“Təhsil insanın uğurlarının bir nömrəli təminatçısıdır” - Uğur hekayəsi
Kadr olaraq üzərinə götürdüyü işin asan deyil, çətin, əhəmiyyətli, məsuliyyətli
olmasına önəm verir. Deyir ki, bu, işə ilk başlayan vaxtlarda xüsusilə
vacibdir. Çünki bu zaman kadr daha yaxşı öyrənir. Onun ilk işi də məsuliyyət cəhətdən
məhz bu cür olub. Karyerasının böyük hissəsi dövlət qulluğunda olan müsahibimizGənclər Fondunun icraçı direktoru Fərid
Cəfərovdur.
- Beynəlxalq hüquq və beynəlxalq münasibətlər
fakültəsində təhsil alanların böyük qismi bu sahəni prestijli bilib seçsələr də,
sonra çoxunu başqa istiqamətlərdə görürük. Siz təhsil aldığınız istiqamətdə işləmisiniz.
Demək ki, seçim özünüzün olub...
- Mən
universitetə 1999-cu ildə qəbul olmuşam. O dövrlərdə Beynəlxalq hüquq və beynəlxalq münasibətlər ixtisasları kifayət qədər perspektivli
sayılırdı. Müəyyən mənada gənclər arasında da populyar idi. Mən beynəlxalq hüquq
üzrə təhsil almışam. O fakültə mən Bakı Dövlət Universitetinə qəbul olan vaxt 8
il idi ki, açılmışdı. Sovet dövründə Azərbaycanda belə fakültə yox idi. Ona görə
müasir bir ixtisas kimi maraqlı gəldi və belə seçim etdim. Davam etməyə gəldikdə,
peşəkar karyeramın əsas hissəsi məhz ixtisasımla bağlı olub.
- Qəbul olduğunuz ixtisas ölkədə
yeni idi. Bu kimi hallarda bir çox gənc prestijə görə seçim etsə də, heç də
ixtisasları ilə bağlı məlumatlı olmurlar. O ixtisası bitirib hansı işlə məşğul
olacağınızı bilirdiniz?
- İşin nədən
ibarət olacağını ümumi olaraq bilirdim. Bu ixtisas sahiblərinin hansı fəaliyyətlə
məşğul olduqları barədə də məlumatlı idim. O dövrdə indikindən fərqli olaraq
resurslara, materiallara bu qədər də asan çıxış yox idi. İndi internet vasitəsilə
daha rahat öyrənmək olur ki, hansı sahəni bitirən şəxs sonra hansı işi görəcək.
O vaxt məlumatlar indiki qədər asanlıqla əldə edilməsə də, ümumi olaraq nə iş
görəcəyimi bilirdim. O məlumat sayəsində ixtisasım mənim üçün kifayət qədər cəlbedici
görünürdü.
- Bir çox adam iş həyatına
atılandan sonra tələbəlik illərini necə dəyərləndirməsi məsələsində özünü qiymətləndirməyə
başlayır. O illər necə keçib?
- Tam şəkildə
məhsuldar olduğunu demək düzgün olmazdı. Amma kifayət qədər məhsuldar olub. Və
fəaliyyətimdəki əsas uğurların təməlində universitetdə aldığım təhsil dayanır.
İndi düşünürəm ki, o dövrlərdən daha yaxşı istifadə etmək olardı. Ona görə,
indi tələbələrlə görüşdə bu illərindən maksimum şəkildə yararlanmağa
çalışmalarını tövsiyə edirəm. Çünki peşəkar fəaliyyətə başlayanda həm zaman, həm
də enerji baxımından başqa istiqamətə istifadə edəcək asudə vaxtınız tələbəlikdəki
qədər olmur.
- Bəzən belə fikirlərə rast gəlirik: "Universitetdə
oxuduqlarım işdə mənə lazım olmur”.
-
Bununla razı deyiləm. Yanlış peşə seçimi edənlərdə bəlkə belə hallar ola bilər.
Amma universitet illərində aldığım təhsil iş həyatında kifayət qədər gərəkli
olub. Ümumiyyətlə isə, tələbəlik illərini məhsuldar keçirmək üçün yalnız
universitet təhsili ilə kifayətlənmək lazım deyil. Hələ indiki dövrdə kifayət qədər
qeyri-formal təhsil istiqamətləri - kurslar, təlimlər var. Bunların əksəriyyəti
bugünkü dövrdə pulsuz da ola bilir. Çünki qeyri-hökumət təşkilatları tərəfindən
bu cür təşəbbüslər çox olur.
- Tələbəlik illərində işləmisiniz?
- Xeyr.
- Universitetdən sonra işi öyrənmək
üçün yığdığınız təcrübəni elə tələbəlik illərində əldə etmək çox vaxt mümkün
olur. Tələbə vaxtı işləməməyinizlə bağlı sonra təəssüf hissi keçirdinizmi?
- Universitetdən
sonra yığdığım təcrübəni əldə etmək üçün universitet məzunu olmalı idim.
Düşünürəm ki, tələbə vaxtı gənc işləməyə başlayırsa, ikisindən birini yüksək səviyyədə
etməyəcək. Birinci və ikinci plan məsələsi deyək. Ya işinizə tam bağlana bilməyəcəksiniz,
ya da təhsilinizə müəyyən qədər az vaxt sərf edəcəksiniz.
- İlk işinizə nə vaxt və harda
başlamısınız?
- Bakalavr təhsilimi bitirib hərbi xidmətə getdim, sonra qayıdıb
magistratura təhsili almağa başladım. Elə magistr təhsili alarkən artıq Xarici
İşlər Nazirliyində işə başladım.
- İlk iş
yeriniz daha məsuliyyətli, ağır bir qurum olub...
- İnsan
özünü asan işə verməklə daha az şey öyrənə bilər. İş nə qədər çətin, məsuliyyətli,
əhəmiyyətli və diqqət mərkəzində olursa, o qədər də kadrın inkişafı cəhətdən
yardım edir. İş rejiminin kifayət qədər sərt olmağı da kadrın formalaşmasında əhəmiyyətli
rola malikdir.
- Hazırda
gənclər sektorundasınız. Elə yaşda gəlmisiniz ki, artıq gənclik yaşı əldən getməyə
başlayır. Bu dövrdə adam gənclik illərinə daha yaxşı nəzər sala bilir. Gənclik
illərindən, gənclərlə işləməkdən danışaq. Necə bir sektordur?
- Bu işə
gələnə qədər fərqli qurumlar olsa da daim dövlət sektorunda çalışmışam. Bu
sektorun özəlliyi odur ki, burada xüsusi bir mövzu yoxdur. Sadəcə, hədəf, tənzimləmə
obyekti gənclərdir. Bu işin həyata keçirilməsi üçün daim gənclərlə ünsiyyətdə, əlaqədə
olmağa ehtiyac var.
Və görürsən
ki, indiki gənclərə dövlət, qeyri-hökumət təşkilatları tərəfindən verilən
imkanlar bizim dövrümüzdəki imkanlarla müqayisə edilə bilməz. İndiki gənclər
üçün daha böyük imkanlar var. Gənclərlə görüşdə hər zaman deyirik ki, yaradılan
imkanları, gənclik dövründə əldə olan zamanı dəyərləndirməklə bir növ gələcəyə
investisiya etmək mümkündür. Bu investisiyalar gələcəkdə onlar üçün böyük fayda
gətirə bilər.
- İndi olan hansı imkanlar sizin vaxtınızda yox
idi?
- Böyük əksəriyyəti
yox idi. Gənclər Fondunun özünün mövcudluğunu qeyd etmək olar. Bu ilin martında
ölkə başçısının fərmanı ilə Gənclər Fondunun fəaliyyəti genişləndirildi və gənclərə
xidmət şəbəkəsi daha da artırıldı. Artıq biz Gənclər Fondu olaraq aztəminatlı
ailələrdən olan gənclərin təhsil haqqını ödəməyə başlayırıq. Amma halbuki 90-cı
illərdə və yaxud 5-10 il bundan əvvəl belə bir şey yox idi. Tutaq ki, aztəminatlı,
valideyn himayəsindən məhrum olan gəncin oxumaq həvəsi var idi, ödənişli əsaslı
təhsilə qəbul olurdu, amma bunu ödəmək imkanı olmurdu. Ya o, işləməlidir, bu
halda artıq təhsili yarımçıq olacaq, yəni, təhsilin vaxtından kəsəcək. Ya da təhsil
almaqdan imtina etməlidir. Amma indi dövlət belə bir haqqı tanıyır.
O dövrlər
xaricdə təhsil almağa çox nadir hallarda nail olmaq mümkün idi. Lakin sonra Xaricdə Təhsil Dövlət Proqramı oldu, minlərlə gənc bu
proqram sayəsində xaricdə təhsil almaq imkanı qazandı. Növbəti tədris ilindən
başlayaraq, Gənclər Fondu olaraq biz xaricdə təhsili maliyyələşdirəcəyik.
Yəni,
imkan kifayət qədər çoxdur. Məsələn, adi xarici dil kursu tapmaq o dövr üçün qəliz
məsələ idi. Fərdi repetitorlara müraciət etmək lazım gəlirdi. İndi rayonlarda
onlarla gənclər evləri var, onlar dövlət tərəfindən maliyyələşdirilir və
onlarda təmənnasız, pulsuz kurslar təşkil olunub. Pullu kurslar da kifayət qədər
çoxdur. Ən əsası, o dövrlərdə internetə çıxış, məlumatları bu qədər rahat əldə
etmək imkanı kifayət qədər deyildi. İndi ölkə əhalisinin 80 faizi internet
istifadəçisidir.
- Necə bir ailədə böyümüsünüz?
Çünki insanın müəyyən bir yerə gəlib çıxmasında ailənin də rolu böyükdür...
- Kifayət
qədər böyük ailəmiz olub. 4 uşaq olmuşuq. Klassik sovet ailəsi - anam müəllimə,
atam mühəndis. Hər şeydən əvvəl təhsil insanın gələcək uğurlarının bir nömrəli
təminatçısıdır. Amma bundan əlavə, başqa faktorların da insana təsiri olur. Məsələn,
böyüdüyü mühit, ailəsi, ətrafı, eyni zamanda təhsil aldığı, işlədiyi kollektivlərin,
iş yoldaşlarının da insanın iş həyatında böyük əhəmiyyəti var.
- Bəlkə də işinizdən qaynaqlanan bir az rəsmi tərziniz
var. Maraqlıdır, işdən kənarda da beləsiniz?
- Bu rəsmiliyi
dövlət qulluğundan irəli gələn bir ciddiyyət adlandırardım. Gənclər sektorunda
olan bir insan kimi mümkün qədər çalışıram ki, bundan uzaqlaşım, qeyri-rəsmiliyi
təmin edim. Gənclərlə görüşlərdə qeyri-rəsmi oluram, bundan tam əmin ola bilərsiniz
(Gülür).
- İnsan nə qədər ağırtəbiətli olsa da, özünə görə əyləncələri
olur. Siz, əyləncə deyəndə nə düşünürsünüz?
- Həvəskar
şəkildə idmanla məşğul oluram. Futbolu sevirəm, həm izləməyi, həm də oynamağı.
İmkan olanda ailəmə vaxt ayırıram. Bu da mənim üçün bir istirahətdir, zamanım
maraqlı keçir.
- Bəzi rəsmi adamların şəxsi həyatına nəzər salanda
görünür ki, onlar evdə hətta yemək də bişirə bilirlər...
- O
istiqamətdə tam bacarıqsızam. Bu cəhətdən mənə iki yazmaq olar (Gülür).
Aygün
Asimqızı