“Təhsil əlaqələrimiz bütün əlaqələrdən önəmlidir”
Türkiyə Səfirliyinin təhsil müşaviri Nihat Büyükbaş hazırda bu
ölkənin universitetlərində təhsil alan tələbələrin sayının 20 min nəfəri
keçdiyini deyir
Azərbaycanla Türkiyə arasındakı qarşılıqlı münasibətlərdə təhsilin
mühüm yeri var. Türkiyə Respublikasının
Azərbaycandakı Səfirliyinin təhsil müşaviri Nihat Büyükbaş «Kaspi» qəzetinə
müsahibəsində bu əlaqələrin get-gecə inkişaf etdiyini və hər iki ölkəyə
töhfələr verdiyini deyir.
Ortaq dil, ən qədim dövlət və məktəblər
- Nihat bəy, azərbaycanlı gənclərin Türkiyə universitetlərində təhsil
almaq istəklərinin səbəbini necə izah edə bilərsiniz?
- Türklərin qurduqları ən qədim, müstəqil dövlət Anadolu
torpaqlarında yaranıb. Bu dövlətin də birləşdirdiyi bir mədəniyyət vardı.
Onlardan biri də təhsil mədəniyyətidir. Dolayısı ilə türk dünyasının ən qədim
və inkişaf etmiş məktəbləri Anadolu torpaqlarındadır. Bunun səbəbi də
uzunmüddətli, müstəqil bir dövlət qurmaqlarından qaynaqlanır. Yəni, məktəblər
keçmişimizdən bu günə qədər bir mədəniyyətin əsəridir -bir səbəbi budur. Digər
bir səbəbi dil olaraq iki ayrı dövlətin vətəndaşlarının anlaşa bildiyi tək ölkə
Türkiyədir. Azərbaycan türkcəsi ilə Türkiyə türkcəsi arasında fərq olmadığı
üçün xaricə getdiyiniz zaman həyatınızı ən rahat yaşaya biləcəyiniz ölkə
Türkiyədir. Yəni, türklər Azərbaycanda, azərbaycanlılar Türkiyədə olarkən heç
bir tərcüməçiyə ehtiyac qalmır. Bu təhsil dilinə də təsir edir. Türk dünyasının
təhsil dilini həyata keçirən, dünya çapında universitetləri, məktəbləri olan
tək coğrafiyası Anadoludadır. Eyni dili danışdıqlarına görə azərbaycanlı
tələbələrin Türkiyədəki universitetlərdə oxumaları həm asandır, həm də maddi
olaraq daha yaxşı imkanlara sahib olurlar. Türkiyədəki tələbələr də təhsil üçün
Azərbaycana gəlirlər.
- Türkiyə universitetlərində təhsil alan azərbaycanlı gənclərin sayı
ilə bağlı hər hansı statistika varmı? Onlar ən çox hansı şəhərlərdə oxuyurlar,
hansı ixtisaslara üstünlük verirlər?
- Azərbaycandan Türkiyəyə oxumağa gedənlər bizim vasitəmizlə
gedirlər. Çünki biz onların dosyelərinin hazırlanmasına və dəqiqliyinə zəmanət
veririk. Dünya ölkələrindən Türkiyədə təhsil alan gənclərin ümumi sayı 170
mindir. Onların təkcə 20 mini Azərbaycandan gələnlərdir. Demək Türkiyə
universitetləri bu tələbələrin 100/13-ünü Azərbaycandan alır. Türkiyənin Təhsil
Nazirliyinin dünyanın 46 ölkəsində təhsil müşavirliyi fəaliyyət göstərir. İş
gərginliyi daha çox olan da Azərbaycandakı müşavirlikdir.
- Bu rəqəmlər ildən-ilə artırmı?
- Bəli, ildən-ilə artır. Ortalama ildə iki min tələbə artımı qeydə
alınır. Səbəbi isə Türkiyədəki yaxşı universitet saylarının artması ilə
bağlıdır. Fiziki baxımdan da universitet sayları artır. Bu gün Türkiyədə 220
civarında universitet fəaliyyətdədir. Türkiyənin bütün rayonlarında universitetlər
fəaliyyət göstərir. İstanbul, Ankara, İzmir kimi böyük şəhərlərdə 1-dən çox
universitet var. Bu universitetlər azərbaycanlı tələbələr üçün yaxşı imkanlar
yaradır. Azərbaycanlı gənclər daha çox İstanbul universitetlərinə üstünlük
verirlər. Çünki bu şəhərlərdə çox universitet var. Sonra üstünlük verdikləri
şəhər Ankara, daha sonra İzmir və Türkiyənin digər şəhərləridir. Azərbaycanlı
tələbələr daha çox tibb, hüquq, mühəndislik sahələrində təhsil alırlar.
Tibb sahəsinin ağır
imtahanı
- Sizinlə müsahibəyə gələrkən övladları Türkiyədə oxuyan və bu arzuda
olan iş yoldaşlarım bəzi suallarını ünvanladılar. Onları ən çox maraqlandıran
Türkiyə universitetlərində təhsil haqqının ildən-ilə və bir neçə dəfə
artmasıdır? Yəni "İki dövlət, bir millət” olma baxımından azərbaycanlılar üçün
hər hansı güzəştlər ola bilərmi?
- Tamamilə doğru söyləyirlər. Ancaq belə bir məsələ var – Türkiyədəki
universitetlərin təhsil haqlarının artımı dollar kursunun yüksəlməsindən
qaynaqlanır. Bu Türkiyənin iqtisadiyyatı ilə bağlı bir məsələdir. Yoxsa,
Azərbaycandan gələn tələbələrdən məqsədli şəkildə özəl bir təhsil haqqı almaq
kimi bir fikir yoxdur. Əksinə, bütün beynəlxalq tələbələrin təhsil haqlarına
nəzər saldıqda, ən aşağı təhsil haqqı Azərbaycandan gələn tələbələrdən alınır.
- Azərbaycanlı tələbələr Türkiyə universitetlərində tibb sahəsi üzrə
təhsil almağa daha çox maraq göstərirlər. Elan olunan yerlərdə azərbaycanlılar
üçün sayın çoxalması mümkündürmü? Yəni, gəlmək istəyənlər – tələbat çox, yerlər
azdır.
- Tibb fakültəsi açmaq əslində bahalı bir işdir. Həmçinin, xərci və
oxumaq müddəti də çoxdur. Nə qədər çox tələbə yararlanırsa maliyyət o qədər
artır. Digər tərəfdən, burda əsas giriş imtahanlarındakı bacarıqlardır. Tibb
tələbəsi seçiminin ağır imtahanları vardır. Universitetə daxil olmadan əvvəl
tələbələrin yaxşı hazırlaşmaları lazımdır ki, daxil ola bilsinlər. Bu, verilən
yerlərin azlığından deyil, tələbələrin imtahandan keçməsindən asılıdır. Hətta
Türkiyədən Azərbaycana gələn tələbələrin də ən böyük bölümü tibdir. Necə ki,
azərbaycanlılar Türkiyədəki tibb təhsilinə üstünlük verirlər, eləcə də
Türkiyədəkilər Azərbaycanın tibb təhsilini tövsiyə edirlər.
- Sual yaradan mövzulardan biri təqaüdlə (burs) bağlıdır. Təqaüdü
qazanmağın mexanizmi necədir?
- Türkiyədə xarici tələbələrə yönəli Xaricdə Yaşayan Türklər və
Əqraba Topluluqları Komitəsinin (YTB) təşkil etdiyi təqaüd proqramı var. «Ən
çox hansı tələbələr bu təqaüdü alırlar?» deyə, bura gəlmədən öncə o qurumun
nümayəndələri ilə də söhbətlər etdim. Orda da daha çox Azərbaycandan gələn
tələbələrin təqaüd aldığını öyrəndim. İlk növbədə azərbaycanlı tələbələrin sayı
çoxdur. Digər tərəfdən, Türkiyədəki özəl qurumlar, dərnəklər, "Başnazirlik
yüksək təqaüd proqramı” var. Xaricdəki tələbələr də bundan yararlana bilirlər.
Azərbaycanda fəaliyyət göstərən türk iş adamlarının qurduğu ATİB kimi
dərnəklər, Yunis Əmrə İnstitutu kimi təşkliatlar var ki, bu cür mənbələrdən
təqaüd imkanları yarana bilir.
- Azərbaycanlılardan nə qədər tələbənin təqaüd alması ilə bağlı hər
hansı statistik rəqəm söyləyə bilərsinizmi?
- Əlimizdə belə bir statistika yoxdur. Çünki qeyddə olanların sayı
bizim vasitəmizlə gedənlər, yəni bizim yönləndirdiklərimizə aid rəqəmlərdir. Bu
baxımdan, Bakı Türk Anadolu Liseyinin məzunu olub təqaüd qazananların
statistikası var. Başqa qurumların verdiyi təqaüdlülərə aid statistika isə
bizdə yoxdur. Acnaq həmin statistikanı toplayırıq.
- Türkiyədəki təhsillə bağlı belə bir narahatlıq var: bəzən gənclərin
təhsil aldığı universitetlərin diplomlarının Azərbaycanın Təhsil Nazirliyi tərəfindən
tanınmadığı bildirilir. Bu problemi həll etmək üçün hər hansı danışıqlar
aparılırmı?
- Bu problem hamı üçün deyil. Burdan Türkiyəyə gedib məzun olan
tələbələrin diplomları əsasən tanınır. Türkiyədə qapadılan universitetlər var.
Türkiyədəki qanunlara uyğun olmadıqları üçün bir neçə universitetin diplomu
tanınmır. Onlar da çox azdır. Bunlar bir
terror təşkilatı ilə əlaqəlidir. Bunun universiteti çoxdan bitirənlərə
aidiyyəti yoxdur.
- Müəyyən hazırlıq kursları da vardır ki, «Türkiyə universitetlərinə
yalnız orta təhsil sənədi və imtahansız qəbul» elanları ilə gəncləri cəlb
edirlər. Bu cür təkliflər etibarlıdırmı?
- Türkiyədəki universitetlər tələbəni YÖS (Yabançı Örgənci Sınavı)
imtahanları ilə cəlb edir. Bu imtahanı verməmiş heç bir tələbə orta məktəb
sənədi ilə Türkiyə universitetlərinə daxil ola bilməz. Türkiyədəki
universitetlər burada qəbul imtahanı keçirirlər. Dünyanın hər yerində belə bir
imtahan var. Gənc, məsələn, İstanbul Universitetinin həyata keçirdiyi YÖS
imtahanının nəticələrinə görə başqa bir universitetə qəbul ola bilir. Dünyanın
hər tərəfində bu qayda var. Yəni Almaniyada da YÖS imtahanına girən bir gənc
Türkiyə universitetlərində qeydiyyatdan keçə bilir.
Düşünən insanlarımızın sayı çoxaldı
- Bəzi azərbaycanlı gənclər Türkiyədə universitetlərini bitirəndən
sonra orada qalıb müxtəlif sahələrdə çalışmaq istəyirlər. Onlara çalışmaq izni
hansı şərtlərlə verilir?
- Bu cür məzunların sayı çoxdur. O cümlədən, Türkiyədən gəlib
Azərbaycan universitetlərindən məzun olanlar da burda çalışır. Bu, təbii bir
prosesdir. Osmanlı dönəmindən də xaricə gedən tələbələr oralarda oxuyub çalışa
biliblər. Azərbaycanlı gənclər də Türkiyədə diplomlarını aldıqdan sonra orada
iş imtahanlarından keçib çalışma haqqı qazanırlar. Məsələn, tibb fakültələrini
bitirib Türkiyə xəstəxanalarında çalışan çoxlu həkimlər var. Eləcə də,
mühəndisliyi bitirib Türkiyədəki fabriklərdə, çeşidli şirkətlərdə çalışan
mühəndislərlə də rastlaşmışam. Türkiyə universitetlərini bitirib oradakı universitetlərdə
və orta məktəblərdə rus dili müəllimi kimi çalışanları da çoxdur. Belə
tələbələr rus dilini bildikləri üçün daha çox iş tapa bilirlər.
- Hazırkı dövrdə dünya universitetlərində əmək bazarına uyğun
ixtisasların sayı artır. Fikirlər var ki, zamanla bugünki ixtisasların çoxu
sıradan çıxacaq və texnoloji əsrdə əmək bazarına uyğun ixtisaslar yaranacaq.
Türkiyə təhsili bu trendlərlə ayaqlaşırmı?
- Əlbəttə, bu istiqamətdə Türkiyədə böyük işlər görülür.
Universitetlər həmçinin texnoloji sahələri açırlar. Bir zamanlar gen
mühəndisliyi çox dəbdə idi və bu sahədə fakültələr açılırdı. İndii deyirlər ki,
15-20 il sonra gələcəkdə insanların beyninə bir çip yerləşdiriləcək ki, onlar
bütün əcnəbilərlə danışa biləcəklər. O zaman bizim başqa bir ölkənin dilini öyrətməkdən
çox, bu çipləri öyrədəcək düşünən beyinlər yetişdirmək üçün çalışmağımız
lazımdər. Bu baxımdan, Türkiyə məktəblərini bu cür insanlar yetişdirmək üçün
yenidən təşkil edir, həm də universitetlərdə - kodlama, texnoloji, münasibət
öyrətmə sistemlərinə uyğun bölümlər açaraq bu sahələri daha yaxşı qurmağa
çalışırlar.
- Türkiyənin özündə necə, Qərb universitetlərinə meyl güclüdürmü?
- Çox güclüdür. Avropa ilə bağlı bu tarix Osmanlı dövrünə qədər
uzanır. Qərbdə bilik və texnoloji yaxşı öyrədildiyindən gənclərimiz ora gedir.
Dolayısı ilə Qərbə olan meyil indi də davam edir. Ancaq Türkiyə osmanlıların
təzminat dövründən bəri xarici ölkələrə davamlı tələbə göndərdiyi və həmin
tələbələrin geri döndüyü üçün artıq öz ölkəmizdə Avropadakı səviyyədə universitetlər
və məktəblər yarandı. Düşünən insanlarımızın sayı çoxaldı. Çoxaldıqca da artıq
biz başqa ölkələrdən daha çox tələbə almağa başladıq.
Təhsilin həyatdakı rolu
- Bakıya oxumağa gələn türk tələbələrin sayı çoxdurmu? Onlar əsasən
bölgələrdə ya paytaxtda təhsil alırlar?
- Sovet dövründə hər şey dövlət tərəfindən həyata keçirilirdi. İşi
də, maaşı da dövlət verirdi. Hərbi xidməti bitirəndən sonra gənclər dövlət
tərəfindən işlə təmin olunurdu. Bu, tənbəlliyə gətirirdi. Sovet coğrafiyasında
«bu iş yerini açım, öz çörəyimi özüm qazanım» – düşüncəsi çox gec yarandı.
Türkiyədə bu iş belə bir sistem altında həyata keçirilmədiyi üçün fərdi
təşəbbüs daha rahat inkişaf etdi. Demokratik toplumlarda insanlar özlərini
saxlamaq, öz qazanclarını əldə etmək üçün çabalamaq məcburiyyətində qalırlar.
Dövlət hər şeyimizi təmin etmir. Dövlət sənə imkan verir, məktəb açır, təhsil
verir, sonrasına özün qərar verməlisən. Türkiyədən burda oxumağa gələn
tələbələr bitirdikdən sonra burdakı iş ehtiyaclarını daha rahat ödəyirlər.
Məsələn, çay fabriki, tikinti və xidmət sektoru kimi sahələrdə fəaliyyət
göstərirlər. Əsasən boşluq olan sahələrdə işlər qurmağa çalışırlar. Zamanla
Azərbaycanda yaşayan vətəndaşlarımız da bu işi onlarla bərabər çalışaraq
öyrənir, sonra öz işlərini qururlar. Bu da təhsilin bir növ həyatın içindəki
roludur. Bizim gənclər bura gələrkən Türkiyədə öyrənmədiklərini öyrənirlər.
Hazırdla Azərbaycanda 2500 nəfər türk tələbə təhsil alır. Bu, Azərbaycanda
oxuyan əcnəbi tələbələrin 100/36-dır. Azərbaycana əcnəbi tələbələr ən çox
Türkiyədən gəlir.
- Azərbaycandan həmçinin çoxlu müəllimlər Türkiyə universitetlərində
çalışır. Onların fəaliyyəti ilə bağlı nə deyə bilərsiniz?
- Onların da sayı çoxdur. Məsələn, Türk tarixini ən yaxşı
Azərbaycandan gələn müəllimlərin öyrətdiyini düşünürük. Burada qədim türk
mədəniyyəti olduğu, sovet dövründəki təsirlərdən də dərs aldıqları üçün daha
yaxşı dərs verirlər. Müəllimlik xüsusiyyətləri sovet dövründə daha yaxşı
inkişaf etdiyindən onlar Türkiyədə bu işi daha yaxşı həyata keçirirlər.
- Bəs Azərbaycanda necə, Türkiyədən gələn təhsil adamları pedaqoji
işlə məşğuldurlarmı?
- Türkiyədən gəlib Türkiyə türkcəsini öyrətmək üçün Yunus Əmrə
İnstitutu və mənim çalışdığım qurumun müəllimləri var. Onların maaşını Türkiyə
dövləti ödəyir. Onlar özəl icazə ilə gəlir və vəzifələrini yerinə yetirirlər.
Bir də Türkiyədəki universitetlərdəki işini buraxıb burada çalışanlar var. Ümumiyyətlə, Türkiyənin xaricdə gedib çalışan
çoxsayda müəllimi var.
- Bəs elmi-tədqiqatlar sahəsində vəziyyət necədir?
- Mən Türkiyədə universiteti bitirdikdən sonra doktorluq işimi
Azərbaycanda müdafiə etmişəm. Türkiyədən gəlib Azərbaycan Milli Elmlər
Akademiyasında faydalanan elm adalarından biriyəm. Bu, elmi qurumun varlığı
Türkiyədəki elm dalınca gedən gəncləri Azərbaycana gəlməyə təşviq edir. Bura
gəlişimin önəmli məqamlarından biri də bu fəaliyyətdir.
- Biz ölkələr arasındakı əlaqələrdən danışarkən həmişə təhsil
əlaqələrini mühüm sayırıq. Bu əlaqələr ölkələrə nə verir?
- Çox önəmli sualdır. Təhsil əlaqələrimiz bütün əlaqələrdən önəmlidir
Təhsil əlaqələri ölkələrin bir-birinə bənzər davranışları inkişaf etdirməsinə
kömək edir. Qərblilər, özəlliklə ingilislər, fransızlar və amerikalılar
dünyadakı bütün müstəmləkələrini öz məktəblərində yetişdikləri insan qaynaqları
vasitəsi ilə idarə ediblər. Bu o deməkdir ki, sizin ölkənizdəki bir vətəndaşı
alır, öz məktəblərində oxutdurur, dəyişdirir və o ölkələrə göndərirlər. O
insanı öz ölkəsinin çıxarları istiqamətində hərəkət etdirir. Bu baxımdan,
təhsil çox güclü vasitədir. Türkiyə ilə Azərbaycandakı təhsil əlaqələrinin bu
qədər sıx olmasının ən önəmli səbəbi eyni millətdən olmamız, eyni mədəniyyətə
sahibliyimizdir. Bizim bir-birimizi dəyişdirməyə ehtiyacımız yoxdur. Biz
bir-birimizi öyrətdiyimiz yerli və milli dəyərlərlə dəyərləndiririk. Ona görə
vətəndaşlarımız uşaqlarını Azərbaycanda, Azərbaycan vətəndaşları isə öz
övladlarını Türkiyədəki universitetlərdə oxutdurmağı istəyirlər. Əgər bu gün
Azərbaycanla Türkiyənin beynəlxalq çıxarlarında birlikdə hərəkət etdiklərini
görürüksə, bunun səbəbi məktəblərimizdə yetişdirdiklərimizdir. Bütün
sahələrdəki işbirliyi önəmlidir, amma yüz illər sonra ölkələrimizin müstəqil,
eyni bayraq və milli bayraqlar altında xoşbəxt olmaları məktəblərimizdə yaxşı
yetişdirdiyimiz insan qaynaqları ilə çox əlaqəlidir. Biz eyni yolun yolçusu
olduğumuzdan, Azərbaycan və Türkiyə vətəndaşları eyni dəyərlərdən gəldiyi üçün
təhsil əlaqələrimiz bütün əlaqələrdən daha önəmlidir.
- Belə bir fikir var: təhsilli olan cəmiyyətdə problemlər az olur. Bu
fikri insanlara bütünlüklə necə anlatmaq olar?
- Vətəndaşlar təhsilin önəmli olduğunun fərqindədirlər. Bu fərqlilik
dövlətlərimizin təhsil alt qatını gücləndirməyə yönəlib. Bu gün həm
Azərbaycanda, həm də Türkiyədə getmək istəyən hər kəs üçün məktəb var. Dövlət
müəllim ayırıb. Bu gün Türkiyə dövlətinin ən böyük büdcəsi təhsilə ayrılır.
Cümhuriyyətin quruluşundan bu günə Türkiyə dövlətinin təhsilə ayırdığı büdcə
həmişə ön sırada olub. Bu gün Türkiyədə təhsil sahəsində çalışan və dövlətin
əməkhaqqı verdiyi bir milyon müəllim var. Türkiyənin hər rayonunda
universitetqarışıq məktəb var. Oxumaq istəyən üçün məktəb var, hər kəs də
oxumaq istəyir. Problem bizim bacarıqlı insan yetişdirmək prosesimizdədir.
Yəni, bir qüsur varsa, təhsili həyata keçirənlərdədir, dövlətlərdə deyil.
Söhbətləşdi
Təranə Məhərrəmova