• şənbə, 20 Aprel, 16:10
  • Baku Bakı 23°C

Təhsil quruculuğu və yeni pedaqoji təfəkkür

17.06.15 13:53 3766
Təhsil quruculuğu və yeni pedaqoji təfəkkür
Hazırda Azərbaycanda yenilikçilik ideyaları əsasında fəaliyyət göstərən bir sıra yeni məktəblər vardır ki, onlar da “yenilikçi məktəb”, “intellekt məktəbi” statusu almışlar. Zənnimcə belə məktəblərdən biri də Suraxanı rayonundakı 282 nömrəli məktəbdir, burada təlimin bu dərəcədə əvvəlki illərdən yaxşılığa doğru inkişafı ən əvvəl məktəbdə yaradılan normal pedaqoji mühit,tərbiyə hesabınadır.Məktəbdə hər bir şagird üçün onun təhsilə marağı, fəallıq və işgüzarlığı, potensial imkanları, maraq dairəsi, təlim nailiyyətləri, tənqidi təfəkkürü, təhlil edib müstəqil nəticə çıxarmaq bacarığı, təşkilatçılığı, biliklərə müstəqil yiyələnmək qabiliyyəti, ünsiyyət yaratmaq mədəniyyəti, məsuliyyətlilik səviyyəsi, ədalətliliyi və başqasının şəxsiyyətinə hörmət göstərməsi, demokratik və azadfikirliliyi, neqativ hallara qarşı barışmazlığı, ümumi mənafeyin gözlənilməsində mövqeyi barədə fərdi keyfiyyəti əks etdirən psixoloji xasiyyətnamənin tərtib olunmasını məqsədəmüvafiq hal hesab edirəm.
Direktor nihilizmini bu məktəbdə görmək və izləmək üçün ən birinci amil, müəllimlərin keçib gəldiyi həyat yolunu bilmək vacibdir. Burada ən xoşa gələsi, yaxşı mənada dilə-ağıza düşəsi bir-birini eşitmək, hörmət hissidir, bir-birinin işinə çox ürəklə müdaxilə edə bilməsidir – bunu da məktəb mənafeyinin şəxsi mənafedən üstün tutulması üçün bir sübut, nümunə bilirik. Məktəb rəhbərinin davranışı, iş yoldaşlarına və başqa adamlara münasibətində obyektivliyi və prinsipiallığı ilə fərqlənməli,bütün cəhətlərdən şəxsiyyətinin insanlara müsbət mənada tərbiyələndirici təsir göstərməlidir.
İşin səviyyəsi kollektivin uğurlarından asılıdır, elə bu uğurların qazanılmasında da məktəb rəhbərliyinin tələbkarlığı və təşkilatçılığının tutumu əsas vacib şərt hesab edilməlidir. Məktəbdaxili nəzarətin təşkilini doğru-düzgün həyata keçirməsi hesabına işlərimiz belə rəvan, dolğun, ardıcıl və sistemlidir. Məktəbdə gedən bütün təlim-tərbiyə prosesləri çevik idarəetməyə, valideyn-məktəb əlaqələrinin möhkəmləndirilməsinə, şagirdlərin dərsə davamiyyətinə, nəzarətə, ən vacibi isə şagirdlərin nailiyyətləri barədə dərhal məlumatlandırmaya zəmin yaradır. Müxtəlif sinifdənxaric tədbirlər, yeni dərs növləri tətbiq edən gənc müəllimlərin fəaliyyətindən razıyıq.
Kollektivə düşüncəli, faydalı, pedaqoji rəhbərlik daim lazımdır, əlbəttə, pedaqoji rəhbərlik inzibatçılıq, əmrvermə səciyyəsi daşımamalıdır. Məktəb rəhbərliyi ilə kollektiv münasibətlərində səmimi və mehribandırsa, orda təlimin və tərbiyənin keyfiyyəti də yüksək olmalıdır. Özünün prinsipiallığı, şəxsi həyat və xarakter cəhətləri, mədəni, əxlaqi davranışı ilə müəllimlərinə nümunə olmağa çalışmalıdır.
Məktəb sərbəstlik, müstəqillik istəyir, müəllim öz dərslərində yaradıcılığa əl atır.İdarəetmə sahəsində aparılmış tədqiqatlar göstərir ki, kollektivin idarə edilməsi üçün yeni prinsiplər: Məhdudlaşdırma yox – kömək göstərmək, əmr vermək əvəzinə rəhbərlik etmək, tərbiyə vermək işinə təkcə sinif rəhbərləri və müəllimlər vasitəsilə təsir etmək deyil – şagird kollektivlərini cəlb etməklə uğurlar qazanmaq olar. İndi yeni pedaqoji təfəkkürün yaradılması ilə bağlı işlər gedir, məktəb yeni üsullarla işləyir, yeni pedaqoji təfəkkür formalaşır.
Rəhbərlik etmək çox mürəkkəb prosesdir. Onu istənilən səviyyədə yerinə yetirmək üçün daim təkmilləşməli, özünü dəyişdirməli, mühitə və insanlara yaxından bələd olmalı, işçilərin psixoloji xüsusiyyətlərini, pedaqogika elminin son nailiyyətlərini, idarəetmənin elmi əsaslarını öyrənməlidir.
Əvvəlcədən ciddi götür-qoy edib planlaşdırdığımız və icra üçün kiməsə, yaxud kimlərəsə tapşırdığımız işin, qərarın, əmrin, sərəncamın və s. necə yerinə yetirildiyini, mövcud tələblərə uyğun görülüb-görülmədiyini müntəzəm surətdə müşahidə edir, müvəffəqiyyət və nöqsanları vaxtında aşkara çıxarır, müvəffəqiyyətləri möhkəmləndirmək, nöqsanları aradan qaldırmaq üçün tədbirlər müəyyənləşdiririk. İki vacib cəhətə daha çox önəm veririk – kollektivdə sağlam mühitin yaradılmasına, ikincisi də davamiyyət faizinin yüksəldilməsinə.
Savadlı, hərtərəfli inkişaf etmiş şagirdlər yetişdirmək üçün əllərindən gələni edirik– təlimi müasir tələblərə uyğun təşkil etməklə, yeni təlim texnologiyalarını bilməklə, müəllimlər arasında təcrübə mübadiləsini gücləndirməklə, sağlam rəqabəti artırmaqla, pedaqoji ustalığı genişləndirməklə. Məktəbin ən başlıca işi kollektivdə yaradılan nizam-intizam, özüllü qanun-qaydalar, ənənələrdi, hər bir kollektiv üzvü, hər bir müəllim öz üzərinə düşən vəzifə borcunu vicdanla yerinə yetirməyə çalışır.
A.S.Makarenko belə qənaətə gəlirdi ki, müəllimin məharəti və ixtisasının artırılması pedaqoji ustalığın əsasında dayanır. Diqqət yetirək: “Mən özümü heç də istedadlı müəllim hesab etməmişəm və etmirəm. Lakin mən öz üzərimdə çox işləyir, özümü işgüzar hesab edirəm və pedaqoji ustalığa malik olmaq istəyirəm... Mən öz təcrübəmdən belə fikrə gəlmişəm ki, pedaqoji ustalıq məsələsini müəllimin məharəti və ixtisasının artırılması həll edir”.
Müəllim fəaliyyətinə verilən tələblərin keyfiyyətcə yüksəlməsi, tələbkarlığın artması isə pedaqoji kadr hazırlığının təkmilləşməsindən asılıdır. Milli-mənəvi və bəşəri dəyərlərə, yüksək əxlaqi keyfiyyətlərə, yaradıcı təfəkkürə, peşəkar qabiliyyətlərə malik müəllim şəxsiyyətinin formalaşması cəmiyyətdə böyük maddi resurslar və enerji tələb edir.Müəllimin şifahi şərhi zamanı şagirdlər zahirən qeyri-fəal görünür, onlar yalnız dinləyirlər. Buna görə də bəzi pedaqoqlar belə hesab edirlər ki, şagirdin fəaliyyəti reproduktiv səciyyə daşıyır. Əslində isə belə deyildir, müəllim şərh zamanı yalnız elmi məlumatları şagirdlərə çatdırmaqla kifayətlənməməli, o, həm də şagirdin dərketmə fəaliyyətini idarə etməli, düşüncə qabiliyyətini inkişaf, onlarda dinləmə mədəniyyətini tərbiyə etdirməlidir.
Məktəbdə kitabla işləməyi, kitaba məhəbbət tərbiyə etməyi şagirdlərə öyrədirlər. Hər bir müəllim dərs dediyi şagirdin şəxsiyyət kimi formalaşmasına nail olmaq, pedaqoji kollektivdə hər bir müəllim təlimin təhsil funksiyası ilə bərabər tərbiyəedici və inkişafetdirici funksiyalarını unutmur, dərsdə və sinifdənxaric tədbirlərdə bu müddəaların əsas götürülməsinə qayğı ilə yanaşır.
Məktəb rəhbərlərinin müəllimlərin biliyinə, savadına, pedaqoji ustalığına, mənəvi-intellektual səviyyəsinə etinasız, biganə yanaşmalarını qəbulolunmaz hal hesab edir. Müəllim savadsızdırsa, metodikasını nə qədər zənginləşdirsə də, heç nəyə nail ola bilməz, ali məktəblərimizin kadr hazırlığı qənaətbəxş vəziyyətdə olsa, müəllim olan şəxsdə peşəyə zövq, həvəs, maraq hissləri güclü olar. Müəllim öyrənərək tərbiyə etməli, tərbiyə edə-edə öyrənməlidir, çünki o şagirdini nə qədər yaxşı tanısa, onun tərbiyəsi ardıcıl və konkret olar.
Övladı valideyn böyüdür, müəllim isə onu düzgün həyat yoluna istiqamətləndirir.Çingiz Aytmatov əsərlərinin birində müəllimi yol ayrıcında dayanaraq qatarları düzgün istiqamətləndirməklə dünya ölkələrinə yola salan bələdçiyə bənzədib.
Məktəb rəhbərləri müəllimlərin ixtisasartırmaya olan ehtiyaclarının diaqnostikasını da dəqiq aparır və ixtisasartırma təhsili isə onların maraq və tələbatlarına uyğun qurulur.Məktəbdə nizam-intizamı şagirddən əvvəl müəllimdən gözləmək lazımdır, müəllim intizamlı, məsuliyyətli olanda həmin məktəbdə şagirdlərin nizam-intizamına ayrılan vaxt bir qədər az olar. Bəzən müəllim öz həmkarlarından bir şeyi soruşmağa ürək eləmir, onu şəxsiyyətinə sığışdırmır, onu dərs hissə müdirindən, direktordan soruşmağı daha müvafiq sayır – bu məqamı da qüsurlu hall hesab edirəm.
Müasir dərs müəllimin dərsə ciddi hazırlaşmasını tələb edir, müəllim hansı üsullardan necə və nə zaman istifadə edəcəyini qabaqcadan müəyyənləşdirməli, o dərin biliyi, yüksək mədəniyyəti, gözəl nitqi, estetik zövqü və nüfuzu ilə şagirdlərə şəxsi nümunə olmalıdır.Şagirdlər müəllimlərin səhvləri kimi heç bir şeyi möhkəm yadda saxlamırlar. Bu yerdə Suxomlinskinin fikri özünə yer alır: “Əgər sən özünü bir işə məcbur edə bilmirsənsə və özünə tələbkarlıqla yanaşa bilmirsənsə, başın üstə yüz müəllim də dursa əlindən bir şey gəlməyəcək”.
Məktəbin yeniləşməsində əsas yeri müəllim tutur. O, müəllim ki, humanist pedaqogika mövqeyində dayanırsa, onun fəaliyyətinin üslubu şagirdlərin fəaliyyətini dəyişdirməyə qabildir. Müəllimin işi təkcə dərsi ilə bitmir, müəllimin işi ayağını məktəb astanasına qoyan vaxtdan başlayır. Məktəbdə ideya - mənəvi hazırlıq işlərinin əsasını, ilk növbədə müəllimlərin yüksək pedaqoji ustalığı və şəxsi təhsili təşkil edir. Görkəmli pedaqoq Komenskinin müəllim sənəti haqda dediyi fikirlərdən biri bu baxımdan əvəzsizdir: “Pis müəllim həqiqəti söyləyir, onu başa düşməyə qoymur, yaxşı müəllim həqiqəti tapmağı öyrədir, onu axtarıb tapmaq prosesini asanlaşdırır”.
Təhlil dərsdinləmənin ən mühüm komponenti və həlledici mərhələsidir, dərsdinləmənin keyfiyyət və əhəmiyyəti bir çox cəhətdən onun nə dərəcədə məqsədəuyğun aparılmasından asılı olur, əgər dərsin təhlili pedaqoji və metodik cəhətdən məqsədəuyğun aparılmasa, dərsdinləmənin istənilən əhəmiyyəti olmaz. Nə qədər zəif müəllim olur-olsun, onun dərsindən nəsə öyrənirsən, nəsə götürürsən, burada o müəllimin özü də nəyisə öyrənir, o cümlədən yerdə əyləşən həmkarları da.Dərsdinləmə məktəb rəhbərləri üçün əsas informasiya mənbəyi rolunu oynayır, məhz dərs müşahidəsinin köməyi ilə müəllimlərin tədris fəaliyyəti, peşə-ixtisas hazırlığı və şagirdlərin bilik, bacarıq və vərdişlərinin səviyyəsi haqqında konkret məlumat əldə edə bilirik. Dərslərdə əyləşməklə, təcrübə mübadiləsi keçməklə deyil, əgər müəllimin elmi, savadı aşağıdırsa, bunun nəticəsi olmayacaq...
Məktəb rəhbərliyi üçün dərs deməyi idarəetmə məsələlərində çox vacib cəhət bilirik, ən əvvəl hər iki tərəfin bir-birini tanıması, ələlxüsus, tərbiyə məsələlərini özüllü, möhkəm, səmimi, inam və mehribançılıq üzərində qurmaq üçün ona dərs deməsi çox kömək edir.Tədris yalnız bilik, bacarıq və vərdişlərin verilməsi prosesi olmayıb, həm də şagirdlərə öyrənmənin yollarını öyrətmək, onları tərbiyələndirmək, inkişaf etdirmək, şəxsiyyəti formalaşdırmaq prosesidir.
Məktəbdə görülən bütün işlər yalnız dərs prosesinə öz müsbət təsirini göstərmək anlamındadır, yəni hansı üsul və vasitələrdən istifadə olunursa-olunsun, təlimin reytinq göstəricisi təmin olunmalı, o göstərilməlidir. Məktəbi də tanıdan başlıca dəyər ölçüsü budur. Əldə etmək istədiyimiz bütün nəticələrimiz, ilk növbədə keyfiyyətli təhsilin taleyi məhz müəllimlə bağlıdır, bu səbəbdən müəllimin cəmiyyətdə statusunun, onun nüfuzunun bərpası əsas vəzifələrimizdən biri olmalıdır. Müəllim öyrədəndir, tərbiyəçidir, cəmiyyətin aparıcı simalarından biridir, müasir şəraitdə müəllimin nüfuzunun qaldırılması yalnız müəyyən qərarların verilməsi ilə təmin edilə bilməz, burada hər şeydən əvvəl, müəllimin özünün peşə səriştəliliyinin inkişafının qayğısına qalması vacibdir.
Orta məktəblərdə təlim şagirdlər üçün o zaman maraqlı ola bilər ki, həmin proses onların əqli, fiziki və potensial imkanları, maraqları əsas tutulmaqla qurulsun. Azərbaycan təhsil islahatının mühüm məqsədlərindən biri şagird nailiyyətlərinin qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsidir, qiymətləndirmə münasibətlərə xeyli obyektivlik gətirir. İndiyədək tətbiq olunan “5” ballıq qiymətləndirmə sistemini uzun illərin təcrübəsində göstərmişdir ki, şagirdlərin əqli inkişaf, fərdi xüsusiyyətlər, məntiqi təfəkkür, nəzəri bilikləri təcrübədə tətbiq etmək, yaradıcı fəallıq, müstəqil düşünmə qabiliyyəti baxımından tam obyektiv qiymətləndirmək üçün kifayət etmirdi. “9” ballıq sistem isə məsələn, hafizəyə görə əldə olunan biliklə müstəqil, məntiqi qavrama nəticəsində qazanılan biliyin qiymətləndirilməsi sərhəddini müəyyənləşdirməyə, bu cür fərdi cəhətlərə görə şagirdləri səviyyəcə fərqləndirməyə geniş imkanlar açır.
Təlim fəaliyyəti onun inkişafı uşağın səviyyəsini köklü şəkildə dəyişir. O, əvvəllər öyrənirdi, böyükləri izləyirdi, təcrübə aparırdı. Məktəb həyatı uşaqların cəmiyyətdə yerini əsaslı surətdə dəyişir. İndi uşaq digər rolları həyata keçirir, bu rollar təkcə onun özü üçün deyil, həm də cəmiyyət üçün önəmlidir. İdarəetmədə pedaqoji kollektivin imkanları müəllimlərlə şagirdlərin səmərəli fəaliyyətindən asılıdır, pedaqoji kollektivin başlıca məqsədi şəxsiyyətin mədəni inkişafının əsasını formalaşdırmaqdır.Məktəbdə istedadı və qabiliyyəti ilə fərqlənən şagirdlərin aşkara çıxarılması, onların potensial imkanlarının daha da genişləndirilməsi üçün həlli vacib tədbirlər həyata keçirilir.
Müəllimin pedaqoji işinin təhlili göstərir ki, təlim məsələlərinin həllində ciddi çətinliklərin çoxu müəllimlərin uşaqlarla düzgün ünsiyyət qura bilməməsindən yaranır. Müasir dövrdə müəllim-şagird münasibətlərində diqqəti cəlb edən məsələlərdən birini də iki tərəf arasında bərabərhüquqluğun təmin edilməsi hesab edirik.Sovet təhsil sisteminin bir sıra müsbət cəhətləri ilə yanaşı, ən böyük qüsuru ondan ibarət idi ki, bu sistemdə şagirdə obyekt kimi münasibət bəslənilirdi, təlim-tərbiyənin təşkilində onun heç bir arzusuna, meylinə diqqət yetirilmirdi, eyni zamanda şagirdə təşəbbüskar olmaq, təkliflərlə çıxış etmək, nəyəsə münasibət bildirmək üçün şərait yaradılmırdı.
Məktəbdə “kəsişən nöqtələr” bunlardır: Uşaq-müəllim-valideyn-cəmiyyət. Müəllim-valideyn, məktəb-ailə münasibətləri ilə bağlı məsələlərin təhsilin bütün pillələri üçün standartlarda müvafiq şəkildə əksini tapmasını həm təqdirəlayiq, həm də məqsədəuyğun hal kimi xarakterizə edirik. Dünyanın bir çox ölkələrinin təhsil sistemlərində ailə, ictimaiyyət və məktəb uşağın böyüməsində, onun şəxsiyyət kimi formalaşmasında, yəni sosiallaşmasında birlikdə iştirak edirlər. Uşaqların tərbiyəsində cəmiyyətin rolunu artırmaq üçün ailə və ictimaiyyətin məktəbdə aparılan islahatlar prosesinə cəlb edilməsi yollarını axtarıb tapmaqla, ailənin tərbiyə prosesindəki müstəsna aktivliyini yüksəltməklə təlim-tərbiyə işinə təsir imkanlarını genişləndirməyə kömək etmiş olarlar.
Həliməxanım Ələkbərova
Bakı şəhəri, Suraxanı rayonu 282 nömrəli orta məktəbin direktor müavini
banner

Oxşar Xəbərlər