• şənbə, 27 Aprel, 06:56
  • Baku Bakı 12°C

Təhsil Nazirliyi yeni elektron resursların təqdimatını keçirdi

15.12.14 18:58 1499
Təhsil Nazirliyi yeni elektron resursların təqdimatını keçirdi
“Müasir texnologiyaların və idarəetmə üsullarının, elmi nailiyyətlər əsasında yaradılan innovasiyaların təhsildə uğurlu tətbiqi nazirliyin bu istiqamətdə həyata keçirdiyi işlərin bir hissəsidir”. Bu fikirlər Təhsil Nazirliyinin dəstəyi ilə hazırlanmış elektron resursların təqdimat mərasimində səsləndi.
Təhsil naziri Mikayıl Cabbarov Təhsil Nazirliyinin «Elektron hökumət» istiqamətində aparılan işlərin diqqət mərkəzində saxladığını bildirərək şəbəkə əsaslı təhsilin coğrafiyasının daha da genişləndirəcəyini, müxtəlif növ elektron təhsil resurslarının hazırlanması istiqamətində müvafiq layihələr həyata keçiriləcəyini qeyd etdi. Nazirin sözlərinə görə elektron resurslar mövzusu Təhsil Strategiyasına uyğun həyata keçirilir.
M.Cabbarov dərsliklərin keyfiyyəti məsələsinə də toxunaraq keyfiyyəti təmin etmək üçün hər il monitorinqlərin həyata keçirildiyini bildirdi: “Bu ildən ilk dəfə olaraq yeni hazırlanan dərsliklərin keyfiyyətinin monitorinqi aparılıb və bu, dərsliklər çapa verilməzdən öncə həyata keçirilib”. Nazirin sözlərinə görə, bütün bunlar dərsliklərin keyfiyyətinə müsbət təsir edib: “Keyfiyyət bir tərəfə, əksər hallarda müəlliflərdən müsabiqəyə çıxarılması üçün kifayət qədər dərslik əldə etmirik”.
Son 3 ilin statistikası barədə danışan nazir məlumat verdi ki, 2012-ci ildə 17 fənn üzrə dərsliklərin hazırlanması üçün keçirilən tenderlərdən cəmi 2-si, 2013-cü ildə 21 fənn üzrə tenderdən cəmi 2-si, 2014-cü ildə isə 22 fənn üzrə keçirilən tenderdən cəmi 6-sı baş tutub: “Bu il yalnız VII siniflər üzrə deyil, VIII siniflər üçün də dərsliklər hazırlanıb. Tender baş tutub o deməkdir ki, bizim seçmək, qiymətləndirmək üçün ən azı 3 təklifimiz olub. Görürük ki, əksər hallarda müəlliflərdən müsabiqəyə çıxarılması üçün yetərincə dərslik əldə etmirik. Bu, son illərin statistikasıdır və bu statistika ciddi şəkildə dəyişib. Bu sayda müəyyən artım var, amma 20-22 fəndən 5-6 təklif qaneedici hesab oluna bilməz”. Nazir qeyd etdi ki, bu ildən dərsliklərin hazırlanması ilə bağlı tendensiya müəyyən qədər dəyişilib. Belə ki, bu il VII siniflərlə yanaşı, VIII siniflərin əksər dərsliklərinin layihəsini əldə edə biliblər: “Bu da bizə imkan verir ki, bu il ərzində mütəxəssislər tərəfindən sınaqların keçirilməsini həyata keçirə bilək. Keçən ildən ilk dəfə olaraq yaradılan dərsliklər üzərində müəlliflik hüququ Təhsil Nazirliyinə və yaxud dövlətə məxsusdur. Bu gün müəlliflik hüququ bizə imkan verir ki, internetə çıxışı olan hər bir şəxsin dərsliklərdən pulsuz istifadəsini təqdim də bilək”.
Nazirin sözlərinə görə, 2012-ci ildə 2 fənn, 2013-cü ildə 3 fənn üzrə, 2014-cü ildə VII sinifdə 1, VIII sinifdə 2 fənn üzrə ümumiyyətlə, heç bir təklif verilməyib: “Bunlar əsasən xarici dillər (alman, fransız, bəzi hallarda artıq rus dili) üzrədir. Bu da o deməkdir ki, mövcud çərçivədə tədris proqramı təsdiq olunub, şagird məktəbə gəlməlidir və dərslik olmalıdır. Amma mövcud çərçivədə dərsliyin yaradılması üçün maraq belə göstərən yoxdur. Bu da Təhsil Nazirliyinin, təhsil sisteminin üzərinə qeyri-adi vəzifə qoyur. Biz hamımız konteksti bilməli və bunun səbəbləri ayrıca müzakirə olunmalıdır”. M.Cabbarov bu sistemin kifayət qədər ciddi islahata ehtiyacı olduğunu vurğuladı: “Bu nəticələrdən dərs çıxarmamaq qeyri-mümkündür. Dərslikləri birmənalı şəkildə ən yaxşı mütəxəssislər hazırlamalıdır. Hər bir halda öz sahəsində ən yaxşı olan mütəxəssis tərəfindən yaxşı dərsliyin yaradılması və yaxud, bu gün təhsil sistemində tətbiq olunan prinsiplər üzərində tədris materialının çatdırılması cavabını gözləyən suallardır. Bu məsələdə nazirliyin və təhsil sisteminin rolu həmin müəlliflərin müəyyənləşdirilməsi və onlara lazım olan alətlərin təqdim edilməsindən ibarətdir”. Nazirin sözlərinə görə, bu istiqamətdə təhlilləri həyata keçirərkən artıq müvafiq təkliflər hökumətə təqdim edilib.
Milli Məclisin üzvü Bəxtiyar Əliyev elektron tədris resurslarının yaradılmasını təqdirəlayiq hal kimi dəyərləndirdi: “Əminəm ki, yeni resurslar ölkədə təhsilin müasir standartlara uyğunlaşdırılması işinə əhəmiyyətli töhfə verəcək”.
Bu ilin sonuna kimi VI-VII siniflərin hər biri üzrə 12 kitab, II və III siniflərin hər biri üzrə isə 6 kitab olmaqla ümumilikdə 365 dərsliyin elektron şəkildə istifadəçilərin istifadəsinə veriləcəyini deyən TN-nin Təhsilin inkişafı proqramları şöbəsinin müdir müavini Emin Əmrullayev nazirliyin dəstəyi ilə hazırlanmış elektron resursları təqdim etdi: “Bu istiqamətdə gördüyümüz ən mühüm işlərdən biri də il ərzində elektron dərsliklərin hazırlanmasıdır. İlin sonuna kimi də 365 dərslik elektron şəkildə istifadəçilərə təqdim ediləcək. Düşünürük ki, bu resurslardan istifadə təhsilimizdə həm səmərəliliyi, həm də keyfiyyətin artırılmasına əsas səbəb olacaq”.
Qeyd edildi ki, hazırlanmış elektron resursları bir mənbədə yerləşdirmək üçün www.e-resurs.edu.az portalı yaradılıb. Portal vasitəsilə hər bir istifadəçi elektron dərsliklər, video dərslər, müsabiqələr, elektron tapşırıqlar, müxtəlif oyunlar və digər bu tipli təhsil resurslarına çıxış əldə edə bilər.
Məlumat verildi ki, hazırda e-derslik.edu.az portalında II, III, VI və VII siniflər üzrə dərsliklər yerləşdirilib. Bu günə qədər 25000-dən artıq istifadəçi portaldan qeydiyyatdan keçərək elektron dərsliklərdən istifadə edir. Elektron dərslikləri kompyuter, planşet və ya mobil telefon üzərində onlayn və oflayn formatlarda istifadə etmək mümkündür. Bu resurslar dərslərdə müəllimlər tərəfindən də istifadə oluna bilər.
Mərasimdə təqdimatı keçirilən digər bir elektron resurs müsabiqə portalı www.video.edu.az dərslərlə bağlıdır. Tədris prosesini daha da yaradıcı edən və şagirdlər tərəfindən məlumatın qavranılmasını asanlaşdıran video dərslər fizika, kimya, ədəbiyyat, Azərbaycan dili, həyat bilgisi, biologiya üzrə məktəb proqramını və ibtidai siniflərin seçilmiş mövzularını əhatə edir. Portala 100-ə qədər video yüklənib.
Təhsil Nazirliyinin hazırladığı daha bir elektron resurs – www.e-telim.edu.az müəllimlərin və idarəedicilərin təkmilləşdirilməsi ilə bağlıdır. Portalda peşəkar təlimçilərin iştirakı ilə hazırlanmış video dərslər yerləşdirilib. Dərsləri izləməklə yanaşı istifadəçilər elektron qaydada müzakirələr aparmaq, fikirlərini bölüşmək, suallar və şərhlər yazmaq imkanı əldə edirlər.
Təhsildə innovativ yanaşmaları genişləndirmək məqsədilə Təhsil Nazirliyi tərəfindən elektron sinif portalı – www.e-sinif.edu.az -da yaradılıb. Portal hər bir vətəndaşa geniş öyrənmə imkanları verir.
Tədbir iştirakçılarına həmçinin «Xarici elektron resurslar» və www.e-test.edu.az da təqdim edildi.
Qeyd edildi ki, Təhsil Nazirliyinin qarşısında duran prioritet məsələ təhsilin keyfiyyətinin artırılması, modernləşdirilməsi və qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılmasıdır.
Təqdimatda iştirak etdi
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər