• çərşənbə, 24 Aprel, 15:02
  • Baku Bakı 27°C

“Təhsil həmişə sənayedən, əmək bazarından geridədir” – Gör-götür

06.12.19 12:20 1418
“Təhsil həmişə sənayedən, əmək bazarından geridədir” – Gör-götür
Qaçay Mirzəyev: "Gənclər peşə seçərkən daha dərrakəli seçim etmələrini, 3-5 il qabağa baxaraq prioritetlər müəyyən etməyi tövsiyə edərdim”

İqtisadiyyatda yeni texnologiyaların tətbiqi çox önəmlidir. Deyir ki, vaxtında müasir texnologiyaları tətbiq etməyən şirkətlər bu gün rəqabətdə uduzub müflisləşiblər. Ən son və müasir texnologiyaları birinci tətbiq edən şirkətlər isə daha böyük uğur əldə edirlər.

Müsahibimiz "Microsoft Azerbaijan”şirkətinin baş meneceri Qaçay Mirzəyevdir.

- Bakalavr təhsiliniz iqtisadi kibernetika üzrədir. Bu gün üçün maraqlı və zamanla tələbin artdığı sahədir. Maraqlıdır, bu seçim öz istəyinizlə olmuşdu, yoxsa istiqamətləndirmə ilə?
- Nəinki bakalavr, magistr təhsilim də iqtisadi kibernetika üzrədir. Aspiranturanı isə xalq təsərrüfatının iqtisadiyyatı istiqamətdə oxumuşam. Sadəcə, informasiya texnologiyalarına marağım daha çox olduğu üçün iqtisadiyyatın ardınca getmədim, İT sahəsində beynəlxalq sertifikatlar əldə edərək daha uğurlu oldum.

O vaxt seçim edərkən məsləhət ala biləcəyim etibarlı bir insan yox idi. Eyni zamanda, test üsulu yenicə tətbiq edildiyindən TQDK imtahanından əvvəl bir neçə ixtisas seçirdin, imtahanda topladığın bal hansına çatsa, o ixtisasa da düşürdün. Fikirləşirəm ki, mənim bəxtim digərlərindən fərqli olaraq burada gətirib. 2-ci yazdığım ixtisasa düşmüşdüm. Birinci yazdığım iqtisadi nəzəriyyə idi. Amma görürəm ki, məndən nəzəriyyəçi olmaz, elə bir insanam ki, hər məsələni təcrübədə yoxlamaq istəyirəm. Məhz iqtisadi kibernetika ixtisası mənə belə bir imkan yaradıb.

- Siz təhsil aldığınız dönəmlərdə iqtisadi kibernetika bizdə yeni tədris olunurdu. O vaxt bu sahədə təhsil prosesi necə idi?
- Biz iqtisadi kibernetika ixtisasının 5-ci buraxılışı idik. Qrupumuz da İK-5 adlanırdı. Əslində, bu, eksperimental bir ixtisas idi. 1996-cı ildə informasiya texnologiyaları bu səviyyədə deyildi. Universitetdə heç müasir kompüterlər yox idi. Dərsləri nəzəri keçir, proqramlaşdırma məsələlərini kağız üzərində həll edirdik. Amma elə təhsil aldığım illərdə sürətli inkişaf, bir-birini əvəzləyən innovasiyalar məni və qrupumuzda təhsil alan uşaqları daha da həvəsləndirdi. Bizə dərs deyən əksər müəllimlər Bakı Dövlət Universitetinin 100 illiyi münasibəti ilə Cənab Prezident tərəfindən ən dəyərli şəkildə mükafatlandırıldı.

Biz təhsil alan zaman dərslər çox fərqli və qarışıq idi. Düşünürəm ki, indi daha düzdür – dar ixtisaslaşma daha keyfiyyətli nəticələr verməlidir.


- Təhsilinizi başa vuranda, öyrəndikləriniz o dövr üçün nə dərəcədə aktual idi?
- Biz ali məktəbi bitirəndə, informasiya texnologiyaları sahəsində öyrəndiklərimizin 70 faizi artıq köhnə idi və daha istifadə edilmirdi.

Düşünürəm ki, öz marağım olmasaydı və qarşıma mənə düz istiqamət verəcək səriştəli, müdrik insanlar çıxmasaydılar, bugünkü nailiyyətləri əldə edə bilməzdim.

- Bugünkü təhsil də elədir, universiteti başa vuranda, tələbələr oxuduqlarının bir çoxunun köhnəlmiş olduğunu deyirlər. Bunun səbəbi nədir?
- Bir məsələni hər kəs dəqiq anlamalıdır: Təhsil həmişə sənayedən, əmək bazarından geridədir. Bu, tək bizim ölkədə belə deyil. Başqa ölkələrdə də sən təhsili başa vuranda, artıq öyrəndiklərin tam və ya qismən köhnəlmiş olur. Ölkəmizdə də bunu müşahidə edirik. Nəzərə alsaq ki, təhsilə tətbiq edilən dəyişikliklər o dəqiqə deyil, bir müddət sonra nəticə verir, deməli, ləngimənin səbəblərindən birini müəyyən etmiş olarıq. Digər səbəbləri də var, belə ki, bizim müəllimlərin öz üzərində işləmələri üçün müvafiq şəraitləri yoxdur. Hər gün dərsə gəlib eyni mövzuları danışırlar, inkişafa vaxt qalmır. Əgər buna şərait yaradılsa, düşünürəm ki, daha faydalı olar.

- Şirkətlərdə texnologiyaların tətbiqindən danışaq. Eyni ölçüdə iki şirkət götürək. Biri texnologiyaların tətbiqində maraqlıdır, digəri o qədər də yox. Bu zaman onların sonrakı durumu necə dəyişəcək?
- Bu suala cavab vermək üçün tarixə və statistikaya nəzər salmaq kifayətdir. Vaxtında müasir texnologiyaları tətbiq etməyən şirkətlər bu gün rəqabətdə uduzub müflisləşiblər.

Ancaq bir məsələ də var ki, şirkətin daxilində xaosdursa, ora texnologiya və innovasiya tətbiq etdikdə heç bir yaxşı nəticə əldə etmək mümkün deyil. Texnologiya – alətlər toplusudur, eyni işi daha məhsuldar icra etməyə kömək edir. Deməli, əvvəlcə şirkətdə biznes proseslər qaydasında olmalıdır, ondan sonra müasir texnologiyalar tətbiq edilməlidir. Tətbiqlə də iş bitmir. Bundan sonra mütləq bu müasir texnologiyalar ilə işləyən insanları maarifləndirmək, ixtisasartırma kursu keçirmək məqsədəuyğundur. Müasir texnologiyanın verdiyi imkanlara bələd olan mütəxəssislər ondan maksimum fayda götürə bilərlər.

- Yeni çıxan bütün texnologiyanı tətbiq etmək lazımdır, yoxsa burda da düzgün strategiya olmalıdır?
- Əgər biz qlobal dünya təcrübəsinə baxsaq görərik ki, ən son və müasir texnologiyaları birinci tətbiq edən şirkətlər daha böyük uğur əldə edirlər. Əlbəttə, burada da müəyyən risklər mövcuddur. Ona görə də iri şirkətlər müasir texnologiyanı dərhal bütün şirkətə tətbiq etmirlər. Startap tipli şöbələr olur, onlar birinci yoxlayırlar, nəticə yaxşıdırsa, bu texnologiyaya yatırılan sərmayə özünü doğruldursa, onda kütləvi tətbiqə başlayırlar.

Strategiya hər sahədə olmalıdır. Marketinq strategiyası, inkişaf strategiyası, bazara daxil olma strategiyası və s. Müasir texnologiyaların tətbiqi də fərqli strategiyaların tərkib hissəsi ola və ya ayrıca strategiya şəklində tətbiq edilə bilər.

Bir də fikir vermisinizsə, iri şirkətlərin hamısının daxilində Elmi Araşdırmalar və İnkişaf (Research&Development) departamenti olur. Bunlar da daim axtarışdadırlar.

- Biz ümumi şirkət deyirik. Amma kiçik, orta və böyük şirkətlər var. Şirkətlərin miqyasına görə texnologiyaların tətbiqində hansısa fərqlər olmalıdırmı?
- Haqlısınız. Mən əmək fəaliyyətim dövründə bir neçə cür şirkətdə, eləcə də dövlət və özəl qurumlarda çalışmışam. Fərq ondadır ki, kiçik şirkətlər daha çevikdirlər. Orada müasir texnologiyanın tətbiqi daha tez və sürətlə baş verir. Orta və iri şirkətlər nisbətən ləngdirlər. Dövlət müəssisələrində bürokratiya və müəyyən məhdudiyyətlər ola bilər, eləcə də konservativ olurlar. Özəl şirkətlər nisbətən daha müasir texnologiyaların tətbiqinə meyllidirlər. Əlbəttə, şirkətin qazancı və hədəfləri onun hansı texnologiyanı tətbiq edəcəyini müəyyənləşdirir.

- Məlumdur ki, texnologiyaları tətbiq etmək heç də ucuz başa gəlmir. Ona görə müəssisə rəhbərləri texnologiyaya pul xərcləyəndə, ilk olaraq gəlir məsələsini düşünürlər. Texnologiyanın tətbiqi gəlirə nə qədər vaxt sonra təsir edir?
- Əslində, bunu (Return on İnvestment, Total Cost of Ownership) əvvəlcədən hesablamaq mümkün olduğundan, tətbiq edək və ya etməyək qərarına da təsir edir. Elə müasir texnologiyalar var ki, o tətbiq edildiyi andan şirkətə gəlir gətirə və ya xərcləri azalda bilər. Elələri də var ki, nəticə yalnız bir müddət sonra mümkündür. Məsələn, bulud həllərinin və texnologiyasının tətbiqi dərhal xərcləri aşağı saldığı, məhsuldarlığı artırdığı üçün təsiri tətbiq edildiyi andan hiss edilir. Ancaq süni intellekt layihələri zəruri verilənlərin toplanması, təmizlənməsi, nizamlanması, modelləşdirilməsi və s. mərhələlər keçdiyindən gəlirə təsiri bir müddət sonra baş verir.


- Mövzunu "Microsoft Azərbaycan”a bağlayaq. Şirkət ölkədəki şirkətlərə texnologiyaların tətbiqi ilə bağlı nələr təqdim edir?
- "Microsoft” korporasiyasının missiyası daha böyük nailiyyətlər üçün hər bir insanın və hər bir təşkilatın imkanlarını genişləndirməkdir. "Microsoft” 140-dan çox ölkədə təmsil olunub. Biz də Azərbaycanda bu missiyaya sadiq qalaraq yerli özəl və dövlət şirkətlərinə yerli və beynəlxalq tərəfdaşlarımızla birlikdə onları daha uğurlu edə biləcək həll və texnologiyalar təqdim edirik. Adətən, bizimlə görüşən yerli şirkətlər öz istəklərini bildirdikdə, onlarla əlimizdə olan qlobal təcrübəni paylaşır, innovasiyaların tətbiqi ilə rəqəmsal transformasiya etmələrinə töhfə veririk. Mən 2012-ci ildən "Microsoft”da çalışıram. 2012-ci ildə "Microsoft” aksiyalarının dəyəri təxminən 42 USD idi. Bu gün aksiyaların dəyəri 150 USD-dən artıqdır. Bu da bir daha onu sübut edir ki, Microsoft müştərilərin ehtiyacı olan həllər və texnologiyalar tədarük edir, bunlar da öz növbəsində müştərilərin daha uğurlu olmasına kömək edir. Biz əməkdaşlığa açıq şirkətik. Bunları nəzərə alaraq müasir texnologiyalar tətbiq etmək istəyən bütün şirkət və qurumları əməkdaşlığa dəvət edirik.

- Texnologiya sürətlə yenilənir. Bəs kadrlarımızın bilik və bacarıqları texnologiyanın sürəti ilə nə dərəcədə ayaqlaşır?
- Bu, çox aktual məsələdir. Həqiqətən də texnologiyalar çox sürətlə inkişaf edir. Ancaq bu texnologiyaları tətbiq edəcək müvafiq kadrlar yoxdur. Burada bir neçə problem var. Biri dil baryeridir. Bilirsiniz ki, informasiya texnologiyaları sahəsində uğurlu olmaq üçün ingilis dili vacibdir. Digər tərəfdən, məlumat həddən artıq çoxdur. Buna hövsələ və səbir lazımdır ki, oturub diqqətlə araşdırasan. Ən əsası da motivasiya lazımdır. Biz müşahidə edirik ki, əməkdaşların əmək haqqı az olan yerlərdə bəzi insanlar yeni texnologiyaları öyrənməyə meyilli deyillər. Çünki düşünürlər ki, onsuz da vəziyyətə heç bir təsiri olmayacaq. Digər qrup insanlar isə əksinə, yeni texnologiyaları öyrənirlər ki, daha yaxşı şirkətlərdə daha yüksək əmək haqqı olan vəzifələrə iddia edə bilsinlər.

Bir məsələni xüsusi vurğulamaq istərdim ki, indi elə zəmanədə yaşayırıq ki, hər gün nə isə oxumalı və öyrənməlisən. Əks təqdirdə, sən öz rəqabətqabiliyyətli olmağını itirə bilərsən. İnsan gərək öz inkişafının, təkmilləşməsinin sahibi özü ola, heç kəsdən gözləməyə ki, gəlib məni öyrədəcəklər. Özü öyrənməyə, inkişafa həvəsli olan insanlar bir qayda olaraq daha uğurlu olurlar.

- Bir də texnologiya inkişaf etdikcə insan əməyinə tələb azalacağı, hətta bu tələbin minimumlaşa biləcəyi deyilir.
- Əslində, belə bir tendensiya müşahidə edilməkdədir. Ancaq birinci dəfə deyil ki, bəşəriyyət belə texnoloji sıçrayışlar, inqilablar yaşayır. Buxar maşını, elektrik də kəşf ediləndə, mexaniki işlər görən çox insan işsiz qaldı, ancaq bunlar özü ilə görün nə qədər yeni sahələr və peşələr gətirdi, cəmiyyət nə qədər inkişaf etdi. İndi də müasir texnologiyalar bəzi peşələri əvəzləsələr də, özləri ilə çoxlu yeni sahələr gətiriblər. Mən bu haqda bir çox proqnozlar nəzərdən keçirmişəm və bəzi peşələrin süni intellekt və robotlar ilə əvəz edildiyini müşahidə edirəm. Ona görə də gənclər peşə seçərkən daha dərrakəli seçim etmələrini, 3-5 il qabağa baxaraq prioritetlər müəyyən etməyi tövsiyə edərdim.

Aygün Asimqızı



banner

Oxşar Xəbərlər