• cümə, 29 Mart, 01:31
  • Baku Bakı 7°C

“Təhsil cəmiyyətin uğur faktorudur”

07.07.15 12:08 2876
“Təhsil cəmiyyətin uğur faktorudur”
Dövlət Pedaqoji Kollecin direktoru, YAP Qadınlar Şurasının sədri, professor Nurlana Əliyeva təhsildə aparılan islahatların müsbət nəticə verəcəyinə inanır

“Bu gün Azərbaycan qadınları üçün tariximizin heç bir mərhələsində görünməmiş imkan – qurmaq, yaratmaq, idarə etmək, özünü sübuta yetirmək imkanı yaranıb. Ölkə iqtisadiyyatında, səhiyyəsində, təhsilində çalışanların üstün mövqeyinə cəmiyyət çoxdan alışıb. Azərbaycan qadını dövlət başçısının dövlətçilik, sabitlik, sülh, birlik siyasətinin müqəddəs və xoşbəxt gələcəyinə inanır” - deyə “Kaspi”yə müsahibə verən Dövlət Pedaqoji Kollecin direktoru, YAP Qadınlar Şurasının sədri, professor Nurlana Əliyeva Birinci Avropa Oyunlarının dünyaya səs salmasından, Azərbaycan qadının cəmiyyətdə tutduğu yüksək mövqedən, təhsil sahəsindəki mövcud durumdan danışıb.
Dünya səviyyəli tədbirin möhtəşəmliyi

- 2015-ci ildə Azərbaycanın ən böyük uğuru və nailiyyəti I Avropa Oyunlarının ölkəmizdə keçirilməsi oldu. Artıq bir neçə gündür ki, bu möhtəşəm tədbirə yekun vurulub. Siz bu tədbirin keçirilməsini necə qiymətləndirirsiniz?
- I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi bütün dünyanın nəzərlərini ölkəmizə yönəltdi. Onsuz da iqtisadi və siyasi cəhətdən indiyə qədər də dünyanın diqqət mərkəzində idik. Bu möhtəşəm beynəlxalq tədbirin ölkəmizdə keçirilməsi onu daha məşhur, daha diqqətçəkən etdi. Bu tədbir ölkəmizin Avropanın ayrılmaz hissəsinə çevrilməsi faktı kimi diqqəti cəlb etdi. Niyə məhz Bakıda? Bu sual dünyanın ən qüdrətli ölkələrini düşündürən aktual mövzuya çevrildi. Bu dünyanı düşündürən sualın dürüst cavabını da Azərbaycandan yaxşı bilən yoxdur. Hələ ulu öndər hakimiyyətə ikinci dəfə gəldiyi zaman söyləmişdi ki, Azərbaycan yalnız demokratiya və inkişaf yolu ilə irəli getməlidir və bu yoldan bizi çəkindirə biləcək qüvvə yoxdur. Bu inkişaf yolunu da xalqımız bərpa, yenidənqurma, mübarizə, mübadilə yollarının çətin sınaqlardan uğurla keçərək, öz Prezidentinin ətrafında sıx birləşərək bugünkü səviyyədə keçə bildi. Bu gün bu dövlətin başında cənab İlham Əliyev kimi müdrik bir insan durur. Hamımız şahidik ki, xalq onu sevir. Söhbət bir rəhbər kimi ona etimaddan yox, dəfələrlə ondan yüksək olan sevgidən gedir. Xalqımız onun sözündən əvvəl nurlu əməllərinə, müdrik siyasətinə inanır. Elə mənim də Prezidentimizə münasibətim məhz belədir. Hesab edirəm ki, müasirliyi, dövləti ağlı, nəcib addımları ilə o, Azərbaycanın rəmzidir. Biz ona inanırıq, biz onu sevirik. Əslində bu, xalqın rəhbərə, iqtidara həqiqi münasibətidir.
Prezident İlham Əliyev və ölkənin I xanımı, ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva bu tədbirin analoqu olmayan möhtəşəm səviyyədə təşkil olunmasında və keçirilməsi prosesində Azərbaycanın tarixini, mədəniyyətini, incəsənətini, musiqisini, ədəbiyyatını, milli adət-ənənələrini, milli və dini tolerantlığını, dünyəviliyini, ən nəhayət, qüdrətini, bacarığını, istedadını, fərasətini nümayiş etdirdilər, bu xalqı, bu Vətəni nə qədər dərin məhəbbətlə sevdiklərini sübut etdilər. Onu da qeyd etmək istərdim ki, bu möhtəşəmliyi təşkil edib onu bu səviyyədə təqdim edən insan dövlətini, millətini elə dərindən, hərtərəfli tanımalıdır və ülvi məhəbbətlə sevməlidir ki, az bir zaman çərçivəsində xalqının şərəfli tarixini, milli sərvətlərini, milli ləyaqətini belə əsrarəngiz şəkildə nümayiş etdirə bilsin.
Bu tədbirin siyasi-iqtisadi inkişafla, dünya təcrübəsindən gələn ənənələrlə, maddi rifahla təşkili, dövlətə, millətə, xalqa ən ülvi məhəbbət bəsləmədən mümkün ola bilməzdi. Ölkə rəhbərinin sosial-iqtisadi, milli-mənəvi siyasətinin xalq tərəfindən dəstəklənməsi, ölkə ictimaiyyətinin bu tədbirin təşkilində könüllü olaraq fəal iştirakı da məhz bu xalq məhəbbətinin və dəstəyinin sarsılmaz nümunəsidir.
Təbii ki, dünya səviyyəli bu tədbirin möhtəşəmliyi dostların qürurunu, düşmənlərin, bədxahların paxıllıq hisslərini daşırtdı. Xeyirxah, mütərəqqi, sülhsevər Azərbaycan dünyanın müxtəlif ölkələri tərəfindən ədalətsiz hərəkətlərlə qarşılaşdı. Avropa Oyunlarının keçirilməsi müəyyən olunduğu gündən cəbhə bölgəsində atəşkəsin tez-tez pozulması, ermənilərin cəbhə xəttində təxribat etmək cəhdləri artdı. Azərbaycanın güclü ordusu bu cəhdlərin qarşısını fədakarlıqla aldıqdan sonra uğursuz hücumlar siyasi cəbhədə baş qaldırdı.
Ayrı-ayrı lobbilər tərəfindən maliyyələşən qüvvələr Azərbaycana mənəvi-siyasi təxribat hücumuna keçdi. Müxtəlif şayiələr və böhtanlarla Azərbaycanı gözdən salmağa çalışdılar.
İnsan haqları, demokratiya anlayışından xəbəri olmayanlar, bir milyondan artıq Azərbaycan vətəndaşının pozulmuş hüquqlarına göz yumanlar, ərazi bütövlüyümüzün pozulduğunu görmək istəməyənlər, əqidələrini sataraq bizə demokratiya dərsi keçmək istədilər. Həmin qüvvələr ölkənin daxilində muzdlu “dostlar” taparaq Heydər Əliyevin və onun siyasi varisi İlham Əliyevin illərlə əldə etdikləri mükəmməl sabitliyi pozmaq məqsədilə cılız, avantürist və gülünc bir siyasətə girişdilər. Bəzi xarici ölkələrin ədalətsiz mövqedən yanaşmaları başa düşüləndir. Onlara da dövlətimiz öz müdrik siyasəti ilə layiqli cavab vermək iqtidarındadır. Lakin başa düşülməyən cibində Azərbaycanın şəxsiyyət vəsiqəsini gəzdirib özünə Azərbaycan vətəndaşı deyən, amma Vətənin yüksəlişini, inkişafını gözü götürməyən, bədxahların qərəzli mövqeyini onlardan aldıqları vəsaitə görə müdafiə edən, ölkənin sabitliyini pozmağa yollar axtaran simasızların mövqesizliyidir. Halbuki həmin şəxslər Azərbaycanda hakimiyyətdə olarkən jurnalistlər döyülür, canlı efirlərdə verilişlər dayandırılır, vətəndaşların kütləvi şəkildə əsas hüquqları pozulur, orduda kütləvi təxribatlar yaradılır, şəhərlər talanır, məmur özbaşınalığı baş alıb gedir, gündən-günə vətəndaş qarşıdurması qızışır, bir sözlə, dövlət iflic vəziyyətinə düşürdü. Belə bir sual doğur: indi özlərini vicdan məhbusları kimi təqdim edən yazarların o zaman qələmləri niyə korşalmışdı? Əslində, onların həqiqəti görən gözləri və yazan qələmləri heç bir zaman olmamışdır. Çünki Azərbaycanın çökməyi onlara və onları maliyyələşdirən qüvvələrə sərf edirdi. Bu gün də onlar və onların tör-töküntüləri cəmiyyətdə yalnız “nöqsan” axtaran, hər şeyi şişirdən, həqiqətdən uzaq məlumatları, şayiələri bir-birinə ötürən, heç kəsə şərəf gətirməyən fəaliyyətlə məşğuldurlar. Onların bir qismi havadarlarının verdiyi tapşırığa əsasən dövləti, hakimiyyəti gözdən salmaq, sabitliyi pozmaq, sadəlövh insanları çaşdırmaq məqsədi daşıyaraq varlanırsa, digər qismi varlanmaq yolunu reketlikdə, müəssisə və təşkilatların fəaliyyətini təhrif etməklə pul qazanmaqda görür. Qara məqsədlərinə nail olmayanda həmin məmuru əsassız, heç bir fakta söykənməyən qərəzli yazılarla, “tənqid” edir, bisavad, üslubsuz, hətta bir çox orfoqrafik səhvlərlə dolu materialları saytlarda və reket qəzetlərində yerləşdirməkdən çəkinmirlər. Bu üzdəniraq yazarlara, bu savadsızlara jurnalist də demək olmur. Onlar savadsızlıqda, şantajda ittiham olunanda Azərbaycanda jurnalist hüquqlarının pozulması adı ilə havadarlarını köməyə çağırırlar. Bu havadarların da arxası, dayağı erməni lobbisinin vəsaiti ilə maliyyələşən avropalı qardaşlarıdır. Fəqət kim olursa olsun, Azərbaycan hakimiyyətini, onun vətəndaşlarını, özünü xalqın, Vətənin xidmətinə həsr edən insanlarının nurlu əməllərini qara boylarla ləkələmək mümkün deyil. Çünki zaman, dövr dəyişdiyi kimi artıq insanlar da dəyişib. Kimin hansı mənsəbə qulluq etdiyi gün kimi aydındır.
Azərbaycan və onun vətəndaşları bu gün əqli, ruhi, mənəvi, iqtisadi, siyasi cəhətdən yüksəliş yolu tutub. Bu ölkəni bu tərəqqidən ayırıb Misirin, Livanın, Suriyanın, Ukraynanın səviyyəsinə endirmək istəyənlərə cavab vermək üçün də dövlətimizin, xalqımızın kifayət qədər gücü və qüdrəti var.
I Avropa Oyunlarının yüksək mütəşəkkillik və səfərbərliklə təşkili, bu beynəlxalq tədbirin dünyanı heyrətə salan yüksək səviyyəsi bir daha təsdiq etdi ki, Azərbaycan qüdrətli bir dövlətdir, bu dövlətin inkişafının qarşısını almaq, onu gözdən salmaq mümkün deyil.
Yalnız zamanın sınağından keçəndən sonra

- 40 ildir ki, təhsil sistemində çalışırsınız. Bu müddət Sovet dövründən tutmuş demokratik Azərbaycanın təhsilini əhatə edir. Bugünkü təhsilimizin vəziyyətini necə görürsünüz?
- Təhsil cəmiyyətin uğur faktorudur. Təhsil xalqın tərəqqisi və yüksəlişinin təməlində intişar tapan əvəzolunmaz və qüdrətli bir amildir. Sabahın hünərli, fərasətli, əqidəli kamil insanlarını formalaşdıran sahədir. Şəxsiyyət probleminin həlli ilk növbədə təhsil sistemindən asılıdır. Təhsildə aparılan islahatları bir növ meyvə ağacına bənzədirəm. Əkiləndən bir neçə il sonra meyvə verən ağaca. Kim hər hansı islahatın nəticəsini dərhal gözləyirsə, yanılır. Çünki tətbiq edilən yenilik yalnız zamanın sınağından keçəndən sonra öz sözünü deyə bilir. Buna görə də hər bir islahatın tətbiqi də bir sınaq dövrü yaşamalıdır. Əslində 90-cı illərin əvvəllərindən mövcud olan, sonrakı illərdə tədricən islah oluna-oluna müəyyən qədər təkmilləşmiş təhsilimizdə hələ də çatışmazlıqlar - savadsızlıq, kitaba marağın, məhəbbətin azalması, məktəblərdə dərslərin lazımi səviyyədə olmaması, tədris planlarının və proqramlarının dövrün tələbləri ilə ayaqlaşmaması, məktəblərdə tərbiyə işinin vətəndaş formalaşdırılması məqsədinə kifayət qədər cavab verməməsi kimi mənfi hallarla sözün əsl mənasında mübarizə gedir. Bu mübarizə təhsil qanunvericiliyi sahəsində normativ-hüquqi sənədlər, əsasnamələr, təlimatlar, əmrlər, monitorinqlər, müxtəlif işçi qruplarının fəaliyyəti şəklində həyata keçirilir. O vaxtlar məktəblərimizdə mövcud olan nöqsanlar yalnız Heydər Əliyev hakimiyyətə gəldikdən sonra həllini tapmağa başladı Əvvəlcə şəraitsiz və qəza vəziyyətində olan məktəbəqədər təhsil müəssisələri yenidən qurulmağa başladı. Şagirdlərin maddi-texniki bazası olmayan məktəblərdə, qışın soyuğunda titrəyə-titrəyə dərs keçməsinin, dərslik qıtlığının, texniki təchizatın yoxluğunun və digər problemlərin qarşısı böyük müvəffəqiyyətlə və ən qısa zamanda alındı.
Bu gün ölkə rəhbərinin təhsil sisteminə çox böyük diqqəti və qayğısı nəticəsində miqyası görünməmiş uğurlu islahatlarla Dövlət Təhsil Strategiyası həyata keçirilir. Belə ki, yeni Təhsil qanunu və Milli Fəaliyyət Planı əsasında bərpa edilən təhsil sistemi, yüzlərlə yeni məktəbin inşası və əsaslı təmiri, ən müasir texnologiyaların şagirdlərin və müəllimlərin istifadəsinə verilməsi, yeni dərsliklərin və dərs vəsaitlərinin, elektron kitabxanaların yaranması, “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsinin həyata keçirilməsi istiqamətində tətbiq edilən çox böyük işlərdir.
Ölkə rəhbərinin onlarla fərmanları və göstərişləri təhsilimizin sabahını təşkil etmək, bu sistemdə əsaslı dönüş yaratmaq, Azərbaycanın milli təhsilini onun qüdrətinə və tərəqqisinə xidmət edən unikal sahəyə çevirmək məqsədi daşıyır. 2000-ci ildə imzalanmış “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” fərmana uyğun olaraq bu gün də ölkənin orta ixtisas təhsili şəbəkəsində aparılan islahatlar dünya təhsilinə inteqrasiyanın nümunəsi və uğurlu təsdiqidir.
Bu gün Dövlət Təhsil Strategiyasına uyğun olaraq yeni kurikulumların yaradılması, Baloniya sisteminin tətbiqi, müəllim kadrlarının xüsusi üsullarla seçilməsi və yerləşdirilməsi Azərbaycan təhsilinin gələcəyinə nikbin baxmağa əsas verir.
Lakin bu islahatların nəticəsini qısa zamanda gözləmək sadəlövh yanaşma olardı. Çünki təhsil sisteminə aid yeniliklərin tətbiqinin arzuolunan, gözlənilən nəticələrinin olması üçün ən müdrik hakim zamandır.
Düşünürəm ki, verilən istiqamətləri, göstərişləri, yeni sistemlərin tətbiqini əsas tutaraq təhsil müəssisələrinin rəhbərliyi və pedaqoji kollektivləri elə bir diqqət, qayğı və səriştə ilə həyata keçirməlidir ki, aparılan islahatlar müsbət nəticə versin. Bu gün biz qürurla deyə bilərik ki, Azərbaycanın milli təhsil quruculuğu, təhsil sistemində hər bir innovasiyanın təkamül yolu ilə tətbiqi xalqın gələcək tərəqqisinin bütün şərtləri nəzərə alınaraq, XX əsrdə qazanılmış ənənələrdən istifadə etməklə, dünya təcrübəsinin mütərəqqi tərəfləri öyrənilməklə həyata keçirilir. Bu da təhsilimizin gələcəyi haqqında nikbin düşünməyə əsas verir.
Azərbaycan dövlətinin təhsil siyasəti pedaqoji bir nəzəriyyədir, milli təhsilimizin ideya əsasıdır.
Azərbaycan qadınlarının fəallığı
- İlin sonunda bizi daha bir siyasi proses gözləyir – parlament seçkiləri. Qadınlar Şurasının bu seçkilərdə rolunu necə görürsünüz?
- Artıq dövrümüzdə reallığa çevrilmiş qadın hərəkatı əsl fəaliyyət yoluna 1993-cü ildən qədəm qoyub. Hələ o illərdə qadınların fəal mövqe tutmasına çalışan ulu öndər qətiyyətlə deyirdi ki, mən əminəm ki, Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruculuğunda, iqtisadi islahatlarda və digər proseslərdə qadınlar fəal olacaqlar və ön sıralarda gedəcəklər. Sonrakı hadisələr göstərdi ki , bu fikirlər ölkə rəhbərinin dövlət qadın siyasəti üzrə strateji seçimidir. Bu kurs 1993-cü ildən başlayaraq müasir dövrədək davam etdirilməkdədir.
Bu illərdə Azərbaycan gerçəkliyi qadınları müdriklik mücəssəməsi kimi fəaliyyət göstərməyə sövq edib. Azərbaycan qadını cəmiyyətimizin həyatında müstəsna rol oynayıb, yaşadığı dövrün məna və mahiyyətini bir an da unutmayaraq xalqımızın milli-mənəvi dəyərlərinin gəncliyə ötürülməsi naminə səmərəli xidmətlər göstərib.
1995-ci ildə Yeni Azərbaycan Partiyası kimi qüdrətli siyasi qurumun tərkibində Qadınlar Şurasının yaradılması, 1998-ci ildə Qadın Problemləri üzrə Dövlət Komitəsinin təsis edilməsi müdrik dövlət başçısı Heydər Əliyevin qadın fəaliyyətinə, onların istedad və potensialına böyük diqqət və inamının ifadəsi idi.
2000-ci ildə “Azərbaycan Respublikasının Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” tarixi fərmanla cəmiyyətimizin həyatında, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşmasında, mənəviyyatımızın təməlində özünə yer almış qadın müdrikliyi, dövlət rəhbəri tərəfindən həyat mənbəyi kimi səciyyələndirilirdi. Bu xətt və münasibət bu gün də dövlətimizin uğurla həyata keçirdiyi siyasətdir.
Bu gün parlamentdə, icra hakimiyyətlərində, dövlət qurumlarında təmsil olunan qadınlarımız fəaldır. Onlar Azərbaycan həqiqətlərini mötəbər kürsülərdən cəsarətlə, inamla çatdırır, cəmiyyətdə gedən ictimai-siyasi hadisələrə münasibət bildirir, referendumlarda, seçkilərdə, dövlət və beynəlxalq tədbirlərdə yaxından iştirak edirlər, Vətənin işğal altında qalmış torpaqlarının qaytarılması istiqamətində aparılan dövlət siyasətinin uğurlu nəticələrinə inanır və öz fəaliyyəti ilə bu siyasətə dəstək olurlar.
Azərbaycan qadınlarının fəallığı parlament seçkilərində də özünü göstərir. IV çağırış parlament seçkilərində onların sayı əvvəlki illərə görə xeyli artıb. Hazırda Milli Məclisdə 19 nəfər qadın deputatımız təmsil olunur. Düşünürəm ki, V çağırışda qadınlarımız daha fəal olacaq, həm də bu tədbirin uğurlu keçirilməsi prosesinə öz töhfələrini verəcəklər.
Dünyanın ən dəyərli neməti olan müstəqillik qadın qəlbini, qadın ağlını ətalət və itaət buxovlarından, əsrlərlə dözüm və dəyanət göstərdiyi zorakılıq zülmündən azad edib. Bu azadlıq əbədi və dönməzdir. Ondan qədərincə istifadə etmək üçün qadınlar getdikcə kişilərlə bərabər imkanlara yiyələnir, demokratik təfəkkürə sahib olurlar. Bu təfəkkür tərzi qadınlarımızın həyatına genişlik gətirib, onların qabiliyyətinə bir yenilik, aydınlıq əlavə edib. Qadınlarımız bu gün öz əqidələrinin, milli ləyaqət və arzularının sahibidirlər. Onlar ailədə, məişətdə, cəmiyyətdə kişilərlə çiyin-çiyinə övladlarının xoşbəxt gələcəyini qurur, forma və məzmunca təkmilləşir. Ulu öndər Heydər Əliyevin dövlət qadın siyasətinə gətirmiş olduğu gender bərabərliyinin də əsas məqsədi məhz bu idi.
Bu ilin payızında keçiriləcək parlament seçkilərində güman edirəm ki, ölkə qadınları daha fəal olacaq, YAP-ın Qadınlar Şurasının 20 illik yubileyini yeni uğurlarla qarşılayacaqlar.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər