• cümə, 19 Aprel, 06:10
  • Baku Bakı 13°C

Tehranda keçirilmiş “Aşıq Qərib” festivalında uğur

16.12.17 10:30 2886
Tehranda keçirilmiş “Aşıq Qərib” festivalında uğur
Azərbaycan aşıq sənəti özündə şeir, musiqi və vokal-instrumental musiqinin tandemini birləşdirir. Aşıqlar öz mahnılarında xalqının ümid və arzularını, vətənini vəsf edib, xalq dastanlarını ifa ediblər. Azərbaycan aşıqlarının yaradıcılığı milli özünüdərkin simvolu, dilin, folklor və xalq musiqisinin qoruyucusu hesab olunur. 2009-cu ildə Azərbaycan aşıqlarının sənəti YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib.
Aşıq sənətinin azad xarakter daşıması xüsusi qeyd edilməlidir. Bu sənət geniş və rəngarəng məzmunu ilə seçilir. Əsrlər boyu aşıqlar xalqın qəhrəmanlığı və azadlığını vəsf edib, eləcə də dostluq və məhəbbətin tərənnüm edildiyi satirik və yumoristik mahnılar səsləndiriblər. Aşıq özü şeirlər yazır, musiqi bəstələyir, sazda oxuyur, hətta rəqs edir. Bir sıra hallarda aşığı balaban ifaçısı, yaxud da çalğı alətləri müşayiət edir. Lakin buna baxmayaraq, aşığın əsas aləti saz olaraq qalır. Aşıq sənətinin ən geniş yayılmış janrlarından biri dastanlar, xüsusən də qəhrəmanlıq-epik dastanlarıdır. Dastanlarda vokal-instrumental hissə şeir formasında dialoqlarla müşayiət olunur. Aşıqlar arasında ən populyar dastan xalq qəhrəmanlıq dastanımız olan "Koroğlu” dastanıdır. Azərbaycanda aşıqlar tarix boyu xalqın sevgisi və qayğısı ilə əhatə olunublar. Dəfələrlə aşıq musiqisinə həsr olunan festival və konsertlər keçirilib. Aşıq sənəti Azərbaycana məxsus olduğundan, soydaşlarımızın böyük bir qisminin yaşadığı İranda da onu sevir və məhəbbətlə yaşadırlar.
Bu günlərdə İran İslam Respublikasının Tehran şəhərində İran Aşıqlar Birliyinin təşkilatçılığı ilə "Aşıq Qərib” adına Beynəlxalq Aşıq Festivalı keçirilib. Tədbirdə Azərbaycan və İran ilə yanaşı, Türkiyə, Gürcüstandan da saz ustadları iştirak ediblər. Festivalda Azərbaycanı Abşeron rayon Xırdalan şəhər onbirillik musiqi məktəbinin saz ixtisası üzrə müəllimi Elxan Cəlilov təmsil edib. Elxan Cəlilov bizimlə söhbətində bildirdi ki, ixtisasca maliyyəçidir və bankda çalışır. Lakin aşıq sənətinə, saza olan hədsiz sevgisi onun məşhur aşıq Həsən İncəli və digər aşıqların yanında uzun müddət ustad dərsləri almasına səbəb olub. "Hazırda əsas işim bankdadır, istirahət günlərində isə Xırdalanda musiqi məktəbində saz sənətindən dərslər keçirəm. Pedaqoji fəaliyyətlə artıq 17 ildir ki, məşğul oluram və hazırda 30-dan artıq şagirdim var”, - deyə E.Cəlilov bildirib.
- Gənclərin bu alətə və aşıq sənətinə marağının bu qədər artması doğrudan da təqdiredici və sevindirici haldır.
- Uşaqlar böyük maraq göstərirlər. Mənim tələbələrim arasında Mədəniyyət və İncəsənət Universitetinin saz ifası fakültəsinə qəbul olunanlar az deyil. Və onlar tək bizim ölkədə deyil, qonşu Gürcüstanda da çıxışlar edirlər. Bu həqiqətən də məni sevindirir və ruhlandırır.
- Necə oldu ki, sizi İranda keçirilən festivala dəvət etdilər? Axı sizin elə də geniş konsert fəaliyyətiniz yoxdur.
- İran Aşıqlar Birliyinin sədri Ustad Səlcuq Şahbazi mənim "facebook” səhifəmdə qoyduğum ifamla tanış olub və biz sosial şəbəkə vasitəsilə dəfələrlə yazışıb müzakirələr aparmışıq, çıxışlarımızla bağlı video əlaqələr yaratmışıq. İran aşıqları mənə dəvət məktubu göndərdilər və mən də onu qəbul etdim. Buna qədər isə o, Bakıda səfərdə olub və biz digər aşıqlarımızla birlikdə Dədə Ədalətə baş çəkdik, Şəhidlər Xiyabanında olduq. İran aşıqlarının səfərləri barədə film də çəkilib və onlar Dədə Şəmşirin İranda keçiriləcək festivalına hazırlaşırdılar. Həddən artıq iş olduğundan, mən həmin festivala gedə bilmədim. Ustad aşıq Şahbazi həm də aşıq mahnılarını bəstələyir. Bilirsiniz, İran azərbaycanlılarının qəlbində yüz illərdir ki, iki yerə bölünən vətən həsrəti, Arazın bu tayında olan soydaşlarına qovuşmaq yanğısı var. Və bu da onların bütün yaradıcılıqlarında hiss olunur. "Bakı” onlar üçün müqəddəs sözdür.
- İran aşıqları və dinləyiciləri sizi necə qarşıladı?
- Bizi həddən artıq isti və sevinclə qarşıladılar. "Aşıq Qərib” festivalı həqiqətən də yüksək peşəkarlıqla, dövlət səviyyəsində təşkil olunmuşdu və iki gün davam etdi. Qonaq qismində İranın vitse-prezidenti, mədəniyyət naziri, İranın YUNESKO-dakı səfiri, Tehranın meri və digər rəsmi şəxslər iştirak edirdilər. Mən məşhur aşıq mahnısı "Misri”ni ifa etdim. Buna qədər isə Müslüm Maqomayevin "Azərbaycan” mahnısını ifa etdim. Bu mahnı zalda sözün əsl mənasında bir coşğu yaratdı, dinləyicilər tərəfindən uzunmüddətli alqışlarla müşayiət olundu. Festivalda təxminən 200-ə yaxın aşıq iştirak edirdi, qrup çıxışları da oldu. Azərbaycan aşıqlarını tək mən təmsil edirdim və bu mənada məsuliyyət çox yüksək idi. Bizim nümayəndə heyətinin tərkibində "Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili və filoloq-alim Nigar Əsgər təmsil olunurdu. Festivalda iştirakçıların fotolarının və yaradıcılıq tərcümeyi-hallarının əks olunduğu broşurlar hazırlanıb yayıldı.
- Məni hər zaman belə bir sual düşündürüb - nə üçün belə bir möhtəşəm və gözəl səslənməsi olan alət az istifadə olunur, onunla solo ifa edilmir, tək aşıq əsərləri yox, digər musiqilər, məsələn, muğam səslənmir? Halbuki, bu alət bütöv bir orkestri əvəz edə bilər. Bəstəkarlar nədən onu öz diqqətlərindən kənar saxlayır, diqqət ayırmırlar?
- Tamamilə haqlısınız. Sazın imkanları həddən artıq böyükdür, onunla faktiki olaraq hər şeyi ifa etmək olar. Saz sözlə ifadə ediləsi mümkün olmayan ümumxalq sevgisi və populyarlığı qazanıb. Lakin təəssüf doğuran hal odur ki, klassik aşıq melodiyaları, bu sənətin dərin tarixi köklərinin təbliğatı lazımi səviyyədə deyil. O ki qaldı muğama, bu ayrıca mövzudur. Muğam daha böyük, fundamental hazırlıq və geniş savad tələb edir. Bu, bir növ başqa bir sahədir və çox adam özünü yükləmək istəmir. Yəni mürəkkəb olan aşıq sənəti ilə muğam sənətini uzlaşdırmaq daha da mürəkkəb olduğundan, bunu etmək istəmirlər.
Nigar
banner

Oxşar Xəbərlər