Təhsil Nazirliyinin Aparat rəhbəri ADU-da olub
Azərbaycan
Dillər Universitetində (ADU) universitetin Tələbə Gənclər Təşkilatının (TGT) nəzdində
fəaliyyət göstərən Tələbə Diplomatlar Klubunun (TDK) təşkilatçılığı ilə keçirilən
"Ali qonaqlar, elmi maraqlar” layihəsi çərçivəsində növbəti qonaq Azərbaycan
Respublikasının Təhsil Nazirliyinin Aparat rəhbəri Fariz Rzayev olub.
Açılış nitqi ilə çıxış edən
ADU-nun rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayev qonağı tələbələrə
təqdim edərək onu universitetdə görməkdən məmnun olduğunu bildirib. O, tələbələr
tərəfindən həyata keçirilən bu layihənin universitet rəhbərliyi tərəfindən yüksək
qiymətləndirildiyini və dəstəkləndiyini vurğulayıb.
Azərbaycan
Respublikasının Təhsil Nazirliyinin Aparat
rəhbəri F.Rzayev tələbələri salamlayaraq onlarla görüşməkdən məmnun olduğunu
bildirib. O, TGT və TDK-nın fəaliyyətini yüksək qiymətləndirərək belə təşəbbüslərin
həyata keçirilməsinin əhəmiyyətli olduğunu söyləyib.
"Azərbaycanın inkişaf
strategiyasında təhsilin rolu” mövzusunda mühazirə ilə çıxış edən F.Rzayev təhsil
strategiyasında nəzərdə tutulan yeniliklər haqqında danışıb. O, tədrisin məktəb
və universitet səviyyəsində məhdudlaşdırılmamasının vacibliyini və tələbələrin
hər zaman özlərini inkişaf etdirməli olduqlarını qeyd edib. Aparat rəhbəri
müasir təhsil sistemində tələbələrə
müasir metodologiyaya əsaslanan
ekstra kurrikulum fəaliyyəti ilə məşğul olmaqlarını tövsiyə edib.
Kitab oxumağın faydalarından danışan F.Rzayev
tələbələrdə kitab oxuyan zaman bir çox vərdişlərin inkişaf etdiyini vurğulayıb.
Daha sonra özünün mütaliə
etdiyi kitablar haqqında danışan F.Rzayev onlar haqqında tələbələrə ətraflı məlumat
verib.
Sonra çıxış edən
professor Ə.Abdullayev mühazirənin maraqlı keçdiyini deyib və tələbələrin bu
mühazirədən faydalı məlumatlar əldə etdiklərinə əminliyini ifadə edib. "Kitabı yandırmaq cinayətdirsə, onu oxumamaq
daha böyük cinayətdir”-deyən Ə.Abdullayev tələbələrə hər zaman mütaliə etmələrini
tövsiyə edib.
Görüş tələbələri
maraqlandıran sualların cavablandırılması ilə başa çatıb.