• cümə axşamı, 28 mart, 23:40
  • Baku Bakı 13°C

Təhsil müəssisələrində pandemiya dövründə tibbi xidmət necə qurulmalıdır?

10.09.20 11:30 531
Təhsil müəssisələrində pandemiya dövründə tibbi xidmət necə qurulmalıdır?
Bütün inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da, məktəbə ilk dəfə gedən uşağa fizioloji, psixoloji və sosial adaptasiyalardan keçməyə, təhsil müəssisələrində fəaliyyət göstərən peşəkar psixoloq, sosial pedaqoq, loqoped və tibb bacılarından ibarət olan peşəkar multidistiplinar bir heyət kömək edir.
Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyinin Səhiyyənin Təşkili Şöbəsinin məsləhətçisi Aynurə Zeynalova onlayn müsahibəsində deyib.
O, təhsil müəssisələrində göstərilən tibbi xidmətin əsas öhdəlikləri arasında şagird və tələbələrin sağlamlığının qorunması, xəstəliklərin qarşısının alınması, sağlamlığın davamlı monitorinqinin aparılması və ilk tibbi yardımın göstərilməsini qeyd edib.
Səhiyyənin Təşkili Şöbəsinin məsləhətçisi, həmçinin, hal-hazırda ölkəmizin təhsil ocaqlarında təhlükəsiz sağlam mühitin yaradılmasını ən vacib məsələlərdən olduğunu xüsusi qeyd edib. Qaydalara görə, orta məktəblərdə şagird sayından asılı olaraq, tibbi kabinet ayrılmalı, burada ixtisaslı kadrlar işləməlidir. Həmin kabinetlərdə çalışan tibb bacıları uşaqların sağlamlığını nəzarətdə saxlamalı, ehtiyac olduğu anlarda dərhal ilkin yardım göstərməlidir. Xəstəliyi keçirən uşaqlar həkim nəzarətində olmalı, şagirdlər mütəmadi olaraq, profilaktik baxışdan keçirilməli və hər hansı bir xəstəliyə şübhəli olanlar dərhal təcrid edilməlidir.
Müsahibəsini davam etdirən A.Zeynalova təhsil müəssisələrində tibbi xidmətin təşkilinin AR Nazirlər Kabinetinin "Təhsil müəssisəsində iaşə və tibb xidmətinin təşkili qaydası və normalarının təsdiq edilməsi haqqında” qərarına əsasən aparılması və daim nəzarət altında saxlanılmasını qeyd edib. Aynurə Zeynalova hətta bir neçə layihəni sadaladı: "Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020 illər üzrə Dövlət proqramı”, "Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022 illər üzrə Dövlət proqramı”, "Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərə qarşı mübarizəyə dair 2015-2020 illər üzrə strategiya”, eləcə də qəbul olunan digər sənədlər gənc nəslin sağlamlığının qorunması, onların öz ölkələrinin layiqli vətəndaşlar kimi böyüməsi üçün ölkə rəhbərliyi tərəfindən atılan mühüm addımlardır”.
Onlayn müsahibə zamanı digər vacib məsələlərə də toxunuldu. Məsələn, Aynurə Zeynalova Səhiyyə Nazirliyinin Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə davamlı və məhsuldar əməkdaşlığın təhsil və səhiyyə sahələrinə göstərdiyi təsiri haqqında öz fikirlərini bildirdi. Aynurə xanım qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən dəstəklənən "Sağlamlığı təşviq edən məktəblər” şəbəkəsi ÜST üzrə Avropa regionunun artıq 45 ölkəsində, o cümlədən ölkəmizdə də səhiyyə və təhsil sahələrinin inkişaf siyasətinin ayrılmaz bir hissəsinə çevrilib. Bundan başqa, daha bir layihə olan AR Təhsil Nazirliyi tərəfindən məktəblərdə həyata keçirilən "Sağlam təhsil – sağlam millət” proqramının bir tərkib hissəsi olaraq, həyata keçirilir və proqramda əks olunmuş sağlamlıq məsələlərinin icrasına öz töhfəsini verir.
Daha sonra Səhiyyə Nazirliyinin Səhiyyənin Təşkili Şöbəsinin məsləhətçisi təhsil müəssisələrinin açılması havaların soyuması və nəticə etibarilə, xəstəliklərin baş qaldırması dövrü ilə təsadüf etdiyi haqda söhbət açıb. Payız-qış fəsillərində havaların soyuması, təlim-tərbiyə ocaqlarında uşaq və yeniyetmələrin bir-biri ilə yaxın təmasda olması və bəzən immunitetlərinin zəifliyi, otaqların sıxlığı, əks epidemik rejimin tam gözlənilməməsi ilə əlaqədar tənəffüs yollarının kəskin infeksion xəstəliklərinə səbəb olur. Uşaq və yeniyetmələrin infeksiyalara qarşı müqavimətini artırmaq üçün onların rasional qidalanması, gigiyenik gün və dərs rejimi, təlim-tərbiyə ocaqlarında və evdə daim optimal şərait ilə təmin olunması vacibdir.
Müsahibəsinin sonunda Səhiyyə Nazirliyinin Səhiyyənin Təşkili Şöbəsinin məsləhətçisi Aynurə Zeynalova COVID-19 pandemiyası dövründə təhsil müəssisələrində nəzərdə tutulmuş əlavə tədbirlər haqqında danışıb: "Müvafiq tədbirlər barədə qərarların dərhal verilib, həyata keçirilməsi təhsil və səhiyyə sistemləri üçün böyük bir məsuliyyətdir. Uşaqlar və gənclər UNICEF, ÜST və Səhiyyə Nazirliyi kimi etibarlı mənbələr vasitəsilə COVID-19 virusu haqqında daim məlumatlı olmalıdırlar”.
banner

Oxşar Xəbərlər