Təhsil Nazirliyi, Bakcell və “AzEduNet” arasında əməkdaşlıq protokolu
Martın 5-də Təhsil Nazirliyi, Bakcell
və "AzEduNet” şirkətləri arasında əməkdaşlıq haqqında protokolun imzalanması
mərasimi keçirilib. Əməkdaşlıq protokolunu təhsil nazirinin müavini İdris
İsayev, "Bakcell” şirkətinin baş icraçı direktoru Nikolai Beckers və "AzEduNet”
şirkətinin direktoru Natiq Yəhyayev imzalayıb.
Protokolun imzalanmasında məqsəd ucqar
kəndlərdə yerləşən, şagird sayı 60-a qədər olan 700-ə qədər ümumtəhsil
müəssisəsində Azərbaycan Təhsil Şəbəkəsi vasitəsi ilə internet və şəbəkə
xidmətlərinə çıxışın təmin edilməsidir. Əməkdaşlıq çərçivəsində hər ümumtəhsil
müəssisəsi Bakcell şirkəti tərəfindən təmənnasız olaraq 3 il müddətində
inzibati-idarəetmə məqsədləri üçün aylıq internet trafiki və data kart, Azərbaycan
Təhsil Şəbəkəsinin operatoru olan "AzEduNet” şirkəti tərəfindən isə şəbəkənin resurslarına
limitsiz çıxış imkanı və texniki dəstək xidməti ilə təmin ediləcək. Tərəflər həmçinin
Bakcell şirkətinin təhsil sahəsinə aid korporativ sosial məsuliyyət layihələri çərçivəsində
birgə əməkdaşlıq səylərini daha da gücləndirəcəklər.
Nazir müavini qeyd edib ki, son illər şəbəkəyə qoşulmuş təhsil müəssisələrinin internet və intranet xidmətləri ilə təminatı, elektron təhsil resursları və idarəetmə sistemləri ilə təchiz edilməsi, tədris prosesində nəzarətin və qərarvermənin rəqəmsallaşdırılması istiqamətləri üzrə işlər həyata keçirilir.
Bakcell şirkətinin baş icraçı direktoru Nikolai Beckers bu əməkdaşlığın ölkədə təhsilin inkişafı və müasir texnologiyaların tətbiqi baxımından strateji xarakter daşıdığını vurğulayıb. Nikolai Beckers diqqətə çatdırıb ki, Bakcell özünün genişmiqyaslı korporativ sosial məsuliyyət fəaliyyəti çərçivəsində Azərbaycan gənclərinin təhsili və peşəkar inkişafını diqqətdə saxlayır və ölkədə təhsilin inkişaf etdirilməsinə töhfə verməyə çalışır. "Bakcell”in baş icraçı direktoru Təhsil Nazirliyi ilə birgə fəaliyyətin uğurlu olacağına əminliyini bildirib.
Tədbirdə Bakcell və "AzEduNet” şirkətləri tərəfindən ucqar kəndlərdə yerləşən ümumtəhsil müəssisələrinin təmənnasız şəbəkə imkanları ilə təminatı yüksək qiymətləndirilib.