• cümə, 19 Aprel, 05:28
  • Baku Bakı 18°C

Tehran Moskvaya şərtlərini diktə edir

08.06.16 10:36 1426
Tehran Moskvaya şərtlərini diktə edir
Büdcəsində böyük kəsir yaşamasına baxmayaraq, Rusiya İrana kifayət qədər böyük məbləğdə -2,5 mlrd. avro vəsait ödəməyə hazır olduğunu bəyan edib. Rusiya nəşrləri istehza ilə qeyd edirlər ki, bu vəsait 2016-cı ildə pensiya sistemindəki problemləri həll edə bilərdi. İlin əvvəlində Rusiya Maliyyə Nazirliyi yeni kreditlərin verilməsinə moratorium tətbiq edib. Lakin indi birdən-birə İran üçün istisna tətbiq edilib. Güzəştli kredit Rusiyanın İranda istilik elektrik stansiyalarının və dəmir yollarının elektrikləşdirilməsi ilə bağlı imzaladığı sazişlərin reallaşması ilə bağlıdır. Rusiya dövlət korporasiyaları bu layihələrin reallaşdırılmasını həyata keçirəcəklər. Yaxın iki həftə ərzində Moskva və Tehranın bununla bağlı müvafiq sənədi imzalayacağı gözlənilir. Həmin sənədlərdə güzəştli kreditlərin ayrılması öz əksini tapacaq.
"İrana 2,5 mlrd. avro güzəştli kreditin ayrılması ilə bağlı bütün sənədlər hazırdır”. Bu barədə Rusiya maliyyə nazirinin müavini Sergey Storçak bəyan edib. "Tərəflər dövlətdaxili bütün prosedurları hazırlayıblar. Bu məsələ artıq ola bilsin iki həftənin işidir. Biz hesab edirik ki, bu müddətdə hökumətin qərarını alacağıq. Maliyyə Nazirliyi müəyyən sənədləri və danışıqları yekunlaşdıracaq. Ardınca da, İran Maliyyə Nazirliyi öz üzərinə düşən işləri başa çatdıracaq”, - deyə "İnterfaks” rusiyalı məmurun sözlərini sitat çəkib. Onun sözlərinə görə, vəsait büdcədən götürüləcək. "Biz bu kreditin ayrılması üçün büdcənin xərc hissəsindən yararlanmışıq. İşlərin necə gedəcəyi müqavilələrdən asılıdır. Onlar tez-tez icra zamanı dəyişir”, - deyə nazir müavini vurğulayıb. Məlumat üçün bildirək ki, İranla birgə layihələrin müzakirəsi uzun müddət idi ki, gedirdi. Hələ 2014-cü ilin payızında ölkələr iqtisadi tərəfdaşlıq haqında bəyannaməyə imza atıblar. Üstündən bir il keçəndən sonra tərəflər İranda bir sıra elektrik stansiyalarının inşası və modernləşdirilməsini nəzərdə tutan və ümumi dəyəri 3 mlrd. dollar olan bir neçə sazişə imza atdılar. İlk növbədə söhbət Bəndər-Abbasda İstilik Elektrik Stansiyalarının inşasından gedir. Ümumi gücü 1,4 MVt olacaq bu stansiyaların inşasını Rusiyanın "Texnopromeksport” və "Rostex” şirkətləri həyata keçirməlidir. Burada həmçinin bir sıra infrastruktur layihələrinin reallaşdırılması da nəzərdə tutulur. Məsələn, Qarmsar-İnçe-Burun dəmir yolu xəttinin elektrikləşdirilməsi. Uzunluğu 495 km. olacaq bu layihənin həyata keçirilməsini Rusiya Dəmir Yolları həyata keçirməlidir. Layihənin ümumi dəyəri 1 mlrd. avroya çatıb. Əvvəlcə İrana 5 mlrd. avro ayrılması nəzərdə tutulurdu.
Ötən ilin payızında İran və Rusiya prezidentləri - Həsən Ruhani və Vladimir Putinin danışıqlarının yekununda Moskva Tehrana 5 mlrd. dollar ayrılması barədə qərar verdi. Burada söhbət energetika, dəniz terminallarının inşası, dəmir yollarının elektrikləşdirilməsi və s. ilə bağlı 35 prioritet layihənin reallaşdırılmasından gedirdi. Zaman keçdikcə tərəflər arasında fikir ayrılıqları yarandığından bu layihələrin bir çoxu gündəmdən çıxdı. Bu ilin martında isə bəlli oldu ki, İran Rusiyaya istilik elektrik stansiyalarının və dəmir yollarının elektrikləşdirilməsi ilə bağlı imzaladığı sazişlərə yenidən baxmağı təklif edib. Burada söhbət qiymətdən gedir. Ekspertlər hesab edir ki, buna səbəb İran üzərindən qaldırılan beynəlxalq sanksiyalar oldu. Bu sanksiyaların ləğvi İranın əl-qolunu açdı və Tehran daha əlverişli şərtlərlə müqavilələr axtarışına çıxdı. Belə ki, İran prezidenti bu məqsədlə Avropa tutuna çıxdı və İtaliya, Fransa şirkətləri ilə bır sıra müqavilələrə imza atdı. İranın informasiya-kommunikasiya texnologiyaları naziri Mahmud Vaizi bütün bunlardan sonra çor maraqlı bir açıqlama verdi. Onun sözlərinə görə, müqavilələr üzrə təqdim edilən qiymətlər sanksiyalara qədər əlverişli idi. Bu gün isə qiymətlər dünya standartlarına uyğun tətbiq edilməlidir. Rusiya energetika naziri Aleksandr Novakın da buna cavabı sərt olub. O bildirib ki, layihələri mütləq maliyyələşdirmək lazımdır, yeni şərtlər irəli sürmək gərək deyil: "Belə bəyanatlar onların reallaşdırılmasını tormozlandıra bilər”. A.Novak bəyan edib ki, yeni qiymətlər dünya standartlarına uyğundur. Ən maraqlısı isə bundan sonra baş verdi. Neftin qiymətinin aşağı düşməsi Rusiya iqtisadiyyatına mənfi təsir göstərdi, ardınca da büdcədə kəsir yarandı. Bu da kreditlərin verilməsini dayandırdı. Bu səbəbdən də nəşrlər Sergey Storçakın öz-özünü təkzib edən bəyanatlar verdiyini xüsusi vurğulayırlar. Yanvarın sonunda nazir müavini demişdi ki, "hökumətin yeni kreditlər vermək şansı azdır. Büdcə gərgin olaraq qalır. Bu səbəbdən də kredit verəcəyimiz barədə üzərimizə götürdüyümüz öhdəliklərin yerinə yetirilməsində pauza götürməliyik”. Və bu da ortaya belə bir sual çıxarıb. İrana kredit verilməsi qeyri-müəyyən müddətə kimi təxirə düşmürmü? Nazir müavini sualın cavabından qaçaraq sadəcə "danışıqlar gedir” deməklə kifayətlənib. Onun sözlərinə görə, danışıqlarla öhdəliklə arasında distansiya mövcuddur. Belə çıxır ki, Rusiyanın kredit pauzası yarım il çəkib. Müzakirə olunan kredit 200 mlrd. rubldur. Bu qədər vəsait isə pensiyaların indeksasiyasını həyata keçirməməklə qənaət ediləcək vəsaitin yarısı deməkdir. Bir sıra ekspertlər isə hesab edir ki, büdcə kəsirinə baxmayaraq, İrana kredit ayırmaq ağıllı təşəbbüsdür. "Finam” qrupundan olan analitik Boqdan Zvariç hesab edir ki, bu vəsait İranda həyata keçiriləcək layihələri reallaşdıracaq Rusiya şirkətlərinə veriləcək: "Bu həmin şirkətlər üçün stimulla yanaşı, ölkə iqtisadiyyatını gücləndirəcək. Vergilər hesabına büdcə dolacaq və əlavə iş yerləri yaradılacaq”. Başqa bir analitik Kirill Yakovenko hesab edir ki, "İran iqtisadiyyatının inkişaf perspektivi və miqyasını nəzərə alsaq, Ukraynadansa bu ölkəyə kredit qoymaq daha əlverişlidir. Vaxtilə bu ölkəyə 3 mlrd. dollar kredit qoyduq nəticəsi də olmadı”. "AMarkets”in departament rəhbəri Artyom Deev hesab edir ki, Rusiya hazırda aktiv xarici siyasət yürüdür və bu səbəbdən də Yaxın Şərqdə İran kimi müttəfiq dövlətin olması faydalı olardı.
Beləliklə, İran üzərindən sanksiyaların götürülməsi fors-major bir hal oldu və bu qadağaların ləğvi Tehrana öz şərtlərini yeritməyə imkan verdi. Necə ki, Rusiyaya qarşı bunun şahidi olduq. İnsaf naminə qeyd etmək lazımdır ki, İrana qarşı sanksiyalar qüvvədə olanda onu dəstəkləyən ölkə məhz Rusiya idi. İndi isə Tehran öz keçmiş xilaskarından üz döndərməyə çalışır və şərtlərini diqtə edir. Belə olan halda Moskvanın güzəştə getməkdən başqa yolu qalmır.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər