• cümə, 26 Aprel, 19:01
  • Baku Bakı 22°C

Təhsil Nazirliyi illik hesabat verdi

01.05.17 20:12 1361
Təhsil Nazirliyi illik hesabat verdi
"Təhsilin yeni məzmunu müasir idarəçilik və yeni resurslar tələb edir. Köhnə alətlərlə yeni məzmunu ölçmək omaz”. Təhsil Nazirliyinin 2016-cı ildə gördüyü işlərə həsr olunmuş hesabat tədbirində səslənən bu fikirlər təhsil sahəsində aparılan islahatlara nəzər salmağa fürsət yaratdı.
Millət vəkilləri, dövlət və özəl qurumların nümayəndələri, ali məktəblərin rektorları, qeyri-hökumət təşkilatlarının rəhbərləri və tanınmış ziyalıların iştirak etdiyi tədbirdə əldə edilən nailiyyətlər və mövcud olan problemlər açıqlandı.
Təhsil Nazirliyinin 2016-cı ildə təhsil sahəsində həyata keçirdiyi tədbirlər və yeniliklərlə bağlı «Təhşil» televiziyasının hazırlığı videoxronika nümayiş olunduqdan sonra nazirliyin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev təhsil sahəsinin inkişaf dinamikası ilə bağlı təqdimatla çıxış etdi: "Məktəbəqədər təhsilin əhatə səviyyəsi 55 faizə qədər yüksəlib. Ümumi təhsildə keyfiyyətin davamlı inkişaf dinamikasını seyr edirik. Peşə təhsilində də keyfiyyətli artım dinamikası var. Ötən il ali təhsil sahəsində rekord sayda tələbə qəbulu qeydə alınıb”.
Təhsil naziri Mikayıl Cabbarov Təhsil Nazirliyinin hesabat tədbirinin keçirilməsinin artıq ənənə halını aldığını vurğulayaraq, belə görüşlərin təhsildə dəyişikliklərin aparılmasında mühüm əhəmiyyətini qeyd etdi. Nazir təhsil sahəsində görülən işlər və qarşıda duran başlıca hədəflərlə bağlı cəmiyyətin rəyinin öyrənilməsinin, birgə müzakirələrin aparılmasının və ictimai dialoq mühitinin yaradılmasının vacibliyini vurğuladı: "Bu prosesdə hesabatlılığın və şəffaflığın təmin edilməsi isə əsas şərtdir”. Nazir Təhsil Strategiyasından irəli gələn idarəçilik, məzmun, infrastruktur və müəllim faktorlarını vurğulayaraq təhsilin inkişafında bu amillərin mühüm olduğunu söylədi: "Təkcə kadrların təyinatı deyil, həm də müasir idarəedici metodlardan istifadə etmək lazımdır. Həyata keçirilən islahatlar yeni resurslar tələb edir. İslahatların sürətinin və keyfiyyətinin azalmaması üçün lazım olan resurslardan istifadə etməliyik”.
M.Cabbarov son dövrlərdə müəllimlərin səriştəlilik səviyyəsi ilə bağlı müxtəlif diaqnostika və tədqiqatların aparılmasının onları daha yaxşı tanımağa, ehtiyaclarını hərtərəfli başa düşməyə imkan verdiyini qeyd etdi: "Müəllim olmaq arzusunda olanların sayının artması, yüksək nəticə göstərmiş abituriyentlərin müəllimlik peşəsini daha çox seçməsi sevindirici haldır”. Nazir məzunların əmək bazarındakı dəyərini, iqtisadiyyatın rəqabətliliyini artırmaq üçün bu ayTəhsil Nazirliyi iləilə İqtisadiyyat Nazirliyi arasında memorandum imzalanacağını qeyd etdi: "İqtisadi perspektivləri daha asanlıqla reallaşdırmaq üçün iki qurum arasında kadrların hazırlığı, sifarişi, uzun müddətli proqnozların hazırlanması və digər istiqamətlər baxımından daha sıx əməkdaşlığa ehtiyac var. Bu gün həmin peşələr mövcud olmadığı təqdirdə, təhsil sistemi uğurlu məzunu hansı həyat və peşə üçün hazırlamalı, şagirdlər hansı bilik və bacarıqları mənimsəməlidir? Bizə bu cavabları heç kim vermir. Lakin biz suala olan cavabı həmkarlarımızla birgə müəyyənləşdirərək həyata keçiririk”.
Nazir müşahidə edilən yanaşmalara görə uğurlu Azərbaycan məzununun bəzi kompitensiyalara malik olmalı olduğunu qeyd etdi: "Bu, çeviklik, informasiya texnologiyaları sahəsindəki bacarıqlar və dil bilgiləridir. Biz buna ayrı ixtisas kimi deyil, istənilən peşə və ixtisasın zəruri kompitensiyası kimi baxırıq. Öz ixtisası üçün zəruri olan informasiya texnologiyaları biliklərinə malik olmayan insanların əmək bazarında perspektivləri ürəkaçan deyil. Ya regional, ya da qlobal əhəmiyyətə malik olan xarici dil biliklərini Azərbaycan məzununa verə bilsək, onların hər zaman əmək bazarındaiş yerlərinin olacağına inanırıq”. M.Cabbarov təhsilin məzmunu, xüsusilə informatika və xarici dillərin tədrisi üzrə bir sıra layihələrə başlanıldığını bildirdi.
Nazir, həmçinin ölkədə xarici dil dərsliklərinin hazırlanması istiqamətində yeniliklər ediləcəyini qeyd etdi: "Ölkədə ilk dəfə olaraq xarici dil dərsliklərinin hazırlanmasında yerli mütəxəssislərlə yanaşı, xarici ölkələrin mütəxəssisləri tərəfindən xarici universitetlərdə hazırlanan və universal şəkildə bir çox ölkələrdə istifadə olunan dərsliklərdən istifadə olunacaq”.
Tədbirdə çıxış edən millət vəkilləri, təhsil ekspertləri, tanınmış ziyalılar təhsil sahəsindəki yeniliklərlə bağlı cəmiyyətin məlumatlandırılmasının zəruriliyini və belə bir tədbirin keçirilməsinin əhəmiyyətini qeyd edərək, rəy və təkliflərini bildirdilər.

Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər