• cümə, 19 Aprel, 06:09
  • Baku Bakı 13°C

Təhsil inkişafı şərtləndirən amil kimi

09.07.15 13:17 1475
Təhsil inkişafı şərtləndirən amil kimi
Gənclərin ümumbəşəri dəyərlər əsasında layiqli ali təhsil almaları üçün hər cür şərait yaradılıb
Azərbaycan müstəqillik qazandıqdan sonra digər sahələrdə olduğu kimi təhsildə də köklü islahatlar aparıldı. Sovet təhsil sistemindən dünya standartlarına cavab verən təhsil sisteminə keçid prosesinin başlaması ötən əsrin 90-cı illərinin ortalarına təsadüf edir. O gündən bu günə kimi təhsilimizin inkişafı sahəsində dövlət proqramları bir-birini əvəz edir. Təhsil müəssisələrinin maddi bazası artırılır, təhsilin məzmunu dəyişərək müasir tələblərə uyğunlaşdırılır.
Azərbaycanın bugünkü iqtisadi və sosial inkişafı istedadlı gənclərin, peşəkar mütəxəssislərin sayının artmasını tələb edir. Çünki təhsil indi sadəcə, savadlı insanlar yetişdirmək demək deyil, ölkə iqtisadiyyatının inkişafında onun birmənalı rolu var. Təsadüfi deyil ki, ”insan kapitalı” müasir dövrdə ən çox işlənən ifadəyə çevrilib. Bütün inkişaf etmiş ölkələr təhsilə iqtisadi sərmayə kimi baxır. İnsan kapitalı ümumilikdə iqtisadiyyata və ölkənin iqtisadi inkişafına qoyulan sərmayədir. Təhsil artıq mənəvi və mədəni inkişaf olmaqla kifayətlənmir, o, iqtisadi inkişafın, sosial tərəqqinin amili kimi çıxış edir. Bunsuz iqtisadi irəliləyiş qeyri-mümkündür. Bu baxımdan "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" yüksək dəyənləndirilməlidir. Prezident İlham Əliyev bu proqrama bütünlüklə ölkənin inkişafına, gələcəyinə, iqtisadiyyatımızın güclənməsinə qoyulan sərmayə kimi baxır. Sözügedən proqram bütövlükdə Azərbaycan xalqının gələcəyi üçün əvəzsiz sərvətdir.
Ümumiyyətlə, təhsil sahəsində hər bir irəliləyiş iqtisadi tərəqqiyə təsir edir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının hesablamalarına görə, hər bir ölkədə istənilən təhsil pilləsi üzrə təhsil müddətinin bir il artırılması ölkədə Ümumi Daxili Məhsulun 3-6 faiz artımına gətirib çıxarır. Bundan əlavə, Ümumdünya İqtisadi Forumu hər il özünün nüfuzlu "Qlobal rəqabətə davamlılıq" hesabatını açıqlayır və bu vacib rəqəmə əsasən ölkələrin reytinqini müəyyən edir. Çox maraqlıdır ki, hesablamalar zamanı ölkənin təhsil potensialı da nəzərə alınır. Sevindirici haldır ki, Azərbaycan özünün düzgün inkişaf modeli ilə Ümumdünya İqtisadi Forumunun "Qlobal rəqabətə davamlılıq" hesabatında durmadan irəliləyir."Qlobal rəqabətə davamlılıq 2014-2015" reytinq siyahısında Azərbaycan 2013-cü illə müqayisədə 1 pillə irəliləyərək 38-ci pillədə qərarlaşıb.
Göründüyü kimi, ölkəmizin iqtisadiyyatının inkişafında təhsil sahəsində görülən işlərin xüsusi payı var. İstər ölkə təhsilində aparılan islahatlar və bu sahəyə qoyulmuş sərmayə, istərsə də "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində mütəxəssislərin yetişdirilməsi uğurlu bir model kimi özünü göstərməkdə və nəticə verməkdədir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışlarında bir neçə dəfə qeyd etmişdir ki, biz gələcəyimizi neft amili üzərində qura bilmərik. Çünki bu, təbii resursdur və tükənə bilər, ölkə iqtisadiyyatı isə əbədi sərvət olan elm və təhsil üzərində qurulmalıdır. Ona görə də dövlət başçısı dünya elm və təhsilinə inteqrasiya məqsədi ilə proqramlar qəbul edir. Sevindirici haldır ki, Təhsil Nazirliyinin həyata keçirdiyi fəaliyyət məhz bu proqramlara əsaslanır. Belə ki, son bir neçə il ərzində təhsilin maddi-texniki təminatı istiqamətində Azərbaycan Respublikası Prezidentinin sərəncamları əsasında geniş tədbirlər həyata keçirilib. Bu məqsədlə müxtəlif şəhər və rayonlarda 2500-ə yaxın məktəb binası tikilib, mövcud təhsil obyektlərində əsaslı təmir-bərpa işləri uğurla aparılıb. Təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi əhəmiyyətli dərəcədə genişlənib, ümumilikdə 1 milyondan artıq şagirdin təlim şəraiti yaxşılaşdırılıb. 2004-cü ildə hər 1063 şagirdə bir kompyuter düşdüyü halda, 2014-cü ildə hər 20 şagirdə bir kompyuter nisbəti təmin olunub. Məktəb direktorları və məktəb direktoru olmaq arzusunda olan digər şəxslər üçün müasir peşə standartları əsasında təlimlər təşkil olunub. Təlimlərdən uğurla keçmiş və keyfiyyət sertifikatı almış 15 nəfər paytaxtdakı ümumi təhsil müəssisələrinə direktor təyin olunub. Ölkəmizdə ilk dəfə olaraq Bakı şəhərinin ümumi təhsil məktəblərində çalışan 28758 müəllimin sınaq qiymətləndirilməsi həyata keçirilib. Sınaq qiymətləndirilməsinin gələcəkdə ölkəmizin bütün regionlarını əhatə etməsi nəzərdə tutulub.
2014-2015-ci tədris ilindən ölkəmizin ümumi təhsil müəssisələrində pedaqoji kadrlara olan tələbat nəzərə alınaraq, yenidən hazırlanma təhsili üzrə ixtisasların sayı artırılıb və yeni ixtisaslar üzrə müəllim hazırlıqlarına başlanılıb. Bunlar riyaziyyat-informatika, kimya-biologiya, tarix-coğrafiya ixtisaslarıdır. Təhsil nazirinin əmri ilə “Müəllimlərin etik davranış qaydaları” təsdiq edilib. Qaydalara əsasən, 2014-2015-ci tədris ilində yeni işə qəbul olunan pedaqoji işçilər “Müəllim andı” içərək fəaliyyətə başlayıblar.
Peşə təhsilinin inkişafının əsas prioritet olduğu nəzərə alınaraq, ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul planı əmək bazarının tələbləri araşdırılaraq tərtib edilib. İlk peşə-ixtisas təhsili müəssisələrinin infrastrukturunun inkişafına yönəlmiş və dövlət-biznes tərəfdaşlığına əsaslanan “Müasir Azərbaycan peşəkarları” layihəsi çərçivəsində pilot ilk peşə-ixtisas təhsili müəssisəsinin bazasında müasir resurs mərkəzlərinin yaradılması prosesi davam etdirilir.
Təhsil Nazirliyi tərəfindən kənd təsərrüfatı sahəsi üzrə ixtisaslaşmış ilk peşə-ixtisas təhsili müəssisələrinin maddi-texniki və tədris bazasının müasir tələblərə uyğunlaşdırılması məqsədilə yeni texnika, avadanlıq, əyani və texniki vasitələrin alınması prosesinə start verilib.
Həyata keçirilən bütün bu tədbirlər "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nda nəzərdə tutulmuş müddəalardan irəli gəlir. Bu sənədə adi təhsil proqramı kimi baxmaq doğru deyil. Prezident İlham Əliyev "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nı təsdiq etməklə əslində maddi sərvətlərimizin insan kapitalına çevrilməsi prosesinə start verib. Bu dövlət proqramı Azərbaycan gənclərinin ümumbəşəri dəyərlər əsasında layiqli ali təhsil almaları üçün lazımi şəraitin yaradılmasına xidmət edir, istedadlı gənclərin dünyanın aparıcı ölkələrində təhsil almaq imkanlarının genişləndirilməsi prosesinin mütəşəkkilliyi və səmərəliliyini təmin edir. Ümid edək ki, həyata keçirilən bütün bu işlər gələcəkdə öz bəhrəsini verəcək, istedadlı və savadlı gənclərimiz dünyada Azərbaycanı bunda sonra da layiqincə təmsil edəcəklər.
İskəndər Quliyev,
“Şəffaf Seçkilər”
Monitorinq Mərkəzinin direktoru
banner

Oxşar Xəbərlər