Təhsil sistemində yaranan gender disbalansı - Araşdırma
"Strasburqa, alman mədəniyyətinin və tarixinin izlərini öyrənib
şagirdlərimə danışmaq üçün gəlmişdim. Yay tətilindən sonra onlara söyləyəcəyim
çoxlu materiallar topladım. Fikrimcə, bunlar uşaqların məlumatlanmasına çox
kömək edəcək”. İki il bundan əvvəl Strasburq-Frankfurt qatarında söhbətləşdiyim
gənc bavariyalı müəllimin bu sözləri məni "nə üçün bizdə cavan kişi müəllimlər
barmaqla sayılası qədərdir və olanlar da bu qədər həvəsli deyillər?” sualı ilə
üz-üzə qoymuşdu. Ölkələrində kişilərin müəllimlik peşəsini seçmələri ilə bağlı
suallarıma alman gəncinin "oğlanlar bütün başqa sahələrlə bərabər, pedaqoji
sahəyə də eyni marağı göstərirlər” cavabı bizdə kişi müəllimlərin çatışmamasından
yaranan problemli mənzərəyə diqqətimi yönəltdi.
Hələ bir neçə il bundan əvvəl Milli Məclisin iclasında millət vəkili Leyla Abdullayeva orta məktəblərdə kişi
müəllimlərin çatışmaması problemini gündəmə gətirsə də, keçən müddət ərzində
hansısa stimullaşdırıcı və motivasiyaedici tədbirlər əks cinsin marağını bu
sahəyə yetərincə yönəldə bilməyib. "Məktəbdə təhsil alan şagirdlərin, xüsusən
də oğlan uşaqlarının formalaşmasında kişi müəllimlərin də olması vacibdir” deyərək,
narahatlığını ifadə edən millət vəkilinin arqumentinə diqqət edək:
"Unutmamalıyıq ki, o oğlanlar gələcəyin əsgərləridir və onların kişi kimi
formalaşması üçün mütləq kişi cinsindən olan müəllimlərdən də dərs almaları
lazımdır. Ancaq illərdir ki, orta məktəblərdə ciddi surətdə kişi müəllimlərin
çatışmazlığı ilə üzləşirik və bu problem getdikcə böyüməkdədir. Bu isə
gələcəkdə daha ciddi problemlər yaradacaq. Ona görə də, təklif edirəm ki, kişi
müəllimlərlə bağlı kvota müəyyənləşdirilsin və onların bu sahəyə marağının
artırılması üçün müəyyən maddi islahatlar aparılsın”. Millət vəkilinin fikirləri bu sahədə
vəziyyəti aydın göstərməklə yanaşı, gələcəkdə yaranacaq və artıq ilk mənfi rüşeymlərini
göstərən problemi ortaya qoyur.
Cəmiyyətdə də müəllimliyin sanki qadın peşəsi olması ilə bağlı stereotip
yayılıb. Nəzərə alsaq ki, hələ sovet dövründən gimnaziyalarda, qəza və
quberniyalarda dərs deyənlərin çoxu kişi müəllimlər idi, onda bu fikirlərin tam
əsassız olduğuna nəinki özümüz inana, başqalarını da inandıra bilərik. Tam olmayan ailə
Qonşu Rusiyanın təcrübəsinə müraciət etdikdə, təsəlli üçün olmasa da, ürək açmayan analoji vəziyyətlə qarşılaşmaq olur. Tuva şəhərində həyata keçirilən pilot layihə yaşı 40-a qədər olan kişilərin məktəblərə cəlb olunmasına kömək etsə də, nümunə dəryada damla təsiri bağışlayıb. Ümumilikdə müşahidələr, məktəblərdə kişi müəllimlərin idarəetməsinin gücləndiyini ortaya çıxarıb. Tuvanın elan olunan "Ən yaxşı kişi pedaqoqu” müsabiqəsi də problemin həllinə dəstək məqsədi daşıyıb. Rusiyanın Təhsil Nazirliyi nümunəni ölkə üzrə yaymağın tərəfdarıdır. Dövlət Dumasının "Hökumət saatı”nda çıxış edən elm və təhsil naziri Olqa Vasilyeva ölkənin təhsil siyasətini müzakirəyə çıxararaq qadın müəllimlərdən ibarət olan kollektivləri "tam olmayan ailə”yə bənzədib: "Müqayisədə kişilərin pedaqogikası qadınların pedaqogikasından fərqlidir. Təhsildə kişilərin pedaqoji metodologiyasından istifadəyə ehtiyac var”. Parlament üzvləri məktəblərdə baş verən insidentləri kişi müəllimlərin çatışmaması ilə əlaqələndiriblər: "Kişi pedaqoqların çatışmaması böyük problemlər yaradır. Kişilərdə müəllimlik peşəsinə maraq yaratmaq üçün pedaqoji ali məktəblərə qəbulda müəyyən üstünlüklər verilməlidir. Məktəblərdə işə başlayarkən kişilərin prioritetlərini müəyyən etmək qanuni cəhətdən düzgün deyil. Ancaq pedaqoji kadrlarda digər yollarla gender bərabərliyinin stimullaşdırılması vacibdir”.
Nəinki orta məktəbdə, ali məktəblərdə də...
Nəzər alaq ki, hələ sovet dövründə kişi müəllimləri yetişdirən ali
məktəb funksiyası daha çox Azərbaycan Pedaqoji Universitetinin çiyinlərinə
düşüb. Bəs bu gün necə, bu təhsil ocağının divarları arasında gələcək kişi
müəllimlərin səsi yenə də əvvəlki kimi eşidilirmi?
Dövlət İmtahan Mərkəzinin (DİM) son üç
ildə pedaqoji yönümlü ixtisaslar üzrə ali təhsil müəssisələrinə qəbulun
nəticələri ilə bağlı "Kaspi”nin sorğusuna cavabı bu istiqamətdə heç də müsbət
tendensiyadan xəbər vermir. Belə ki, 2016-cı ildə bütövlükdə tələbə adını
qazanan 8277 abituriyentin 6877 nəfəri qız, 1400 nəfəri oğlan olub. 2017-ci
ildə oğlanların sayında azca artım müşahidə olunub: 8225 tələbədən 6719 nəfəri
qız, 1506 nəfəri oğlan, 2018- ci ildə isə 9315 nəfərdən 7443-ü qız, 1872 nəfəri
oğlan olub. Göründüyü kimi, rəqəmlər son üç il ərzində tədricən yüksəlsə də,
elə bir əsaslı dəyişiklikdən xəbər vermir. Bu sferada üstünlük yenə də, necə
deyərlər səs çoxluğu ilə qadınlara məxsusdur.
Azərbaycan Pedaqoji
Universitetinin filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov sovet dövründə
orta məktəblərdə, eləcə də ali məktəblərdə dərs deyən kişi müəllimlərin sayının
daha çox olduğunu etiraf edir. Qadın müəllimlər isə həm orta, həm də ali
məktəblərdə azlıq təşkil edirdi: "Hazırda isə məsələn, orta məktəblərin böyük
əksəriyyətində qadın müəllimlərin sayı artıb. Bu ondan qaynaqlanır ki, artıq
ali məktəblərdə müəllim olmaq istəyən kişilərin sayı azalıb. Qadınlar daha çox
müəllim olmaq istəyirlər». Professor bunun obyektiv və subyektiv səbəblərini
izah edərək bildirir ki, ümumiyyətlə, müəllimlik sənəti qadınlarla daha çox
bağlıdır: "Qadınlar rahat bir sənət kimi məktəbdə dərslərini deyib qayıdırlar.
Amma məsələnin subyektiv tərəfinə gəlincə, indi kişilər müəllim olmaq
istəyindən uzaqdırlar. Çünki müəllim olub hər hansı bir fənni tədris etmək,
bütün həyatını tədrisə bağlamaq istəkləri yoxdur. Bunun mühüm səbəblərindən
biri əməkhaqqı məsələsidir. Kişilər daha çox iqtisadçı, mühəndis, həkim,
texnoloq və bu gün əmək bazarının tələb etdiyi sahələrə yönəlirlər. Düzdür, elə
kişi müəllimlər var ki, onlar repetitorluq edir və ailələrini əvvəlkindən də
yaxşı saxlayırlar. Ancaq bunu bir qisim müəllimlər edir. Bu da məktəbdə
xoşagəlməyən vəziyyət yaradır”. B.Xəlilov hesab edir ki, kişi müəllimlərin
uşaqların təlim-tərbiyəsindən kənar qalması müəyyən fəsadlara yol açır: "Ailədə
daha çox, ana övladının təlim-tərbiyəsi ilə məşğul olur. Uşaq orta məktəbə
gəlir, orada da qadın müəllimlər onunla məşğul olurlar. Oğlan uşaqları həm
ailədə ananın, orta məktəbdə də qadın müəllimlərin diqqət mərkəzində olurlar.
Bu, onların psixologiyasında müəyyən dəyişiklik yaradır. Yəni onlar kişi
xarakterli böyüyə bilmirlər. Bu da onların gələcək həyat fəaliyyətlərində ailə
başçısı, cəmiyyətdə yaxşı bir vətəndaş olmalarında müəyyən mənada mənfi iz
buraxır”. Professor təəssüflə bildirir ki, hazırda nəinki orta məktəblərdə,
hətta ali məktəblərdə də qadın müəllimlərin sayı çoxalıb: "Artıq ali təhsil
müəssisələrində çalışan əməkdaşların da əksəriyyəti xanımlardır. Hətta, elmə
gələn gənc mütəxəssislər içərisində kişilərin sayı artıq azlıq təşkil edir”.
Professor hesab edir ki, bütün hallarda bu balansın pozulması müsbət hal deyil.
O mənada ki, təcrübələr də, kişilərin müəllim kimi çalışmalarının daha effektiv
nəticələr verdiyini göstərir: «Kişilərin alim olması effektiv nəticələr verir.
Bu baxımdan, bunlar düşünüləsi, cəmiyyəti narahat edəsi məsələlərdir. Eyni
zamanda, bu, hər bir ziyalını və vətəndaşı narahat edən məsələ olmalıdır. Çünki
cəmiyyətin gələcək inkişafı müəllimlərdən asılıdır. Ona görə, bu sahədə 50-nin
50-yə nisbətini qorumaq vacib şərtdir. Həmçinin gələcəyin inkişafı alimlərdən
asılıdır. Gələcək üçün alimlərin də tarazlığını qorumaq vacib şərtdir. Nədənsə,
artıq kişilər elmə verəcəkləri faydadan daha çox, başqa sahələrə üz tuturlar».
B.Xəlilovun fikrincə, bu sahədə tarazlığı qorumaq üçün müəyyən stimullaşdırıcı
işlər görülməlidir. Belə ki, onların iş şəraitinin yaxşılaşdırılması, müəyyən
imtiyazların verilməsi, əmək haqlarının artırılması kişilərin bu sənətə
marağının artmasına gətirib çıxara bilər: "Əks təqdirdə məktəblərin əksəriyyəti
yalnız qadınlardan ibarət olacaq. Əgər yaşlı nəsli çıxsaq, orta məktəbdə artıq
65 yaşdan yuxarı olanlar təqaüdə göndərilirlər, bu yaşdan aşağı olanların
statistikasını aparsaq, görərik ki, orta nəsil və 65 yaşa qədər olanlar
içərisində kişilər daha çox, gənclər arasında isə qadınlar üstünlük təşkil
edirlər. Bu cür ənənə davam etsə, orta məktəb bütövlükdə qadın kontingentindən
ibarət olacaq. Belə kontingentin olması isə istər-istəməz təhsilin keyfiyyətinə
də mənfi təsir göstərəcək». Cəmi 18 faiz kişilər
"Azərbaycanda ümumi pedaqoqların cəmi 18%-ni kişilər təşkil edir”. Təhsil
Nazirliyinin məlumatında açıqlanan rəqəmlər də sevinməyə əsas vermir. Belə ki,
bu faiz bütün ölkə üzrə 25.276 nəfər deməkdir. "Bu mənzərə ölkənin təhsil
sistemində əhəmiyyətli dərəcədə gender disbalansının olduğunu göstərir” - deyən
Qadın Liderliyi Uğrunda İctimai Birliyin
rəhbəri Ülkər Abdullayeva "Kaspi”yə açıqlamasında bildirdi ki, ölkənin orta ümumtəhsil
məktəblərindəki vakant yerlərə müəllimlərin işə qəbulu çərçivəsində keçirilən
sonuncu qəbul prosesində 50 mindən artıq namizəd iştirak edib. Onların cəmi
8,185 nəfəri kişi pedaqoqlardır. Ü.Abdullayevanın sözlərinə görə, hazırda kişi
müəllimlərin sayının ən çox olduğu yeganə rayon Yardımlıdır. Bu rayonda 789
kişi pedaqoq çalışır ki, onlar da ümumilikdə rayon məktəblərindəki müəllimlərin
85%-ini təşkil edirlər: "Hazırda Azərbaycanda 5 minə qədər orta ümumtəhsil
məktəbi var ki, orada da 150 minə qədər müəllim çalışır”. İB rəhbəri kişilərin
müəllimlik peşəsini seçməmələrinin əsas səbəbini əmək haqqının azlığı ilə
əlaqələndirir: "Maaşın azlığı ailə başçısına ailəsinin bütün zəruri xərclərini
ödəməyə imkan vermir. Orta məktəb müəllimi orta hesabla 250-400 manat maaş
alır. Bu maaşla ailəni dolandırmaq mümkün deyil. Ona görə də, kişilər daha çox
qazanc əldə edə biləcəkləri sahələrə üstünlük verirlər. Nəticə olaraq,
ümumtəhsil müəssisələrində kişi pedaqoqların sayı kritik dərəcədə azdır.
Kişiləri təhsil prosesinə cəlb etmək üçün onlara stimul vermək lazımdır. Bu
stimul müəllimlərin maaşlarının artırılması, yaxud da xidməti müqavilə ilə eyni
anda bir neçə təhsil müəssisəsində çalışmaq imkanının yaradılması ola bilər”.
Ü.Abdullayeva hesab edir ki, kişi müəllimlər təhsildə xüsusilə yeniyetmə
oğlanların psixologiyasının formalaşmasında mühüm rol oynayırlar: "Nəzərə almaq
lazımdır ki, atalar həmişə uşaqlarının yanında olmurlar, günün çox hissəsini
işləyirlər. Uşaqların tərbiyəsi ilə ancaq analar məşğul olur. Oğlan uşaqları
evdə də, uşaq bağçalarında da, ibtidai sinifdə də, bir sözlə, bütün təhsil
prosesi boyu ancaq qadın pedaqoqlarla qarşılaşırlar. Bu isə onların
xarakterinin formalaşmasına öz təsirini göstərir. Eyni zamanda qız uşaqlarının
da formalaşmasında, əks cinsin nümayəndələri ilə ünsiyyət qurmaq keyfiyyətinin
yaranmasında kişi müəllimlərin əhəmiyyətli rolu ola bilər. Son illərdə belə
düşüncə formalaşıb ki, müəllimlik qadın sənətidir, kişi işi deyil. Bu düşüncəni
dəyişmək lazımdır. Bunun üçünsə cəmiyyətdə müəllimlərin, xüsusi olaraq da kişi
müəllimlərin nüfuzu qaldırılmalıdır".
İB sədrinin kişi müəllimlərin qıtlığı ilə bağlı fikirləriniNəsimi rayonundakı Texniki
Humanitar Liseyin riyaziyyat muellimi Mübariz Namazov təsdiqləyir:
"Bəli, orta ümumtəhsil məktəblərində kişi müəllimlərin sayı hədsiz dərəcədə
azdır. Əmək haqları kişi müəllimləri qane etmir. Ona görə də, çoxu məcburiyyət
qarşısında qalıb əlavə məşğələlər keçir. Gənclər də müəllimliklə bağlı
perspektiv görmürlər. Bu sahədə oxumaq istəyənlərin sayı get-gedə azalır”.
Razılaşaq ki, "Gen Zed” deyilən "rəqəmsal” nəsil böyüyür. Əmək bazarının
diktəsi də gəncləri müasir ixtisas seçimləri ilə üz-üzə qoyur. Bütün bu
proseslərin fonunda müəllimlik kimi müqəddəs bir peşə gənc oğlanlar üçün
yadlaşmaqdadır. Gələcək kişiləri kişilərsiz tərbiyə etmək isə ağlagəlməz işdir.
Faktlar isə sübut edir ki, kişi nümunəsini uşaqlar üçün heç nə ilə əvəz etmək mümkün
deyil. Pedaqoji irsi dünya ölkələrində tətbiq olunan görkəmli pedaqoq Anton
Semyonoviç Makarenkonun ”Pedaqoji poeması” bu baxımdan əhəmiyyətini çətin
itirə... Bizim təhsil bilicilərinə və səlahiyyətlilərinə isə problemin həlli
istiqamətində daha motivasiyaedici addımlar atmaq qalır...Təranə Məhərrəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür