• cümə, 19 Aprel, 02:42
  • Baku Bakı 18°C

Təhsil ocaqlarında təhlükəsiz sağlam mühitin yaradılması ən vacib məsələlərdəndir

10.09.20 16:00 718
Təhsil ocaqlarında təhlükəsiz sağlam mühitin yaradılması ən vacib məsələlərdəndir
Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin məsləhətçisi Aynurə Zeynalova verdiyi onlayn müsahibəsində təhsil müəssisələrində tibbi xidmətlərin təşkili haqqında danışıb.
Bu barədə nazirliyin mətbuat xidmətindən bildirilib.
Aynurə Zeynalova təhsil müəssisələrində göstərilən tibbi xidmətin əsas öhdəlikləri arasında şagird və tələbələrin sağlamlığının qorunması, xəstəliklərin qarşısının alınması, sağlamlığın davamlı monitorinqinin aparılması və ilk tibbi yardımın göstərilməsini qeyd edib: "Bütün inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da, məktəbə ilk dəfə gedən uşağa fizioloji, psixoloji və sosial adaptasiyalardan keçməyə, təhsil müəssisələrində fəaliyyət göstərən peşəkar psixoloq, sosial pedaqoq, loqoped və tibb bacılarından ibarət peşəkar multidistiplinar bir heyət kömək edir. Hazırda ölkəmizin təhsil ocaqlarında təhlükəsiz sağlam mühitin yaradılması ən vacib məsələlərdəndir. Qaydalara görə, orta məktəblərdə şagird sayından asılı olaraq, tibbi kabinet ayrılmalı, burada ixtisaslı kadrlar işləməlidir. Həmin kabinetlərdə çalışan tibb bacıları uşaqların sağlamlığını nəzarətdə saxlamalı, ehtiyac olduğu anlarda dərhal ilkin yardım göstərməlidir. Xəstəliyi keçirən uşaqlar həkim nəzarətində olmalı, şagirdlər mütəmadi olaraq profilaktik baxışdan keçirilməli və hər hansı bir xəstəliyə şübhəli olanlar dərhal təcrid edilməlidir”.
Səhiyyə Nazirliyinin nümayəndəsi nazirliyin Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə davamlı və məhsuldar əməkdaşlığın təhsil və səhiyyə sahələrinə göstərdiyi təsiri haqqında öz fikirlərini bildirdi: "Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən dəstəklənən "Sağlamlığı təşviq edən məktəblər” şəbəkəsi ÜST üzrə Avropa regionunun artıq 45 ölkəsində, o cümlədən ölkəmizdə də səhiyyə və təhsil sahələrinin inkişaf siyasətinin ayrılmaz bir hissəsinə çevrilib. Bundan başqa, daha bir layihə olan Təhsil Nazirliyi tərəfindən məktəblərdə həyata keçirilən "Sağlam təhsil – sağlam millət” proqramının bir tərkib hissəsi olaraq, həyata keçirilir və proqramda əks olunmuş sağlamlıq məsələlərinin icrasına öz töhfəsini verir”.
Aynurə Zeynalovanın sözlərinə görə, təhsil müəssisələrinin açılması, havaların soyuması və nəticə etibarilə, xəstəliklərin baş qaldırması dövrünə təsadüf edir: "Payız-qış fəsillərində havaların soyuması, təlim-tərbiyə ocaqlarında uşaq və yeniyetmələrin bir-biri ilə yaxın təmasda olması və bəzən immunitetlərinin zəifliyi, otaqların sıxlığı, əks epidemik rejimin tam gözlənilməməsi tənəffüs yollarının kəskin infeksion xəstəliklərinə səbəb olur. Uşaq və yeniyetmələrin infeksiyalara qarşı müqavimətini artırmaq üçün onların rasional qidalanması, gigiyenik gün və dərs rejimi, təlim-tərbiyə ocaqlarında və evdə daim optimal şərait ilə təmin olunması vacibdir. COVID-19 pandemiyası dövründə təhsil müəssisələrində nəzərdə tutulmuş əlavə tədbirlər barədə qərarların dərhal verilib, həyata keçirilməsi təhsil və səhiyyə sistemləri üçün böyük bir məsuliyyətdir. Uşaqlar və gənclər UNICEF, ÜST və Səhiyyə Nazirliyi kimi etibarlı mənbələr vasitəsilə COVID-19 virusu haqqında daim məlumatlı olmalıdırlar”.
banner

Oxşar Xəbərlər