avropa oyunlarından sonra "Tərəqqi” medalıyla da təltif edilmişdi.
Tamam, yoxsa davam?
Demyanenko artıq 9 ildir ölkəmizin adından çıxış edir. Bu 9 ildə dəfələrlə beynəlxalq yarışlarda ölkəmizin bayrağını dalğalandırıb, himnimizi səsləndirib. Bu il 33 yaşı tamam olacaq idmançı karyerasını bitirmək, yoxsa davam etdirmək barədə götür-qoy edir. Demyanenko davam etmək qərarına gəlsə, onu daha çətin mübarizə gözləyir. Belə ki, artıq növbəti - Tokio Olimpiadasından 200 m məsafəyə yarışlar 500 m-lə əvəz ediləcək. Belə olan halda, Valentin illərlə çıxış etdiyi məsafəni dəyişməli olacaq. Demyanenkonun olimpiya qızılı uğrunda daha çətin məsuliyyətin altına girəcəyi və yaxud karyerasını bitirəcəyi yəqin ki, tezliklə məlum olacaq. Ancaq karyerası ərzində böyük çətinliklərə sinə gərmiş Demyanenko üçün bu, heç də aşılmaz sədd deyil.
Dəqiq olan bir şey var ki, Valentinin qəbul edəcəyi qərardan asılı olmayaraq, o, artıq ölkəmizin idman tarixində özünə yer edib. Hər halda, qazandığı 3 dünya, 4 Avropa çempionluğu və olimpiya "gümüş”ü belə deməyə əsas verir.

Kənan





banner

Oxşar Xəbərlər