AZE | RUS | ENG |

“Təhsil insanın uğurlarının bir nömrəli təminatçısıdır” - Uğur hekayəsi

“Təhsil insanın uğurlarının bir nömrəli təminatçısıdır” - Uğur hekayəsi
Fərid Cəfərov: “İş nə qədər çətin, məsuliyyətli, əhəmiyyətli olarsa, kadrın inkişafına daha çox yardım edir”

Kadr olaraq üzərinə götürdüyü işin asan deyil, çətin, əhəmiyyətli, məsuliyyətli olmasına önəm verir. Deyir ki, bu, işə ilk başlayan vaxtlarda xüsusilə vacibdir. Çünki bu zaman kadr daha yaxşı öyrənir. Onun ilk işi də məsuliyyət cəhətdən məhz bu cür olub. Karyerasının böyük hissəsi dövlət qulluğunda olan müsahibimizGənclər Fondunun icraçı direktoru Fərid Cəfərovdur.

- Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində təhsil alanların böyük qismi bu sahəni prestijli bilib seçsələr də, sonra çoxunu başqa istiqamətlərdə görürük. Siz təhsil aldığınız istiqamətdə işləmisiniz. Demək ki, seçim özünüzün olub...
- Mən universitetə 1999-cu ildə qəbul olmuşam. O dövrlərdə Beynəlxalq hüquq və beynəlxalq münasibətlər ixtisasları kifayət qədər perspektivli sayılırdı. Müəyyən mənada gənclər arasında da populyar idi. Mən beynəlxalq hüquq üzrə təhsil almışam. O fakültə mən Bakı Dövlət Universitetinə qəbul olan vaxt 8 il idi ki, açılmışdı. Sovet dövründə Azərbaycanda belə fakültə yox idi. Ona görə müasir bir ixtisas kimi maraqlı gəldi və belə seçim etdim. Davam etməyə gəldikdə, peşəkar karyeramın əsas hissəsi məhz ixtisasımla bağlı olub.
 


- Qəbul olduğunuz ixtisas ölkədə yeni idi. Bu kimi hallarda bir çox gənc prestijə görə seçim etsə də, heç də ixtisasları ilə bağlı məlumatlı olmurlar. O ixtisası bitirib hansı işlə məşğul olacağınızı bilirdiniz?
- İşin nədən ibarət olacağını ümumi olaraq bilirdim. Bu ixtisas sahiblərinin hansı fəaliyyətlə məşğul olduqları barədə də məlumatlı idim. O dövrdə indikindən fərqli olaraq resurslara, materiallara bu qədər də asan çıxış yox idi. İndi internet vasitəsilə daha rahat öyrənmək olur ki, hansı sahəni bitirən şəxs sonra hansı işi görəcək. O vaxt məlumatlar indiki qədər asanlıqla əldə edilməsə də, ümumi olaraq nə iş görəcəyimi bilirdim. O məlumat sayəsində ixtisasım mənim üçün kifayət qədər cəlbedici görünürdü. 

- Bir çox adam iş həyatına atılandan sonra tələbəlik illərini necə dəyərləndirməsi məsələsində özünü qiymətləndirməyə başlayır. O illər necə keçib?
- Tam şəkildə məhsuldar olduğunu demək düzgün olmazdı. Amma kifayət qədər məhsuldar olub. Və fəaliyyətimdəki əsas uğurların təməlində universitetdə aldığım təhsil dayanır. İndi düşünürəm ki, o dövrlərdən daha yaxşı istifadə etmək olardı. Ona görə, indi tələbələrlə görüşdə bu illərindən maksimum şəkildə yararlanmağa çalışmalarını tövsiyə edirəm. Çünki peşəkar fəaliyyətə başlayanda həm zaman, həm də enerji baxımından başqa istiqamətə istifadə edəcək asudə vaxtınız tələbəlikdəki qədər olmur.

- Bəzən belə fikirlərə rast gəlirik: "Universitetdə oxuduqlarım işdə mənə lazım olmur”. 
- Bununla razı deyiləm. Yanlış peşə seçimi edənlərdə bəlkə belə hallar ola bilər. Amma universitet illərində aldığım təhsil iş həyatında kifayət qədər gərəkli olub. Ümumiyyətlə isə, tələbəlik illərini məhsuldar keçirmək üçün yalnız universitet təhsili ilə kifayətlənmək lazım deyil. Hələ indiki dövrdə kifayət qədər qeyri-formal təhsil istiqamətləri - kurslar, təlimlər var. Bunların əksəriyyəti bugünkü dövrdə pulsuz da ola bilir. Çünki qeyri-hökumət təşkilatları tərəfindən bu cür təşəbbüslər çox olur. 

- Tələbəlik illərində işləmisiniz?
- Xeyr.
 


- Universitetdən sonra işi öyrənmək üçün yığdığınız təcrübəni elə tələbəlik illərində əldə etmək çox vaxt mümkün olur. Tələbə vaxtı işləməməyinizlə bağlı sonra təəssüf hissi keçirdinizmi? 
- Universitetdən sonra yığdığım təcrübəni əldə etmək üçün universitet məzunu olmalı idim. Düşünürəm ki, tələbə vaxtı gənc işləməyə başlayırsa, ikisindən birini yüksək səviyyədə etməyəcək. Birinci və ikinci plan məsələsi deyək. Ya işinizə tam bağlana bilməyəcəksiniz, ya da təhsilinizə müəyyən qədər az vaxt sərf edəcəksiniz.

- İlk işinizə nə vaxt və harda başlamısınız?
- Bakalavr təhsilimi bitirib hərbi xidmətə getdim, sonra qayıdıb magistratura təhsili almağa başladım. Elə magistr təhsili alarkən artıq Xarici İşlər Nazirliyində işə başladım.

-  İlk iş yeriniz daha məsuliyyətli, ağır bir qurum olub...
- İnsan özünü asan işə verməklə daha az şey öyrənə bilər. İş nə qədər çətin, məsuliyyətli, əhəmiyyətli və diqqət mərkəzində olursa, o qədər də kadrın inkişafı cəhətdən yardım edir. İş rejiminin kifayət qədər sərt olmağı da kadrın formalaşmasında əhəmiyyətli rola malikdir.

- Hazırda gənclər sektorundasınız. Elə yaşda gəlmisiniz ki, artıq gənclik yaşı əldən getməyə başlayır. Bu dövrdə adam gənclik illərinə daha yaxşı nəzər sala bilir. Gənclik illərindən, gənclərlə işləməkdən danışaq. Necə bir sektordur? 
- Bu işə gələnə qədər fərqli qurumlar olsa da daim dövlət sektorunda çalışmışam. Bu sektorun özəlliyi odur ki, burada xüsusi bir mövzu yoxdur. Sadəcə, hədəf, tənzimləmə obyekti gənclərdir. Bu işin həyata keçirilməsi üçün daim gənclərlə ünsiyyətdə, əlaqədə olmağa ehtiyac var. 

Və görürsən ki, indiki gənclərə dövlət, qeyri-hökumət təşkilatları tərəfindən verilən imkanlar bizim dövrümüzdəki imkanlarla müqayisə edilə bilməz. İndiki gənclər üçün daha böyük imkanlar var. Gənclərlə görüşdə hər zaman deyirik ki, yaradılan imkanları, gənclik dövründə əldə olan zamanı dəyərləndirməklə bir növ gələcəyə investisiya etmək mümkündür. Bu investisiyalar gələcəkdə onlar üçün böyük fayda gətirə bilər.
 


- İndi olan hansı imkanlar sizin vaxtınızda yox idi? 
- Böyük əksəriyyəti yox idi. Gənclər Fondunun özünün mövcudluğunu qeyd etmək olar. Bu ilin martında ölkə başçısının fərmanı ilə Gənclər Fondunun fəaliyyəti genişləndirildi və gənclərə xidmət şəbəkəsi daha da artırıldı. Artıq biz Gənclər Fondu olaraq aztəminatlı ailələrdən olan gənclərin təhsil haqqını ödəməyə başlayırıq. Amma halbuki 90-cı illərdə və yaxud 5-10 il bundan əvvəl belə bir şey yox idi. Tutaq ki, aztəminatlı, valideyn himayəsindən məhrum olan gəncin oxumaq həvəsi var idi, ödənişli əsaslı təhsilə qəbul olurdu, amma bunu ödəmək imkanı olmurdu. Ya o, işləməlidir, bu halda artıq təhsili yarımçıq olacaq, yəni, təhsilin vaxtından kəsəcək. Ya da təhsil almaqdan imtina etməlidir. Amma indi dövlət belə bir haqqı tanıyır.

O dövrlər xaricdə təhsil almağa çox nadir hallarda nail olmaq mümkün idi. Lakin sonra Xaricdə Təhsil Dövlət Proqramı oldu, minlərlə gənc bu proqram sayəsində xaricdə təhsil almaq imkanı qazandı. Növbəti tədris ilindən başlayaraq, Gənclər Fondu olaraq biz xaricdə təhsili maliyyələşdirəcəyik.

Yəni, imkan kifayət qədər çoxdur. Məsələn, adi xarici dil kursu tapmaq o dövr üçün qəliz məsələ idi. Fərdi repetitorlara müraciət etmək lazım gəlirdi. İndi rayonlarda onlarla gənclər evləri var, onlar dövlət tərəfindən maliyyələşdirilir və onlarda təmənnasız, pulsuz kurslar təşkil olunub. Pullu kurslar da kifayət qədər çoxdur. Ən əsası, o dövrlərdə internetə çıxış, məlumatları bu qədər rahat əldə etmək imkanı kifayət qədər deyildi. İndi ölkə əhalisinin 80 faizi internet istifadəçisidir.

- Necə bir ailədə böyümüsünüz? Çünki insanın müəyyən bir yerə gəlib çıxmasında ailənin də rolu böyükdür...
- Kifayət qədər böyük ailəmiz olub. 4 uşaq olmuşuq. Klassik sovet ailəsi - anam müəllimə, atam mühəndis. Hər şeydən əvvəl təhsil insanın gələcək uğurlarının bir nömrəli təminatçısıdır. Amma bundan əlavə, başqa faktorların da insana təsiri olur. Məsələn, böyüdüyü mühit, ailəsi, ətrafı, eyni zamanda təhsil aldığı, işlədiyi kollektivlərin, iş yoldaşlarının da insanın iş həyatında böyük əhəmiyyəti var.
 


- Bəlkə də işinizdən qaynaqlanan bir az rəsmi tərziniz var. Maraqlıdır, işdən kənarda da beləsiniz?
- Bu rəsmiliyi dövlət qulluğundan irəli gələn bir ciddiyyət adlandırardım. Gənclər sektorunda olan bir insan kimi mümkün qədər çalışıram ki, bundan uzaqlaşım, qeyri-rəsmiliyi təmin edim. Gənclərlə görüşlərdə qeyri-rəsmi oluram, bundan tam əmin ola bilərsiniz (Gülür).

- İnsan nə qədər ağırtəbiətli olsa da, özünə görə əyləncələri olur. Siz, əyləncə deyəndə nə düşünürsünüz?
- Həvəskar şəkildə idmanla məşğul oluram. Futbolu sevirəm, həm izləməyi, həm də oynamağı. İmkan olanda ailəmə vaxt ayırıram. Bu da mənim üçün bir istirahətdir, zamanım maraqlı keçir.

- Bəzi rəsmi adamların şəxsi həyatına nəzər salanda görünür ki, onlar evdə hətta yemək də bişirə bilirlər...
- O istiqamətdə tam bacarıqsızam. Bu cəhətdən mənə iki yazmaq olar (Gülür).
 
Aygün Asimqızı


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6489
GBP 1 İngilis funt sterlinqi 2.2562
TRY 1 Türk lirəsi 0.2727
KWD 1 Küveyt dinarı 5.6171
SEK 1 İsveç kronu 0.1937
EUR 1 Avro 2.0024
CHF 1 İsveçrə frankı 1.7728
USD 1 ABŞ dolları 1.7000