• cümə, 29 Mart, 12:49
  • Baku Bakı 14°C

Təhsil haqqından azad edilənlər

10.08.20 19:11 3853
Təhsil haqqından azad edilənlər
Ekspertlərin fikrincə, 2020/2021-ci tədris ilinin ikinci semestrində də tələbələrə güzəşt oluna bilər

Koronavirus pandemiyasının uzun müddət davam etməsi əhalinin gəlirlərinə və sosial rifahına ciddi təsir etdi. Xüsusilə, aztəminatlı ailələrin vəziyyəti bu dövrdə daha da çətinləşdi. Belə bir məqamda, dövlət tərəfindən aztəminatlı ailələrə birdəfəlik maliyyə yardımı ayrıldı. Bununla yanaşı, dövlət, cəmiyyətin bu təbəqəsindən olan tələbələrin təhsil xərclərini də öz üzərinə götürdü. Hələ pandemiyanın yeni yayıldığı bir vaxtda, cari ilin aprel ayında Nazirlər Kabineti "Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” qərar qəbul etmişdi. Belə ki, Qərarda Azərbaycan Respublikasının təhsil müəssisələrində normativ təhsil müddətində ödənişli əsaslarla əyani təhsil alan (təkrar ali və orta ixtisastəhsili istisna olmaqla) və sosial baxımdan həssas əhali qrupunaaid edilən ailələrin üzvü olan tələbələrin 2020-ci ildə tədris semestrləri(yarımillikləri) üçün təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi qeyd edilib. Məlumat üçün qeyd edək ki, 2019-2020-ci tədris ilində ali məktəblərdə ödənişli təhsil alan 15 200 aztəminatlı tələbənin təhsil haqqının ödənilməsi üçün 40 milyon manat vəsait nəzərdə tutulub.
Bəs görəsən bu mexanizm necə həyata keçirilir? Bu sahədə vəziyyət nə yerdədir, nə qədər tələbə bu imkandan yararlana bilib? Artıq yeni tədris ilinin başlamasına da az qalıb. Pandemiyanın davam etdiyini nəzərə alsaq, bu qərar yeni tədris ilinə də aid ediləcəkmi?

Bakı Dövlət Universitetinin mətbuat xidmətindən bildirildi ki, sözügedən güzəşt 2020-2021-ci ilin birinci semestrini də əhatə edəcək: "Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil xərclərinin ödənilməsinə dəstək proqramı qəbul edilib. Bakı Dövlət Universitetində (BDU) mövcud qanunvericiliyə əsasən, təhsil haqqının ödənilməsi üçün güzəşt nəzərdə tutulan tələbələrə bu imtiyaz tətbiq edilir. Belə ki, BDU-da təhsil alan 1000-ə yaxın tələbəyə bu güzəşt şamil edilib. Bu güzəşt 2020-2021-ci tədris ilinin birinci semestrini də əhatə edəcək. Valideyni şəhid olan tələbələr, ümumiyyətlə, ödənişdən azaddırlar”.
Bakı Slavyan Universitetin mətbuat xidmətindən aldığımız məlumata görə, universitetin 449 tələbəsi müvafiq qaydada müraciət edərək təhsil haqlarının ödənilməsini istəyib. Onların müraciəti təmin edilib.
Şirvan İqtisadiyyat və Humanitar kollecinin tələbəsi Leyla Muradova bu güzəştdən yararlandığını söyləyir: "Pandemiya dövründə ailəmin maddi durumu çox pisləşdi. Çünki valideynlərim aylıq deyil, günəmuzd gəlir qazanır. Atam taksi şoferidir. Bu müddət ərzində, demək olar ki, gəliri tamamilə azaldı. Anam isə öz işini itirdi. Təhsil haqqımı ödəməyə maddi gücümüz çatmırdı. Bu qərarın verilməsi bizim kimi imkansız tələbələr üçün çox yaxşı oldu. Çünki təhsil haqqını ödəməsəydim, kollecdən xaric edilə bilərdim. Lazımi sənədləri təqdim etdim və müraciətimə baxıldı. Bu qərar, dövlətin tələbələrə və təhsilə göstərdiyi diqqət və qayğının ən bariz nümunəsidir”.
Təhsil eksperti Kamran Əsədov deyir ki, 2020-ci ildən etibarən ali təhsil müəssisələrinin plan yerlərinin azı 50 faizi pulsuz olacaq: "Ölkə prezidentinin müvafiq sərəncamına uyğun olaraq, təhsil aldığı müddətdə məcburi köçkün statusu olan tələbələr, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqları olan tələbələr, şəhid ailəsi statusunu almış ailənin üzvləri olan tələbələr, hər iki valideyni vəfat etmiş 18 yaşınadək olan şəxslər, hər iki valideyn himayəsindən məhrum olmuş uşaqlar, bir valideyni vəfat etmiş və o biri valideyni I və II qrup əlil olan şəxslər təhsil haqqından azad edilirlər. Hal-hazırda ölkənin 51 ali təhsil müəssisəsində 164 min tələbə təhsil alır ki, onların da 31 faizi ödənişsiz, 69 faizi ödənişli əsaslarla təhsil alır. 2019-ci ildə isə plan yerlərində ödənişsiz yerlərin sayı 45 faizə çatdırıldı və 2018-ci illə müqayisədə 65 faiz daha çox tələbə ödənişsiz ixtisaslara qəbul oldu. 2019-cu ildə ali məktəblərə qəbul olmuş 43 min abituriyentin 21 mini ödənişsiz təhsil almaq hüququ qazandı. "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda təhsil müəssisələrinin infrastrukturuna dair norma, standart və qaydaların təkmilləşdirilməsi, beynəlxalq təcrübə əsasında təhsil müəssisələrinin akkreditasiyası sisteminin, təhsil sistemində dövlət sifarişinin formalaşdırılmasına yenidən baxılması, ölkənin siyasi, iqtisadi və sosial inkişafının real tələbatına əsaslanaraq prioritet sayılan sahələr üzrə kadr hazırlığının təmin edilməsi qarşıya məqsəd qoyulub. Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul və yerləşdirmə mexanizminin təkmilləşdirilməsi, dövlət və özəl ali təhsil müəssisələrinə ödənişli təhsil üzrə qəbul planının ləğv edilməsi və dövlət sifarişinin yalnız ixtisaslar üzrə müəyyənləşdirilməsi nəzərdə tutulur. Bu isə o deməkdir ki, növbəti illərdə ödənişsiz plan yerlərinin sayı daha da artacaq və 2020-ci ildən etibarən ali təhsil müəssisələrinin plan yerlərinin azı 50 faizi pulsuz olacaq. Digər tərəfdən isə güzəştli kateqoriyaya aid olub, ödənişli ixtisaslara qəbul olmasına baxmayaraq təhsil haqqından azad olanları da nəzərə alsaq, deyə bilərik ki, tələbələrin azı 65 faizi təhsil haqqından azaddır və pulsuz oxuyur. Misal üçün Bakı Dövlət Universitetində hazırda 21842 bakalavr, 1553 magistr, 700 nəfər doktorantura pilləsində təhsil alır. Onlardan 11834 nəfəri və ya 54,18 faizi dövlət sifarişli plan yerlərinə qəbul olunduğu üçün ödənişsiz əsaslarla təhsil alır. 2019-cu ildə dövlət sifarişli plan yerlərinin sayı ötən illə müqayisədə 2059 nəfər artıb. BDU-da güzəştli kateqoriyaya aid olan 2327 nəfər tələbə də təhsil haqqından azaddır. Həmçinin BDU-da təhsilin bütün pillələri üzrə 11779 nəfər təqaüd alır”.
Təhsil eksperti Məlahət Mürşüdlü deyir ki, bu qərara yenidən baxıla bilər: "Bu məsələ parlamentdə də qaldırılıb, müzakirələr aparılır. Yəqin ki, payız sessiyasında yenidən bu məsələyə baxılacaq. Düşünürəm ki, dövlət universitetlərində təhsil, ümumiyyətlə, pulsuz olmalıdır. Çünki hazırda əhalinin iqtisadi vəziyyəti çox çətindir. Maddi durumu aşağı olan ailələr çoxdur. Elə tələbə var ki, universitetə qəbul olsa da, təhsilini davam etdirib-etdirməyəcyini bilmir. Bu məsələdə ictiami fəallıq da önəmli rol oynayır. Müraciətlər çox olarsa, bu məsələ müvafiq qurumlar tərəfindən öz həllini tapa bilər. Çünki Azərbaycan dövlətinin iqtisadi gücü buna imkan verir”.
Şəbnəm
banner

Oxşar Xəbərlər